Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, dəyərli izləyicilərimiz. Poeziya ruha şəfadır.
Mənəvi ağrıları sözlə sağaltmaq, sözlə şəfalandırmaq olur. "Ədəbiyyat və İncəsənət" portalının bir-birindən rəngarəng rubrikaları bu işdə mahir loğman kimidir.
"Ruhun pıçıltısı" adlı rubrikamızın bu gün elə bir qonağı var ki, o əlləri ilə vücuda, sözləri ilə ruha şəfa verir.
Beləliklə, rubrikamızın həkim şair qonağı Nazilə Gültacın şeirlərini Sizə təqdim edirik.
HARDASAN
Arzularda min taxt quran
hardasan?
Uzaqlarda bir bəxt viran
hardasan?
Ürəyimin ürəyiydin, əzizim.
Gözlərimin bəbəyiydin,əzizim,
İzlərini öpə- öpə gəzdiyim, hardasan?
Ürəyini ürəyimdən al, götür
Goz yaşımı kirpiyinlə sil, götür.
İstəmirəm bu sevgini gəl, götür.
Hardasan?
KÖLGƏ
Ay işığından oğurlanıb
qəlbimdə gizlənir
gecənin kölgəsi.
Ulduzlar sərinlənir, dincəlir
Baxışımın kölgəsində.
Hər gecənin gözündə
bir sabah mürgüləyir.
Hər sabahın üzündə
bir günəş güzgülənir.
Həsrətim də gözəlləşir
Sevgimin kölgəsində.
“Ədəbiyyat və incəsənət”
(07.08.2026)


