“Biri ikisində” Zəminə Məmmədovanın debütü ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərəməktəbli Zəminə Məmmədovanın debüt hekayəsi təqdim ediləcək. Əlbəttə ki məktəblinin nə yazdığı və necə yazdığı çox maraqlıdır.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

 DEBÜT

 

Zəminə MƏMMƏDOVA

262 saylı məktəbin 7 a sinif şagirdi

 

“Ulduz” 69 illik tarixində saysız-hesabsız ilklərə imza atıb. Bir çox istedadların ulduzu elə “Ulduz”da parlayıb.

Bu ilklərdən biri də 12 yaşlı Zəminə Məmmədovanın debütüdür.

Yolu açıq, ulduzu parlaq olsun.

 

 

“7 MƏKTUB, 1 HƏQİQƏT”

 

          Bakının noyabr küləyi qədim, daş binanın pəncərə çərçivələrini elə sarsıdırdı ki, sanki içəri girmək üçün icazə istəyən inadkar və qəzəbli bir qonaq idi. Fəridə yatağında dikəldi. Soyuq otaqda onun nəfəsi kiçik buxar dumanı yaradırdı. Saat tam 07:00 idi. İllərdir bir saniyə belə gecikməyən daxili saatı onu yenə yanıltmadı. Həyatı bu görünməz relslərin üzərində hərəkət edirdi: hər şey proqnozlaşdırılan, hər şey rəngsiz, hər şey təhlükəsiz idi.

Fəridə yataqdan qalxıb ayaqlarını soyuq döşəməyə qoydu. Bu soyuqluq ona sağ olduğunu xatırladırdı. Güzgünün qarşısına keçdi. Tünd qəhvəyi saçlarını darayarkən güzgüdəki əksinə baxdı. Gözlərindəki yorğunluq nizamın gətirdiyi bir yük idi. Fəridə üçün nizam sadəcə vərdiş deyildi, o həm də bir qalxan idi. Atasını itirdiyi o qaranlıq gündən bəri xaosdan qaçmaq üçün özünə bu görünməz qəfəsi tikmişdi. Mətbəxə keçdi. Çaydanın fısıltısı otaqdakı sükutu pozan yeganə səs idi. Hər şey yerli-yerində idi: fincan sağda, şəkər qabı solda. Fəridə pəncərədən aşağı, boz Bakı küçələrinə baxdı. İnsanlar qarışqa kimi tələsir, hər kəs öz kiçik dünyasında sağ qalmağa çalışırdı. Çayını bitirdi, fincanı yudu və qurulayıb həmişəki yerinə qoydu. Bu hərəkətlər ona nəzarət hissi verirdi. Dünyada hər şey dağıla bilərdi, amma onun mətbəxində hər şey qaydasında olmalı idi.

Paltar dolabını açdı. Hamısı eyni tonlarda – boz, qara və tünd göy rəngli geyimlər. Rəngli heç nə yox idi, çünki rənglər diqqət çəkərdi, diqqət çəkmək isə risk idi. Paltosunu geyindi, çantasının zəncirini düzəltdi. Qapını kilidləyib pilləkənlərə tərəf dönəndə dayandı. Ürəyi qəfil  sancı ilə döyündü. Boz kafelərin üzərində, tam qapısının astanasında qar kimi ağ bir zərf uzanmışdı. Üzərində nə göndərənin adı vardı, nə də bir möhür. Sadəcə, Fəridənin öz xəttinə bənzəyən, amma ondan daha qətiyyətli  yazıda  bircə söz yazılmışdı: “OXU”.

Fəridə zərfi götürdü. Kağızın toxunuşu qəribə idi, sanki barmaqlarını yandırırdı. Blokun qaranlıq künclərinə baxdı. Kimisə görəcəyinə ümid elədi, amma yalnız boşluq və kiflənmiş divarlar vardı. Ehtiyatla zərfi açdı. İçindəki kağızda cəmi iki cümlə vardı:

“Salam, Fəridə. Bu gün həmişə mindiyin 18 nömrəli avtobusa minmə. Əgər nizamını pozmasan, bir daha həyatın olmayacaq”.

Bir anlıq güldü. “Bu nə axmaqlıqdır?” – deyə düşündü. Bəlkə, iş yoldaşlarının zarafatı idi? Amma iş yoldaşları onun belə şeyləri xoşlamadığını bilirdilər. Kağızı cibinə qoyub binadan çıxdı. Külək onun üzünə bir şillə kimi dəydi, amma o, dayanmadı. Dayanacağa tərəf yeridi.

Dayandacaqda insanlar toplaşmışdı. Soyuqdan  büzüşən adamlar başlarını telefonla qatırdılar. Saat 07:45. Uzaqdan 18 nömrəli avtobusun tanış boz rəngi göründü. Avtobus gicilti ilə saxladı, qapılar açıldı. İnsanlar bir-birini itələyərək içəri doluşdular. Fəridə ayağını pilləyə qoymaq istədi, amma cibindəki kağızın ağırlığını hiss etdi. Kağız parçası sanki bir qurğuşun kimi onu yerə yapışdırmışdı.

