“Ədəbiyyatvə incəsənət” portalı ilə “Ulduz” jurnalınınBiriikisində layihəsində bugünsizlərə Mobil Aslanlı Huntürkün H.Zərdabi yaradıcılığı barəsində qeydləritəqdimediləcək.
Layihə əngözələdəbinümunələrintəbliğinə hesablanıb.
Mobil ASLANLI HUNTÜRK
H.B.ZƏRBADİ YARADICILIĞINDA
SAĞLAM YAŞAM TƏRZİ PROBLEMİ
XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri Azərbaycana əvəzsiz xidmətləri olan bir çox dünya şöhrətli tarixi şəxsiyyətlər bəxş etmişdir. Belə şəxsiyyətlər sırasında görkəmli materialist təbiətşünas, böyük darvinist alim, maarifçi-demokrat, publisist və pedaqoq H.Zərdabinin (Məlikovun) xüsusi yeri vardır. H.Zərdabinin zəngin irsini H.Hüseynov, M.Qasımov, Z.Göyüşov, C.Cəfərov, Ə.Mirəhmədov, M.Rəfili, A.Sumbatzadə, H.Fərzəlibəyli, A.Zamanov, S.Hüseynov, R.Mahmudov, M.Axundov, R.Məmmədov, İ.Rüstəmov və başqaları tədqiq etmişlər. Onun pedaqoji görüşlərini geniş tədqiq etmiş prof. Ə.Y.Seyidov fiziki tərbiyə haqqında fikirlərinə də müəyyən yer vermişdir.
H.Zərdabi “Əkinçi” qəzetinin hər bir nömrəsində, ayrı-ayrı məqalələrində, əsərlərində fiziki tərbiyənin gənc və yaşlı nəslin sağlamlığına müsbət təsiri barədə geniş yer vermişdir. O, “Əkinçi” qəzetinin 20 oktyabr 1875-ci il nömrəsində yazırdı ki, təmiz hava insan üçün zəruridir. Pis hava insanı fövtə verir. Elm çoxdan aşkar edib ki, insana düçar olan naxoşluqların çoxu havanın pis olmasındadır. Su bir yerdə qalanda xarab olur, iylənir və onun iyi havaya qarışaraq onu xarab edir. Naxoşluq haqqında nala çəkməkdənsə, sağlamlığın qayğısına qalmaq vacibdir. Sağlamlığı qorumaq haqqında “Əkinçi”nin hər nömrəsində qısa məsləhətlər verən H.Zərdabi, sonralar fiziki tərbiyə və sağlamlıq haqqında fikirlərini ümumiləşdirərək xalqına kömək etmək məqsədilə “Bədəni salamat saxlamaq düstürülməlidir” və “Gigiyena” adlı əsər yazmışdır. O, əsərin müqəddiməsində belə yazırdı: “Bədəni salamat saxlamaq elmi” (“Gigiyena”-M.A.) 20-30 il bundan əqdəm bina olubdur… Avropa əhli bədəni salamat saxlamaq şərtlərini xalqa məlum etməkdən ötrü kitabçalar yazıb, hər bir şərti vazeh sözləri ilə çap etdirib ki, hər kəs öz bədənini yaxşı saxlamağı öyrənib qeyriləri naxoşluğa salmasın. Belə kitabçanın birisini öz dilimizdə yazıb, çap etdirib paylatmağı lazım bildim”. Təəssüflə qeyd etməliyəm ki, həmin əsər H.Zərdabinin sağlığında deyil, ölümündən 7 il sonra, yəni 1914-cü ildə Kiyevdə bir qrup müsəlman tələbələrinin təşəbbüsü ilə nəşr edilmişdir. H.Zərdabi əsəri belə başlayır: “Hər bir kəs xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, ciyərə mal-dövlətdən nə olacaq?! Nə qədər ki insan cavandır, salamat bədənin qədrini bilməyib fikir edər ki, gecələr yuxusuz qalmaq, şərab keyfilə gününü keçirmək, artıq yemək, yavalıq etmək həmişə tənbehsiz qalacaq və ya bizim həkimlər hər bir üzvünün təzədən qayıracaqlar: amma bunu yaddan çıxarır ki, bədənin üzvlərinin birisi xarab olandan sonra yüz həkim gəlsə, min dua etsə, onu təzələmək mümkün deyil: sınıq qabı müşəmmələməklə təzələmək olmaz. Pas, cavanlıqda gərək bədən yaxşı saxlanılsın ki, qocalıqda odan nəfbərdar olmaq olsun. Ona binaən bu kitabçanı oxuyan qardaşlarımızdan iltimas edirik ki, hər bir mətləbi diqqətlə oxuyub ona əməl eləsinlər, … həkim və davaya ehtiyacları olması və əgər olsa da onların dərdinə əlac etmək mümkün olsun”.
“Gigiyena” əsərində alim insanın yaşadığı mənzilin gigiyenasından tutmuş, onun qidalanması, geyimi, işləməsi, istirahəti və s. kimi məsələlərin gigiyenasından söhbət açaraq onun hər bir fəslində olduqca ibrətamiz və bu gün qiymətli bir aforizm kimi qəbul olunan dəyərləri fikirlər söyləyir: “Dünyada bədənin salamətliyində artıq dövlət yoxdur”, “Havanın pak olması – həyat, xarab olması – ölümdür”, “Xörək yeməkdən mürad bədəni təmizləməkdir”, “Zəhmət bədən üçün lazımdır”, “Paltarı vaxtında dəyişdirməmək, ac qalmaqdan yamandır” və s.
