“Biri ikisində” Gün Ay Ümidin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Gün Ay Ümidin şeirləri təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Gün Ay ÜMİD

 

 

 

 

QORXMA, ÖLƏN DEYİLSƏN

 

Yenə soyuqlamısan,

Təklikdəndir, biləsən.

Ürəyimi üstünə

Örtməmisən, deyəsən.

 

Beləcə xatirələr

Qarabasmaya dönüb.

Gözlərinin nurunda

Gör neçə arzu sönüb?

 

Sən də elə bilmisən,

Gün keçib, gecə düşüb.

Pəncərədən aşağı

Gözündən küçə düşüb.

 

Bu da elə dərddi ki,

Qoymaz rahat öləsən.

Mən də belə sağaldım

Sənsizlikdən, biləsən.

 

Əlimi kürəyimə

Vuraraq “qorxma” – dedim.

“Mən sənin yanındayam,

Özünü sıxma” – dedim.

 

Səndən sonra öyrəndim

Özümlə danışmağı.

Səndən sonra öyrəndim

Hər şeylə barışmağı.

 

Pəncərəmdəki quşlar

Öyrəşdi dənsizliyə.

Əvvəl sənə uduzdum,

Sonra da sənsizliyə.

 

İnsan gec-tez öyrəşir

Ölərək yaşamağa,

Özünü bir yük kimi

Çiynində daşımağa.

 

Hələ bunun ümidi,

Hələ bunun ahı var.

Özünə məğlub olan

O qədər sabahı var...

 

Qorxma, ölən deyilsən,

Gedənə heç nə olmaz.

Bu ağrılar-acılar

Gələn payıza qalmaz.

 

Bir gün bu da keçəcək –

Dərdi baltək udmuşam.

Özümü tapan gündən

Səni də unutmuşam.

 

İndi sən də mənimtək

Təsəlliyə ağla, yat.

Qəlbinə soyuq olur

Qapısını bağla, yat...

 

 

PAYIZIN SON ŞEİRİ

 

Mənə nə var, bir dənəm,

Payızı da üşütdüm…

Ürəyimin rəfindən

Xatirəni düşürtdüm.

 

Daha o gündən sonra

Gözümə gün qaçmadı.

Nə xoşbəxtlik, nə sevinc

Bu qapını açmadı.

 

Mənə nə var, təqvimin

Yarpaqları düşəndən

Sənə oruc tutmuşam –

Ocaqda dərd bişəndən.

 

Daha o gündən sonra

Heç nə əvvəlki deyil.

Ötən ildən qalan dərd

Hələ təzədi bu il.

 

Mənə nə var, dözərəm,

Bircə ömür keçsəydi…

Pəncərədə ev tikən

Quşlar uçub getsəydi…

 

Susmuşam, eşidirsən?

Çətin dərdə əyiləm.

Məndən narahat olma,

Onsuz rahat deyiləm.

 

Mənə nə var, susaram

Qulağın batanacan.

Heç nə düzələn deyil

Özümü tapanacan.

 

Bir də bu evə bahar

Gələn deyil, bir dənəm.

Bu qış da sərt keçəcək,

Qalsam, çətin isinəm.

 

Mənə nə var, ömürdü,

Onsuz bir gün bitəcək.

Həsrətin ayaq izi

Qarın altda itəcək…

 

Bu ömrün ortasında

Yazdan qışa keçitdi.

İndi yaxşı bilirəm,

Gözləmək də ümiddi.

 

 

ÜRƏYİMİN İNADI

 

Gəl, bu qədər üzülmə,

Gözündə yaşa dönüm.

Olmayanda olmur e,

Olmur, başına dönüm.

 

Axı sən də bilirdin,

Ürəyim çox zərifdi.

Mən ki tez unudanam,

Yaddaşım çox zəifdi.

 

Bircə ürəyim məni

Eşitmir sən gedəndən.

Bilirəm, darıxırsan

Mən səni tərk edəndən.

 

Ürəyimi başa sal,

Yığsın gözünü yoldan.

De ki, sevmirəm daha,

Sənsiz ölən deyiləm.

