Ömrün 70-cı aşırımında “Payız havası” Featured

Adilə Nəzərova,

filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

 

“Feysbuk”da qarşıma çıxan bir paylaşımdan öyrəndim yazıçı Əlabbasın “Payız havası” adlı yeni kitabının işıq üzü gördüyünü. Düzdür, kitabın çapdan çıxdığı vaxt ötən ilin sentyabr ayının son günlərinə təsadüf edirdi; yəni təbiətdə payızın ilk mehləri əsməyə, payız havası özünü yavaş-yavaş hiss etdirməyə başlayırdı. Lakin bu ad fəslin yox, elə müəllifin özünün də kitabdakı müsahibələrindən birində qeyd etdiyi kimi, ömrün qarşıdan gələn 70 yaşlı barlı-bəhərli payızının havası idi.

 

Çox keçmədi ki, yazıçı kitabı kuryer vasitəsilə mənə ünvanladı. Müəllifin göstərdiyi bu nəcib diqqət və gözəl jest qarşısında özümü mənəvi cəhətdən bu kitab haqqında söz deməyə, yazmağa borclu saydım. Amma həyatın adi axarı, baş qarışıqlığı, araya düşən fərqli olaylar və başqa mövzular bu niyyətimi bir qədər təxirə saldı. Nəhayət, indi – görkəmli yazıçımızın 70 illik yubileyi ərəfəsində, çoxdan planlaşdırdığım, hər vərəqini oxuduqca qeydlər götürdüyüm o yazını qələmə almağa qərar verdim.

“Payız havası” çoxşaxəli məzmunu və zəngin janr müxtəlifliyi ilə diqqəti cəlb edən fərqli topludur. Bu kitab yazıçı Əlabbasın ötüb-keçən illərinin bədii hesabatıdır və eyni zamanda onun həyata, insana, qələm adamına, ədəbiyyata baxışının vahid mətndə birləşmiş bədii-fəlsəfi mənzərəsini yaradır. Kitabın səhifələrini vərəqlədikcə müəllifin özünəməxsus nəsr üslubuna, səmimi dünyagörüşünə və ən əsası da, bütöv bir ömür ssenarisinə şahid oluruq.

Hekayə bölməsində cəmi iki nümunə yer alsa da, bura kitabın bədii əsasını təşkil edir. “Yadigar nəğmə” və “Yolda adam” əsərləri yazıçının psixologizmə, eləcə də insan mənəviyyatının gizli qatlarına nüfuz etmək bacarığını nümayiş etdirir. Müəllif real həyat lövhələri üzərində fəlsəfi düşüncələr yaradır.

“Yadigar nəğmə” hekayəsində oxucu Tapdıq adlı kimsəsiz, ayağı şikəst, ömrü boyu hər kəsdən “Axsaq”, “Topal”, “Cılız” kimi ayamalar eşidən və çətin şəraitdə süd sataraq dolanan bir uşağın acınacaqlı, lakin son dərəcə saf daxili dünyası ilə qarşılaşır. Onun səhər tezdən ucalan “Süd vaar, süüüd, qatıııq!” sədası səhərlər bir məhəlləni yuxudan oyadan səsdən çox, insanın daxili təmizliyinin, halal əməyinin musiqisidir. Müəllifin anasının ona göstərdiyi nəvaziş, təmiz geyimlər bağışlaması və uşağın bu sevgini “göydə Allahı görmək” kimi qəbul etməsi sarsıdıcı dərəcədə təsirlidir. Tapdığın özündən də acınacaqlı vəziyyətdə olan “Saymaz” adlı iti üçün narahat olması, heyvan öldürüldükdə çəkdiyi iztirab onun insanlıq dərsidir.

“Yolda adam” hekayəsində isə hadisələr ölüm ayağında olan anasının son istəyini – bircə dənə də olsa balıq yemək arzusunu – yerinə yetirmək üçün çırpınan Həbib müəllimin və onun arvadının ətrafında cərəyan edir. Şəhərdə balıq tapılmaması, fırtınada batmış balıqçıların gətirdiyi hüzn və gecənin qaranlığında yolda rast gəlinən tanımadıqları qəribə bir qarovulçunu maşına götürmələri mistik bir süjet yaradır. Sonda həmin yolçunun təsadüfən maşında unutduğu zənbildən çıxan iki balıq, insanın insana etdiyi yaxşılığın Tanrı tərəfindən anındaca mükafatlandırılmasının real möcüzəsidir.

