İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınmışlar” rubrikasında bu gün sizlərə bir mərhum şairi tanıtdıracağam. Uzun illər bir çox məsul vəzifələrdə də çalışıb. Doğma diyarında onu yaxşı tanıyırlar əlbəttə, amma geniş oxucu kütləsi üçün yəqin ki Vaqif Məmmədov adı heç nə demir.
Vaqif Məmmədov 1948-ci il iyul ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Qəzet məqalələrindən belə bəlli olur ki, şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunub.
YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində, Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində, Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda, Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində, Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda, Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda iştirak və çıxış edib.
"Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olub. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin üzvüdür.
2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışıb. 1996–1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, həmçinin universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru, universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində çalışıb.
V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan "Oğuz yurdu" qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadəkredaktoru olub.
2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
Şeir kitabları
- Yaşadacaq bu yol məni
- Sədərək harayı
- Qeyrət qalası
- Salam oğuz elləri
- Mənə çiçək borclusan
- Özüne dön halkım
- Bu dünyanın sevinci nə, qəmi nə…
- Vətən sığır ürəyimə
Ədib 6 fevral 2016-cı ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)


