Mir Cəlal adına V Hekayə Müsabiqəsi mükafatçılarının hekayələri Featured

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Bu həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.

 

2-Cİ YER

ELNUR MƏMMƏDLİ

“KƏKƏLƏMƏ”

 

– Kaş sәn dә müalicә olunaydın. Dayım oğlu loqopedә getdi – bir-iki görüş, vәssalam. Sәnin üçün dә bu iş bir anın içindә hәll oluna bilәr. Niyә heç olmasa cәhd etmәyәsәn? – sevgilim çәkingәn sәsi ilә ehtiyatla pıçıldadı. “Niyә?” Bu kövrәk irad sinәmdә daş kimi asıldı, çünki bu cür sözlәri daha әvvәl dә eşitmişdim. İyirmi dörd yaşım var. Altı ildir kәkәlәyirәm. Kәkәlәmәdәn heç vaxt şikayәt etmәmişәm, amma bu altı il әrzindә eyni fikir mәnә müxtәlif sözlәrlә dönә-dönә deyilib. Elә bil istidәn bişәn adama papaq uzadırlar: – Yarlı-yaraşıqlı, sağlam bәdәnli oğlansan, niyә qırıq-qırıq danışırsan? Bunun çarәsi var axı. Elә danışırlar ki, guya mәn naz edirәm. Guya qarşımdakı düymәni görürәm, amma barmağımı qәsdәn ona uzatmıram. Halbuki mәsәlә düymәdә deyil. Mәsәlә ondadır ki, o düymә basılan kimi… bәlkә dә, içimdәki mәn birdәfәlik susacaq. “Sәs mexaniki dalğadır”, – fizika müәllimәm deyәrdi. O vaxtlar kәkәlәmirdim. Amma elә o vaxtdan hәr sәsdә söz eşidәrdim vә heç bir sözü “titrәyiş” adlandırıb bәsitlәşdirmәzdim. Hәr sözün öz hәyatı vardı: şәkli, sәsi, keçmişi – vә bәdәnimdә öz yeri. Tәnәffüslәrdә gözlәrimi yumub sözlәrlә şәkillәr çәkәr, bәzәn tamam başqa zamana sürüşәrdim. Hәrdәn mәktәbdә eşitdiyim bir söz bütün günümü qaraldırdı. Amma ertәsi gün o sözlәrlә dil tapar, yenidәn özümә gәlәrdim. Bir gün müәllimәmiz xәstәlәndi. Yerinә gәlәn müәllim hamımızdan özümüzü tәqdim etmәyimizi istәdi. Ailәm haqqında danışanda atamı soruşdu. “Ata” sözü mәnә yad idi. Karıxdım. Sinifdә biri arxadan: – Müәllim, o, atasızdır… – dedi. Ucadan yox, elә-belә, sakitcә. Amma hamı eşitdi. Mәn dә. Sinәm içәriyә çökdü. Elә bil başıma qara torba keçirdilәr. Gözüm qaraldı. İçimdә bir istilik yayıldı – istilik yox, alov.

O gündәn sonra “atasız” sözü mәnimlә gәzmәyә başladı: sinifdә, hәyәtdә, yolda. Hәr kәsin baxışlarında bu sözü eşidirdim, çünki demәsәlәr dә, bu söz baxışlarına hopmuşdu. Hәmin hәftә hәr axşam evә qayıdanda susurdum. Anam bunu görürdü. Analar görür. Onlar uşağın dilinin susduğunu da eşidir, gözlәrinin danışdığını da. Bir axşam ev tapşırıqlarımı qurtarıb mәtbәxdә oturmuşduq. Tünd çay dәminin әtri gәlirdi, radioda sakit bir musiqi axırdı. Anam çayımı qarışdırırdı, qaşığın cingiltisi musiqiyә qarışırdı. Mәn masaya zillәnmişdim, anam isә gözlәrini mәndәn çәkmirdi. – Mәktәbdә nәsә olub? – soruşdu. – Deyirlәr ki, ... – boğazım düyünlәndi, – deyirlәr ki, mәn atasızam. Anam qaşığı fincandan çıxardı. Bir anlıq dayandı. Sonra fincannı kәnara qoyub dәrin köks ötürdü. Baxışında nә qәzәb vardı, nә dә acıma. Daha çox ehtiyat vardı – elә bil bu söz onu da yaralaya bilәrdi. – Bәzi sözlәr adama ağır gәlir, – dedi, – bilirәm. Bir az susdu, sanki sözlәrini seçirdi. – Yadda saxla, – dedi. – Hәr dәrdin dәrmanı hәkimdә olmur. Bәzәn adam öz sözünü özü sağaltmalıdır. Mәn dikәldim: – Necә? Anam әlini masanın üstünә qoyub, dәrs deyirmiş kimi davam elәdi: – Sәnә kimsә “atasız” deyәndә, o söz böyüyür. Sәni özü ilә doldurmaq istәyir, amma sәn onun içini boşalda bilәrsәn. – Necә ki? – tәlәsik soruşdum. – Tәkrar elә. – Nәyi? – Elә o sözü. Çoxlu-çoxlu. Tez-tez. Ta ki, söz yorulsun. Ta ki, içindә nә varsa, tökülsün. Mәn anamın gözlәrinin içinә baxdım. Gülümsәmirdi. Özü itmişdi, baxışları isә yerindәydi. – İndi tәkrarla, – dedi, – “atasız”. – Atasız. – Yenә. – Atasız. – Tez-tez. Udqundum. – Atasız… atasız… atasız… atasız… Əvvәl-әvvәl hәr söz dişә dәyәn soyuq su kimi sancırdı. Sonra isә qәribә bir şey oldu. Söz boşalmağa başladı. “Atasız” artıq söz deyildi — sәs idi. Fizika dәrsindәki kimi. Dayandım. İlk dәfә idi daxili nitqim susmuşdu. İçimdәki sükutu eşidirdim. Anam soruşdu:

