“Biri ikisində” Əlisəfdər Hüseynovun hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu günsizlərə Əlisəfdər Hüseynovun hekayəsi təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

                                    

Əlisəfdər HÜSEYNOV

F = -F

 (mistik hekayə)

         

“Təsir əks-təsirə bərabərdir”. Nyutonun uçüncu qanunu.

         

O, səhər erkən oyananda ilk hiss etdiyi şey boşluq, qorxu və təşviş olurdu. Özünü sakitləşdirməyə çalışsa da,  pəncərədən düşən zəif  və yarımçıq işıq, elə bil içindəki boşluqda bərq vurub onu daha  qıcıqlandırırdı. Hər yeni gün eyni hissi gətirirdi: boşluq və nigaranlıq, üzücü ümidsizlik  ilə qarışmış tənhalıq hissini. Daxilindəki  sükut ona rahatlıq vermək əvəzinə, içini kəsib-doğrayırdı.

          Son vaxtlar nəyə görəsə, uşaqlıq xatirələri ondan əl çəkmir, ruhunu qurd kimi gəmirirdi.

          O xatirələrdə işığına isinməli bir şey tapmirdı, əksinə, sevgidən çox xəcalət, alçaldılan mənliyinin ağrıları, ozünə nifrət, hamıdan gizlin tökdüyu göz yaşları vardı keçmişində.

          İndi aradan illər keçəndən sonra anlayırdı ki, ağlı kəsəndən valideynləri ondan – 6,7,8….yaşlı uşaqdan böyüklərə xas ağıl, hər sahədə fitri bacarıq gözləmiş, əvəzində bir az qorxaq, bir az küt, sadəlövh bir usağın çabalarını görüb kobud ifadələrlə, qaba rəftarla onun ruhunu o ki var zadələmişdilər. O vaxt eşitdiyi tənə, qınaq dolu sözləri xatırlayanda indi də bədənini qəribə bir əsməcə tutur, gözləri yaşarırdı. Yaxşı yadındadir, televizora baxanda Allaha yalvarırdı ki, rəqs eləyən, musiqi alətində çalan, yaxud mahnı oxuyan, şeir deyən kiçik oğlan uşağı göstərməsinlər. Çünki yenə evdəkilərin qınaq dolu baxışları ona yönələcək, “Bax, gözünə su ver, oğul belə olar, ey, daha sənin kimi fərsiz yox” tipli sözlərin ağırlığı altında ruhu elə əziləcək ki, tualetə getmək bəhanəsilə otaqda çıxacaq ki, həyətdəki tut ağacının altında yanaqlarıni isladan göz yaşlarını silsin.

          Sonralar anladı ki, bu psixoloji basqı atasının özünün əldə edə bilmədiklərinin hamısını onda – yeganə oğlunda tapmaq istəyinin şiddətindən irəli gəlirmiş. Çox çətin, əzablı uşaqlığı olmuşdu atasının. Özünün dediyinə görə, hələ uşaq olarkən atası anasını boşadığına görə ata qayğısı, sevgisi görməmiş, bir qarnı ac, bir qarnı tox böyümüş, yaxşı təhsil ala bilməmışdi. Müharibə illərində ac-yalavac küçə həyatı elə usaqlıqdan onun əsəblərini pozmuş, xarakterində qəddarlıq, kobudluq kimi dərin izlər buraxmışdı. Adamlara olan gizlin kini, inamsızlığı da, görünür, bundan qaynaqlanırdı. Fəhlə işləyirdi. Axşamlar evə gələndə gün ərzində aldığı  neqativ enerjidən sanki  evdəkiləri sancmaqla, üstlərinə qısqırmaqla yaxa qurtarırdı. Hərəkətlərində bir diktatorluq hikkəsi vardı: çalışırdı ki, evdə hamı ondan qorxsun, çəkinsin. Atasının dilindən bir dəfə də olsun özu haqqında xoş, mehriban söz eşitməmişdi.

          Anası dilsiz-ağızsız hər şeyə inanan yazıq bir arvad idi. Ərinin atmacalarına qətiyyən müdaxilə etməz, necə deyərlər, əlindən bir iş gəlməyən fərsiz oğul “yükünü” əri ilə bir yerdə çəkərdi.