– “Hey, qızım, minmirsən? Qapını bağlayıram!” – sürücü səbirsizliklə qışqırdı. Fəridə sürücünün yorğun gözlərinə baxdı. Sonra içəridəki insanlara. Onların heç biri bilmirdi ki, bəlkə də, son səfərlərini edirlər. – “Xeyr... mən... mən növbətini gözləyəcəm,” – deyə pıçıldadı. Sürücü qapıları şaqqıltı ilə bağladı və avtobus yerindən tərpəndi.

Fəridə dayandacaqda tək qaldı. İçində özünü axmaq kimi hiss edirdi. Bir kağız parçasına görə işə gecikəcəkdi. Müdiri yenə ona irad tutacaqdı. Amma cəmi beş dəqiqə sonra şəhərin sükutu dəhşətli bir səslə parçalandı. Uzaqdan gələn o ağır metal səsi, ardınca gələn təkər fəryadı...

Telefonuna bir-bir bildirişlər gəlməyə başladı. Sosial şəbəkələr qəza xəbəri ilə çalxalanırdı. 18 nömrəli avtobus körpüdən aşmışdı. Fəridənin dizləri büküldü, soyuq asfaltın üzərinə çökdü. O, sağ idi. Amma bu sağ qalmaq hissi ona hüzur vermədi. Çünki kimsə gələcəyi görmüşdü. Kimsə onu ölümdən xilas etmişdi, amma bunun qarşılığında ondan nə istəyəcəyini hələ bilmirdi. O, artıq öz həyatının sahibi deyildi. Oyunun pərdəsi indi açılırdı.

Avtobus qəzasından sonra keçən üç gün Fəridə üçün zamanın fiziki bir ağırlığa çevrildiyi, rənglərin bozararaq yox olduğu bir kabus filmi kimi idi. O, işə getməmişdi. Müdirinin ard-arda gələn zənglərinə, iş yoldaşlarının “Sən o avtobusda olmalı idin, necə xilas oldun?” tipli maraq və gizli bir həsəd dolu mesajlarına cavab verməmişdi. Evinin pəncərə pərdələrini bir saniyə belə açmırdı. Sanki pərdəni bir az aralasa, o məktubu yazan, gələcəyi görən o qaranlıq gözlərlə qarşı-qarşıya gələcəyindən qorxurdu. Otaqdakı sükut elə ağır idi ki, Fəridə öz nəfəsini belə sanki kənardan eşidirdi.

Dördüncü günün sabahı, günəş hələ Bakının boz və rütubətli binalarının arxasından boylanmamışdı. Şəhərin üzərinə çökmüş o məşhur noyabr dumanı hər şeyi görünməz etmişdi. Fəridə dəhlizdə, divara söykənib oturmuşdu. Gözləri qapının altındakı dar boşluğa dikilmişdi. Və o an gözlənilən səs eşidildi: kağızın kafelə sürtünərkən çıxardığı o quru, soyuq səs. Ağ zərf orada, qaranlıqda bir işıq nöqtəsi kimi peyda oldu.

Əlləri elə əsirdi ki, zərfi götürəndə sanki barmaqları buz kəsdi. Bu dəfə içindəki kağız daha ağır idi, qoxusu isə insana qəribə bir nostalji bəxş edirdi – sanki on illərlə açılmayan köhnə bir sandıqdan çıxmışdı.

“Həyatını mənə borclusan, Fəridə. Ölümdən qaçmaq asandır, amma həqiqətdən qaçmaq qeyri-mümkündür. İndi borcunu ödəmək, illərdir daxilində boğduğun o sualların cavabını tapmaq vaxtıdır. Şəhər qəbiristanlığına get. 14-cü cərgə, adsız məzar. Bir dəstə ağ qızılgül apar. Unutma, ölülər bəzən dirilərdən daha dürüst və daha cəsur danışırlar”.

Fəridə bir müddət məktubla baxışdı. “Niyə mən?” – deyə pıçıldadı. Səsi bomboş mənzildə əks-səda verdi. Amma daxili bir səs ona deyirdi ki, artıq geri dönüş yoxdur. Ya bu sirrin ardınca gedəcəkdi, ya da ömrünün qalanını qorxu içində, kiminsə onun üçün çəkdiyi relslərin üzərində yaşayacaqdı.

