“Biri ikisində” Mübariz Cəfərlinin 3 hekayəsindən üçüncüsü ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gündən etibarən 3 gün ardıcıl sizlərə Mübariz Cəfərlinin 3 hekayəsi təqdim ediləcək.

İkinci hekayə “Xaltalılar” adlanır.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

                                   

MÜBARİZ CƏFƏRLİ                                                 

XALTALILAR

İtlərə

    

...Bircə şeyə mat-məəttəl qalmışam ki, sənin həyətindəki it-pişiklər necə, nədən bir-biri ilə rahat, sakit dolanır, dolanmaq azdı, fikir vermişəm, bir-birləri ilə işləri yoxdu, hələ bir-birlərinin arxasında da durur, itlər sizin həyətdəki pişiklərə təsadüfən daş atan adamı tutsa, basmarlamamış əl çəkməz, itlərə sataşanlarısa pişiklər yığışıb cırmaq-cırmaq eləyər. Yemək, yal üstündə da davalaşıb boğuşan, cırmaqlaşan, qaçan-qovan görəməmişəm  o heyvanları. Boş yerə səsləri çıxmır, heç biz öz həyətimizdə də hiss eləmrik ki, çəpər qonşumuz bir dəstə it-pişik saxlayır. Sənə inanmayana lənət, xudaya, adamlar aranı qatıb-qarışdırmasa, qurd quzu ilə yola gedər. Sahibinin əşyasını min adamın pal-paltarının arasından iyindəncə seçib tanıyana necə yuxarıdan  aşağı baxmaq olar? Həqiqətən, binayi-qədimdən nankor olub insan. Ona ifrat sədaqətli, sadiq olana “murdar”, deyib. Burası var ki, gözüyumulu, özxoşuna sədaqət köləlikdən betərdi. Öz boynuna köləlik zənciri keçirib müti qul kimi başıaşağı gəzənə nəyə görə hörmət qoyasan, dəyər verəsən? O zənciri, o xaltanı boyunlarından çıxarıb azad olmaq istəmirlər, çünki azad olsalar, ölərlər, başlarının üstündə əli çomaqlı bir ağa, sahib, yiyə olmasa, yaşaya bilməzlər, əbədi köləlik boyunlarına biçilib...

          Mən müqəddəs kitablarda itlərin murdar olması fikrinə rast gəlməmişəm. Baxma ki, yüz faiz o kitabları da insan övladı özünəsərfəli şəkildə, yəni yumşaq desəm, birtərəfli yazıya alıb. Allah yaradanın murdarı olmaz. Əti haram sayılan heyvana da murdar demək ədalətsizlikdi. Həlbət ki, onların müqəddəs yerlərə girməyi düzgün sayılmır. Fəqət murdarlıqlarına görə deyil, qanmadan, bilmədən, məscidi, digər müqəddəs yerləri batırmasınlar deyə... Daxili təmizlik qat-qat əfzəl, üstün sayılsa da, yəqin ki, Allah evinin təsadüfən belə,  çirkaba batırılması o seçilmiş yerlərə hörmətsizlikdi, bir də ibadət eləyənlərin fikrinin yayınması... Yoxsa itin-küçüyün yol azıb məscidə girməsində, qışın soyuğunda, yayın istisində ora sığınmasında bir qəbahət görmürəm. Peyğəmbərimiz də səhih hədislərində heyvanlara qarşı mərhəmətli olmağı dəfələrlə vurğulayıb. Hər gün məscidə heyvan xislətli o qədər adam gəlir ki, get-gedə mənim də dördayaqlılara rəğbətim artır. Elə mən də sənin tayın olmuşam yavaş-yavaş. Biri heyvanları incidəndə mən özümə yer tapa bilmirəm. Yaxşı deyiblər ki, taylı tayını tapar...