          “Səndən oğul olacaq, biz də baxıb fərəhlənəcəyik ha” – təəssüf qarışıq lağla, istehza ilə deyilən bu sözləri o qədər eşitmişdi ki, gecə yatanda da qulaqlarında əks-səda verirdi.

          Amma o, bunu istəmirdi. İstəyirdi ki, atası “Mənim ağıllı oğlum” – deyə-deyə saçlarını sığallasın, anası üzündən öpüb özünü də, onu da fərəhləndirsin və o da özünu güclü, arxalı, özünə güvənli hiss eləsin.

          Bəs nəyə görə bunu ondan əsirgəyirdilər? Doğrudanmı, o, bu qədər fərsiz, dəyərsiz uşaq idi ki, adı bir sığala, xoş bir sözə layiq deyildi?

          Heç kim bilmirdi ki, bu qorxunc fikirlər onun içinə daha dərinə işləyən  qorxu toxumu səpir, uşaq ürəyində dərin bir boşluq yaradır və uşaqlıqda aldığı müdhiş dərs onu bütün həyatı boyu izləyəcək: dünya sevgi ilə yox, qorxu və zor ilə idarə olunur, uğur isə yalnız qorxunu örtən pərdədir.  

          Beləcə içi qovrula-qovrula böyüdü, məktəbə getdi, institut bitirdi, karyerasında çoxlarının həsəd apardıdığı uğurlar qazandı, amma o qorxu, o boşluq ondan əl çəkmədi ki, çəkmədi. İndi əhalisinin sayı az qala bes milyona çatan bu nəhəng şəhərdə o boşluq da böyüyüb sanki nəhəng bir vakkuma çevrilmişdi.

          Bu zədələr onun ünsiyyət qurmaq bacarığını da iflic etmişdi. Kimdənsə xoş söz eşidəndə, xoş rəftar görəndə elə bilirdi ki, onu ələ salırlar, lağa qoyurlar. Heç kimin səmimiyyətinə inana bilmirdi. Bəlkə, elə buna görə yaşı qırxa yaxınlaşsa da, ailə qurmamışdı, qadın tanışı-filanı da yox idi.

          Kompüter ekranına baxanda rəqəmlər, hesabatlar, statistika onu yalnız soyuq bir iş  dünyasına bağlayırdı. Uğur, zahirən səssiz-küysüz rahat həyat içindəki boşluğu doldura bilmirdi. Hər yeni layihə, hər yeni müştəri onu həm qürurlandırır, həm də kiçildirdi – valideynlərinin illərin o tayından gələn tənəli, utancverici səsi qulaqlarından girib beynini sanki mismar kimi deşirdi: “Heyif sənə çəkilən əziyyətlərdən!”

          Gecələr  özünü qiymətləndirməkdən ötrü xəyalında öz usaqlıq obrazını yaradıb onunla danışırdı. “Bəs sən necə böyüyə bildin ki, heç vaxt sevilməmisən? Necə oldu ki, ayaq üstə dayana bildin, məqsədinə doğru getdin, oxudun, necə deyərlər, adam oldun? Belə bacarıqlısansa, özünə olan bu şübhələri, tərəddüdləri də birdəfəlik məhv edə, başqaları kimi sevə, sevilə, həyatdan ləzzət ala bilərsən axı. Bəs nə mane olur?”.

          Beləcə – içində qovrula-qovrula yaşayırdı. Bəli, sadəcə, var olmaq xatirinə yaşayırdı. Elə bil ürəyinin başından ağır bir daş asılmışdı və kiminsə gəlib o daşı ordan götürməsini gözləyirdi…

                 

II

  

…Yağışlı payız axşamlarının birində vanna otağında cib yaylığını və corablarını yuyurdu. İkiotaqlı mənzildə üzücü bir sakitlik vardı və qapının qəfil zəngi o sakitliklə bir yerdə onun özünü də diksindi. “Kim olar? Mən heç kimi gözləmirəm axı!” – fikirləşərək yaş əllərini məhrabaya silib çaşqın halda qapıya tərəf getdi. Əyilib gözlükdən baxanda carşabamı, örtüyəmi bürünmüş bir qadın siluetini gördü. “Yəqin, qapı-qapı gəzib sədəqə yığandır” – düşünüb ciblərini eşələdi, bir manat çıxarıb sağ əlində tutdu və qapını açmağı ilə burnuna dəyən qeyri-adi ətrin onu az qala məst eləməyi bir oldu. “Belə bahalı ətir vurub sonra da qapı-qapı gəzib sədəqə yığasan. Lap əfsanəyə, nağıla oxşadı ey”.