– İndi necәdir? Özümü dinlәdim: söz fırtınası yatmışdı. Hәmin sözü bir dә dedim. Bu dәfә yüngül idi, rәngi dә açılmışdı.

 – Maraqlıdır… – dedim heyranlıqla. Anam gözlәrini yumub açdı.

– Bax belә, – dedi, – imkan vermә söz sәnin üstündә hökmran olsun. O gecә özümü qәribә güclü hiss edirdim. Elә bil mәnә sehrli çubuq vermişdilәr. Yellәdikcә ağrı susurdu, tәhqir boşalırdı, utanc çәkilirdi. Sonra bu, vәrdişә çevrildi. Kimsә mәni incitmәk istәyәndә, sözü içimdә qәsdәn tәkrar edirdim. Sakitcә. Sözlәr rәngini itirәnә, şәkillәr solana, hisslәr hisә dönәnә qәdәr. Mәn bunu azadlıq adlandırdım. O vaxt bilmirdim ki, sözlәr bir gün geri qayıdacaq. Amma bu dәfә çubuq işlәmәyәcәk. Çünki dilim… dilim artıq sözümә baxmayacaq. Anam mәni birdәfәlik tәrk edәn gündәn evin içi sәssizlәşdi. Divarlar yerindәydi. Masalar, pәncәrәlәr, qapılar da. Amma evin nәfәsi kәsilmişdi. “Ana”. Əvvәl asta dedim: – Ana. Sonra bir dә: – Ana. Sonra sürәtlә: – Ana, ana, ana… Bilirdim nә etmәliyәm. Söz yorulmalı idi. İçindә nә varsa, tökülmәliydi. Axı “ana” da bir sözdür. Amma bu dәfә olmadı. – An-a… Dilimin ortasında nәsә ilişirdi. Sәs yarımçıq kәsilirdi. Bütün gecәni yatmadım, “ana”nı ağrıkәsicimlә keyitmәliydim. Alınmadı. “Ana” – şirin çayın qoxusu. “Ana” – mәtbәxdә stәkanların cingiltisi. “Ana” – “tez ye, soyuyur” demәsi. “Ana” – çantamın toqqasını bağlayanda barmaqlarına dәyәn әlim. “Ana” – pәncәrәdәn gәlәn sәs: “Ay bala, gecdir, gәl evә”. Dayandım. – A… a-na… İndi söz sәs deyildi. İşıq idi. Toxunuş idi. İstilik idi. Anamın sığalı idi. Onun tanış danışıq tәrzi idi. İstәmirdim; onun olduğu mәtbәxdә, onun iliyimә işlәyәn sәsindә, onun geri qayıtmayacaq toxunuşunda әrimәk istәmirdim. Yadırğamışdım. Yenә bu sözü boşaltmağa cәhd elәdim. Amma dilim “a”da dayanırdı. Söz irәli getmirdi. Dilim sözümә tabe olmurdu. Elә bil “ana” deyirdi: bu dәfә dayan. Dayandım.

Mәn sözün içindәn çıxmadım. Söz mәnim içimdәn keçdi. Artıq sözlәri tez deyә bilmirdim, sözlәrin hәr hecası qırtlağımda partlayırdı. Sözlәr sәsә dönmәk üçün mәni divarları güzgüdәn olan otağa salırdı: hәr hecada özümә baxırdım. Qaça bilmirdim, gizlәnә bilmirdim, “mәn”imin sәsini boğa bilmirdim. Bundan sonra dünya yavaşladı, rәnglәr dolğunlaşdı, sәslәrә mәna doldu: qapının cızıltısına da, pәncәrәnin fısıltısına da, döşәmәnin xırtıltısına da. Çubuğumun azadlığı bitdi. Otağım qaldı. Sevgilim soruşdu: – Axı niyә getmәk istәmirsәn? Mәn köks ötürdüm: – Bu… uzun he-hekayәdir. Gözlәrindә narahatlıqla maraq yanaşı durmuşdu. – Bә-bәlkә, bi-bir gün da-danışaram, – dedim.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.