“Olumla ölümün arası yaxın” Featured

Hafiz Ataxanlı,

yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”

 

Prezident  təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, tanınmış şair Əşrəf Veysəllinin xatirəsinə gəzişmələr.

 

Epiqraf: 

“Kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam ki oxucuya catdırılası mövzunun həqiqi dəyərinə güclü inamın yoxdursa, gərək yazmayasan”.

                                                                                           Hafiz Paşayev.

                                                   “Bir diplomatın manifesti  kitabından”.

 

Və mən bu məcburiyyəti hiss etdim: ürəyimdə düşüncəmdə, zehniyyətimdə içimdən gəlirdi.

Onun adını ilk dəfə Feyzi əmimgildə eşitmişəm. Atamın əmisi oğlu, yazıçı-publisist, “Kimyaçı” qəzetinin redaktoru, ötən əsrin 70-ci illərində populyarlıq qazanmış “Dinmə ey kədər” kitabının müəllifi Feyzi Mustafayevin uşaqlarının dilindən düşmürdü Əşrəf əminin adı.

Dostumuz Əyyub Qiyasın “Dünyaya pəncərə” qəzetində yubileyləri üst-üstə düşən Əşrəf Veysəlli ilə İbrahim İlyaslıya ünvanlanmış “İki şairə bir təbrik” yazım çıxmışdı. Feyzi əmim bu yazıdan möhkəm əsəbiləşdi, iki şairə bir təbrik nə deməkdir?, - dedi- İbrahim İlyaslı istedadlı gəncdir, sözüm yox, amma Əşrəf Əşrəfdir də, onun təbriki ayrı olmalıydı!

          Feyzi əmi bir müddət mənimlə soyuq davrandı. Bizim İmamnəzərli tayfasının genetik vərdişlərinə yaxşı bələd olduğumdan – ulu babamız böyürtkən kolundan küsmüş və ömrünün sonuna kimi böyürtkən yeməmişdi – çox dərinə getmədim.

Əşrəf Veysəlli müsahibələrin birində söyləmişdi ki, məndən ötrü dünyanın ən böyük yazıçısı Feyzi Mustafayevdir. Bir il sonra Yadigar Məmmədlinin təşəbbüsü ilə Feyzi əmimdən “Cümhuriyyət”ə müsahibə alanda o söhbəti, o dəyəri xatırladım. Rəhmətlik gözlərinin içindən güldü, adəti üzrə əlini gur saçına apardı, əmioğlu, - dedi – “aldanma, şair sözü, əlbəttə, yalandır”.

2000-ci ilin nəfəskəsən qızmar yayında  Əşrəf əmi dostunun sözünə baxmayan ürəyinə işarə ilə nigarançılığını bildirmişdi:

         -Feyzi , qardaş, ürəyindən muğayat ol, orda mən varam.

          Feyzi müəllim əfsanəvi dostunun sözünə “qulaq  asmadı”, 63 yaşında ölümü fani dünyadan əziz tutdu. Yardımlının Ostayır kəndindəki qəbiristanlıqda dost itirmiş Əşrəf Veysəllinin ahı göylərə bülənd oldu, ordan ağrı-acıya bələnib “İki dostun bir ürəyi” misralarında damcıladı məzar daşının üzərinə.

         ...Və şairlər günündə ustad şair Əşrəf Veysəlli dostunun görüşünə tələsdi.

2026-cı il, 6-cı ayın 6-da, həftənin 6-cı günündə torpağa tapşırıldı. 6 gündə xəlq olmuş kainatın hansısa mistikasıydımı?!

 

                                        Seyran Səxavətin Əşrəfi

          Mən birinci kursda oxuyanda Əşrəf sonuncudaydı. Universitetdə bir divar qəzetimiz çıxırdı. Yaradıcı gənclərin poeziya nümunələri də o qəzetdə yer alırdı. Bir gün gördüm ki, Əşrəfin də şeiri verilib. Adətən şeiri oxuyursan, xoşuna gəlsə, əzbərləyirsən. Amma Əşrəfin şeirlərinin təsiri alayı cürdür. Onun yazdıqları sanki gözdən ürəyə, ordan da süzgəcdən keçməklə yaddaşa hopur. İnanın, o divar qəzetindəki şeiri bircə dəfə oxudum. Bu günə kimi yaddaşıma  həkk olunub:

                    Boşlamalı dünya deyil,

                    Xoşlamalı dünya deyil.