          Qapı açılan kimi qadın sol əli ilə baş örtüyünü çəkib üzünu gizlətdi, amma buna ehtiyac da yox idi – qaranlıqda onun üzü onsuz da görünmürdü – və yəqin ki, oğlanın ona uzatdığı bir manatı görmədi. Əvəzində özü sağ əlini örtüyün altından cıxarıb ona bir zərf uzatdı:

          – Bu məktub sənə çatacaq…

          “Necə yəni sənə. Bu, kimdir ki, elə ilk cümlədən mənə sənlə müraciət edir? Bir azdan qohum çıxmasaq yaxşıdır”.

          – Siz kimsiz? Yoxsa təzə poçtalyonsunuz? – deyə oğlan titrək istehza ilə soruşdu.

          – Xahiş edirəm, götür. Mən tələsirəm, tez getməliyəm.. – qadın zərfi onun barmaqları arasına qoydu.

          Oğlan qeyri-iradi barmaqlarını sıxdı ki, zərf yerə düşməsin, sonra əlini qaldırıb zərfin hər iki üzunə baxdı – ağappaq idi.

          – Burada ünvan-filan göstərilməyib axı – deyə başını qaldırdı və donub qaldı – qadın bir neçə saniyənin içində yoxa çıxmışdı.

          “Əstəğfürullah! Yoxsa məni qara basır?” – oğlan düşündü. – “Təklikdən, deyəsən, ağlım çaşmağa başlayıb”.

          Qapını örtdü. Çevrilib dəhlizin işığında zərfə bir də baxdı. Adi dəftərxana zərfi idi. Kimin işi idi bu? Kim  bu şit zarafatla onun əsəbləri ilə oynayırdı?

          “Bəlkə də, içində heç nə yoxdur, mənimlə zarafat edirlər” – deyə fikirləşərək mətbəxə girdi, zərfi masanın üstünə atıb vanna otağına keçdi ki, yarımçıq qoyduğu işini bitirsin. Amma buna səbri çatmadı. Mətbəxə qaydıb tələsik zərfin kənarını kəsdi  və içindəki şagird dəftəri vərəqinin  yarısı boyda olan qatlanmış kağızı çıxarıb açdı. Kəsilmiş vərəqin düz ortasında gözəl xətlə üçcə cümlə yazılmışdı: “Salam. Necəsiniz? Xahiş edirəm çox fikir eləməyin. İnşallah, hər şey yaxşı olacaq”. Nə imza vardı, nə də tarix.

          Yaxındakı kətili çəkib oturdu. Kiminsə onu ələ salmağına şübhəsi qalmadı və çox güman ki, bu “kim isə” iş yoldaşlarından biri idi. Kim ola bilərdi bu yersiz, şit zarafatla onun qıcıqlandıran? Əli? Rüfət? Yoxsa tez-tez “Qadası, məni alsaydın, sənə yaxşı arvadlıq edərdim. Tıxsız balıq kimi bir şeysən ey sən, həyatdan qandığın qrafa yoxdur” – deyə ona sataşan Gülgəz? Bəlkə, hamısı sözu bir yerə qoyub bu oyunu qurmuşdular. Yaxşı, kölgə kimi gəlib, duman kimi çəkilən bu qadın kim idi, onu hardan tapmışdılar?”.

          Qəfildən bayaq onu az qala bihuş edən xoş qoxu haradansa mətbəxə yayılıb yenə öz işini gördü və başı yüngülcə fırlandı. Qulağına zəif, anlaşılmaz bir hənirti də dəydi – elə bil kimsə yüngul bir “ah” çəkdi.” Lənət sənə kor şeytan” – deyib kağızı masanın üstünə ataraq yenidən vanna otağına keçdi.

