“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Mətanət Ulu Şirvanlının hekayəsi təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Mətanət Ulu ŞİRVANLI
NƏNƏMİN QƏBRİ
Həzin meh dövrə vuraraq qəbirstanlıq qapısından ötərək kiçik dəstənin üzünə çiləndi. Ölümün ağırlığını gözlərində daşıyan adamlar qəbirlərin arasından ötüb, təzə salınmış qəbrin yanında dayandılar. Qəbristanlığın səssiz sakinləri gələn qonaqları sükunətlə qarşıladı. Mərhum qadının Tanrı dərgahına yola salmasından, torpağa tapşırılmasından sonra ilk dəfə idi ki, doğmaları onun ziyarətinə gəlmişdilər.
Əllərində yasəmən dəstələri tutan ziyarətçilər çiçəkləri qəbrin üstünə qoydular. Məzarın baş hissəsində dayanan cavan qadın əlindəki yasəmən dəstəsini bərk-bərk sinəsinə sıxdı. Görünürdü ki, çiçəkləri bibisinin qəbri üstünə qoymaq fikri yoxdur. Sol əlində isə şüşə cürdəkdə su tutmuşdu.
Sakit ağlaşmadan sonra qəbri ziyarət edənlər köhnə ölənlərini yad etmək üçün astaca təzə qəbrin yanından uzaqlaşdılar. Əlində yasəmən dəstəsi tutmuş cavan qadın üzünü köhnə qəbirlərə tərəf çevirib asta-asta sıx gəndalaş kollarının arasıyla addımladı.
Kənd qəbristanlığında iri gövdəli cır meyvə ağacları köhnə qəbirlərin üzərinə çətir kimi kölgə salırdı. Qadın hündür otları özündən kənarlaşdırır, təzə çığır açır, mən də onun açdığı cığırla addımlayırdım. Qadın keçmiş xatirələrini çözələyib, nənəli günlərini xatırladı:
– Məni Fatma nənəm böyüdüb, – deyə sözə başladı. İkimiz yaşayırdıq bu kənddə. Anam-atam yanımızda yox idi. Çox gözəl günlər idi. Can, ay nənə! – deyib köks ötürdü. Bir neçə dəqiqədən sonra təzə açılan cığırda arxamızca gələn Fatma nənənin digər nəvələri göründülər.
Bir neçə addımdan sonra qarşımıza qocaman alma ağacı çıxdı. Alma ağacının budaqları əyilib kölgəsində olan bir məzarı qucaqlamışdı. Başdaşını əvəz edən mamırlaşmış, çopur, kiçik daş illərin xatirələrini yaşadırdı özündə. Qadın böyük alma ağacının altındakı köhnə qəbrin qarşısında dayandı.
– Can nənə! – deyən Rəhimə, başdaşını öpdü. Duruxdu. Başdaşından otları kənarlaşdırıb baxdı. Sonra ətrafda olan qəbirlərə nəzər yetirdi.
– Nə oldu? – soruşdum.
– Deyəsən, bu nənənin qəbri deyil.
– Başdaşındakı adına bax.
– Baxdım, yazılar silinib. Ətradakı qəbirlərin başdaşlarına baxaraq Fatma nənənin qəbrini axtarmağa başladıq. Cığırdakı nəvələr bizə çatıb soruşdular.
– Nə axtarırsız?
– Nənənizin qəbrini axtarırıq.
Rəhimə qarşısındakı qəbrə baxıb soruşdu: – Görəsən, bu deyil ki?
Nəvələr Rəhiməyə baxıb: – Sən qəbrin yerini bilmirsən ki? – soruşdular. Rəhimənin yerinə mən dilləndim.
– Deyir, çoxdan gəlmirəm, yadımdan çıxıb. Deyəsən, siz də bilmirsiz. Nəvələrdən səs çıxmadı. Rəhimə pərt olaraq dilləndi:
– Alma ağacının altında olmalı idi.
– Rəhimə, burada da alma ağacı var. Bəlkə, bu qəbirdi? Sağdakı alma ağacının altındakı köhnə məzarı göstərdim. Rəhimə qəbrə yaxınlaşıb başdaşına baxdı. Bunun da daşında yazı silinib.
– Yazılar niyə silinir axı?
– Otuz ildən çox ötüb ölümündən. Yağış, qar silib yazını – dedi.
Bir-neçə qəbrin arasında sağa-sola qaçmağa başladıq.
– Bu deyil, yox, bu da deyil, bu da! Məncə, bu olmalıdır, – deyib əyri alma ağacın altındakı qəbrə baxdı. Yox, bu da deyil. Rəhimə yazıq-yazıq əlindəki çiçəklərə baxdı. – Bu gülləri neynim bəs mən? Məni gülmək tutdu.
