Ramiz Göyüş, yazıçı-publisist
“Ədəbiyyat və incəsənət”
Bu günlərdə - iyul ayının 16-18 tarixlərində Şuşada 2020-ci il Vətən Müharibəsindəki Böyük Zəfərimizdən sonra növbəti-sayca altıncı “Vaqif Poeziya Günləri” keçirildi.
“Heydər Əliyev Fondu”nun himayəsi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən, bütün sənətsevətlər üçün əlamətdar bir hadisə olan bu poeziya bayramının təşkilində əziyyəti keçən hər kəsə bir fərd olaraq təşəkkürlərimi bildirirəm. Tədbir haqqında məlumatlarla tanış olduqca, fikrimdən istər-istəməz onun yaranma tarixinə bir səyahət etmək istəyi keçdi. Bu yazı da həmin istəkdən yarandı.
Bir daha vurğulayıram ki, bir şair kimi, dövlət xadimi və Qarabağ Xanlığının vəziri kimi Molla Pənah Vaqif şəxsiyyətinə, onun fəaliyyətini və yaradıcılığını, sağlığından başlayaraq bu günümüzə qədər öyrənən, araşdıran, tədqiq edən görkəmli tədqiqatçılar, tarixçilər, səlnaməçilər, ədəbiyyat adamları və dövlət xadimləri bütün dövrlərdə yüksək dəyər vermişlər. Onların sırasında Mirzə Fətəli Axundovun, Qarabağnamələrin müəllifləri- Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin, Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, eyni zamanda, Qasımbəy Zakirin, Aşıq Valehin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Adolf Berjenin, Həmid Araslının, Yusif Vəzir Çəmənzəminlinin, Araz Dadaşzadənin, Nizami Cəfərovun, Aqil Abbasın adlarını minnətdarlıqla xatılamaq istərdim. Bu sıradan Xalq şairi Səməd Vurğunun adını xüüsusilə qeyd etmək istəyirəm. Təkzibolunmaz faktdır ki, Səməd Vurğun yaratdığı ölməz “Vaqif” dramı ilə həm Molla Pənah Vaqifi onun dövründən təxminən 250 il sonra, Azərbaycan vətəndaşına böyük ustalıqla təqdim edə və sevdirə bilmiş, həm də yüz ilə yaxın bir müddətdir ki, hələ də milyonlarla azərbaycanlının dilində əzbər söylənən, uzun illər teatrlarımızın repertuarından düşməyən bu nadir sənət nümunəsi müəllifinə böyük şöhrət gətirmişdir. ” Vaqif” dramını əslində çəkinmədən Səməd Vurğun tərəfindən böyük şairə ucaldılmış əbədi ədəbi abidə adlandırmaq olar.
Molla Pənah Vaqifə ən yüksək dəyər verən şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, Ümumilli liderimiz Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və o, dağılmış məzarı ziyarət etmişdir. O zaman O, "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdi. Bu fikirləri söyləyəndə hələ Ulu Öndər dövlətdə yüksək vəzifə tutsa da birinci şəxs deyildi. Bu hadisədən yalnız 15 il sonra, 1980–81-ci illərdə Ulu Öndərin göstərişi ilə Vaqifin məzarı üzərində abidə və türbə ucaldılmış, 1982-ci ilin yanvar ayında isə qarlı şaxtalı bir qış günündə, özünün iştirakı ilə məqbərənin təntənəli açılışı olmuşdur.
Yazının bu yerində dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, olkəmizin hüdudlarında öz memarlıq üslubu və möhtəşəmliyi ilə göz oxşayan dörd türbə-məqbərə mövcuddur ki, (Möminəxatun türbəsi, Nİzami Gəncəvinin, Molla Pənah Vaqifin və Hüseyn Cavidin məqbərəsi) bunlardan üçü şairlərə ucaldılmışdır. Həm də xüsusilə qeyd edirəm ki, bu məqbərələrin ikisi Ulu öndər Heydər Əliyev tərəfindən ucaldılmışdır. Keçən əsrin 30-cu illərində Vaqifə ədəbi abidə ucaldan Böyük Səməd Vurğun inanırdı ki, bir gün gələcək şairin qranit abidəsi Qarabağda ucaldılacaqdır. Və Vaqifin Cıdır düzündə heykəlini məhz Ulu Öndər tərəfindən ucaldılması onun həm Vaqifə, həm də Səməd Vurğuna böyük ehtiramının təntənəsi idi.
Qalxacaq şairin bir gün heykəli,
Bizim Qarabağın Cıdır düzündə,
Vaqif canlanacaq onun özündə.
Ulu Öndərimiz Böyük şairin məzarı üzərində təkcə abidə və məqbərə tikdirməklə kifayətlənmədi. O, həm də 1982-ci ildən başlayaraq hər il “Vaqif Poeziya Günləri“ keçirilməsi barədə tapşərəq verdi...