H.Zərdabi sağlamlığın gözlənilməsinə təsir edən amillər sırasına ev, havanı, suyu, xörəyi, bədəni saxlamağı, paltarı, yuxu və yatacağı daxil edir və onların arasındakı qarşılışlı əlaqələri sistemlə, elmi əsaslarla, maraqlı həyati misallarla təhlil edir. O, sağlamlığın gözlənilməsinə yalnız bioloji, pedaqoji-tibbi problem kimi deyil, sosial problem kimi baxır. Onun fikrincə, sağlamlığın qorunması cəmiyyətin, ailənin, bəşəriyyətin qorunmasıdır, mühafizəsidir.
Sağlamlığın gözlənilməsində ev şəraitinin mühüm amil olduğunu qeyd edən Zərdabiyə görə, ev pis olanda insan naxoş olur. Bu məsələdə o kəndlə şəhəri bir-birindən ayırır, fəhlələrin yaşadığı evləri “ölüxana”adlandırır. Yaxşı ev deyərkən o, evin geniş, işıqlı olmasını, hündür yerdə tikilməsini, qapı və pəncərələrinin qibləyə tərəf olmasını nəzərdə tuturdu. Zərdabiyə görə, üzü şimala və gün doğana tərəf olan evlərdə naxoşluq olar. O, məşhur alman məsəlini yada salır: “Hansı evə işıq gəlmirsə, oraya gərək təbib gəlsin”.
H.Zərdabi evin havasının tez-tez dəyişməsini zəruri sayır və deyirdi ki, havası dəyişdirilməyən evdə orqanizm gündən-günə zəifləyir, tədricən gücünü itirir, nəticədə asanlıqla xəstəliyə düçar ola bilir: “Havasız zindəganlıq və nöşvünəmə yoxdur. İnsan dünyaya gələndə ağzını açıb, bağırıb nəfəsini alan zamandan axırıncı “ah” çəkib canı çıxınca hava ona nəfəs almaq üçün lazımdır. Hava gərək pak olsun: onun pak olması – həyat, xarab olması – ölümdür”. Xarab olmuş hava ilə nəfəs almaq qeyri tövr zəhərlənməkdən pisdir. Ev işıqlı olmalıdır. Evin işıqlı olması orada işləməyi asanlaşdırmaqla yanaşı, havanı da təmiz etməyə şərait yaradır. Zərdabi günəş işığından sonra (təbii işıqdan) elektrik işığına üstünlük verir. Çünki onu işığı çoxdur, gün işığı kimidir, havanı xarab etməyir. Lakin, təəssüf ki, bundan ən çox dövlətlilər istifadə edirlər. Əlbəttə, 20-30 ildən sonra elektrik artacaq və ondan kasıblar da istifadə edəcəklər. Onda onların da həyatı yüngül olacaqdır.
Məşhur alim sağlamlığın qorunmasında yaşıllığın olmasını, yaşıllıqları çox olan yerlərə gəzintilərə çıxmağı, səyahətlərə getməyi zəruri sayaraq qeyd edirdi ki, hər kəs belə səyahətlərə çox getsə, onun bədəni artıq salamat olur. Belə səyahətlər və gəzintilər adamları “bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilguşə olmağı” ilə tanış edir. “… meşə yağan yerə yağış ziyadə yağmaqdan danışdıq. Əlbəttə, yağış artıq yağdıqca o yerin abü-havası təğyir tapıb, insanın bədəninə artıq nəf” edir. Pəs yağışın ziyadə yağmasının həm əkin və ziraətə, həm insanın bədəninə nəfi varmış. Ona binaən hər yerdə meşə salmaq vacib imiş”.
H.B.Zərdabi vətənimiz Azərbaycanı, onun şəhər və kəndlərini, o cümlədən “küləklər və qumlar şəhəri” Bakını başdan-başa meşələrlə, bağlarla, yaşıllıqlarla örtülmüş bir gülüstana çevirməyi, bərəkətli torpağını daha da münbitləşdirməyi, yollarını abadlaşdırmağı, şəhər və kəndlərini sağlamlıq ocaqlarına çevirməyi qızğın arzu etmiş və on illər ərzində bu uğurda əməli mübarizə aparmışdır”.
Dövrünün həm də çox dəyərli fizioloqlarından olan H.Zərdabi fiziki tərbiyədə, sağlamlığın qorunmasında suyun, xörəklərin təmizliyi və keyfiyyətinin, tərkibinin qidalılığının adamın yaşından, fiziki və zehni əmək sahəsində işləmələrindən asılı yeməyin normasına verilən tələbin, insanın yaşadığı yerin, onun ab-havasının əməyə olan təsirlərinin rolunu, orqanizm üçün yağın, piyin, zülalın, nişastanın, vitaminlərin, duzun və s. əhəmiyyətini elmi və pedaqoji baxımdan düzgün şərh etmişdir. “Xörək” bəhsində alim göstərir ki, “xörək yeməkdən murad bədəni təmizləməkdir”.