Rəhimənin bibisi qızı olan Mənzər: – Ay Rəhimə, nənəmizin qəbri bu səmtdə deyil? – deyərək əlini qəbristanlığın başqa səmtinə uzatdı. Sən niyə buradan axtarırsan axı?! Nəvələr höcətləşməyə başladılar.
– Burada olmalıdır, bu qəbrlərin biridir, məncə.
– Burada deyil!
– Bu tərəfdə olmalıdır, – deyirəm.
– Yox, yox bura deyil!
Elə bu anda ağacın başında qarğa qarıldadı. Gülə-gülə əlimi quşa sarı uzatdım. Quş bizə gülür, bəlkə də – deyib – güldüm.
Gülməyimi görən Rəhimə yazıq görkəm aldı:
– Bu da bayaqdan gülür. İndi gedib hər yerdə danışacaq, ya da yazacaq. Yazıb verəcək qəzetə-zada. Bizi biabır edəcək.
– Ola bilər, bəlkə, də yazdım.
Qohum deyil e. Başa bəladı! Yenə əlindəki çiçəklərə baxdı.
– İndi çiçəklərlə, suyu neyniyim, geri qaytarım?!
– Yox, niyə geri qaytarırsan ki?! Hansı qəbirləri nənənin qəbrinə oxşadırsansa, çiçəklərdən böl, yarı-yarı qoy məzarların üstünə. Suyu da çilə üstlərinə, – deyib yenidən gülməyə başladım.
Rəhimə əlacsız qalıb əlindəki çiçəkləri bölərək bir neçə qəbrin üstünə qoydu.
Nəvələrin xısın gülüşləri altında təzə salınmış cığırla geri döndük. Çığırı yarı etməmişdik ki, nənənin böyük nəvəsi Mərcan cığırda göründü. Fatma nənənin digər nəvələri ümidlə Mərcana baxdılar.
– Hardan gəlirsiz? – Mərcan soruşdu.
– Fatma nənənin qəbrini axtarırıq.
– Orada niyə?
– Burada olmalı idi, – dedi Rəhimə. Amma tapmadıq, yoxdur.
– Necə yəni tapmadıq. Qəbir qəbirstanlıqdan ayaq alıb getməyib ki?! – deyə kinayə ilə dilləndi.
– Gülməyimi boğub, astaca soruşdum:
– Sən də tanımırsan nənənin qəbrini? Mərcan yerli dialeklə cavab verdi:
– Vıy..y...az, ne..e..şə tanımerəm. Gör gəlib harya çıxmuz. Gəlin dalımca, gəlin! – deyib dayandığı istiqamətdən sol tərəfə buruldu. Sən Allah, bunlara bax bir, nənənin qəbrini axtarırlar. Vaxsey! Az, ayıb döyül bəyəm! Gəlin, gəlin... deyinə-deyinə ot basmış köhnə bir qəbrin yanında dayandı. Əlini torpağı tamamən çökmüş qəbrə uzatdı:
– Budey, Fatma nənəmin qəbri! Sən Allah, utanmersüz e, qəbir axtarursuz? Nənənin qəbrini görən nəvələr sevincək qəbrə tərəf addmladılar.
Ürəyimdə danışdım: “tapıldı...tapıldı...Vaqifin kartiçkası tapıldı...” Sevinclə qəbrə sarı irəlilədim. Necə sevinməyim axı… Fatma nənə mənim də qohumumdur axı. Rəhiməyə baxaraq soruşdum:
– Rəhimə, neynəyək, bəlkə, qayıdıb gülləri o qəbrlərin üstündən götürək, gətib nənənin qəbri üstə qoyaq?
Rəhimə kinayə ilə:
– Yox, ay qız, sonra da deyib gülərsən ki, gülləri geri qaytardı.
Beş-altı nəvəsi Fatma nənənin qəbrinin başdaşını öpərək qəbri dövrəyə aldılar. Rəhimə isə qəbrin yanında çömbəlib torpağın üstünə oturdu.
– Can, ay nənə! – deyib hündür səslə ağlamağa başladı. Ardınca da bayatılayıb nənənin keçmiş gözəl günlərini dilə gətirdi. Rəhimənin gözlərindən gildir-gildir yaşlar qəbrin üstünə tökülürdü.
– Başına dönüm ay nənə, qadoy alım ay nənə. O qədər zəhmət çəkmisən ki, məni böyüdənə qədər. Can, ay nənə!