İstər-istəməz belə bir sual yaranır: XVIII əsrdə yaşayıb-yaratmış bir sənətkarın, bir xanlığın vəzirinin xarakterində, yaradıcılığında, fəaliyyətində vəşəxsiyyətində nə hikmət vardı ki, Heydər Əliyev kimi nəhəng dövlət adamının, ictimai-siyasi xadimin diqqətini bu qədər özünə cəlb etmişdi? Düşünürəm ki, bu sualın cavabını bir neçə məqamlarda axtarmaq lazımdır.İlk əvvəl onu qeyd etməkistəyirəm ki. Ulu Öndərdə Vaqif şəxsiyyətinə rəğbət hələ Onun orta məktəbdə oxuduğu illərdə, Səməd Vurğunun “Vaqif” dramı vasitəsi ilə yaranmışdı, Ümumilli liderin həyatından məlumatlarda göstərilir ki, orta məktəbin son siniflərində oxuduğu illərdə, məktəbdə hazırlanan tamaşalarda O, “Vaqif” dramında Vaqif rolunu oynamışdı. İkincisi. Azərbaycan tarixini və ədəbiyyatını mükəmməl bilən Heydər Əliyev yaxşı bilirdi ki, Vaqifə qədər Azərbaycan Ədəbiyyatı tarixində nə qədər görkəmli simalar olsa da, Vaqif milli şeirimizin və ədəbi dilimizin banisidir. Həmçinin Heydər Əliyev həm də Vaqifin Qarabağ xanlığının vəziri kimi çox mürəkkəb. ictimai-siyasi və tragik bir dövrdə müdriklik və uzaqgörənlik nümayiş etdirdiyini yaqxşı bilirdi. Təbii ki, bu sevgi heç şübhəsiz həm də keçən əsrin 30-cu illərindən üzü bəri Vaqifi Azərbaycan xalqına tanıdan müəllifə - Səməd Vurğuna olan rəğbət və məhəbbətdən irəli gəlirdi.
Bununla yanaşı düşünürəm ki, bu sualın ən mükəmməl cavabını, eyni zamanda Azərbaycan tarixi üçün, eləcə də Azərbaycan poeziyası üçün müstəsna əhəmiyyət kəsb edən bu hadisənin əhəmiyyətinin miqyasını Prezidentimiz Cənab İlham Əliyev dəqiqliklə aşağıdakı kimi ifadə etmişdir: “Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.
Azərbaycan tarixinə qızıl hərflərlə daxil olan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət nazirini təyinatı ilə əlaqədar qəbul edərkən bir sıra tövsiyyə və tapşırıqlar, eyni zamanda cəmiyyətə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq təyyarə limanının tikilməsi, Azərbaycan dilinin qorunması, UNESCO ilə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin inkişafı, bu il Şuşada “Xarı Bülbül” festivalının və digər məsələlər barədə önəmli mesajlar verdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir” deyərək, 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il “Vaqif ili” elan ediləndə də, 2021-ci ildən başlayaraq, hər il Şuşada Vaqif Poeziya Günləri”nin keçirilnməsi barədə göstəriş verdi.
Azərbaycanımızın Mədəniyyət Paytaxtı Şuşa bu gün tarixinin ən şərəfli bir dövrünü yaşayır. “...xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır”...deyən Prezidentimiz İlham Əliyev Ümummilli liderimiz tərəfindən başlanılmış, lakin tamamlanmamış işləri sədaqətlə, mərdliklə, qətiyyətlə və uğurla başa çatdırmaqdadır. Saymaqla qurtarmayan bu möhtəşəm işlərin sırasında Molla Pənah Vaqifin adı ilə bağlı işlər də vardır. Bir vaxtlar Ümummilli liderimiz Heydər Əliyevin: “Mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin məqbərəsi də öz xalqına qayıdacaq “ arzusu da Cənab Prezidentimiz tərəfindən yerinə yetirildi. Belə ki, Şuşa işğaldan azad edildikdən sonra 2021-ci il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra təntənəli şəkildə açılışı keçirildi, bir gün sonra – avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şairin işğaldan azad edilmiş doğma şəhərində Vaqif Poeziya Günləri 30 illik fasilədən sonra yenidən təşkil olundu, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, Azərbaycanın görkəmli söz və sənət adamlarının da iştirak etdiyi bu tədbir, möhtəşəm sənət və mədəniyyət hadisəsi kimi Azərbaycanımızın müasir tarixinə qızıl hərflərlə həkk olundu.
Təbii ki, Prezidentimizin gördüyü çoxsaylı misilsiz işlərin fonunda hər il Vaqifin vətəni Qazaxdan başlayaraq , mədəiyyət paytaxtımız, Vaqifin ikinci vətəni Şuşada davam etdirilən “Vaqif Poeziya Günləri”nin keçirilməsi kiçik görünə bilər. Lakin bu işlər də Qarabağda, Şərqi Zəngəzurda və Şuşada başlanmış nəhəng quruculuq və bərpa işlərinin bir issəsi olmaqla, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və dövlətçiliyi tarixində mühüm hadisədir, Cənab İlham Əliyevin adı ilə tariximizə həkk olunubdur. Bütün bu işlər insanda qürur hissləri yaratmaqla, Prezident İlham Əliyevə ümumxalq sevgisi və məhəbbəti qazandırır.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)