Bu hekayələri oxuyanda öz-özümə düşünürəm: Biz gündəlik həyatın qaçhaqovunda neçə belə “Tapdıq”ların yanından laqeyd keçirik? Yaxud da çətin məqamda “yoldakı adam”a evimizin, maşınımızın qapısını açmağa cəsarətimiz çatırmı? Əlabbas müəllim bu yazılarda bizə itirdiyimiz həmin o böyük humanizmi – insanı insana sevdirən o ilahi şəfqəti və Tanrının mükafatına layiq olmağın əsl yolunu xatırladır.

Sorğu bölməsində yazıçının müxtəlif illərdə və fərqli mətbuat orqanlarında işıq üzü görmüş müsahibələri toplanıb. Bu söhbətlər müəllifin ədəbiyyatın missiyası, cəmiyyətin mənəvi durumu və yaradıcılıq prosesinin çətinlikləri barədə səmimi fikirləri ilə zəngindir. Xüsusilə Çingiz Aytmatov və onun “Gün var əsrə bərabər” romanı ətrafında aparılan bədii-fəlsəfi sorğu sənətkarın dünya ədəbiyyatına nə dərəcədə dərindən bələd olduğunu göstərir. Müəllif Ç.Aytmatovun “Cəmilə” povestindən başlayaraq, “Gün var əsrə bərabər” romanındakı Sarı-Özək çöllərindəki Boranlı razyezdində baş verən hadisələri, Yedigeyin daxili sarsıntılarını və manqurtlaşma bəlasını geniş təhlil edir. O, manqurtluq konsepsiyasını təkcə tarixi bir mif kimi deyil, həm də müasir dövrün milli mənliyini, dilini, soy-kökünü itirən Sabitcanlar, Tansıkbayevlər və Əbilovlar ordusunun timsalında real cəmiyyət faciəsi kimi qiymətləndirir. Yazıçı qeyd edir ki, yaddaşın itməsi insanı öz anasının qatilinə çevirir.

Əlabbas yazır ki, Ç.Aytmatovun Nobel mükafatı ala bilməməsi qlobal siyasi konyunktura və onun “qanı ilə türk, dini ilə müsəlman, ruhu ilə dünya vətəndaşı” olması ilə bağlıdır. Əlbəttə ki, o, bu fikri dərin bir ədəbi kinayə ilə ifadə edir. Nobel komitəsinin qərəzli və subyektiv meyarlarını, Şərq və türk-müsəlman dünyasından olan dahi sənətkarlara qarşı tətbiq edilən ikili standartları ifşa edir. Bu yanaşma, bəşəriyyətə “manqurtizm” kimi görünən və fəlsəfi fəlakəti xəbərdar edən bir dühanın mənsubiyyətinə görə qlobal sənət tribunalından kənarda saxlanılmasına qarşı müəllifin kəskin etirazıdır.

Anım bölməsi müəllifin vəfalı dost və həssas insan obrazını tamamlayır. Müəllif doğma Nursu kəndini real dünya ilə mifin birləşdiyi mənəviyyat ocağı, oranın ziyalılarını isə bütöv bir məktəb adlandırır. Bu mühitin yetirməsi, AMEA-nın müxbir üzvü Adil Bağırov yazıçının həyatında mühüm rol oynamışdır. Xatirələrdə onun 20 minlik şəxsi kitabxanası ilə müəllifə yol göstərməsi, gəncliyində sənədlərini filologiyaya yönəltməsi və illər sonra özünün “Köhnə kişi” əsəri ətrafında yaranan tənqidi məktub davasındakı sərt, lakin qoruyucu ağsaqqal mövqeyi bədii boyalarla canlandırılır.