Ağlaşmanın bu məqamında nəvələrdən biri hündür gəndalaş kollarını başdaşından kənara çəkdi. Əyilib nənənin ad-soyadını oxudu. Nənənin adını oxuyan nəvənin üzü qəribə şəkil aldı. Başını qaldırıb çaşqınlıqla ətrafdakılara baxdı.
– Noldu? – başımı silkələyərək astaca soruşdum.
– Başdaşında başqa ad yazılıb.
– Nə yazılıb?
Nəvə əyilib yenidən nənəsinin başdaşındakı ad-soyadı oxudu.
– Filənkəsov Afət Filənkəs qızı!
– Ə, düz oxu. – başdaşına sarı əyilib deyindim. Eynəyim də yanımda yoxdur ki, oxuyum.
– Budey, vallah, bura belə yazılıb. Nəvə əlini başdaşına qoyub hərflədi: A...F...Ə... bu da T. AFƏT! Özümü saxlaya bilmədim. Bir dəli gülməklə kükrədim:
– Az, Rəhimə, qalx ayağa! Bu Afətdi e, Fatma nənən deyil!
Rəhimə gözündəki donmuş yaşlarla altdan-yuxarı mat-mat baxdı. Sonra soruşdu:
– Afət kimdi?
– Qəşş edərək: – Mən nə bilim kimdi, bu qəbrin sakini! – dedi.
Fatma nənənin nəvələri pərt olmuşdu. Məndən başqa gülən yox idi. Bizi nənənin qəbrinə aparan Mərcan isə mənə tərs-tərs baxdı. Onun tənəli baxışını görüb gülməyimi uddum.
– Neyniyək? Yenidən axtaraq nənənin qəbrini, – soruşdum.
Nəvələr cavab vermədilər. Susaraq asta addımlarla qəbristanlığın çıxışına sarı addımladılar. Ağacın üstündəki qarıldayan qarğaya baxaraq gülə-gülə özümü Fatma nənənin geri dönən nəvələrinə çatdırdım.
***
Dəstədən ayrılıb tələsik addımlarla yas evinə sarı getdim. Darvaza qapısından içəri gülərək girdim. Qarşıma ilk Fatma nənənin nəvəsi Seyidağa çıxdı.
Qəbristanlıqdan yas evinə gülə-gülə qayıtmağım Seyidağanı təəccübləndirdi. Onun qəribə baxışlar altında sual verdim.
– Necəsən, Seyidağa. Nə var, nə yox?
– Sağ ol, xalaqızı. Xeyir ola, kefin yuxarıdı, deyəsən?
– Üzürlü bil, ananın yasında gülürəm. Amma xeyirlə-şər yoldaşdı, – deyib kefimi qaldıran mövzuya keçdim.
– Ay Seyidağa, sən atanın goru düzünü de, Fatma nənənin qəbrinin yerini bilirsən?
– Bilirəm, niyə bilmirəm ki?!
– Getsən, tapa bilərsən qəbri?
– Niyə tapmıram ki?! Qəbrini özüm qazmışam, özüm də qəbrə qoymuşam. Niyə soruşursan ki?
– Nə bacıların, nə də dayının qızları nənənin qəbrini tapmadılar.
– Necə yəni tapmadılar?! Mərcan da tapmadı?
Yenidən gülmək tutdu məni.
– Yox, vallah!, – dedim.
– Niyə?
Üzümü arxada gələn kiçik dəstəyə tututaraq:
– Budey, gəldilər. Özlərindən soruş – deyib ucadan güldüm.
– Kül təpələrinə! – deyən Seyidağa üzünü bacılarına çevirib acıqla. – Utanmırsız da!
Nəvələr astaca sivişib Seyidağanın yanından evə keçdilər.
***
Artıq şəhərə dönmək zamanı idi. Maşın kəndin əsrarəngiz təbiətini arxada qoyub şose yoluna çıxdı. Rəhimə maşının arxa otracağında sakitcə oturub yollara baxırdı. Maşının orta aynasından diqqətimi ona yönəldib güldüm.
– Rəhimə, necəsən, nə fikirləşirsən? Rəhimə mənə qoşularaq güldü.
– Ay qız, sən Allah, bu hadisəni heç harda danışıb eləmə, – dedi.
Mən isə özümü saxlaya bilməyib hadisəni bir neçə qohuma danışmışdım.
Bu hadisədən bir neçə ay sonra Fatma nənənin qəbrinin üstünü təmtəraqla götürdülər. Allah sənə rəhmət eləsin, nənə!
“Ədəbiyyat və incəsənət”
(11.08.2026)