             

III

  

Hər gün səhər saat 8-də evdən çıxırdı və bilirdi ki,  pilləkəni yarı eləyəndə əvvəlcə yuxarı mərtəbədən enən   arıq kişinin ayaqları, sonra özu peyda olacaq, ardınca həmişəki kimi onun elə özü kimi dadsız,  duzsuz səsini eşidəcək: “Salam, qonşu, xeyirli sabahlara”. “Çox sağ ol” deyib cavab verməyə macal tapmamış aşağı mərtəbədəki ortadakı qapıdan həmin o darşalvar gəlinlə iki balaca uşaq çıxacaq və o da yolunun bu hissəsini bacardığı qədər tez keçməyə çalışacaq ki, həmin o gəlinin sarğılarının, şalvarı az qala partlatmaq dərəcəsinə gətirən budlarının eybəcərliyini, yöndəmsizliyini görməsin. Zalım qızı, elə bil dünyanın axırıdır, şalvar geyinirsən, mərifətli geyin də… Yoxsa… Əşi, nəyinə lazım ey, özü bilər, əri bilər. Amma hər qadın gərək öz geyiminə fikir versin axı. Odur ey, birinci mərtəbədə yaşayan qız, yaxud gəlin, – Allah bilir hansındandır. O qızın bu binaya köçdüyü artıq altı ayı keçmişdi, amma bir dəfə da onu şalvarda görməmişdi. Səliqə ilə həmişə yubka-pencək, yaxud don geyinirdi. 

          Ona elə gəlirdi ki, idarəyə çatıb iş otağına keçən kimi iş yoldaşlarının hiyləgər baxışları ona yönələcək, sonrakı dəqiqələrdə onlar dünənki məktub oyununun yaratdığı ovqatı oxumaq üçün gizlincə ona göz qoyub bir-birinə qaş-göz edəcəklər. Ona görə də işlə məsğul ola-ola özu qəfildən başını qaldırıb gizlincə onlara baxırdı. Amma görürdu ki, hamı həmişəki kimi öz işi ilə məşğuldur, ona tərəf baxan, onunla maraqlanan yoxdur. Başa düsdü ki, səhv edib, otaqdakıların bu məktub əhvalatından xəbərləri yoxdur. Bir halda ki, belədir onda, çox güman ki, həmin o məchul qadın ünvanı – ya evi, ya bloku səhv salıb. Buna görə isə bu qədər narahat olub fikirləşməyə dəyməz.  Bir də gələr – danışıb aydınlaşdırarıq. Gəlməz – lap yaxsı, məsələ birdəfəlik bağlanar.

          Axşam evə gələndən sonra dünən bişirdiyi yeməyin qalan hissəsini qızdırıb şam elədi. Bir stəkan çay süzüb, televizorun qarşısında yerini rahatlayıb, pultun düyməsini basdı. Xəbərlər proqramı gedirdi. Beş dəqiqəmi, on dəqiqəmi keçdi – hiss eləmədi və elə dünənki vaxtda yenə də qapının zəngi çalınanda diksindi – elə bil zəng dəhlizdən – qapı tərəfdən yox, onun içindən gəlir.

          Qalxıb ayaqlarını sürüyə-sürüyə dəhlizə çıxdı və bu dəfə heç gözlükdən də baxmayıb hirslə qapını açmağı ilə həmin o bihuşedici ətirə təslim olmağı bir oldu.

          Dünənki qadın yenə kölgə kimi qapının ağzını kəsdirmişdi.

          Özünü ələ alıb titrək səslə:

          – Bəlkə, içəri keçəsiniz, – dedi. – Bir stəkan çay içərik.

          – Yox, yox, mənə olmaz, mən tələsirəm, getməliyəm, – qadın onun bir adamlığında dayansa da,  səsi elə bil yüz ilin uzaqlığından gəlirdi. – Gəldim ki, bu məktubu çatdıram.

          Oğlan nəzərlərini qaranlığın  onun üzünə saldığı  boşluqdan ayırmadan yavaşca soruşdu:

          – Axı, bu məktubların mənə nə aidiyyatı var? İmzasız, ünvansız da məktub olar?

