“Bizdə həmişə təklikdir...” Featured

Həyat Şəmiyə minnətdarlıq hissim

 

Hikmət Məlikzadə,

şair-tədqiqatçı.

“Ədəbiyyat və incəsənət”

 

Həyat Şəmi... - qələmimi kürəyimə şələləyib Bakıya – şeir məclisinə gəldiyim gün ilk gördüyüm qadın şairdir. Yadımdadır, 1999-cu il idi, “Ədəbiyyat qəzeti”ndə Gənclər günü keçirilirdi, hansısa zərurətdən yanaşı oturmuşduq, məclis başlamamış anidən soruşdu:

-Siz hansı mövzuya daha yaxınsız?

Utancaq çöhrə, titrək vücudla dedim:

-Fərq etmir. – Bir neçə saniyə susdum, bir-iki dəfə udqunub əlavə etdim: - Allah məni hər mövzuda qəmə ürcah edib...

O, təəccüblə yanındakı qadına üz tutdu, ani bir-birlərinə islahedici baxışlarla nəsə dedilər, sonra mənə tərəf çevrildi, dedi:

-Tanış olun, Rəsmiyyə Sabirdir, oxunaqlı şeirləri var.

Mən hələ tam qurumamış – islaq gözlərimi Rəsmiyyə xanıma sarı çevirib məmnunluq ifadə etdim. Bu an hörmətli Ayaz Vəfalının səsi eşidildi:

-Hə, kimdən başlayaq?

Beləcə, hər dəfə o şeir məclisinə gələndə əvvəlcə Həyat Şəminin, sonra da Rəsmiyyə Sabirin xoş çöhrəsi ilə qarşılaşırdım... Sanıram, biz eyni ruhun, eyni ovqatın və eyni əxlaqın sahibləri olmuşduq...  

Aradan illər keçib. Nə xoş ki, indi biz üçümüz də eyni ruhun daşıyıcılarıyıq...

Qarşımda qələmdaşım Həyat Şəminin bir neçə şeiri var. Səmimi deyim, ruhu həminkidir - o vaxt da belə məzmunlu şeirlər yazırdı...

Hörmətli şairimizin poetik yaradıcılığını (qısa da olsa) bir neçə rakursdan çözmək istəyirəm...

1. Həyat Şəminin qələmini oxucuya sevdirən birinci şərt fikir gözəlliyidir. Bu, o anlama gəlməsin ki, Həyat xanım şeirdə ancaq fikir sərrastlığı güdür, xeyr, o, ən çox sözün batini qatında duru-lirik fövqlərə varır, oxucunu fikri qavramaq, dopdolu düşünmək və doğru nəticə çıxarmaq əzmi ilə üz-üzə qoyur.

2. Həyat Şəmi şeirində lirik təəssürat fəlsəfidir, orada keçici-dəyişkən heç nə yoxdur, əksinə, söz-fikir elə poetik təcəssüm qurur ki, şairin diqtə etdiklərini bir neçə dəfə düşünməklə əxz edə bilirsən.

3. İstedadlı şair hətta modern ədəbi çək-çevirlərində belə Azərbaycan şeirinə xas temperamenti - milli hissi qoruyub saxlayır.  

4. Həyat Şəmi şeirində təsadüf-zərurət faktoru təsəvvüfçü zəmin kimi məna tapır.  

5. İstedadlı şair hətta vətənpərvərlik fəhmini milli-aşılayıcı fövqdə - həm də maarifləndirici zəmin kimi ehtiva edir. 

İndi Həyat Şəmi şeirini bu proseslər üzrə tədqiq edək. Məsələn, onun “Şuşa” şeirində fikir fəlsəfi çırpıntıdan daha çox milli tərpənişlərə məruzdur:

 

Musiqi beşiyim, səssiz qalmışdın,

Dumanlı dağların bizsiz qalmışdı,

Əsir yaşayırdın, susuz qalmışdın,

Mən əsgər andımı içdim səninçün.