AMEA-nın müxbir üzvü Adil Bağırovun, eləcə də bu mühitin yetirdiyi dəyərli ziyalılar – filoloq Akif Bağırov və uroloq Akif Bağırovun xatirəsinə ehtiramla yanaşılır, onların elmi-pedaqoji fəaliyyəti zəngin bir irsin davamı kimi işıqlandırılır.

Bölmənin digər mühüm sütununu müəllifin tələbəlik dostu, tanınmış tənqidçi alim Sabir Bəşirovun sarsılmaz dostluq və peşəkar vəfa hekayəsi təşkil edir. İnfarkt keçirməsinə baxmayaraq, digər dostları Arifin hüzrünə gəlməsi onun mənəvi bütövlüyünü nümayiş etdirir. Sabir yazıçıya “Sözün köhnə kişisi” kitabını həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir. Dostların vaxtilə Yardımlıya etdiyi səfər isə Azərbaycan hekayəçiliyinin mühüm nümunələrindən olan “Arvanada dəfn” əsərinin yaranmasına (kənd qadını Dəftər və ana Ağca obrazları vasitəsilə) ilham vermişdir.

Nəticə olaraq, bu bölmə sənət adamlarının bir-birinə olan mənəvi bağlılığını, “köhnə kişilərin” əyilməz xarakterini və ölümün amansızlığı qarşısında əbədiləşən dostluq tellərini təcəssüm etdirir.

Gəzişmə bölməsində yer alan və “Yazılar bəy libasında” başlığı altında təqdim olunan esselər müəllifin bədii-fəlsəfi təfəkkürünün məhsuludur. Burada sözün qüdrəti, yazıçılıq sənətinin görünməyən tərəfləri və estetik dəyərlər sərbəst düşüncə formatında təhlil edilir. Əlabbas yazının sənət tərəfinə toxunaraq, sözün bədii təfəkkürün bəy libası geyinmiş ən uca zirvəsi olduğunu göstərir. O, yaradıcılıq prosesindəki tərəddüdləri, yazı masası arxasında çəkilən mənəvi əzabları və sözün estetik missiyasını çox sərbəst, heç bir akademik qəlibə sığmayan səmimi bir dillə təhlil edir. Bu esselər oxucunu sözün sehrinə inanmağa dəvət edir.

Məktub bölməsi oxucuya ədəbi mühitin pərdəarxası məqamlarını göstərmək baxımından əvəzsizdir. Jurnalist Xalid Kazımlıya ünvanlanan birinci məktubda müəllif öz timsalında Azərbaycan ədəbiyyatında kök salmış pərdəarxası qruplaşmaları və “ədəbiyyat bosslarının” biət etməyən istedadları boğmaq cəhdlərini kəskin tənqid edir. Müəllif 1981-ci ildə yazdığı, dil və üslub şedevri olan “Köhnə kişi” povestinin yazıçı Mövlud Süleymanlı tərəfindən 8 il şkafda gizlədilərək çapına mane olunduğunu ağrıyla xatırladır. Oxşar şəkildə, Qazilərin müharibədən sonrakı faciələrindən bəhs edən ilk romanlardan olan “Qaraqovaq çölləri” əsərinə görə akademik Bəkir Nəbiyevin qorxu içində ondan uzaqlaşmasını və “Azadlıq Radiosu”ndakı müzakirələrdə tənqidçi İradə Musayevanın Qarabağ mövzusunu sükuta və unudulmağa bükmək çağırışını müəllif, cəmiyyətə yeridilən qorxaqlıq və təslimçilik siyasətinin (məsələn, “Dalles planı” tipli mənəvi aşınma layihələrinin) bir təzahürü kimi ifşa edir.

Xalq yazıçısı Anara yazılan ikinci məktubda müəllif AYB-nin son ev bölgüsü ətrafında yaranan qalmaqallar fonunda Anarın yazıçı və ziyalı mühitindəki silinməz yerini müdafiə edərək, ona qarşı yönələn aqressiyanın istedadına yox, tutduğu posta görə olduğunu vurğulayır. Məktubun əsas məqsədi ev bölgüsündən kənarda qalanların  mənzil problemini diqqətə çatdırmaqdır.