Evin çıxışında güzgüdə özünə baxdı. Gözlərinin altındakı kölgələr dərinləşmişdi, amma baxışlarında ilk dəfə idi ki, o nizamlı, qorxaq qızdan əsər-əlamət yox idi. Bayıra çıxanda duman onu uddu. Yolüstü köhnə bir gül dükanının önündə dayandı. Satıcı qadın yuxulu gözlərlə ona baxdı. – “Yeddi ədəd ağ qızılgül,” – dedi Fəridə. Səsi özünə belə yad gəldi. Satıcı gülləri bükərkən soruşdu: – “Toydur, yoxsa ziyarət?” Fəridə cavab vermədi. Sadəcə, pulu uzatdı və gülləri bağrına basıb uzaqlaşdı.

Qəbiristanlığın paslı darvazaları cırıltı ilə açıldı. Bura sükutun, unudulmuş xatirələrin və torpağa qarışmış peşmanlıqların məkanı idi. Ayağının altındakı qurumuş yarpaqların xışıltısı sükutu bıçaq kimi kəsirdi. 14-cü cərgəni tapmaq üçün xeyli yeriməli oldu. Nəhayət, sıranın tam sonunda, digər dəbdəbəli, üstü mərmər şəkillərlə bəzədilmiş məzarlardan uzaqda, kol-kosun, tikanların içində itmiş tənha bir daş parçası gördü.

Məzarın üstündə nə bir ad vardı, nə də bir sətir yazı. Daşın rəngi illərin yağışından qaralmış, bəzi yerləri isə ovulub tökülmüşdü. Fəridə yaxınlaşıb diz çökdü. Soyuq nəm torpaq dizlərinə keçdi. Gülləri daşın dibinə qoyarkən, gözü daşın ən aşağı küncündəki cızıqlara sataşdı. Sanki kimsə orada dırnaqları ilə, yaxud iti bir metal parçası ilə rəqəmlər həkk etmişdi: 15 May. Fəridənin ürəyi elə sürətlə döyündü ki, sanki qabırğalarını qıracaqdı. Bu tarix onun hər il qeyd etdiyi, sevinclə qarşıladığı doğum günü idi. Amma yanındakı il hissəsi... Bu, 1985-ci il idi. Onun doğulmasından düz 20 il əvvəl. “Bu mənim günümdür,” – deyə pıçıldadı, barmaqları ilə rəqəmlərin üstündən keçdi. “Amma kimin ölümüdür? Kim mənim doğulmağımdan 20 il əvvəl məhz bu gündə bu dünyanı tərk edib və niyə mənim həyatım onunla bağlanıb?”

O an torpağın bir az qabarmış olduğunu hiss etdi. Sanki kimsə bu torpağı yaxınlarda, bəlkə də, cəmi bir neçə saat əvvəl tərpətmişdi. Fəridə qorxusunu, iyrənmə hissini bir kənara itələdi. Barmaqları ilə torpağı qazmağa başladı. Dırnaqlarının altına dolan nəm torpaq, daş-kəsək... o heç nəyə əhəmiyyət vermirdi. Bir az dərində barmaqları soyuq və bərk bir cismə toxundu. Torpağın içindən ağır, paslanmış, qədim bir açar dəsti çıxdı. Üç ədəd fərqli ölçüdə, üzəri mürəkkəb naxışlarla bəzədilmiş açar. Onların yanında isə kiçik, sellofana bükülmüş bir kağız parçası vardı. Kağızı açanda içindəki ünvanı gördü – bu, şəhərin köhnə, uçuq-sökük məhəllələrindən birində yerləşən, atasına məxsus köhnə bir binanın ünvanı idi. Altında isə bu cümlə yazılmışdı:

“Atanın heç vaxt tam bağlamadığı o qapı hələ də səni gözləyir. Bu açarlar təkcə qıfılları yox, həm də yaddaşının qaranlıq künclərini açacaq. Get və gör, sənin nizamın hansı yalanın üzərində qurulub”.

Fəridə açarları ovcuna sıxdı. Pasın iyi burnuna dolsa da, bu metal parçaları ona illər əvvəl “itkin” elan edilən, rəsmi sənədlərdə sadəcə bir kölgəyə çevrilmiş atasını xatırlatdı. O, ayağa qalxanda duman bir anlıq çəkildi. Uzaqda, sərv ağaclarının kölgəsində qara geyimli bir qaraltının sürətlə uzaqlaşdığını gördü. “Hey!” – deyə qışqırdı, amma səsini özündən başqa heç kim eşitmədi. O, artıq qurban deyildi. O, artıq illərdir onu idarə edən o görünməz qüvvəyə qarşı ilk addımını atmışdı.

Qəbiristanlıqdan qayıdan Fəridə üçün Bakının küçələri artıq əvvəlki kimi deyildi. Hər tində bir kölgə, hər dayanan qara şüşəli maşında onu izləyən bir cüt göz axtarırdı. Ovucu hələ də o paslı açarların ağır metal qoxusunu verirdi; sabunla dəfələrlə yusa da, o “keçmişin qoxusu” sanki dərisinə hopmuşdu. Evə çatanda açarları titrəyən əllərlə masanın üstünə qoydu. Onlar sadəcə metal parçaları deyil, atasının iyirmi il əvvəl yarımçıq qalmış həyatının qalıqları, bəlkə də, onun “dirilmə” ümidi idi.

