“Bir şair, bir şeir”də Aysel Xanlarqızı və adsız şeiri Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam "Ədəbiyyat və İncəsənət" portalının əziz izləyiciləri.

"Bir şair və bir şeir" rubrikamızı bu dəfə sevimli xanım Aysel Xanlarqızının poeziyası bəzədi.

 

Bihuşedici eşq qoxun,

Boynumda ətir əvəzi.

Qollarına sığınmışam,

Yağışdan çətir əvəzi...

Gözəl lirikadır, deyilmi?

 

Xoş mütaliələr.

 

 

AYSEL XANLARQIZI,

ADSIZ ŞEİR

 

Tanrının gözündən düşüb

Duzu çox olub dənizin.

Kirpiyim altda gözlərim,

Göydə boğulub dan üzü...

 

Bihuşedici eşq qoxun,

Boynumda ətir əvəzi.

Qollarına sığınmışam,

Yağışdan çətir əvəzi...

 

Göy üzü yanağın silir,

Günəşə astar tikilib.

Həsrətin gəzən şəhərdə,

Payızın saçı tökülüb.

 

Təqvimdən qopub göz yaşım,

Sərgərdan gəzir küçələr.

Əllərim atasız uşaq,

Qoynumda ölür gecələr...

 

Yollardan ayaq izini,

Götürüb sıxdım bağrıma.

Köksün səccadə əvəzi,

Dua tək yağdım bağrına...

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.