                    Yaşamalı dünya deyil,

                    Üzümə salıb yaşadım.

Doğrudan da, dünyanın  minnəti olsun ki, Əşrəf boyda oğul onda yaşadı.

Məndən ötrü Əşrəf dünyanın ən böyük şairidir. Əşrəf veysəlli böyük mənada Azərbaycan deməkdir. Onun poeziyası özündə Azərbaycan dilinin şəhdi-şirəsini ehtiva edir.

Bir də Əşrəfi çoxundan fərqləndirən bir cəhət var: Allah-təala ona nə boyda istedad veribsə, bir o qədər də abır-həyalı yaratmışdı.

 

Sitat:  “Əşrəf adamın  gözünə yox, qəlbinə girən şairdir”.

                                                                       Feyzi Mustafayev.

 

                                        Bahəddin Həzidən Sözə qüvvət.

“Bu cavan şəhər bu qocaman – azman şairi qucaqlamışdı. Ancaq Əşrəf Veysəlli bir şəhərə sığışacaq kişi deyildi axı. Onu ölkə tanımalıydı, onu ölkədən qıraqda  tanıtmalıydıq”.                         

                             

İstiqlal təşnəli şeirlər.

Ötən  əsrin 60-cı illərində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Əşrəf Şəfiyev tribunaya çıxıb şeir oxuyur:

 

-Hanı qoç Koroğlu, hanı qoç Nəbi?!

Yadigar başıma qılınc endirib.

Bölüb Vətənimi siqaret kimi

Hərə bir tərəfdə tüstüləndirir.

 

          Sovet dönəmi Sosializm realizminin dominantlıq dövrü. İlhaqın ideal, xoşbəxt quruluşa könüllü, cani-dildən qovuşma kimi bəzədildiyi  ədəbiyyat cameəsi və gənc bir şairin qan-qan deyən şeiri. Ani sükut. Bəlkə də çaşqınlıq. Birdən Xəlil Rza yerindən qalxır. Onun gur, inqilabi səsi salona yayılır.

          -Əla şairdir! Əla yazır! Halal olsun!

          1963-cü ildə Xəlil Rza Əşrəf müəllimə uğurlu yol yazır.

Qanlı Yanvar hadisələrində Xəlil Rza Lefortova zindanına atılanda Əşrəf Veysəlli etirazını şeirlə bildirmişdi.

 

-Vətən başdan-başa qanlı yuxudur,

Yuxudurmu bu yurdun yuxu yozanı?

Vəhşi generallar kimi qorxudur.

Zindana atmaqla Xəlil Rzanı?

 

İstiqlal şairi isə zindandan ona cavab verirdi:

 

-Sağ ol, qardaşım Əşrəf,

                    Çıraq oldun gözümə,

Hərlənən planetin gücü

                    Gəldi gözümə.

 

                                        İbrahim İlyaslıdan sözə qüvvət.

“Səni tez oyatdı şair ilhamın,

Duydun – bu əzablar haqqa çəmiymiş

Dedin: “Şair olmaq ayağı yalın

Süngülər ucunda gəzmək kimiymiş”

 

Güldük  ağlaya-ağlaya”

Ağayanə kişiydi, xeyir-şər adamıydı Əşrəf əmi. Sadəcə təvəllüd tarixinə görə deyil, əməllərinin trayektoriyasına, fəzilətlərinə, ədəbi-ictimai fəaliyyətinə, hadisələrə obyektiv yanaşmasına görə ağsaqqal statusu qazanmışdı. Sözü kəsərli, ifadə tərzi əvəzsiz idi. Fakta neqativ münasibətini bildirərkən zərif yumor, incə eyham, bəzən kəskin sarkazm təbəssümünü gözəlləşdirirdi.        

 

Gülnarə Cəmaləddindən portretə cizgilər.