Axşam saat 22:30: Bayırda noyabrın amansız küləyi Xəzərin duzlu suyunu şahə qaldırırdı. Fəridə pərdələri bərk-bərk çəkib qaranlıq otaqda oturmuşdu. Birdən telefonun titrəyişi masanın üstündə qəribə bir səs çıxardı. Naməlum nömrədən gələn mesaj ekranda parıldadı:

Saat 00:00. Köhnə “Lunasapark”. Qorxunla üzləşməsən, həqiqəti heç vaxt daşıya bilməzsən. Tək gəl. İzlənirsən. Nizamın səni qorumur, Fəridə. Nizam səni sadəcə kor edir”.

Fəridə telefonu yerə atdı. “Lunasapark...” deyə pıçıldadı. Gözlərini yumanda altı yaşındakı o dəhşətli günü xatırladı. İnsan dənizi, rəngli karusellərin gicgahını ağrıdan musiqisini və atasının əlini buraxdığı o an. O gün parkda azarkən keçirdiyi o çarəsizlik hissi illər keçsə də, damarlarında gəzirdi. İndi isə həmin qorxunun mərkəzinə, özü də gecə yarısı qayıtmalı idi. Saat düz 00:00-da o, parkın paslanmış darvazaları qarşısında idi. Bir zamanlar uşaq gülüşləri ilə dolub-daşan bu məkan indi sükutun və çürümənin məbədi idi. Darvazalar küləyin təsirindən acı bir fəryadla tərpənirdi. Fəridə əlindəki fənəri yandırdı. İşığın sönük şüası sındırılmış şüşə parçalarının, devrilmiş pambıq şəkəri köşklərinin və rəngi qopmuş karusel atlarının üzərində gəzişdi.

– “Kim var burada?” – deyə səsləndi. Səsi boş parkda əks-səda verib geri döndü. – “Məni bura çağırdın! İndi çıx qarşıma!”

Heç bir cavab gəlmədi. Sadəcə, külək “Şeytan çarxı”nın paslanmış kabinələrini yellədir, metal metala sürtülərək qulaqbatırıcı  səs çıxarırdı. Fəridə addımlarını çarxa tərəf yönəltdi. Hər addımında ayağının altında sındırılmış oyuncaq parçaları və qurumuş budaqlar xışıldayırdı. Fənəri ən aşağıdakı kabinəyə tutanda qanı dondu.

Kabinədə bir qaraltı vardı. – “Ata?..” – Fəridənin səsi boğuldu. – “Ata, sənsən?”

Yaxınlaşdıqca gördü ki, bu bir insan deyil. Köhnə, üzü çatlamış bir vitrin manekeni idi. Amma manekenin əynindəki o geyimi görəndə Fəridə dizləri üstə yerə çökdü. Bu, həmin o qırmızı palto idi. Altı yaşında parkda azdığı gün əynində olan, yaxasındakı kiçik çiçək naxışlı düymələri hələ də yerində qalan o kiçik palto. Palto elə təmiz idi ki, sanki kimsə onu iyirmi il boyunca hər gün ütüləyib saxlamışdı.

Manekenin cansız, plastik əllərinin arasında dördüncü zərf dururdu. Fəridə titrəyən barmaqları ilə zərfi götürdü. Tam o an manekenin başı bir az yana əyildi. Mexaniki bir səs – kırt – sükutu pozdu. Fəridə dəhşət içində geriyə sıçradı.

– “Mənimlə oyun oynama!” – deyə qışqırdı, göz yaşları üzündən süzülürdü.

– “Sən kimsən? Niyə mənim uşaqlığımı əlində oyuncaq etmisən?”

Konverti cıraraq açdı. İçindən bir kağız və kiçik bir mürəkkəb qabı çıxdı:

“Bura atanın heç vaxt bitirmədiyi sonuncu layihəsidir, Fəridə. Emalatxananın açarları artıq sənədədir. Amma unutma, açarlar, sadəcə, qapıları açır, ruhundakı qıfılları yox. Ünvan: Binəqədi, Köhnə zavod yolu. Orada səni gözləyən biri var. Həmin adam həm sənin xilaskarın, həm də ən böyük kabusun ola bilər”.

Fəridə məktubu oxuyub bitirəndə parkın uzaq küncündə, qaranlıq sərv ağaclarının kölgəsində bir parıltı gördü. Bir siqaret işığı. Qırmızı, közərən bir nöqtə qaranlıqda hərəkətsiz qalmışdı. Biri orada dayanmışdı.

– “Səni görürəm!” – Fəridə qışqırdı və o tərəfə tərəf qaçdı. – “Dayan! Kim olduğunu de!”

