Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, yenə "Bir şair, bir şeir" rubrikası ilə görüşünüzə gəlmişik.
Şair qonağımız yayın isti günləri olsa da, "Payız gülü"- söylədi.
Beləliklə, Sizə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurası başqanı, Beynəlxalq "Alaş" mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının " Payız gülü" şeirini təqdim edirik.
ƏKBƏR QOŞALI,
“PAYIZ GÜLÜ”
Payız gülü…
Yazı görməz payız gülü.
Yoxsa yazda gülməyənlər
Dalıb qalıb payız gülür?..
Payız gülü
Qarşısında qışı görür…
Amma gəl gör qar çiçəyi
Yaz umudu ilə ölür…
Payız gülü
Yazan belə tale yazmış;
Yazdan, yaydan yarımayan
Çox nisgilli ömür varmış…
Payız gülü…
Gül sevinci yalın olur…
Deyirlər gec açan gülün
Qoxusu da zalım olur…
Payız gülü…
Umudların son gülüşü,
Bilirsə də qış gələcək,
Açılmaqdı gülün işi…
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)