“O, əsil ağsaqqaldı, müdrik məsləhətçiydi. Hər zaman üzündə xoş bir təbəssüm olardı. Kimsənin qəlbinə dəyməzdi Əşrəf müəllim. Axı könül Kəbədir, Allah evidir. Əşrəf müəllim könüllərə məhz Kəbə kimi dəyər verdi. Özü kimi şeirləri də o qədər kövrək, o qədər duruydu ki...

          Sözün özündən başqa umacağı olmadı. Ağsaqqal şair bir uşağın göz yaşlarına belə, tab gətirməz, hönkür-hönkür ağlardı. Bir nadanın xam sözündən içi çilik-çilik olardı. Çünki mayası sözdən yoğrulmuşdu. Ən böyük sərvəti söz idi. Əşrəf müəllim  ŞAİR idi.

         

         Dahilərdən kimsə deyib ki, ehtiyac saatlarını unut, amma onun sənə öyrətdiklərini yaddan çıxartma.

          Əşrəf Veysəlli həyatın boz üzündən üşürgələndi də, mənzil kirayə haqqını qapını döymə vaxtının nigarançılığını yaşadı da. Amma heç vaxt sözə xəyanət etmədi. Tədricən, savadı, idarəçilik qabiliyyəti, zəhmətkeşliyi sayəsində məsul vəzifələrə irəli çəkildi. Texniki peşə məktəbində fars dilini tədris etdi, şahmat məktəbinin direktoru, şəhər mədəniyyət şöbəsinin müdiri, Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi. Son illərdə Mədəniyyət İşçiləri  Həmkarlar Komitəsi Sumqayıt təşkilatının sədri kimi fəaliyyət göstərdi. Heç vaxt insani prinsiplərin ziddinə getmədi. Kirayədə qaldığı vaxtlarda, dar günündə necəydisə, vəzifə başında da olduğu kimi qaldı, dəyişmədi. Özünü öymədi, kimsəyə yuxarıdan aşağı baxmadı, dərdliləri dinləməyi  bacardı, qapısı hər kəsə açıq oldu. Təbii ki, sadəlikdən müdriklik doğur.

 

 Rəşad Məciddən sözə qüvvət

“Əşrəf Veysəlli həlim xasiyyətli, eyni zamanda müdrik bir insan, əvəzsiz sərvət idi. Onun poeziyası ana torpaqdan, doğma Vətəndən, Milli dəyərlərdən güc alırdı. Əşrəf müəllimin şeirlərində Azərbaycan dilinin  zənginliyi üzə çıxır. Əşrəf Veysəlli gənc şairlərə örnək olası ədəbi və insan taleyi yaşadı.

          İnanıram ki, gələcək nəsillər hər dəfə təkrar-təkrar onu oxuyacaqlar. Oxuduqca da Əşrəf Veysəlli yenidən doğulacaq”.

 

                                                   Tale

Əşrəf müəllim taleyini Sumqayıta bağladı. Onlarla gəncin ədəbi taleyinin uğuruna vəsilə oldu. Sadəliyi və canyanğısı onlarla problemin çözülməsində əsas amilə çevirdi.

                             

Yeri gəlmişkən: Valeh Kərimovdan bir xatirə

Baş rolda oynadığım “Bəxt üzüyü “ komediyası Əşrəf müəllimin teatrda direktorluğu dövründə hazırlanırdı. Çox adam bilmir ki, mən Moşu Göyəzənlinin cizgilərinə Əşrəf müəllimdən də nə isə əlavə etmişəm.

          Əşrəf müəllim siqaret çəkəndə kül stolun üstünə tökülərdi. O da külü əli ilə deyil, ağzından tüstü ilə nümayişkaranə şəkildə “puff” edib təmizlərdi. Yayda basanoşka geyinərdi. Məşq bitdikdən sonra getdim Əşrəf müəllimin kabinetinə, dedim, müdir, Moşu Göyəzənli mütləq basanoşka geyinməlidir, amma  teatrda yoxdur. Basanoşka olmasa, Moşu obrazını istədiyim səviyyədə oynaya bilməyəcəyəm.

-Yaxşı, bizim evdə bir cüt nimdaşı olmalıdır, sabah mütləq gətirərəm.