Əsərin bu bəhsində alim yazır ki, doğrudur, su xörək deyil… amma xörək həzm almaqdan… əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. Müəllif sonra suyun tərkibi, müxtəlifliyi barədə məlumat verir. H.Zərdabi sağlamlığın qorunmasında dişlərin rolunu xüsusi qeyd edir: “Dişsizin xörəyi həzm olmaz, hər kəs cavanlıqda dişinin qədrini bilməsə, qocalıqda ondan kef görməz. Dişi hər xörək yeyəndən sonra təmizləyib yumaq gərək, sabun ilə yumaq dəxi əfzəldir”.
Bir çox xörəyin, ən çox göyərtinin mədədə çətin həzm edildiyini nəzərə alaraq H.Zərdabi belə növ yeməkləri möhkəm bişirməyi, onu qəbul etdikdə çox çeynəməyi məsləhət görür. O, fiziki əməklə məşğul olan adamların yeməyi artırmağı, daha keyfiyyətli olmasını lazım bilirdi. Onun fikrincə, əməklə məşğul olanlara azotlu xörək çox, zehni əməklə məşğul olanlara isə az verilməlidir. Zərdabi yemək rejiminə xüsusi əhəmiyyət verirdi. O, yaş xüsusiyyələrinə uyğun olaraq xörəyin özünməxsus əlamətlərini ayrıca qeyd edir, uşaqlar, qocalar üçün ayrıca xörəyin hazırlanmasını zəruri hesab edirdi.
H.Zərdabi uşaq yeməyinin onun yaşına uyğun olmasını, bu işdə ana südünün əhəmiyyətini düzgün izah etmişdir. O, klassik pedaqoqların fikirləri ilə həmahəng olan bir məsələni – uşağın bir il ana südü ilə qidalanmasını, anasının südü olmasa, qeyri süd içməsini, qeyri-məqbul hesab edirdi.
Zərdabi məktəblərimizdə birtərəfli (əqli) tərbiyənin zərərlərindən, uşaqların onurğasının əyilməsindən, ürəklərinin, ciyərlərinin əzələlərinin vaxtında tərbiyə edilməməsi nəticəsində zəifləməsindən, gözlərinin qüvvədən düşməsindən söhbət açır. Zərdabi məktəblərdə xüsusi həkim olmasını və onun öhdəsinə uşaqların fiziki inkişafına nəzarət etməyi, pedaqoji şurada müəllimlərlə bərabər hüquqa malik olmaları haqqında məsləhətlər verir. Bunları nəzərə almaqla Zərdabi məktəblərdə yaşla əlaqədar olaraq hər dərsin müddəti və gündə neçə dərs qoyulması haqqında reforma tələb edir.
Məşhur pedaqoq “Amerikada zehni inkişaf ilə əl əməyini birləşdirən yeni məktəb sistemi” başlığı altında yazdığı məqalədə pedaqoq L.E.Obolenskinin zehni inkişafla əl əməyinin birləşməsi barədə etdiyi məruzənin məzmunu ilə oxucularını tanış edir. Məruzəçi öz uşaqlarını məktəbdə birtərəfli inkişafından təşvişə düşən valideynlərin velosiped almaq, müxtəlif idman növlərilə məşğul etdirmək təşəbbüslərinin mənfi cəhətlərinə nəzəri-diqqətini cəlb edir. Uşaqlar həddən artıq idman və fiziki işlə məşğul olub zehni əməyə fikir vermirlər. Məruzəçi Amerika alimi Hendersonun təkliflərinin bir sıra müsbət cəhətlərində qeyd edir.
Zərdabi Obolenskinin məruzəsini əsas hissələrindən danışdıqdan sonra ona yekun vurur: “Məruzəçinin çıxardığı nəticələr bunlardan ibarətdir: 1) Şagirdlərin ancaq əqlini tərbiyə və inkişaf etdirən məktəb, bütöv adam hazırlaşır, onu eybəcərləşdirir; 2) Bizdə tətbiq edilən və ancaq kitabları və çertyojları öyrədən təlim sistemi şagirdlərə təbiət haqqında həqiqi bilik verə bilməz; 3) Mücərrəd kitab bilikləri, iradə, müstəqillik, yaradıcılıq, ümumiyyətlə, insanda iş qabiliyyətini inkişaf etdirə bilməz; 5) Buna görə də başqa fənlərlə bir sırada əl əməyinə ibtidai məktəblərdən başlayıb ali məktəblərə qədər davam etdirməlidir; 6) Əl əməyi tədrisi ilə elmlərin tədrisi elə paralel getməlidir ki, biri digərini tamamlasın; 7) Tədris əqli, fiziki iradəni, xarakteri, müstəqilliyi elə inkişaf etdirməlidir ki, insanı cəmiyyətə faydalı olan müxtəlif fəaliyyət qabiliyyətinə hazırlaya bilsin; 8) Bu nöqteyi-nəzərdən bizim ibtidai və orta təhsili yenidən qurmaq arzu edilir”.