Hər iki məktub oxucuya ləyaqət manifestini və dövlətin yaradıcı insana sahib çıxmaq ənənəsini xatırladır. Yazıçı müraciətinin kəsərini artırmaq üçün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin gənc yazıçılarla görüşü zamanı şəxsən şahidi olduğu tarixi bir hadisəni örnək gətirir. Həmin vaxt hər kəsin qorxub çəkildiyi bir məqamda müəllif ev müraciətini cəsarətlə Prezidentə təqdim etmiş, Anarın da yerindəcə etdiyi cəmi beş-on cümləlik dürüst təqdimatı sayəsində dörd evsiz yazıçının mənzillə təmin olunmasını xatırladır. Müəllif yekunda qeyd edir ki, respublikanın o ağır illərində Heydər Əliyevin atdığı bu xeyirxah addımı, bu gün Zəfər nəşəsini yaşatdığı Möhtəşəm Qələbə ilə Azərbaycanı ləkədən xilas edən Prezident İlham Əliyev də mütləq təkrar edər; yetər ki, bu məsələdə düzgün vasitəçi olsun.

Təəssürat bölməsində “Dərs” başlığı altında yazıçının uzun illər ərzində topladığı zəngin həyat təcrübəsindən süzülüb gələn, aforizm səviyyəsində qəbul edilə biləcək lakonik həyat qənaətləri və dərsləri öz əksini tapıb. Bu lakonik fikirlər hər bir oxucu üçün həyat yolunda bələdçiyə çevrilə biləcək hikmət xəzinəsidir.

Rəy bölməsində isə yazıçının digər sənətkarların əsərlərinə, yeni nəşr olunmuş kitablara yazdığı obyektiv, peşəkar və estetik meyarlara söykənən ədəbi rəyləri cəmlənib. Bu bölmə onun ədəbi tənqidçi və analitik təfəkkürünü təsdiq edir. Əlabbas digər müəlliflərin əsərlərinə yanaşarkən qərəzdən uzaq, tamamilə estetik prinsipləri rəhbər tutan tənqidçi kimi çıxış edir.

Olub-keçənlər bölməsi kitabın səmimi və oxunaqlı hissələrindən birini təşkil edir. Ömrün gənclik illərində edilən səhvlərdən tutmuş yol polisi ilə maraqlı qarşılaşmalara, milli musiqimiz olan segahın insanda oyatdığı ruhani hisslərdən tutmuş gündəlik xırda məişət hadisələrinə qədər həyatın içindən süzülüb gələn real epizodlar bu toplunu bitkin, səmimi və bütöv bir ömür mətni kimi tamamlayır.

Buradakı kiçik əhvalatlar, yumoristik məqamlar oxucunu yormur, əksinə, yazıçının bizlərdən biri olduğunu, hamımız kimi eyni qayğılarla, eyni sevinclərlə yaşadığını təsdiq edir. “Segah”ın insanda oyatdığı ilahi ruhanilik isə yazıçının daxili musiqisinin və milli ruhunun ən gözəl təzahürüdür.

Əlabbasın “Payız havası” adlı bu dəyərli toplusu bütövlükdə insan mənəviyyatının, keçmişə olan ehtiramın və ədəbiyyata verilən böyük dəyərin bədii təcəssümüdür. Kitabdakı janr rəngarəngliyi, səmimi təhkiyə və dərin psixologizm oxucunu yormadan ömür yolunun ən gizli cığırlarına aparır və hər birimizi öz keçmişimiz, bu günümüz və mənəviyyatımız barədə dərindən düşünməyə məcbur edir.

Yazıçı Əlabbasın “Payız havası” əslində bir sənətkarın payız fəsli kimi zəngin, barlı-bəhərli ömür yolunun, yaradıcılıq hesabatının bədii güzgüsüdür. O, bu kitabla oxucusunu öz mənəvi dünyasına dəvət edir, sözün və ömrün ən səmimi məqamlarını bizimlə bölüşür. Bu gözəl əsər münasibətilə hörmətli yazıçımızı ürəkdən təbrik edir, ömrünün bu müdrik, 70-ci payız aşırımında ona cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayıram. Qoy ömrünüzün payızı da hər zaman yaz təravətli və yeni bədii töhfələrlə zəngin olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.