          Şüursuz hesab elədiyimiz itlərdə də az yoxdu. Məgər adamlar dəyərmi itlərin sədaqətinə? Sadiq olanda da gərək nalayiqin yox, dəyərlinin yolunda ölümə gedəsən. Bəlkə də, burasını heyvanların gözü ilə anlamağa kəramətimiz çatmır, biz onların nə, necə fikirləşdiyini, nəyə görə bizə ağlasığmaz görsənən hərəkətlər elədiyini qanmaq üçün gərək, heç olmasa, bircə gün onlar kimi yaşaya bilək. Onların cildində qiyafəsində yox a, tam onlara dönək. Düzdü, heyvanlardan, ələlxüsus itlərdən, çoxlu kitablar  yazılıb, kinolar çəkilib, amma burda da elə o dünya, axirət deyimləri kimi qərarı, hökmü yazanlar, çəkənlər, yəni insanlar çıxardıb. Allah, axirət qeyb aləmi ilə nahaq müqayisə eləmədim mən. O şeyləri ki, dirilər bilmirlər, di gəl, gecə-gündüz elə bilmədikləri şeylərdən danışırlar. Allah, qeyb aləmi, axirət, yəqin ki, ölülərə, bu dünyadan köçənlərə agahdı, onlar da ki, danışa bilmir. Əgər ölülər danışa bilsəydi, dirilərə xəbərdarlıq eləyə bilsəydi, axirətin, qeyb aləminin sirri onlara da açılmazdı. Mən öz ağlımla fikirləşirəm ki, gərək heyvanlar məşhər günündə dil açmağı gözləməyə, elə üzü bəridə yığışıb adamlara hücum eləyə, onların payını verə, axırına çıxa... Amma nə bilmək olar, görünür, burda da bir hikmət var, hər halda, mən heyvanların səbrinə heyranam. Adamların tayı deyil dördayaqlılar, sədaqəti tək səbri də hüdudsuzdu. Yoxsa necə dözərdilər ovçu Atamalı kimi bir nadanın, əbləhin, qaniçənin gülləsinə? Yadındadı da, bələdiyyədən tapşırılmışdı ona ki, kənddəki yiyəsiz itləri güllələsin. Vurulan itin hər biri üçün beş manat verirdilər ona. O əclaf da gecə-gündüz bilmirdi, partapart salıb kənddəki yiyəsiz, sahibsiz itlərin, küçüklərin axırına çıxırdı. Hərdən camaatın itinə də güllə atırdı. Axırda pula görə öz itini də güllələdi ki, onsuz da qocalmışdı, bu gün-sabah öləcəkdi, day havayı niyə ölsün? Yaxşı ki, xarici  ölkədən kəndimizə gələn turistlər təsadüfən bunu gördü – bizim kəndə qədim mağaralar var axı, özün bilirsən ki, xaricilər tez-tez gəlir buralara, bura paytaxtın iki addımlığında olduğundan gediş-gəliş də asandı – məsələ şişib böyüdü,  xarici ölkələrdəki heyvansevərlər səslərini çıxartdı, aləm qarışdı bir-birinə, ovçu Atamalının gülləsinin sədası paytaxtacan gedib çıxdı, o allahsızın şəklini  çəkib paytaxtdakı qəzetə də vurdular, xaricilərə nə var, Atamalının əli tüfəngli şəklini məsum, balaca küçükləri güllələdiyi məqamda da çəkə bilmişdilər, deyirlər, bəzi xarici telekanallarda da Atamalının vəhşiliyini göstərirlərmiş. Anan ölsün, ay Atamalı, göz qırpımında dünyaca məşhur olmuşdu, ancaq bu məşurluq ona baha başa gəldi, paytaxtdan yekə bir yoxlama heyəti tökülüşdü buralara, rayondakı polis, prokuror dəydi bir-birinə, bələdiyədəkilərə də yaxşıca qulaqburması verdilər, onlar da axırda hər şeyi yıxdılar Atamalının boynuna ki, bizim xəbərimiz yoxdu, bu kişi dəli olub, başlayıb özbaşına küçə itlərini güllələməyə. Atamalının  da tüfəngini aldılar, özünü də yaxşıca cərimələdilər ki, bəs ağılsız adamın əlində tüfəng çox təhlükəlidi, bu gün dilsiz-ağızsız  heyvanlara güllə atan sabah arvad-uşağı hədəfə alar. Yəqin, iş lap qəlizləşmişdi ki, tüfəngini almaq, cərimələmək azmış kimi, özünü də saldılar dəlixanaya, düz bir ay  yazıq Atamalını saxladılar orda. Yazıq deməyə də dili gəlmir e,  adamın, mən həmişə demişəm ki, hər kəs elədiyi günahların bədəlini elə bu dünyada ödəyəcək. Axirətdən qabaq, elə üzü bəridə...

        Deyəsən, dəlixanada iynə-zad vurub əməlli-başlı dəli eləmişdilər Atamalı, qayıdandan sonra az yaşadı, özü də əvvəlki kimi deyib gülən  adam deyildi, qaradinməz olmuşdu, dindirməsən danışmazdı. Son vaxtlar tez-tez məscidə gələrdi, sakitcə bardaş qurub oturardı bir küncdə, fikirli-fikirli hündür, oymalı tavana baxardı. Amma elə bil ətrafdan xəbəri yoxdu, xəyalı lap yuxarıda, ərşi-əlada idi.