H.Zərdabi bədəni saxlamaq üçün zəruri olan gigiyenik qaydaları da geniş şərh etmişdir. Onun fikrincə, insan üçü piyadə gəzmək vacibdir. Zəmanəmiz qəm-qüssə zəmanəsi olduğuna görə beyin xəstəliyi şiddət edib və bunun da ümdə səbəbi gəzməyin az olmasıdır. Şəhərlər atdıqca adamlar yaşamaq üçün oralara toplaşır, yeməyi, yuxunu, istirahəti özlərinə haram bilib öz bədəninin fikrinə düşən yoxdur. Gəzmək, seyr etmək, öz bədəninin qayğısına qalmaq heç kəsin yadına düşmür. Əlbəttə, belə olanda insanın zəhmətdən ötrü yaranmış bədəni günü-gündən gücdən düşür və limon kimi saralıb sifətindən dönür, kimini piy basıb insanlıqdan çıxarır. Bunlar görülən xəstəliklərdir, amma nə qədər qeyriləri var kimi muradına yetişə bilməyib onun fikrindən yuxuya həsrətdir, kiminin xörək boğazından ötmür, sarılıqdan qurtarmır. Bu xəstəlikləri hamısının əlacı gəzməkdir. Bədən zəhmət çəkəndə onun hər bir zərrəsi yandığına (işlədiyinə) görə piyi əriyir, iştaha açılır və yediyi xörək həzm olur. Zəhmət, əmək bədən üçün lazımdır. Zərdabi əməklə yanaşı, sağlamlıq və fiziki tərbiyə üçün suda üzməyi (özü də dənizdə), at minməyi və at çapmağı, xüsusilə uşaqlar üçün gimnastikanın, bədənin hərəkətlərinin, idmanın ağırlıq qaldırma növü ilə müntəzəm məşğul olmağı zəruri hesab edirdi.
Xalqımızın böyük vətənpərvər oğlu əsl üləma bir təbib kimi dərini təmiz saxlamağı vacib sayır və deyirdi ki, bunun üçün hər gün çimmək lazımdır. İsti vaxtlarda soyuq suda çimmək silahdır, çünki bədən isti-soyuğa adət edir. Uşağı hər gün çimizdirmək lazımdır. Dəniz suyu ilə çimmək bədəni bərkidir, iştahanı açır, yorğunluğu alır, bir sözlə, bədəni salamat edir.
H.B.Zərdabi əsərin “Bədəni saxlamaq” adlı bölməsində orqanizmin normal inkişafı, onun funksional imkanlarının yüksəldilməsində bədən mütəhərrikliyini sağlamlıq üçün vacib meyar hesab edir. Onun fikrincə, bədənin süstlüyü, hərəkətsizlik insanı məhvə yuvarlayan, ölümə məhkum edən başlıca səbəblərdəndir. Odur ki, bacardıqca çox gəzmək, ən yaxşı fəal istirahətdir.
Ədibin fikrincə, yorğun, süst bədən fikrə getməz, yuxuya gedər. Zəhmətlə, fiziki əməklə, fiziki təmrinlərlə məşğul olduqda bədənin piyi əriyir, qan dövranı fəallaşır, yediyi xörəklər yaxşı həzm olunur, iştahı açılır və gümrah olur.
H.B.Zərdabi fiziki tərbiyə məşğələlərinin ən geniş yayılmış növlərindən olan piyada gəzinti, atla gəzinti, suda üzmək və s. kimi fəal hərəkətlərə xüsusi diqqət yetirirdi: “Suda üzmək gəzməkdən də yaxşıdır: belədə bədənin hər bir üzvü yaxşı tərpənib hərəkət edər və bədən də yuyulub təmiz olar. At minmək və ayaqla gəzmək kimidir”.
Böyük təbiətşünas alim fiziki hərəkətlərin vacibliyinə elə böyük əhəmiyyət verərək tövsiyə edirdi ki, hətta oturaq sənədlə məşğul olan dərzi, papaqçı öz məktəb uşaqlarını mütləq zorxanada məşğul olmağa məcbur etsinlər. Bu bir faktdır ki, əsrin əvvəllərində Azərbaycanda zorxanalar geniş intişar etmişdir. Xalqımızın qədim milli məişətinin vacib elementlərindən olan zorxana oyunları ədibin fikrincə, xalqın sağlamlığı üçün mənəvi xəzinələrdəndir. H.B.Zərdabi göstərirdi ki, gündə 1-2 saat atılıb-düşmək adamın əmək qabiliyyətini artırır və o, iş günündən əlavə bir neçə saatı da gümrahlıqla işləyə bilər.
Pedaqoji görüşlərində fiziki tərbiyə və sağlamlıq məsələlərinə xüsusi yer ayıran H.B.Zərdabi uşaq və gənclərin ahəngdar və hərtərəfli inkişafında zorxana oyunlarının, gimnastika alətlərində tapşırıqların, topla oyunların, mütəhərrik oyunların, üzgüçülük və s. kimi bədən tərbiyəsi və idman məşğələlərinin aparılmasının zəruriliyini qeyd edir. Böyük təbiətşünas alimimiz bu işdə sağlam həyat tərzinə diqqət yetirilməsini daha vacib sayır. Onun fikrincə, güclü, çevik və möhkəm bədənli sağlam nəsil yetişdirmək işində təhsil ocaqlarında fiziki məşğələlərin müntəzəm aparılması ilə bərabər, ailə və məktəbin birgə əməli fəaliyyəti sayəsində onların zərərli adətlərə meylinin qarşısının qətiyyətlə alınmasına ciddi səy göstərməlidir. Belə ki, o, bu qəbildən olan spirtli içkilərin qəti əleyhinə olmuş, onun insan orqanizminə mənfi təsirini həyati fakt və misallarla şərh etmişdir. O, papiros çəkməyin, nikotin qəbul etməyin, tiryəkin, tünd çay, qəhvə içməyin və bədənin sağlamlığına zərərindən geniş söz açmışdır. Onun fikrincə, tiryək birbəhərdir ki, onun darı boyda olan qədəri adamı öldürür. Tiryək atanın əlləri titrəyir, başı əsir ayaqları yerdə durmur, mədəsi həzm etmir, kişilikdən düşür. O qeyd edir ki, spirtli içkilər dünyada o qədər içilir ki, əgər tək Avropa camaatının bir il içdiyi içkiləri yığıb bir yerə buraxsan, şəksiz, bir dərya əmələ gəlir: “…Tiryək, şərab və bir neçə qeyri şeylər beynə dəyməklik ilə onu tələb edib insanı fövt edirlər… Tiryək atan, bəng yeyən və şərab içən kəslər özlərinə keyf gətirməkdən ötrü gərək günü-gündən onları artıq etsinlər ki, onlardan əvvəlki kimi keyf gəlsin və belə mirur ilə beynə güc etmək, onu gücdən salıb zəifləndirir. Bu səbəblərə o kəski sifəti saralıb, mədəsi gücdən düşüb, əli-ayağı və başı titrəyib, xülasə tamam bədəni mirur ilə zəifləyib tələb olur”.