          Həmin basanoşka son illərə qədər teatrın anbarındaydı”.

Əşrəf müəllim Sumqayıtı və sumqayıtlıları çox sevdi. Şəhərin sosial-mədəni, ictimai həyatına öz töhvəsini verdi. Sumqayıtın inkişafına, sumqayıtlıların uğuruna çox sevindi, bu inkişafı misralarında öydü.

Əşrəf Veysəllini sevdirən onun sadəliyi və səmimiyyəti idi.

 

                                        Sözə qüvvət

                                        Natəvan  Məmmədli:

“Təbii ki, Sumqayıtda, habelə Azərbaycan ədəbiyyat cameəsində tanınan istedadlı şair  Əşrəf Veysəllini çoxdan tanıyırdım. Daha yaxından tanışlığım isə 2004-cü ildən – mənim Həmkarlar təşkilatının Mərkəzi Kitabxana üzrə sədr seçildiyim dövrdən başladı. O vaxt Əşrəf müəllim Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin Sumqayıt şöbəsinə rəhbərlik edirdi. İclaslarda, layihələrdə birgə iştirak edirdik. Açığını deyim, o vaxta qədər Əşrəg Veysəllidən çəkinirdim. Amma bu insan səmimiyyəti ilə özünə qarşı doğmalıq hissi formalaşdırdı.

          Şəhərimizin sosial-mədəni həyatına hər zaman təhfə vermiş Əşrəf müəllimin maraqlı tərəfləri çox idi. Ən unikal cəhəti isə bəzilərinin uzun-uzadı, saatlarla anlatmağa çalışdığı fikrə lakonik ifadə, hətta bir bənd şeirlə aydınlıq gətirməsiydi. Hər hansı tədbirə Əşrəf Veysəllinin qatılması o tədbirin çox maraqlı keçəcəyindən xəbər verirdi.

Ruhu şad olsun” .

Əşrəf müəllim Ustad şairə davranışın, qayğıkeşliyin, yol aydınlatmanın örnəyini yaratdı.

Onun müsbət rəyi gənc yazarlardan ötrü qürur idi, baş tacı idi.

Elə Hikmət Fərzəli demişkən, “Əşrəf Veysəlli sözün, şeirin məhək daşı, şəhərimizin vizit kartı idi. Ruhu şad olsun”.

 

“Cəsədim balıqçı torundan çıxır”

 

Sitat :“Martda doğulmuşam, fevralda ölmüşəm” .

                                                             Əşrəf Veysəlli.

 

Əşrəf müəllim hərbi xidməti Ermənistanda keçərkən erməni xislətinə yaxşı bələd olmuşdu. Bir gün əsgərləri gəzinti adı ilə kilsəyə aparırlar. Əsgər Əşrəf Şəfiyevə kilsənin qapısı ağzındakı daşı öpüb içəri keçməyi buyururlar. Şəfiyev imtina edir. Komandirə məlumat verilir. Hərbi hissənin komandiri Əşrəf müəllimi haupvaxta göndərir.

          1988-ci ildən başlayan erməni təxribatları nəticəsində yüzlərlə soydaşımız əzəli yurdundan didərgin düşdü.

          1992-ci il, fevralın 22-də Əşrəf müəllimin doğulduğu, böyüdüyü, havasını alıb, suyunu içdiyi Yuxarı Veysəlli də işğala məruz qaldı. Ürəyi qopub düşdü yerə, umud işığı öləzidi. Misraları qan ağladı:

-Əlin quzeylərə çatmasa əgər,

Səndən uzaqlarda olsa güneylər,

Qalsam, kürəyimi səngərə döndər,

Ölsəm, cəsədimi pilləkən eylə.

 

          Yazdıqca yandı, bağrının başı qarsıdı. Oğluna üz tutdu:

-Yağılar kor qoyub gözümü, oğlum,

Ahım babaların gorundan çıxır.

Araza atmışam özümü,oğlum,

Cəsədim balıqçı torundan çıxır.