          Bir gün məsciddə elə ikimiz idik. Hava da çiskin, cansıxıcı idi, neçə gündü narın yağış kəsmədiyindən camaat evdən bayıra az-az çıxırdı. Məscidə də gələn azalmışdı, adamlar Rəhimin çayxanası kimi isti yerə yığışıb ordan-burdan qeybət eləməyi Allahın evində soyuqdan büzüşüb mürgü vurmaqdan üstün tuturdular. Bikarçılıqdanmı, ya həqiqətən, darıxdığımdanmı bilmirəm, yaxına gəlib döşəkçənin üstündə onunla üzbəsurət bardaş qurdum. Hənirtiyə xəyaldan ayrılıb key-key üzümə baxdı. “Necəsən, ay Atamalı? – xəbər aldım pıçıltı ilə, sanki içəridəki, aramızdakı gözəgörünməz  haləni pozmaq istəmirdim.

– Deyəsən, sən də mənim kimi darıxırsan?” “Hə, darıxıram... – cavab verdi yavaşca. – Allah baisin evini yıxsın, ay molla, gül kimi işim-gücüm var idi, itləri vurub yaxşıca pul qazanırdım. Bir itə görə beş manat... Düzdü, bir manatımı kəsirdilər pul verənlər. Ancaq lap iki manata da it vurmaq sərf eləyərdi. Rahat, gəlirli iş idi. Hayıf...” “Bəs canlını öldürməkdən qorxmursan? İtləri də Allah yaradıb axı...” – heyrətə bürünən öləzik hirsimi boğub xəbər aldım. Etinasızlıqla, vecsiz-vecsiz çiyinlərini çəkib üzümə baxdı: “Nədən qorxacam, mən o heyvanları allahsızların arasında zülüm çəkə-çəkə it kimi yaşamaq əzabından xilas eləyirdim. İt kimi yaşamaqdansa, elə birdəfəlik ölüb canını qurtarmaq yaxşıdı... – dərindən köksünü ötürüb təkrarən heyfsiləndi. – Hayıf, day nə mənim tüfəngim var, nə də it öldürənə pul verən...” – yorğun-yorğun gözlərini yumdu. Bir xeyli donub qaldım, boğazımı arıtladım, neçə məclis yola versəm də, deməyə söz tapmadım, sonra sanki ağzım-dilim öz-özünə açıldı,  fəqət elə bil  mənim əvəzimə başqası danışdı, çünki səsim də xırıltılı gəldi, qulağım dilim deyənə yox, səsimə inanmırdı, öz səsimə qətiyyən bənzəmirdi dodaqlarımın arasından süzülən: “Bəndə nəkarədi ki, hökm eləyə, kim bu ixtiyarı verib məxluqa?” – kəlmələrə. O dəm lapdan ağlıma gəlmişdi ki, heç kəs yerin-göyün küllü-ixtiyarını verməyib Adəm törəmələrinə, adamlar şəraitdən istifadə eləyib hökmranlığı ələ keçiriblər, sonra da başlayıblar özlərinə bənzəməyən bütün canlılara qan uddurmağa, divan tutmağa... Atamalı isə dediklərimin, səsimin başqa cür çıxmağının fərqinə varmadı, deyəsən, heç eşitməmişdi sözlərimi, elə sakitçə gözlərini yumub oturmağında idi, başını da əymişdi çiyninə...

          Bir həftədən sonra Atamalı köhnə tövlədə özünü asdı. Evdə adam olmamışdı, ya nədənsə, üç gün heç kəs xəbər tutmamışdı bundan. Atamalı da, lap düzünəsi, Atamalının meyiti də üç gün qalmışdı kəndirdən sallana-sallana...

          Belə... Bu dolanbac həyat acı ilə şirinin qarışığıdı. Turşaşirindi... Nə isə, Atamalını yadıma saldım, kefim pozuldu. Day mən gedim, yəqin, boş-boş danışa-danışa sənin də qanını qaraldıram... Hələlik... Ötürmə məni, çevrə qapanmağa yaxındı, mən qocaldıqca uşağa dönürəm, hərdən, qəfil öz-özünə qəhər yumurlanıb  gəlib durur hülqumumda...Nə aşağı gedir, nə yuxarı qalxır. Ağzımı güclə açıram belə məqamda, səsim titrədiyindən danışa bilmirəm. İndi də istəmirəm ki, yaşımın-başımın bu çağında mənim kövrəlməyimin şahidi olasan...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.