Amma yaxınlaşanda orada heç kimin olmadığını gördü. Sadəcə, yerdə hələ də dumanı çıxan bir siqaret kötüyü vardı. Siqaretin üzərində qəribə bir nişan – iki bir-birinə keçmiş dairə şəkli vardı. Fəridə kötüyü götürüb ovcuna sıxdı. “O buradadır”, – deyə düşündü. “Həmişə bir addım arxamdadır”.

Parkın çıxışına tərəf qaçarkən artıq köhnə, nizamlı qız deyildi. Qaranlığı hiss edən, keçmişin qanlı əllərini çiyinlərində duyan bir axtarışçı idi. Ürəyindəki yeganə fikir isə Binəqədidəki o köhnə emalatxanaya çatmaq idi.

Binəqədinin sənaye zonasındakı o köhnə zavod yolu, Bakının mərkəzindən fərqli olaraq, sanki tərk edilmiş bir planet idi. Fəridə maşını yolun kənarında saxlayanda saat gecə saat üçü göstərirdi. Palçıqlı yollar, bir-birinə keçmiş paslı borular və uzaqdan gələn sahibsiz itlərin hürüşməsi ab-havanı daha da ağırlaşdırırdı. Əlindəki dördüncü zərfdə yazılan koordinatları izləyərək bina 44-ə yaxınlaşdı. Bura yarımçıq qalmış, pəncərələri daşla hörülmüş, beton bir div – dörd divar idi.

Qəbiristanlıqdan tapdığı o paslı açarlar ovcunda buz kimi soyuq idi. Birinci açar böyük dəmir qapının ağır kilidinə uyğun gəldi. Kırt... Səs boş binanın dəhlizlərində ildırım kimi çaxdı.

İçəri girəndə rütubət və yağ iyi Fəridənin nəfəsini kəsdi. Fənərin işığını divarlara tutdu: köhnə mühərrik hissələri, toz içində olan çertyojlar və qəribə sxemlər. Bura atasının “itkin” düşdüyü gecəyə qədər işlədiyi gizli emalatxana idi. Tozlu masanın üstünə yaxınlaşdı. Orada qalın, dəri üzlü bir dəftər dururdu. Fəridə dəftəri açdı və gördükləri qarşısında beyni dumanlandı. Dəftərdə hər şey – onun uşaqlıq şəkli, məktəb qiymətləri, hətta bu səhər nə geyindiyi belə qeyd olunmuşdu.

– “Yox, bu mümkün deyil,” – deyə pıçıldadı. – “Atam... məni ölü halda belə izləyib?”

– “O, heç vaxt ölməyib, Fəridə,” – qaranlıq küncdən gələn boğuq və tanış bir səs sükutu bıçaq kimi kəsdi.

Fəridə yerində sıçradı, fənəri səsin gəldiyi tərəfə çevirdi. Kölgələrin içindən bir qadın çıxdı. Üzündə illərin gətirdiyi dərin qırışlar vardı, saçları gümüşü rəngdə idi, amma baxışları... O baxışlar Fəridəyə elə tanış idi ki, sanki hər sabah güzgüdə gördüyü gözlər idi.

– “Sən kimsən?” – Fəridənin səsi titrədi. – “Bura necə gəldin?”

Qadın acı bir təbəssümlə yaxınlaşdı, işığın dairəsinə girdi: – “Səncə, mən kiməm? Diqqətlə bax. Burnunun yanındakı o kiçik xala, sol gözünün altındakı o yara izinə... Mən sənin bitməmiş hekayənəm, Fəridə”.

Fəridə bir addım geri çəkildi, fənəri əlindən düşmək üzrə idi: – “Bu... bu hansısa iyrənc bir zarafatdır. Sən mənə bənzəyirsən. Çox bənzəyirsən. Amma bu mümkün deyil!”

Mümkün olan tək şey budur ki, sən hələ də qorxursan,” – qadın kəskin bir səslə dedi. – “Atamızı axtarmaqdan vaz keç dediyimdə zarafat etmirdim. O qapını açsan, gördüyün həqiqət səni azad etməyəcək, Fəridə. Səni məhv edəcək. Eynən məni məhv etdiyi kimi.”

– Sən mənim gələcəyimsən? – Fəridə bağırdı. – Mənə bunu izah et! Əgər sən mənsənsə, niyə mənə kömək etmirsən? Niyə məni bu labirintə salmısan?

– Çünki mən sənin keçdiyin yollarda büdrədim, – qadın yaxınlaşdı, əlini Fəridənin üzünə uzatdı, amma toxunmadı. – Mən nizamı qorumağa çalışdım, amma atamın sirri nizam tanımır. O, 15 Mayda ölmədi. O, 15 Mayda öldürüldü və həm də yenidən doğuldu. Bax bura!