 

Bu şeir parçasında milli zəmin - əsas da vətəndaşlıq məsuliyyəti bəlli süjet xəttidir, müəllif hadisələrə keçici deyil, inandırıcı yanaşması ilə diqqət çəkir, səmimi görünür.

Həyatın “İstanbul vaxtı ilə” şeiri də maraqlı ehtizazdadır:

 

Eyni işləməz

Gedənlə qalanın saatı...

Getdim,

Bir saat geri çəkdim həyatı...

 

Bu şeirdə örnək qəlib fəlsəfi təəssüratdır. Şair “Eyni işləməz Gedənlə qalanın saatı...” ricəti ilə çox dərin mətləbə eyham vurur. Oxucu buradakı fəlsəfi diqtələri iqrar etmək üçün əlbəttə, bir neçə dəfə düşünmək, fikri təkrar-təkrar çözmək israrı ilə üz-üzə qalır. Bu, şairin uğuru, oxucunun qazancıdır.

“Salam, əsgər!” şeirində biz vətənpərvərliyin doğru səmtlərini görürük; burada vahiməçi hay-haray yoxdur, burada daha çox ağılca davranış, Vətən naminə düşmənə ehtiyatla həmlə endirmək çağırışları sezirik:

 

Candan usanıbdır, Füzuli xəstə,

Nəfəsi get-gəlli, səsi ahəstə.

Qaldır Bayrağımı Ərgünəş üstə,

Göz yaşıyla islat, sonra günə sər,

Salam, əsgər!

 

Bu şeirdə müəllif bir komandan kimi irəlidədir, əsgərlərinə - torpaqlarımızın müdafiəsində duran oğullara həyat örnəkləri ifadə edir.

“Rənglə duyuruq” şeirində oxucuya həyat zərurətləri əxz edən poetik nüans səbəbdir. Gerçəkçi zəmində biz bir çox həqiqətləri səbəblə təxmin edirik.

Şeirdən bir parçaya diqqət edək:

 

Rənglə duyurduq yağışı,

göyün üzü qaralanda...

Yağışdan sonrakı

göy qurşağını...

 

Buradakı sətiraltı anlam, əslində, təsəvvüfçü israrları doğru rakursdan çözür. Oxucu şeirdəki elmi mündəricəni, bir növ, poetik fakt kimi qavrayır, elmlə poeziyanın eyni xətt üzərində cərəyan eməsinə inanır. 

Həyat Şəminin “Adam olmadı bizdən...” şeirində Allah-insan münasibətləri, həyatı başqa – doğru olmayan səmtlərdən müşahidə etmək yanlışımız çox qabarıq sezilir: 

 

Evcik-evcik oynadıq,

ev qurduq özümüzdən...

böyüyüb uşaq olduq,

Adam olmadı bizdən...

 

Burada da fikir həm fəlsəfidir, həm bəşəridir, həm də yanlışını daha çox görə bildiyimiz fövqdədir.

 “Dialoq” şeirindəki ədəbi təfsilat da elə bu nəticə ilə özünü bəlli edir:

 

-Sizdə təkliyə xırda olmaz?

-Bizdə həmişə təklikdir...

-Gəl evlənək, sən darıxmamaq üçünsən...

 

Şeir (ilk baxışdan) sadə sözlərlə çəpərlənib, fəqət burada fikir elə şüursal sədlər qurur ki, adamın bəti-bənizi donur. Səmimi deyirəm, (şəxsən mən) tək bu şeirin fövqündə bir kitab söz yazaram. Bu şeirin yozumu çoxdur, bu şeirin əxz etdiyi məna çox dərindir və s.

Həyat Şəmini - hörmətli qələm dostumu eyni poetik libasda görmək və təqdir etmək mənə çox xoş oldu. Əlbəttə, bu yazıda təhlilə o qədər də yer vermədim, ancaq səmimi deyirəm, bu yazı illər sonra Həyat Şəmiyə bir minnətdarlıq hissimdir. Qəbul etsə, səmimiyyətimə inansa, nə xoş.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.