H.Zərdabi özünün dediyi kimi, həmişə insanı əxlaqca eybəcərləşdirən və bədəncə düşkün hala salan bu ictimai bəlaya qarşı mübarizə aparmağı məqsədəuyğun hesab etmişdir. Bu cəhətdən onun “Kaspi” qəzetinin 1900-cü il 11 yanvar tarixli 7-ci nömrəsində dərc edilmiş “Sərxoşluğa qarşı peyvənd” adlı məqaləsi xüsusilə təqdirəlayiqdir. Bu məqalədə o, sərxoşluğa qarşı çıxış edən Ru, Bryuk, Borel, Sapeliya, Fredi, Tibo və başqa alimlərin əsərlərinin və təcrübələrini geniş təhlil edərək, çoxlu faktik materiallar əsasında sərxoşluğun fiziki və mənəvi zərərinin qorxunc mənzərəsini vermişdir.
Məşhur alim həmin dərin məzmunlu məqaləsində yazırdı ki, “Alkoqolizm bizim əsəbi əsrin yaratdığı vahiməli xəstəliklərdən biridir. Bu xəstəlik ona görə də ən müdhiş xəstəlikdir ki, ona düçar olmuş adamlar həm fiziki, həm də mənəvi cəhətdən şikəst olurlar və nəhayət, ömürlərini şərəfsiz ölümlə başa vururlar. Adi spirtli içkilərin içilməsində başlanan bu xəstəlik, əvvəlcə şərabı vərdiş və tələbata çevirir, sonra sərxoşluğa gətirib çıxarır və daha sonra sərxoşluq, xronoloji alkoloqizmə keçərək ölümlə nəticələnir”. Buna görə də Zərdabi “Hər hansı normada” olursa-olsun spirtli içkilərin içilməsinin əleyhinə çıxmışdır. Onun fikrincə, zəhər istər az olsun, istərsə də çox olsun, yenə zəhərdir. Şərab da zəhər kimi bir şeydir.
Həsən bəy sərxoşluğun insan əxlaqına mənfi təsirindən geniş bəhs edərək göstərmişdir ki, şərab insanı əxlaqca eybəcər hala salır. Sərxoş adam getdikcə utanmaq hissindən və vicdandan mərhum olur, namus və mərifət qaydalarını unudur. Belə adamlar, adətən, içdikləri zaman və habelə adi vaxtlarda özlərindən tez çıxarlar və həddindən çox qəzəblənirlər. Hirsli olduqları zaman onlar vəhşi hala düşürlər. Zərdabi hirslənməyi də, müvazinəti tez-tez itirməyi də ən mənfi əxlaq sifətlərindən hesab edir və öz görüşlərində onlara etik təmkinli olmağı, iradə möhkəmliyini tələb edirdi.
Zərbadiyə görə, ömrünü sərxoşluqla keçirən adamlar öz xeyirxah əməllərində, bir qayda olaraq, zəif iradəli olurlar. Çünki sərxoşluq insan psixologiyasına dağıdıcı təsir göstərir. Müntəzəm surətdə spirtli içkilər içmək nəticəsində insanın yaddaşı zəifləyir və bütün qabiliyyəti kütləşir.
Ümumiyyətlə, Zərdabi sərxoşluğu “insanın əsəb sisteminin taunu” hesab etmişdir. O, sərxoşluğun insan səhhətinə təsiri haqqında o zaman elmin əldə etdiyi bütün nailiyyətləri yekunlaşdırmış və sərxoşluğun təsiri nəticəsində insanda baş verən xəstəliklər haqqında müfəssəl məlumat vermişdir. Və həmin məqalənin axırında Zərdabi M.F.Axundovla eyni nəticəyə gələrək yazırdı ki, sərxoşluğa – alkoqolizmə qarşı tibb elmi vasitəsilə mübarizə apaldığı kimi, ictimai təsir vasitələri ilə də mübarizə aparılmalıdır.