          – Mən bilmirəm. Mənim işim onları çatdırmaqdır – qadının səsi elə bil olduqları məkandan bir az da uzaqlaşdı. – Tələsirəm, xahiş edirəm, götür.

          Oğlan onun uzatdığı zərfə baxmağa tələsmirdi. Qorxurdu ki, nəzərlərini yayındıran kimi qadın qaranlığa qarışıb yox olar. Ona görə də nəzərlərini həmin boşluqdan çəkmədən zərfi aldı. Amma həmin o andaca dəhlizi işıqlandıran lampanın başına fırlanan pərvanələrin biri uçub özünü onun sifətinə çırpdı və oğlanın qeyri-iradi gözlərini qırpıb əlini üzünə çəkməyi bəs elədi ki, qadın yoxa çıxsın.

          İçini titrədən gərginlikdən özünü itirmişdi. Elə bil yuxu görürdü və indi onun mənzili, açıq qalmış qapı, o qapının qarşısında hərəkətsiz dayanmış özü də o yuxunun içində idi və üstəlik, bu yuxu sanki heç vaxt bitməyəcəkdi…

          Bu hiss onu qorxutdu, uşaq vaxtı vahiməli yuxular görəndə diksinib ayıldığı kimi özünü birtəhər bu yuxunun içindən  dartıb çıxartdı. Qapını örtüb mətbəxə keçdi, stəkanı götürüb soyumuş çayı başına çəkdi və yenə də, üstündə heç bir qeyd-filan olmayan zərfi açıb içindəki vərəqi çıxartdı. Vərəqin ortasında gözəl, səliqəli xətlə bu dəfə  aşağıdakılar yazılmışdı: “Ay Allah, onu bu sıxıntıdan qurtar, onu qoru. Onun varlığı mənim təskinliyimdir. Ona bir şey olsa, mən də məhv olaram”.

          Kimdir axı bu “o”? Bu sözlərin, bu yalvarışın ona nə dəxli vardı axı? Kimsə kimdən ötrüsə darıxır, ya darıxmır, öz işləridir. Problemləri var özləri həll etsinlər də…

          Kağızı masanın üstünə qoymamışdan əvvəl xətləri, sadəcə, maraq xatirinə tutuşdurmaq üçün dünənki  kağızı  qaldırıb baxanda elə sarsıldı ki, bilmədi nə etsin – qışqırsın, gözlərini silsin, ya da əlini sinəsinə sıxıb qopan ürəyini yerinə qaytarsın…

          Kagızın hər iki tərəfi ağappaq idi…

          Quruyub taxtaya dönmüş dilini zorla tərpədib udqundu və qeyri-ixtiyari bu gün aldığı kağıza baxdı – onun üstündəki bayaqkı hərflər də yavaş-yavaş səffaflaşıb kağızın ağ rənginə qarışırdı…

          “ABŞ rəsmisi əlavə edib ki, on iki günlük müharibədə İranın nüvə obyektlərinə dəyən zərbələr sarsıdıcı olub…”

          Televiziya ilə çıxıs edən diktorun səsi idi və əgər o bu səsi eşidib deyilənləri başa düşürdüsə, deməli, öz mənzilində – reallıqda idi. Amma reallıqda kağız üzərinə yazılmış sözlər öz-özünə yoxa çıxmır axı.

          Bəlkə, bütün bunlar təklikdən, onu bürüyən boşluqdan, içindəki şübhələrdən, inamsızlıqdan pozulmuş şüurunun xəstə sayrışmaları, qarabasmalardır? İndi neyləsin, kimə açsın dərdini? Kim inanacaq ona?

           

IV

   

Səhərisi gün axşam aldığı məktubun həcmi böyük idi: “Hara baxıram, onu görürəm, siması gözlərimin qabağından çəkilmir. Elə bil mənim ömrüm onun nə vaxt peyda olacağını gözləməklə keçib. Amma mənimlə qarsılaşanda elə bil məni görmür, heç gözünün ucu ilə da baxmır. Aman Allah, görəsən, başımı onun sinəsinə söykəyib ağlayacağım günü Allah mənə qismət eləyəcək, yoxsa elə onu gizlində sevə-sevə öləcəyəm? Görəsən, niyə bizim öz hisslərimizi, istəklərimizi, sevgimizi bildirməyə haqqımız yoxdur”.