 

Balıqçı torunda çırpınan cəsədinə baxdıqca ruhu Füzulidə dolaşırdı, birdən sanki Araz Şəhid qanlarına bələnib dəlisov axırdı, alırdı onu dalğalar harasa aparırdı, bir yandan da Şahnisə ananın qərib sualları qulaqlarını döyəcləyirdi:

“Oğlum, bəs nə vaxt kəndə qayıdacağıq?”

Göyüm-göyüm göynəyirdi, cavab verə bilmədiyi sualın ağırlığından beli bükülürdü, qəddi əyilirdi, kədərini, göz yaşlarını misra-misra vərəqlərə ötürüdü:

-Ürəyimin köksündən uçmaq həvəsi gələ,

Xoş nəğmələr dindirə qayaları, daşları,

Kövrək, zərif anamın titrəyən səsi gələ;

Şəhərdən Əşrəf gəlib, başında yoldaşları.

 

30 il yuxularında Füzuli gördü, Şuşaya baş çəkdi, Yuxarı Veysəllinin suyundan içdi.

... Nəhayət, o möhtəşəm günü gördü. Tağıyev qəsəbəsindəki məzarlığa gedib anasının ruhunu muştuluqladı.

Sonra da ağrılara-filana baxmayaraq oğlu Şahinlə Şuşaya getdi. Ağrıları səngidi. Şuşanın əzəmətindən, qalib görkəmindən ürəyi atlandı:

-Arzularım qar altında gül açar,

Daş üstündə bitən ömrü yaşayar.

Ərənlərim qayalardan yol açar,

Yol, bu yolu gedən ömrü yaşayar.

 

                                        Bədahətən deyilənlər

Əşrəf  Veysəlli həm də baməzə söhbətləri, şux zarafatları, dostluq şarjları və bədahətən söylədiyi təbəssümlü şeirləri ilə məşhurdur. Yaxın dostu Feyzi Mustafayevlə görüş yerləri Sumqayıtda məşhur olan “Əyri dom”un qarşısıymış. Növbəti görüşlərin birində Əşrəf müəllim görüş yerinə çatar-çatmaz bədahətən söyləyir:

-Qılınca bənzəyir söz adamları,

Paslı qılıncları qınında gördüm.

Təmiz adamları, düz  adamları,

“Əyri bina”ların yanında gördüm.

 

                                        Əli Nəcəfxanlıdan xatirə

“Ustad şairimizlə qonşuluq şərəfi də nəsib olmuşdu mənə. Tez-tez görüşürdük. Məzəli söhbətlərindən doymaq olmurdu. Mənim doğum günümdə bədahətən söylədiyi şeiri unuda bilmirəm. Bir bəndini misal gətirirəm.

 

-Sadiqdir dostluğa, hakimdir sözə,

Hər nə söyləyirsə, təzədir, təzə.

Yaman oxşayırıq bir-birimizə,

Mən şeir yazıram, o, şəkil çəkir.

 

          Günlərin bir günündə Ədəbi tədbirdən  sonra Əşrəf əmi tanış xanıma onun maşınına əyləşməyi təklif edir. Xanım nəzakətlə cavab verir:

          -Sağ olun, Əşrəf müəllim, rəfiqələrimlə piyada gəzəcəyəm.

          Maşın tərpənəndə Əşrəf müəllim görür ki, həmin xanım rəfiqələri ilə yox, başqa yoldaşlarla gedir.

          Avtomobilinin sürətini artırıb xanımın qarşısında saxlayır və bədahətən deyir:

-Tükəndi dövranım, bitdi dövranım,

Ömrüm bir köçəri quş oldu, getdi,

Məni qoca gördü (filankəs) xanım,

Getdi, cavanlara qoşuldu, getdi.

 

Özünü təmiz adam kimi qələmə verməyə çalışan birisi ilə qısa söhbətdən sonra Əşrəf əmi qəfil qayıdasan ki, :

-Əlin neçə-neçə qana bulaşıb,

Dilin təmizlikdən danışır hələ.

 

                              Əşrəf Veysəlli şəxsiyyəti

 

Veysəlli həyatın min bir rəngini də, bozluğunu da poetik təxəyyülündən keçirib, misralarda təqdim edib: eynən xalçanın çeşniləri və çeşidləri, duyğuların palitrası kimi.

