“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Fəridə Abdullayevanın bir şeiri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Fəridə ABDULLAYEVA
DANIŞMADAN DUYULMAQ
Bu dünyada hamı danışır,
Bu dünyada hər şey danışır.
Axı Zəlimxan Yaqub deyir:
"Duymağı bacarsan, daş da gözəldir".
Susqunluq deyilən bir şey yoxdur,
Qulaq verməmək var.
Biz sadəcə, qulaq vermirik.
Kimi sözləriylə danışır,
Kimi gözləriylə.
Kimi əlləriylə danışır,
Kimi gəlişi, kimi gedişi ilə.
Kimi varlığı ilə,
Kimi yoxluğu ilə...
Mən də qulaq verdim –
Eşitdiyim isə yoxluğunun səsi idi.
Yazmağı seçdim,
Yəni, əlimlə danışmağı.
Varlığı yazdım –
Varağa yazdım.
Kimi dinlədi, duymadı,
Kimi baxdı, görmədi.
Kimi gülümsəyib keçdi,
Kimi, sadəcə, yandan keçdi.
Bəlkə də,
Problem məndə idi –
Əlim danışırdı,
Amma qələm...
Qulaq vermirdi,
Bəlkə də...
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)