H.B.Zərdabi alkoqolu həddən ziyadə çox qəbul edən şəxslərin həyatının acınacaqlı taleyi barədə çox söhbət açır. Belə adamların alkoqol təsirindən gələcək övladlarının fiziki, əqli cəhətdən – lal, kar, kor, cılız, qozbel, axsaq və s. kimi şikəst səfahətli kəslərin törəməsinin səbəblərini böyük ürək ağrısı ilə açıqlayır. Alim bu kimi bədbəxt xəstəliklərin köklərini, səbəbini şikəst törəyən uşaqların valideynlərinin gen qohumluğunda da görür.
Bundan əlavə, H.B.Zərdabi spirtli içkilərə aludə olan kəslərin övladlarının gələcək taleyini onların yalnız fiziki və əqli şikəstliyində axtarmır. O həm də belə uşaqların əxlaqca qüsurlu, naqis bir ünsür kimi yaranışına acıyır. Böyük təbabətçi alim, mahir pedaqoq bu barədə yazır: “… Şərab içib məst olanların övladlarından səfalətlisi çox olur. Məsələn: bəzi karxanalarda fəhlələr gecə-gündüz orada qalıb ancaq bazar günləri evə gedirlər, o zamant şərab içib məst olan vaxtda öz övrətlərini görürlər. Onların övladlarından səfalətli çox olur. Pəs şərabı içmək, nə ki, bədənə zərər edir, hətta məst olan kəs övrətə yavuq getsə, onun övladını da səfalətli edər”.
H.Zərdabi fiziki əməyi, fiziki işi insanın sağlamlıq əmsalı, onun cövhəri hesab edirdi. Onun fikrincə, yaxşı işləmək üçün yaxşı da oturmaq, uzanmaq, yuxulamaq lazımdır ki, yaxşı da istirahət edəsən. Hətta ağır fiziki əməyin, zəhmətin müqabilində fəal istirahət bədənin itirilən gücünün bərpasında səbəb olur. Bu barədə yazırdı: “İşləmək fasiləsi bədəni salamatlığı ilədir; bədən artıq salamaq olduqca artıq da işləmək gərək”. İşləmək pul qazanmaq üçün deyil, bədənin salamatlığı üçün lazımdır: işləyən adamın iştahası artıq olur, xörəyi çox yeyir və yaxşı həzm edir və bir də hər bir üzv artıq işlədikcə artar, yəni iri olar, məsələn: dəmirçinin sağ qolu soldan iridir. Çünki çəkici sağ əlilə çalır”.
Göründüyü kimi, H.Zərdabi fiziki əməyin maddi maraq tərəfini qətiyyən nəzərə almadan, onun insan sağlamlığı və uzunömürlülüyündə, daxili orqanlarının normal tənzimlənməsində əsas arqument hesab edir.
Fiziki tərbiyəni, fiziki əməyi, fiziki işi, gərəkli zəhməti insan sağlamlığının cövhəri sanan H.Zərdabi öz yetişdirmələrinin ailə tərbiyəsində də buna xüsusi diqqət yetirirdi. Böyük maarifçi alimin yeganə övladı olan Qərib Sultan Məlikova qeyd edir ki, atam vaxtın çox böyük bir hissəsini bağda işləməyə ayırırdı…
Həsən bəyin tənbəlləri görməyə gözü yox idi. Boş-boşuna avaralanan adamları gördükdə təəccüblənərdi. Ona görə də o, biz uşaqları əməyə alışdırar və deyərdi ki, tənbəl ətrafındakı çoxlu işləri ya görmür, ya da görməməzliyə vurur.
Fiziki təmrinləri, fiziki çalışma və mümarisələri sağlamlıq, gümrahlıq mənbəyi hesab edən, habelə fiziki tərbiyənin bəzi növlərinə həvəslə meyil göstərən H.Zərdabi, məsələn, piyadə və atla gəzintiyə, ovçuluğa, balıq ovuna və sair xüsusi diqqət yetirərdi.
Həyatda təbiət etibarı ilə mərd, cəsur, dözümlü və inadkar olan H.Zərdabi insana fərəh, şadlıq və xoşbəxtlik bəxş edən sağlamlıq probleminə, habelə onun hərtərəfli və ahəngdar bir şəxsiyyət kimi təşəkkülündə fiziki və əqli qabiliyyətin təmin edilməsinə ciddi bir məsələ kimi baxırdı. O, əsərin sonunda sanki bir sağlamlıq haqqında monoloq kimi səslənən müdrikcəsinə söylədiyi ibrətamiz sözlərə “Salamat bədən Allahın böyük nemətidir ki, hamıya verilib” deyən böyük təbiətşünas alim zəmanəsinin bütün məxluqlarına dinc, firəvan və xoşbəxt yaşamağın yeganə səbəbini onun sağlamlığında axtarırdı.
Böyük pedaqoqun həyat və yaradıcılığını araşdırarkən onun şəxsi həyatında stolüstü oyunlardan olan bilyard oyununun yaxşı oyunçularından biri kimi görürük. “Əkinçi” qəzetinin və Zərdabinin özünü çap senzurası nəzarətə alanda, ədib hər gün bikarçılıqdan gecələr klubda 1-2 saat bilyard oynayarmış. Onun oyundaşlarından biri də ədibə ciddi nəzarət edən jandarm polkovniki imiş. Hər dəfə polkovnik onu bir neçə dəfə sual-cavab edirmiş ki, filan günü axşam filankəslərin yanında filan sözünü demisən. Ədib isə cavab verərmiş ki, mən həmin axşamda, həmin saatda mənimlə bilyard oynayan məgər sən deyildinmi?