          Artıq başa düsürdü ki, bu yazılanlar bir qadın ürəyinin çırpıntıları, kiminsə özü ilə söhbəti, monoloqudur. Sevilən şəxsin o olması isə istisna idi – sevilməyə layiq olmadığına inam uşaq yaşlarından beyninin ən dərin hüceyrələrinə, ürəyinin ən dərin qatlarına qədər bütün ruhunu zəbt eləmişdi. Sevilməyə layiq olmayan birisinin sevə bilməsinə isə, ümumiyyətlə,  inanmırdı.

          İndi o, yuxu ilə reallığin sərhəddində – qeyri-müəyyən bir vəziyyətdə sabah atacağı addım barədə fikirləşirdi. Başqasının hisslərinin ifadəsi olan bu məktublarda yazılan sözlər yeniyetməlik və gənclik illərində oxuduğu sevgi romanlarının epizodlarını yada salırdı. Ona elə gəlirdi ki, başına gələn bu son olaylar  elə o romanların özündən xəbərsiz şüurunun altına keçən həmin o epizodlarıdır, indi belə mistik bir formada gözünə görünür. Qərara aldı ki, indi onun bir yolu var – mistikanı reallığa çevirmək. Bunun üçün çadralı qadından başlamaq, onun məchulluq, kabus imicini dağıtmaq lazım idi.

          Sabah axşam nəyi necə edəcəyini planlasdırandan sonra bir az rahatlandı

              

V

     

Səhər göy gurultusuna oyandı. Şırıltı səsindən bildi ki, çöldə yağış yağır. Yağışlı havanı xoşladığından sevindi, qalxıb həmişəki ssenari üzrə bütün işlərini gördü və tələsik evdən çıxanda kepkasını yox –  hara qoyduğunu unutduğundan  axtarıb tapmasına xeyli vaxt gedəcəkdi – asılqanın yanında divara söykənikli  çətirini götürdü.

          Belə havalarda adamlar səhər evlərindən tez çıxırlar ki, nəqliyyatın  hərəkətində yaranan problemləri qarşılasınlar,  tıxaclara düşüb işə gecikməsinlər. Pilləkənləri enib giriş qapısına çatana qədər nə arıq kişinin səsini eşitdi, nə də “dar şalvarla” qarşılasdı. Eşitdiyi səs yağışın getdikcə artan şırıltısı idi.

          Çölə çıxıb sürətli addımlarla yeridi ki, çox islanmasın. Damcılar dərhal başını döyəcləməyə başladı və yadına düsdü ki, çətiri açmayıb. Elə həmin andaca sağ tərəfdə iri sərv ağacının altında büzüsüb dayanmıs qonşu qızı gördü. Əlləri ilə əynindəki plaşın yaxalığını yuxarıda bir-birinə sıxıb, çox güman, yağışın nisbətən səngiməsini gözləyirdi, çünki qızın çətiri yox idi, bu vəziyyətdə dayanacağa qədər getsəydi, əməllicə islanacaqdı.

          “Çətir götürməyi unudub, yəqin – deyə fikirləşdi. – “Yağış da imkan vermir ki, nə yoluna davam edə, nə də geri, ən azından çətirin dalınca qayıda”. 

          Fikirlərinə bu cür  nöqtə qoyub  beş-altı addım aralanmışdı ki, qəfildən dayandı, “Bəlkə, mən də həyatımda bir dəfə centlemenlik edim?” – deyə fikirləşərək çevrilib geri qayıtdı, qızın bərabərinə çatanda əlindəki çətiri ona uzadıb:

          – Götürün, – dedi. – Belə getsə, islanıb xəstələnə bilərsiniz.

          Qız, yəqin ki, bunu gözləmirdi, ona görə də karıxan kimi oldu və nəzərlərini oğlanın üzünə dikdi.

          Oğlan çətiri verib mümkün qədər tez aralanmaq istəyirdi, amma bu dəfə qızın baxışları  onu çasdırdı, çünki bu baxışların nə əvvəli görünürdü, nə də sonu.