Qadın masanın altındakı gizli bir siyirməni açdı və oradan beşinci zərfi çıxarıb Fəridəyə uzatdı.

– Bunu götür, – dedi qadın. – Cəfər Səlimov xəstəxanadadır. Onu tapmalısan. Amma bil ki, ona verəcəyin hər qəpik pul, sənə atanın qanı bahasına başa gələcək.

– Cəfər? O qatil? – Fəridə nifrətlə soruşdu. – Mən ona niyə kömək etməliyəm?

– Çünki sənə qatil kimi göstərilən adam, bəlkə də, bu dünyada səni, həqiqətən, sevən yeganə adamdır, – qadın geri çəkilib yenidən qaranlığa qərq olmağa başladı. – Get, Fəridə. Və unutma, güzgüyə hər baxanda məni yox, öz daxilindəki yalanı görəcəksən.

– Gözlə! Getmə! – Fəridə qaranlığa tərəf qaçdı, amma küncə çatanda orada heç kimin olmadığını gördü. Sadəcə, divarda asılmış köhnə, çatlamış bir güzgü vardı. Güzgüdə öz əksinə baxdı. Gözləri yaşlı, üst-başı toz içində... Amma güzgüdəki əksinin arxasında bir anlıq atasının kölgəsini gördüyünü zənn etdi.

 

Masada qalan beşinci zərfi və bir bağlama köhnə, amma keçərli olan əskinasları götürdü. Cibindəki siqaret kötüyünü xatırladı. Emalatxanada da eyni siqaret qoxusu vardı.

– “Hər şey bir yalandır,” – deyə pıçıldadı. – “Amma mən bu yalanın sonuna qədər gedəcəm.”

Binadan çıxanda günəş Binəqədinin çirkli üfüqlərindən boylanırdı. İndi hədəf şəhər xəstəxanası idi. Atasının “qatili” ilə üzləşmək vaxtı gəlmişdi.

Xəstəxananın ağ və soyuq dəhlizləri Fəridənin üzərinə gəlirdi. Tibbi spirt qoxusu uşaqlıq xatirələrindəki o acı dərman dadını, atasının itkin düşdüyü gün xəstəxana dəhlizlərində keçirdiyi o çarəsiz saatları xatırladırdı. Binəqədidəki emalatxanadan çıxdıqdan sonra gözünə yuxu getməmişdi. Əlindəki pullarla dolu çantanı elə bərk sıxmışdı ki, barmaqlarının ucları ağarmışdı.

Reanimasiya şöbəsinin şüşə qapısı önündə dayandı. İçəridə, süni tənəffüs aparatının ritmik və ruhsuz səsi eşidilirdi: “Bip... Bip... Bip... ” Bu səs sanki ölümün geri sayımı idi.

– Bağışlayın, – Fəridə qeydiyyatdakı tibb bacısına yaxınlaşdı. Səsi titrəyirdi, amma daxilindəki qəzəb onu ayaqda tuturdu. – Cəfər Səlimov. Onu görməliyəm. Onun əməliyyat xərclərini ödəmək üçün gəlmişəm.

Tibb bacısı eynəyinin üstündən ona heyrətlə, bir az da şübhə ilə baxdı:

– Siz kimisiniz? Bu adamın illərdir qapısını açan olmayıb. Polis qeydlərində kimsəsiz kimi keçir. Bu qədər pulu haradan tapdınız? Bu məbləğ kiçik deyil.

Fəridə çantanı piştaxtanın üstünə qoydu, gözlərini qadının gözlərinə zillədi:

– Mənim kim olduğumun bir önəmi var? Bu pul qanunidir və bu adam yaşamalıdır. Ən azından mənə cavab vermədən ölə bilməz. İndi mənə deyin, o hansı palatadadır?

Tibb bacısı çiyinlərini çəkib kompüterdə nəsə yoxladı:

          – “4-cü palata. Amma daxil olmaq olmaz, vəziyyəti kritikdir. Sadəcə, şüşə arxasından baxa bilərsiniz.”

Fəridə 4-cü palatanın önünə gəldi. İçəridə, ağ mələfələrin arasında büzüşmüş, borulara qoşulmuş o qoca adamı görəndə içindəki nifrət divarı sarsıldı. Bu, onun uşaqlıq kabusu – atasını əlindən alan “qatil” idi? Bu çəlimsiz, can üstündə olan qoca?

O, qadağalara məhəl qoymadan palataya girdi. Otaqdakı dərman qoxusu boğucu idi. Cəfər Səlimovun solğun üzü sanki bir mum fiquru idi. Fəridə yatağın yanındakı kətilə əyləşdi.

– Məni eşidirsən? – Fəridə pıçıldadı.

Səsi nifrət və maraq qarışığı idi.

– Mən Fəridəyəm. İyirmi il əvvəl həyatını cəhənnəmə çevirdiyin o qız. Gözlərini aç, Cəfər! Mənə bax!

