“Biri ikisində” İradə Aytelin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu günİradə Aytelin şeirləritəqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

İradə AYTEL

 

***

Aman Allah, bu gecə

Çarmıxa çəkilirəm!

Çölümə ilmə düşüb,

İçimnən sökülürəm!

 

Bircə ağ gün dərmədən,

Yazım qışa girmədən,

Payızım bar vermədən,

Torpağa tökülürəm!

 

Arzular oyuq-oyuq,

Adamsız evim soyuq!

Kəfən biçənim də yox,

Dərdimə bükülürəm!

 

***

 

Günah işləyəsən xirtdəyə qədər,

Tutunub çıxmağa yer də qalmaya!

Bütləri sındırıb, qan eyliyəsən,

Arzu bağlamağa pir də qalmaya!

 

Mələklər hər yana salalar soraq,

Savab axtaralar əllərdə çıraq.

Göy yerə tökülə, hey varaq-varaq,

Nə “Quran”, nə “Zəbur” sir də qalmaya!

 

Öləsən, bir əsgər qoşunnan çıxa,

Əməl qul Əcəlin huşunnan çıxa,

Allahın tüstüsü başınnan çıxa,

Qanın bu qadalı yerdə qalmaya!

 

***

 

Savabdan huzur edən,

Günah boyda diriyəm.

Elə ağlat, İlahi,

Ağlat, bəlkə, kiriyəm.

 

Dövrəmdən mövlam uzaq,

Hücrəmdən laylam uzaq,

Cənnətdən xeylam uzaq,

Cəhənnəmdən bəriyəm!

 

Sinəm Məhəmməd dağı,

Əməlim Sur tufağı,

Dirilərin qınağı,

Ölülərin sirriyəm!

 

***

 

Elə gözəl yandırırsan adamı,

Ürək canda gülə-gülə qovrulur.

Sözlərini  şərbət bilib içdikcə

Baxışların gözlərimdə qıvrılır.

 

Taleyimdən qopub düşən bahardın,

Nə gəlmədin, nə getmədin, nə durdun...

Bir ocağa sığışsaydıq nə vardı?

Küt gedəcək, bu xəmir kəm yoğrulur.

 

Qalib Allah, hər payınnan yarıdım,

Nənnin, dənnin hamsı mənnən geridi.

Alnım yerə, əlim sənə sarıdı,

Uralandım,  yerim göyə sovrulur.

 

***

 

İlk dəfə,

Lap körpəliyimdə

               barmağım əziləndə ağlamışdım,

Sonra məktəbdə ağladım,

İlk müəllimim bizi tərk edəndə.

Sonra kəndimizdən,

Daha sonra

           sevdiyimdən ayrılanda ağladım…

Sən demə, onların heç biri

                   ağlamaq deyilmiş…

 

Balam öləndə ağladım,

Atam öləndə ağladım,

Anam öləndə isə

Ağlamadım,

                     susdum…

İndi bilirəm ki,

             ağlamaq elə susmaqmış…

 

***

 

Və...

Sənsiz darıxmaq varıymış…

Həzin-həzin,

Gizlin-gizlin…

Ürəyimin altından dilimin ucuna qədər

Odla püskürən ahla yaşamaq,

Hər gecə

Saçlarına toxunan hənirdə üşümək,

Adını  oğurlayıb xəyallarda gizlətmək,

Beləcə

Bir ömür günahla yaşamaq

varıymış...

 

 

CANNAN DA BEZİR ADAM

 

A, Zəlimxan, elə kövrək olmuşam,

Səhər-səhər meh də dəyir xətrimə!”

Bəhmən V.

 

Əzəl əyri gələndə

Sonnan da bezir adam.

Damarda dövr eləyən

Qannan da bezir adam.

 

Qara saça düşür dən,

Haraya çatmır bədən,

Elə bilmə özgədən,

“O”nnan da bezir adam!

 

Damaq ayrılır daddan,

Can qorğanır hər oddan,

Şan-şöhrətdən, lap addan -

Sannan da bezir adam.

 

Özülsüzsə tikilən,

Cücərmirsə əkilən,

Obaşdannan sökülən

Dannan da bezir adam.

 

Səbir ərşə çəkilir,

Dil dodağa tikilir,

Gözdən ölüm tökülür,

Cannan da bezir adam.

 

***

 

Yaylaq sanıb çıxdığın

Bir ananın qəlbinə çəkilən dağdır, bala,

Ayaqlama o dağı!

 

Şəhid qanı rəngində

Torpaqdan haray uman yaylıqlar ağdır, bala,

Ayaqlama yaylığı!

 

Mən al rəngli bayrağam!

Məni göylərdə tutan bu Vətən sağdır, bala,

Ayaqlama torpağı!

 

***

Aman Allah, bu boyda

Dünya mənə dar gəlir.

Gözümdən yaş əvəzi

Sanıram ki, qor gəlir.

 

A yığvalı talanlar,

Məni çoxunuz anlar.

Xalxa[1] ədat olanlar

Mənə sarı kor gəlir.

 

Tanrım, yolun başında,

Duracağam qarşında.

Üzün necə gələcək

Deməyə: – Aytel, əcəl

Qapındadır, dur, gəlir.

 

Elimə sülh gətirdin,

Çölümdə gül bitirdin,

Vətənimin çiynindən,

Ağır yükü götürdün,

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

Yağıya verməz aman!

Dünya orduma heyran!

Yalnız “İrəli” dedi

Dəmir yumruq komandan!

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

Müsəlləh əsgərinəm,

Qolunda təpərinəm!

Səmalarda bayrağın,

Sərhəddə sipərinəm.

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

***

Akif Səmədə

 

Haqdan gələn halal yolla

Şuşaya gedirik, Paşam!

Bilirsənmi necə abad,

Necə azadədir Şuşam!

 

Sərkərdəm əlində qılınc,

Oğulları sıraladı.

Yağı düşmən göz açmamış

Ordusunu uraladıq.

 

Hələ tarix belə birlik,

Belə döyüş görməmişdi.

İndiyəcən düşmən belə

Öz qınına girməmişdi

 

Gözsüz qalan Qarabağa

Göz oldular igidlərim.

Haldan düşmüş Kəlbəcərə

Diz oldular igidlərim.

 

Susuz qalan torpaqlarım,

Suvarıldı al-qan ilə.

Hasarlandı sərhədlərim,

Hasarlandı min can ilə.

 

Türkəm, tatam, talışam mən,

Oğlun sağ olsun, ay Vətən!

Zirvə-zirvə ucalasan,

Təpən dağ olsun, ay Vətən!

 

Laçınlar uçan oylağın

Barlı bağ olsun, ay Vətən!

Sən qaliblər qalibisən,

Üzün ağ olsun, ay Vətən!

 

Şuşaya gedirik, Paşam,

“Vətən bağı al-əlvandı”.

Yol üstündə xarıbülbül,

“Zəfər yolu” çıraqbandı,

Şuşaya gedirik, Paşam!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 



[1] Özgəyə

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.