          Qızın, deyəsən, çətiri qəbul eləmək fikri yox idi, amma danışmırdı.

          – Narahat olmayın, çantamda kepkam var, – qızı razı salmaq üçün yalan danışmalı oldu. – Götürün, sonra qaytararsınız.

          Və çətirin dəstəyinin əyri tutacağını qızın sinəsinə sıxılmıs qoluna keçirib uzaqlaşdı…

                

VI

  

Yağıs bütün günü yağdı…

          Özünu mənzilə salan kimi islanmış saçlarını quruladı və fikirləşdi ki, çox güman, bugünkü planı baş tutmayacaq, çünki bu yağışda örtüklü qadının gəlməyi inandırıcı görünmürdü.

          Bu axsamı sakit keçirəcəyindən əminliyi gərginliyini xeyli azaltdı. Deməli, oturub çay içə-icə rahatca televizora baxa, xoşladığı bir kitabı vərəqləyə, hətta öz-özü ilə söhbət də edə bilərdi – son vaxtlar bu onun şakərinə çevrilmişdi.

          Qapının zəngi çalınanda çətir yadına düsdü, fikirləşdi ki, yəqin, qonşu qızdır. Dəhlizə çıxıb qapını açanda həmin  örtüklü qadını gördü və öz yerini cəmi bir neçə dəqiqəlik asudəliyə, rahatlığa təhvil verən əsəbi gərginlik dırnaqlarından başının tüklərınə kimi bütün varlığına hücum elədi.

          – Bu, sonuncu məktubdur, götür, – qadın dedi və əlindəki zərfi bu dəfə ona uzatmadı, köynəyinin yaxasına sancdı.

          Oğlan dözə bilmədi:

          – Siz kimsiniz axı? Mən sizi görmək, tanımaq istəyirəm – deyib qadının bürundüyü örtüyü tutub hirslə çəkdi …və  təəccübdənmi, heyrətdənmi içini elə çəkdi ki, elə bil udduğu nəfəs heç vaxt geri qayıtmayacaq, o da qapının ağzında heykəl kimi quruyub elə ayaq üstə bu dünya ilə vidalaşacaqaqdı.

          Örtüyün  altı bomboş idi!!!

          Elə həmin andaca əlində tutduğu örtükdən burnuna nə isə tanıs bir qoxu gəldi…

          Fikirləşdi ki, əgər bu son əhvalatlar kabus, qorxulu yuxudursa, mütləq soraqlaşıb yaxşı bir psixiatr tapmaq, müalicəyə başlamaq lazımdır. Yoxsa tədricən ruhi xəstəyə çevrilə bilər. Bu mərəzə mübtəla olan tanınmış şəxslər – yazıçılar, rəssamlar, bəstəkarlar haqqında çox oxumuşdu. Amma bundan əvvəl bu qarabasmanın yekununu – epiloqunu da yaşamalı, sinəsinin üstündəki zərfi açıb qadının dediyi sonuncu məktubu oxumalıydı.

          Örtük əlində içəri keçib qapını örtdü. Örtüyü asılqanda plaşının yanında asıb zərfi sinəsindən götürdü, açıb içindəki kağızı elə dəhlizdə ayaqüstə oxumağa başladı.