Zərdabinin fikrincə, soyuq suda çimməkdə məqsəd bədəni təmiz saxlamaqdan başqa onu tərlətmək və soyuğa öyrətməkdir ki, bədən soyuq dəyməkdən mühafizə edilsin. O, əlləri hər gün sabunla yumağı, gözlərin qədrini bilməyi, qulaqları, burnu, dişləri, ağız boşluğu, əl və dırnaqları təmiz saxlamağın vacibliyindən bəhs edərək deyirdi ki, insan hər şeyi əli ilə götürür, ona görə də əlləri hər gün bir neə dəfə sabunla yumaq gərək, amma su çox soyuq olmasın… Dırnaq uzananda onun altında çirk cəm olur. Belə çirkin içində zərrəbin ilə 78 cür bakteri və mikrob tapıblar ki, onların hər birisindən insan bəzi naxoşluğa düşə bilər: ona binaən dırnağı tez-tez kəsmək və onun altını təmiz saxlamaq vacibdir və bir də dırnaq uzun olanda işləməyə mane olur və bəzi vaxt adam öz dırnağı ilə qəflətən ətini yaralayır.
Böyük maarifçinin bu fikirləri bədən tərbiyəsi və idmanla məşğul olanlar üçün xüsusilə əhəmiyyətlidir. Çünki idmanın elə növləri var ki, həqiqətən də, dırnaqların tutulması hökmən vacibdir. Topla bağlı bütün oyunlar, habelə güləş kimi idman nöbvləri və s. üçün olduqca zəruridir. Bu məsələ idman oyunları qaydalarında xüsusi qeyd edilir.
H.Zərdabi paltarın roluna, insanın sağlamlığında onun əhəmiyyətinə, alt paltarın təmiz saxlanmasına, paltarın rənginə də diqqət yetirmişdir. Zərdabiyə görə, dünyada bədənin salamətliyindən artıq dövlət yoxdur: “bu dövləti paltar dəyişdirməkdən gələn xeyrə satan çox ucuz satır”. Zərdabi qeyd edirdi ki, hər fəslin özünəməxsus paltarı olur, amma çox adam qənaət edib paltarını dəyişmir. Paltarı vaxtında dəyişdirməmək ac qalmaqdan pisdir. O, uşaq paltarları, səfər paltarları haqqıda da maraqlı fikirlər söyləmişdir. Uşağın oynamağa meyli olmasını nəzərə alıb onun paltarlarını gen tikmək vacibdir ki, atılıb-düşmək mümkün olsun.
H.Zərdabi orqanizmin sağlamlığını qorunmasıda yuxuya, yatacaq paltarlarına da diqqət yetirmişdir. İnsanın yorğunluğunu almaq üçün dincəlməsi lazımdır. Bu işdə yuxu əvəzsizdir. Zərdabi yuxusuzluğa, iştahasızlığa düçar olanların əlacını da bədən tərbiyəsi ilə məşğul olmqada görür, bu xəstəliklərin aradan qaldırılmasında gəzintilərin roluna yüksək qiymət verərək yazırdı ki, yorunuq bədən fikrə getməz, yuxuya gedər, bədən hərəkət edəndən onun hər bir zərrəsi yandığına piyi əriyir, açılır və yediyi xörək həzm olunur.
Böyük ədib “Əkinçi”də sağlamlığın qorunub saxlanılmasında təmizliyin əhəmiyyətinə xüsusi yer verilməsinə, eyni zamanda natəmizliyə qarşı ciddi və kəskin mübarizə aparmağı təkid edirdi: “Balıq suya qərq olan kimi, insan havaya qərq olub onun içində zindəganlıq edir, hava insanın nəfəs almağına lazımdır… Belə olan surətdə havanın yaxşı və yaman olmağını yoxlamaq hər kəs üçün lazımdır, necə ki, şəfa axtaran xəstə, ya səlamətlik istəyən kəs həmişə öz xörəyini yoxlayır, həmçinin gərəkə havanın qədəri yediyimiz xörəyin qədərindən ziyadə olduğuna görə… yaman hava insanı fövtə verər… elm təbiiyyə aşikar edib ki, insan düçar olan naxoşluqların çoxu hava yaman olmağındadır”.
Zərdabi fiziki tərbiyənin vasitələrindən təbii amillərin roluna yüksək qiymət verərək, onu təbiətin insanlara bəxş etdiyi sağlamlaşdırıcı qüvvə; sağlamlıq, gümrahlıq mənbəyi hesab edirdi. Böyük loğman, üləma təbib bol oksigenli təmiz havanın, saf suyun, ultrabənövşəyi günəş şüalarının, yaşıl təbiətin və s. imkalarından maksimum istifadə etməyi faydalı hesab edirdi. Orqanizmin qorunub saxlanılması, habelə möhkəmləndirməsi işində mümkün qədər açıq təmiz havada gəzməyi, vaxtaşırı çimməyi, yaxud yaş dəsmalla bədəni qızışdırıcıya qədər soyuq su ilə silməyi, günəş vannasını norma üzrə qəbul etməyi də çox vacib sayırdı. Məsələn, o, çimməyin sağlamlıq mənbəyi üçün nə dərəcədə vacib olduğunu belə açıqlayır: “… bizim isti vilayətimizdə hər gündə çimmək vacibdir, ona binaən hər şəhər və ya kənd əhli özlərinə camaat hamamı təmir etdirib, hər kəs hər gündə orada müftə çimməyə baim olsa, artıq savabdır. İsti və ilıq suda çimmək bədəni zəif, soyuğa davamsız edir, belə adama tez soyuq dəyər: ona binaən isti vaxtlarda soyuq suya çimmək səlahdır, çünki bədən isti-soyuğa adət elədiyinə onun soyuqdan xovfi olmaz”.
