Qulu Ağsəs,
“Ulduz” jurnalının baş redaktoru.
“Ədəbiyyat və incəsənət”
“Yaradıcılıq emalatxanası” rubrikasında bir gənc qələm sahibinin - Aytəkin Səfərəliyevanın şeirini portalın oxucularına təqdim etmək istədim.
Bəzən bir misradan, sətirdən şeirin gözəlliyi və şairin gücü dərhal duyulur.
Xəstəsinə dönərsən
Həkim ayrılıqların,
-razılaşın ki gözəl deyilib.
Xoş mütaliələr.
AYTƏKİN SƏFƏRƏLİYEVA,
“ADIN YADDAŞIMDADI”
Əzizlənə bilmirəm,
Əzizim demə mənə.
Sudan qorxan adamam,
Dənizim demə mənə.
Bir damcı göz yaşında
Boğularaq ölərəm.
Dən götürən quş kimi
Hürkə-hürkə gələrəm.
Sən yollar keçmiş adam,
Mən kənardan bir cığır.
Sən dağı daşıyarsan,
Mənə daş gələr ağır.
Ürəyinə bir sözüm
İz qoyarsa, bağışla.
Ayrılıq bizə tərəf
Üz qoyarsa, bağışla.
Xəstəsinə dönərsən
Həkim ayrılıqların.
Anası, atasıyam
Yetim ayrılıqların.
Güllərə gül demərəm,
Sənə tikan batırsa.
Gəl oxşayım könlünü,
Bir tumara yatırsa.
Sözləri baldan şirin,
Ürəyi kəhriz adam.
Adın yaddaşımdadı,
Həmişə əziz adam...
“Ədəbiyyat və incəsənət”
(30.07.2026)