          “Əziz balam, bu son günlərdə səni belə narahat elədiyimə görə məni bağışla. Amma başqa çarəm yox idi. Biz indi ayrı-ayrı dünyaların sakinləriyik. Ünsiyyətimiz ancaq bu cür – sənin yaşadığın gerçəkliklə mənim yasadığım əbədi yuxunun sərhədində baş tuta bilərdi. Sənə gətirdiyim  məklublar da mənim nəfəsimlə yazılıb. Ona görə də yazılanların yox olmasından, boşluğa qovuşmasından  qorxma, təşvişə düşmə. Amma məni diqqətlə dinlə. Bilirsən ki, ana ürəyi həssas olur. Uşaq vaxtı sənin çəkdiyin əzabları, mənəvi məşəqqətləri mən duyur, hiss edirdim. Amma səsimi çıxara, atan tərəfindən qoyulmuş qaydaları poza bilmirdim. Hətta bəzən elə fikirləşirdim ki, belə yaxşıdır – uşağı əzizləyib göz üstündə saxlamaq yox, sərt qaydalara, qorxuya hörmət ruhunda böyütmək lazımdır. Bu o demək deyildi ki, biz səni sevmirdik. Yox, qətiyyən belə deyildi. Atan da, mən də, sadəcə, bu sevgini gizlədir, elə fikirləşirdik ki, bu sevgini hiss eləməyin səni korlaya bilər. Biz ikimiz də sərt qanunların, bu qanunlar pozulanda yaranan nizamsızlığın yaratdığı qorxunun hökm sürdüyu müharibə illərinin uşaqları olmuşduq. Bəlkə də, bu yanlışlıq onun izləri idi. Ağlımıza da gəlməzdi ki, bu cür sevgi ilə sənin mənliyini alçaldır, sevgiyə tamarzı qoyur, bununla da gələcəyin daha böyük iztirablarına zəmin yaradırıq. Sənin sevgiyə inamsız bu solğun həyatın bizim ən böyük səhvimiz, günahımızdır.  Bu səhvimizə görə bizi bağışla, əziz balam.

          Sənin bu soyuq, fərəhsiz evinə, həyatına müdaxilə eləməyim də gec də olsa, o səhvi düzəltmək, səni bu əzablardan xilas eləmək istəyindəndir. Amma səni artıq biz yox, Allahın göndərdiyi xilaskarın xilas edəcək. Mən elə bunu sənə bildirmək zühur etdim. Etməyə də bilməzdim, çünki illər uzunu yolunu gözlədiyin xilaskarın, xoşbəxtliyin sənin bir addımlığında olduğunu, sənin isə bundan xəbərsiz öz ömrünü çurütdüyünu görəndə dözmədim, iki oxşar taleyi, iki oxşar ömru bir-birinə qovuşduran körpü olmaq istədim.

          O, uzaqda deyil, əziz oğlum. Uşaq evində böyüyub, valideyn sevgisi görməyib. Amma Allah ona başqa bir sevgi – sənə olan təmənnasız, səmimi bir sevgi bəxş edib. Mən bunu biləndən onu izləyirəm, hər gün ürəyində səninlə etdiyi söhbətləri dinləyə-dinləyə anlamışam ki, bizim sənə verə bilmədiklərimizi o verəcək, yalnız o sənə sevməyi öyrədəcək. Əvvəlki məktublarda yazılanlar da, sadəcə, yalnız onun özünün və mənim eşitdiyim ürək çırpıntılarının səsi idi. O səsi dinlə, başa düş və qiymətləndir, sən də xilaskar ol – onun xilaskarı.

          İndi o sənə tərəf gəlir, bir azdan qapını döyəcək. Mənsə getməliyəm. Xoşbəxt ol, bala. Bizim səhvimizdən nəticə çıxart, övladlarını sevgi ilə böyüt”.

          Qəribədir, bilirdi ki, bir müddət sonra bu kağıza nəfəslə yazılmış sözlər, cümlələr də əriyib boşluğa qovuşacaq, amma indi gözlərindən kağızın üstünə damcılayan isti göz yaşlarının  o hərflərə, sözlərə gücu çatmırdı, əksinə ona elə gəlirdi ki, o hərflər, sözlər daha aydın, daha şəffaf görünür.

          Gözlərinə sıxmaq üçün üst-başını əlləşdirib cib yaylığını axtardı, amma tapa bilmədi. Əlacsız qalıb başını yana çevirərək asılqandan asdığı plaşının ətəyi ilə göz yaşlarını saxlamaq istəyəndə bu mistikanın finalını  gördü – bayaq asdığı örtüyün yerində ağappaq gəlin duvağı yellənirdi!!!

          Amma daha heyrətlənmədi.

          Bildi ki, heç olmasa indi qabağa düşüb xoşbəxtliyini qarşılamaq üçun  qapını acmalıdır. Açdı da. Əlində çətir tutmuş qonşu qız qızilgül kimi qarşısında bitib durmuşdu. Bir müddət susdular. Sonra qız irəli yeriyib başını onun sinəsi üstünə qoydu və oğlanın göz yaşları qızın saclarını, qızın göz yaşları isə onun sinəsini islatdı…

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.