Daha sonra dərya sularında (Xəzər gölündə) çimməyin sağlamlıq əhəmiyyətinin zəruriliyini göstərən ədib bu barədə yazır: “Belə suya çimmək bədəni bərkidir, iştahanı açır, yorğunluğu alır, xülasə, bədəni salamat edir… soyuq suda çimməkdən murad bədəni təmiz etməkdə başqa onu tərlətməkdən və soyuğa öyrətməkdir ki, soyuq dəyməkdən mühafizə edər”.
H.Zərdabi vaxtilə zəhmətkeş soydaşlarının gümrah və əməksevərliyi üçün daim qürur hissi keçirmişdir. Kəndlilərin bəy və mülkədarlar tərəfindən istismar olunmasına, ləyaqətinin alçaldılmasına, zülm edilməsinə qarşı mübarizə aparmışdır. O, Borçalı qəzasında çalışarkən mülkədar Yadigarova kəndlilərin cəsarət və dəyanətinə inanaraq deyirdi: “Bircə baxın, siz bəylər kəndlilərin qarşısında nə qədər az və zavallısınız. Vücudca sağlam və ruhca möhkəm kəndlilərin çoxluğunu görürsünüzmü? Unutmayın ki, onlar bir vaxt öz azadlıqlarını istəyəcək və sizə qul olmayacaqdırlar”.
Sevimli ədibimiz 1900-cu il “Kaspi” qəzetinin 36 sayında əl əməyinin gənc nəslin qıvraq, nikbin, təmiz və saf əxlaqa malik olması üçün düzgün və yaxşı təşkil edilmiş əmək təhsili və təliminin vacibliyini göstərirdi. Yazırdı ki, düzgün təşkil edilən və şüurlu surətdə müəyyən məqsədə doğru yönəldilən əməklə mənəviyyatca düşkün, hətta əxlaqca qüsurlu və cinayətkarları tərbiyə etmək mümkündür. Beləliklə, əl əməyi uşaqların əxlaqi kamilləşməsinə, onlarda təvazökarlıq, sadəlik, səmimilik, kollektivçilik və sair kimi humanist keyfiyyətlər tərbiyə etməklə yanaşı, əl əməyinin tətbiqi eyni zamanlarda onların sağlamlığına da müsbət təsir göstərir. Zərdabiyə görə, işləmək pul qazanmaqdan ötrü deyil, bədənin sağlamlığını qorumaq üçün lazımdır: “İşləyən adamın iştahası artıq olur, xörəyi yaxşı həzm edir. Ağıl da o biri üzvləri kimidir. Kim çox oxuyursa, onun fəhmi, zehni, qabiliyyəti artır, amma oxumayanın qabiliyyətləri pas tutmuş qızıl kimi qalır. Yaxşı yatmaq üçün qaranlıq və sərin gəlməyən yer olmalıdır. Zərdabiyə görə, uşaq 9 saat, 30-40 yaşlı adamlar 6 saat yatmalıdır. Yatanda çöldə soyuq deyilsə, pəncərəni açıq qoymaq olar. Arxa üstə və ya sağ çiyni üstə yatmaq faydalıdır, çarpayı, gen, təmiz və rahat olmalıdır”.
Fiziki tərbiyə və orqanizmin sağlamlığının qorunması haqqında Zərdabinin fikirlərini ümumiləşdirərkən qeyd etmək lazımdır ki, o, fiziki tərbiyəyə ictimai problem kimi baxmışdır. Fiziki tərbiyənin ayrı-ayrı hissələrini: orqanizmin inkişafında mənzil şəraitinin rolunu, qidanı, havanı, əməyi, paltarı, istirahəti şərh edərkən onun ictimai-sinfi mahiyyətinə diqqət yetirmişdir. Zərdabi zəhmətkeşlərə rəğbətlə yanaşır, uşaqların fiziki inkişafına şərait yaratmayan dövlətləri kəskin tənqid edirdi.
H.Zərdabi fiziki tərbiyənin şəxsiyyətin ahəngdar inkişafında mühüm şərtlərdən biri hesab edir və deyirdi ki, fiziki əmək fiziki tərbiyənin tərkib hissəsidir.
Unutmaq olmaz ki, orqanizmin sağlamlığına qayğı, fiziki tərbiyənin ən zəruri vasitələri, günəş, su, havanın düzgün istifadə edilməsi haqqında Zərdabinin fikirləri bu gün üçün də öz əhəmiyyətini itirməmişdir. Müəllimlərimiz, istərsə də tədqiqatçılarımız onun fiziki tərbiyə, orqanizmin salamat saxlanılması haqqında qiymətli fikirlərindən yaradıcılıqla istifadə edə bilərlər.
Beləliklə, H.Zərdabi yaradıcığında yer üzünün əşrəfi olan insanın fiziki kamilliyi, onun ruhən və cismən sağlamlığını yüksəldən fövqəlbəşəri ideyaları təbliğ etməyi özünə bir daha mənəvi borc bilmişdir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2026)