Qocanın kirpikləri titrədi. Çətinliklə gözlərini açdı. Dumanlı baxışları tavanda dolaşdı, sonra yavaşca Fəridənin simasında dayandı. O an qocanın gözlərində bir qorxu yox, qəribə bir rahatlıq yarandı.

– Gəldin... – qocanın səsi xırıltılı idi, sanki boğazında qum dənəcikləri vardı.

– Zərflər... səni bura gətirdi, eləmi?

– Niyə etdin bunu? – Fəridə bağırdı, göz yaşları artıq cilovlana bilmirdi.

– Niyə atamı öldürdün? Niyə məni bu 7 məktubluq oyuna məhkum etdin? O emalatxanadakı qadın kim idi? O mənə bənzəyən kölgə kimdir?

Cəfər titrəyən əlini qaldırıb Fəridəyə tərəf uzatmaq istədi, amma gücü çatmadı:

– Mən... mən heç kimi öldürmədim, bala. Atan... o səni qorumaq üçün məndən xahiş etdi. O gecə... silah mənim əlimdə idi, bəli. Amma tətik çəkilmədi. Atan ölməli idi ki, sən və anan yaşayasınız. O, bir oyun qurdu. Mən sadəcə o oyunda ‘günah keçisi’ rolunu oynadım.

– Yalan danışırsan! – Fəridə ayağa qalxdı. – Atam mənə bunu etməzdi! İyirmi il məni yetim qoymazdı!

– O sənin yanındadır, Fəridə... – Cəfər öskürdü, monitorun siqnalları sürətləndi. – Hər zaman yanında idi. O məktubları yazan, səni avtobusdan xilas edən... O, səni hazırlayır. Şəhərin qaranlıq tərəfi hələ də səni axtarır. İndi... sonuncu məktubu aç. O, səni bağ evinə çağırır. Orada hər şey bitəcək. Ya da hər şey başlayacaq...

Mənə hər şeyi de! Kim bizi axtarır? – Fəridə qocanın çiyinlərindən tutub silkələdi.

Amma Cəfər artıq eşitmirdi. Gözləri tavandakı bir nöqtəyə zilləndi və monitorun o qorxulu, uzun səsini eşitdi: “Piiiiiiii... ”

Tibb personalı palataya doluşanda Fəridəni kənara itələdilər. O, dəhlizə çıxdı, əlləri qan deyil, amma qəribə bir keçmişin tozu ilə örtülmüşdü. Cibindəki 6-cı mesajı çıxartdı. Telefonun ekranı qaranlıqda parıldadı:

“O sənə həqiqəti dedi. İndi hər şeyi bitirmək üçün cəsarətin varmı? Bağ evinə gəl. İyirmi illik nizamın son saniyələri başlayır”.

Fəridə xəstəxanadan qaçaraq çıxdı. Yağış artıq leysana çevrilmişdi.  Maşınına əyləşdi və sürətlə uşaqlığının keçdiyi o köhnə bağ evinə tərəf sürdü. İçində həm dəhşətli bir qorxu, həm də illərdir tapmadığı gizli bir ümid vardı.

Bağ evinə gedən yol, sanki Fəridənin bütün həyatının bir xülasəsi idi: qaranlıq, dumanlı və hər döngəsi naməlumluqlarla dolu. Maşının fənərləri yolun kənarındakı çılpaq ağacları elə aydınladırdı ki, sanki onlar keçmişdən gələn və ona yol göstərən ruhlar idi. Yağış artıq kəsilmişdi, amma yerin nəmi və dənizin duzlu iyi Bakının bu kənar qəsəbəsində daha kəskin hiss olunurdu.

Darvazanın önündə dayananda Fəridənin əlləri sükandan ayrılmaq istəmirdi. Bu qapıdan içəri girmək, uşaqlığının ən böyük yarasını qanatmaq demək idi. Paslı metalın çıxardığı o acı səs gecənin sükutunu bıçaq kimi kəsdi. Addım-addım bağçaya girdi. Ayağının altında xışıldayan yarpaqlar ona “Geri dön!” deyirdi, amma ürəyi artıq başqa bir ritmlə döyünürdü.

Evin içinə girdi. Hər yer toz içində idi, mebellərin üstünə çəkilmiş ağ örtüklər qaranlıqda hərəkətsiz qalmış kabuslara bənzəyirdi. Birdən gözü mətbəx stoluna sataşdı. Orada, tozun və kimsəsizliyin ortasında tək bir şam yanırdı. Şamın titrəyən işığı divarlarda Fəridənin uşaqlıq kölgələrini – atasının çiynində gəzdiyi, birlikdə dondurma yediyi o xoşbəxt anları canlandırırdı.

Şamın yanında yeddinci, yəni sonuncu məktub dururdu. Zərf artıq ağ deyil, bir az saralmışdı. Fəridənin barmaqları kağıza toxunanda bədənindən bir titrəmə keçdi. Zərfi açanda içindən atasına aid olan o köhnə mühəndis qələmi və bir kağız düşdü.

