Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
"Ruhun pıçıltısı" adlı yeni rubrikamızda bu dəfə də sözlərin sehri Sizi ovsunlayacaq. Poeziya ruhun dürst dilidir. QonağımızAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, bir çox sevilən musiqilərin söz müəllifi Rəsmiyyə Sabirin ruhunu gəlin birgə dinləyək.
KÜSMÜŞƏM
Ölərdim, amma daha
Ölümdən də küsmüşəm...
Ramiz Rövşən
Yordu bu yollar məni,
İzimdən də küsmüşəm.
Hər dərdə sinə gərən,
Dözümdən də küsmüşəm.
Ömür yolum duman, çən,
Həsrət saçımda dən-dən,
Mənə sirdaş şeirdən,
Sözümdən də küsmüşəm.
Ömrümün gülşən çağı,
Çəkdi sinəmə dağı,
Korun yanan ocağın,
Közündən də küsmüşəm.
Yaşadığım hər bir an,
Canımdan ayrıldı can,
Dünyayla barışmayan,
Özümdən də küsmüşəm.
SƏN YOXSAN
Sən yoxsan.
Bayırda
bahar fəslidir.
Amma bənövşələrin
boynu bükükdür
hələ də...
Sən yoxsan.
Bayırda
yay fəslidir.
Günəş həsrətindən
alışıb yanır.
Sən yoxsan.
Bayırda
Payız fəslidir.
Sarı yarpaqlar
təbiətin
qırmızı xəyanəti üzündən
intihar edir.
Sən yoxsan.
Bayırda
qış fəslidr.
Küçələrin buzunu
ayrılığın alovu
yandırıb yaxır...
Sən yoxsan.
Bütün fəsillərdə,
bütün aylarda,
bütün günlərdə
içimdə
sənsizlik havası var...
MƏNİ UNUDA BİLMƏZSƏN
Taleyində iz qoymuşam,
Məni unuda bilməzsən.
Fələklə mərcə durmuşam,
Məni unuda bilməzsən.
Yağış tək gözünə dollam,
Külək tək saçını yollam,
Küsdürsəm, könlünü allam,
Məni unuda bilməzsən.
Hərdən yuxuna gələrəm,
Göz yaşlarını silərəm,
Ölsəm, eşqimdən ölərəm,
Məni unuda bilməzsən.
Onsuz da ki, dərbədərəm,
Səni də Məcnun edərəm,
Sonra da səssiz gedərəm,
Məni unuda bilməzsən.
Məni unuda bilməzsən.
SÜKUTUN ŞƏHİDLƏRİ
İntihar edən qazilərə ithaf olunur.
Dünən bir qazi də
intihar etdi.
Bıçağı ürəyinin düz ortasına
sancmışdı ki,
xilası olmasın.
Müharibədə snaypermiş.
Düşmənin alnına ölüm yazan əlləri
heç titrəməmişdi.
Rəva bilməmişdi özünə
bu köhnə dünyada
yeni dərdlərlə qocalmağı...
Dünən bir qazi də
intihar etdi.
Köhnə evində
yeni kəndirlə
asmışdı özünü.
Yerdən çoxdan üzülmüşdü
səngərdə yorulub qalan ayaqları...
(Əlindən tutaydıq barı...)
Bu gün bir qazi də
intihar etdi.
Günün günorta çağı,
yayın qızmarında,
küçənin düz ortasında,
adamların içində
tənhalıqdan üşüyürdü.
Özünü yandırıb
od qoydu insanlara.
Dünən, bu gün, sabah...
Sükutun şəhidləri,
Siz intihar edən zaman
mən hürriyyətə şeir yazırdım.
Fələk adsız bir məzar qazırdı...
Siz intihar edən zaman
Azadlıq utanırdı.
Qışın oğlan çağında
Göylərin ürəyi yanırdı...
Siz intihar edən zaman
dünya qan gölündə boğulurdu.
Siz intihar edən zaman
gələcəyin qaziləri -
məsum körpələr doğulurdu.
Siz intihar edən zaman
bir quş yuva qururdu.
Balasını
göyün fəlakətindən
qoruyurdu.
Biz sizi
yerin fəlakətindən
qoruya bilmədik.
Sükutun şəhidləri,
bizi
qaragünlü anaların
ağ saçlarına bağışlayın.
Bizi
qanınızla suladığınız
torpağa bağışlayın.
Bizi
tabutunuza sarıdığımız
Üçrəngli bayrağa bağışlayın.
Bizi
üstündə yer tapmadığınız
Vətənə bağışlayın...
“Ədəbiyyat və incəsənət”
(03.09.2026)