          Dünyanın daş ağırlığı da, can yaxan acısı da, istiqlal təşnəsi də, gözəlliyin vəsfi, şükranlıq, yaradılışın sosial-fəlsəfi mahiyyəti də Əşrəf Veysəlli qələmində naturaldır, təsiredicidir.

          Şairin təsvir qüdrəti göz önündə vizual sıralamanı apaydın verir. Dan yerinin  işartısından qürub çağının kədərli gözəlliyinə qədər xronometrajın assosasiyası  Əşrəf əminin şeirlərində əks olunub.

          Sadə ifadələrin çatdırdığı dərin fəlsəfi düşüncə, bədii-estetik zövq, obrazların tamlığı və ədəbi mətndən zərif şəkildə boy verən incə yumor, hətta bəzən sarkazm Əşrəf Veysəlli poeziyasını gözəlləşdirir.

 

          Əşrəf Veysəlli bir kəlməsi ilə qan bağlaya bilən qədimi kişilərdəndi. Əşrəf Veysəlli dar günün dostuydu. Əşrəf Veysəlli haqqın-ədalətin yanında yer almağı ilə həyatını mənalandırırdı.

          Əşrəf Veysəlli doğrunun üzünə gülümsədi, yalanın bağrını çatlatdı. Əşrəf Veysəllinin şeirin, koloritli, sadə, fəqət müdrik nitqi ədəbi  tədbirləri, dost məclislərini rövnəqləndirdi.

Əşrəf Veysəlli təkcə doğmalarının, qan qohumlarının yox, ona bələd olan hər kəsin əziz-giramisinə çevrildi.

Əşrəf Veysəllini təkcə Füzuli rayonunun sakinləri, qarabağlılar deyil, digər bölgə adamları da özlərinə simsar bildilər.

          Əşrəf Veysəlli zəkası təkcə yazı masasından ağ vərəqə süzülən ədəbi qənimət olmadı, həm də gənclərin başı üzərində işıq haləsinə dönüb yol aydınlatdı.

          Əşrəf Veysəllinin ömür yolu fiziki-bioloji anlamda deyil də, milli-mənəvi dəyərlərin, fəzilətlərin insanlıq fəlsəfəsinin qorunub-saxlanılması, sabaha ötürülməsi üçün saxlanc zənginliyində yaddaşlara həkk olundu.

 

                              Epiloq

 

          ... Allahım! Bu nəydi?!

Sirinsimiş dərdlərin köynəyini əynimdən çıxardığıma görəydi, ya nədəndi, qayaları birnəfəsə çıxırdım. Çatdım Cıdır düzünə. Şəhidlərimizin ruhuna fatihə oxudum. Arınmış, tər-təmiz Qarabağ səmasının, onun ağ pəmbə buludlarının ahənrübasında gülümsədim. Mir Mövsüm Nəvvabın məzarını ziyarət etməyə dönərkən çiynimdə bir əl təmasını duydum. Qəribədir, heç kimi görmədim. Amma həm də hansısa mistik duyğu ilə anlayıram ki, bu – Əşrəf Veysəllidir. Əşrəf əmi həmişəki qaydada gülümsəyən, əlini irəli uzadasan, danışmayasan, amma fikirlərini apaydın çatdırasan:

-Şuşa təkcə qan yaddaşı, genetik kod, uluların ruhunun mühafiz olduğu müqəddəs məkan, genetik kod mədəniyyət mərkəzi deyil. Şuşa həm də yeni dünya nizamına, çağdaş siyasi-diplomatik münasibətlərə, beynəlxalq iqtisadi proseslərə qoşulmaq yolunda kreativ ideyaların qanadlandırdığı böyük meydandır.

-Nurlu kəhkəşanlı yarı-yaraşığı canlara dərmandı İsa bulağı.

Bu da Cıdır düzü, uçuş zolağı,

Möhtəşəm laynerdir Şuşa qalası.

          ...Və hövlnak ayılıb saata baxdım. Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Poeziya evində keçiriləcək Əşrəf Veysəllinin vida mərasiminə qatılmaq üçün evdən çıxdım.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.