Fəridə, mənim cəsur qızım... Sən yeddi ağır imtahanı keçdin. Sən nizamın saxta hüzurunu deyil, həqiqətin ağrılı azadlığını seçdin. Sən qorxularının gözlərinə baxdın və “qatil” dediyin adamın ruhundakı təmizliyi gördün. İndi sən artıq o köməksiz, hər addımını nizamla atan balaca qız deyilsən. İndi sən mənim qızımsan. İndi arxana dön, Fəridə. Mən heç vaxt səni tərk etməmişdim. Mən həmişə sənin kölgəndə idim, hər nəfəsində idim”.

Fəridə məktubu oxuyub bitirəndə hıçqırığı boğazında düyünləndi. Göz yaşları kağızın üzərinə düşərək mürəkkəbi bulandırırdı. – “Bu mümkün deyil...” – deyə pıçıldadı. – “Sən ölmüsən... mən sənin üçün iyirmi il ağlamışam!”

Yavaşca, hərəkət etsə bu xəyalın dağılacağından qorxurmuş kimi arxasına döndü. Pilləkənlərin başında, kölgələrin tam mərkəzində bir adam dayanmışdı. Saçı-saqqalı tamamilə ağarmış, üzündə iyirmi ilin yorğunluğu və peşmanlığı dərin xəndəklər açmışdı. Amma gözləri... o gözlər hələ də Binəqədidəki o köhnə şəkildəki kimi, Fəridəyə heyranlıqla baxan mühəndis atasının gözləri idi.

– Ata?!. –  Fəridənin səsi fəryada bənzər bir pıçıltı ilə çıxdı.

– Mən gəldim, Fəridə. Mən həmişə burada idim, – atası pilləkənləri yavaş-yavaş düşməyə başladı. Səsi iyirmi ilin sükutunu daşıyırdı.

Fəridə yerində donmuşdu. İyirmi ilin nifrəti, sualları və daxili boşluğu bir anda vulkan kimi partladı. – Yaxınlaşma! – deyə bağırdı. – Niyə etdin bunu? İyirmi il! İyirmi il mən hər gecə sənin necə öldürüldüyünü xəyal etdim! Anam sənin adını pıçıldayaraq öldü! Sən necə belə zalım ola bildin? Niyə məni bu 7 məktubluq cəhənnəmə saldın?

Atası dayandı. Göz yaşları saqqalına süzüldü.

– Çünki səni yaşatmalı idim, Fəridə. O gecə mən ölməsəydim, səni məhv edəcəkdilər. Mənim tapdığım o layihə, o sirr... Sənin həyatından daha qiymətli deyildi. Cəfər məni gizlətdi. Mən səni hər gün izlədim. Məktəbə gedəndə, ilk dəfə işə düzələndə, o nizamlı həyatına qapılanda... Mən həmişə arxandakı o naməlum kölgə idim. Amma avtobus qəzası... onlar səni tapmışdılar. Mən məcbur idim. Səni sınağa çəkdim ki, artıq özünü qoruya biləsən. Çünki mənim vaxtım bitir, Fəridə.

Fəridənin dizləri büküldü. O, hıçqıraraq yerə çökdü. Atası yaxınlaşdı və diz çökərək onu bağrına basdı. Həminki tanış qoxu – tütün, mühərrik yağı və ata istiliyi... Bu qoxu Fəridənin ruhundakı bütün yaraları eyni anda bağladı.

– Bağışla məni, ata... Səndən nifrət etməyə çalışdım, amma bacarmadım, – Fəridə onun köynəyindən elə bərk yapışmışdı ki, sanki buraxsa, yenə iyirmi illik qaranlığa düşəcəkdi.

– Artıq qorxma, qızım, – atası onun saçlarını sığalladı. – Nizam bitti. İndi həqiqət zamanıdır. Biz birlikdəyik və bu dəfə heç bir məktub, heç bir sirr bizi ayıra bilməyəcək.

Fəridə başını atasının çiynindən qaldırdı. Pəncərənin arxasından Bakının üfüqü artıq ağarmağa başlayırdı. Gecənin qaranlığı çəkilir, günəşin ilk şüaları tozlu mebellərin arasından süzülürdü. O, ayağa durdu və pəncərəni geniş açdı. Səhər küləyi otağa doldu, şamı söndürdü. Amma artıq şam işığına ehtiyac yox idi. Fəridənin daxilindəki qaranlıq bitmişdi. O, atasının əlindən tutdu və iyirmi il əvvəl yarımçıq qalmış o uşaqlıq gülüşü ilə günəşə tərəf baxdı.

Həyat artıq qorxulu bir oyun deyil, birlikdə yazılacaq yeni və təmiz bir kitab idi.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.