Yolunu gözləməsin,

De ki, dönən deyiləm.

 

Ürəyimi başa sal,

Daha xatirələrdən

Səni bir də sor­masın –

Ümidinin yolunda

Ayağını yormasın.

 

Ürəyimi başa sal,

De ki, eşitməz səni –

Xatirələr, xəyallar –

Səsin batınca çığır...

Daha bizdən o yana

Nə yol qalıb, nə cığır.

 

Ürəyimi başa sal,

Kölgə salmasın daha

Şeirlərin sətrinə.

Yaşaya bilmədiyim

Xoşbəxtliyin xətrinə

Ürəyimi başa sal...

 

Vallah, məni eşitmir

Kiçik təsəllilərdən

Mərhəmət diləyəndən.

Özümü səndən asıb

İntihar eləyəndən

Dilə tuta bilmirəm.

Səni atdığım kimi

Onu ata bilmirəm.

 

Ürəyimi başa sal,

Bilsin dönməyəcəksən.

Mən hər gecə səbrimi

Dözümümə əkirəm,

Ahlarımı çarmıxa

Köksüm üstə çəkirəm...

Yaşamaq olmur belə.

Dərdin İSA qolları

Mərhəmət gəzir hələ...

 

Bilirəm, darıxırsan

Mən səni tərk edəndən.

Bircə ürəyim məni

Eşitmir sən gedəndən.

 

Gəl bu qədər üzülmə,

Gözündə yaşa dönüm.

Olmayanda olmur e,

Olmur, başına dönüm.

 

 

UZAQLARDA BİR QADIN VAR

 

Uzaqlarda bir qadın var:

Bəlkə, bir gecə o yanda...

Bəlkə, bir küçə o yanda...

 

Min il böyükdü yaşından...

Gecənin qara çadrası

Sürüşüb düşməz başından.

 

Uzaqlarda bir qadın var:

Atasından görmədiyi

Xoşbəxtliyin bədbəxtidi…

 

Uzaqlarda bir qadın var,

Qismətinin qırışları

Alın yazısına dolub.

Yumruğunun səcdə yeri

Divarların köksü olub.

 

Ata sevgisi görməyən

Qızların güvən duyğusu

Qaranlığa düşgün olar,

Kişilərə küsgün olar…

 

Uzaqlarda bir qadın var,

Nə qəlbinin sıxıntısı,

Nə ümidin qırıntısı

Dərdini soyuda bilməz.

Yetim qalan nəvazişin

Heç kimsə ovuda bilməz.

 

Uzaqlarda bir qadın var,

Yağan yağışın altında

Boğar, göz yaşını boğar...

Elə güclü qadınları

Ən zəif kişilər doğar…

 

 

AÇILMAYAN ÇƏTİR

 

Qapını kimdi döyən?

Mən ki evdə deyiləm.

Dərdlərin sinəsində

Sərgərdanam, veyiləm...

 

Şeirlərə köçmüşəm

Hüzuru, rahatlığı,

Məndən aldığın gündən,

Özünü bu qapıdan

Yola saldığın gündən.

 

Sən gedəndən bu payız

Göz yaşıma sığındı.

İslandı şeirlərim,

Ahım dərddə qızındı.

 

Gözümün qucağında

Damla seli gətirdi.

Bu yağışda təsəlli

Açılmayan çətirdi...

 

Deyirlər, sərt gələcək

Önümüzdəki bu qış,

Nə qədər ki gec deyil,

Qayıt, kəsməmiş yağış.

 

Daha imdad ummasın

Şeirlərin sətiri.

Nə qədər ki gec deyil,

Qayıt, aç bu çətiri...

 

 

YOLUXMA

 

Xəstəyəm, söyləyirlər,

Halıma karıxmışam.

Amma heç kim bilmir ki,

Mən sənə yoluxmuşam.

 

Gəlib halıma baxsan,

Ömrün başın qatardım.

Sən də mənə yoluxsan,

Bəlkə, şəfa tapardım.

 

Nəfəsinin buxarı

Mənim təmiz havamdır.

Elə sənin qucağın

Mənim isti yuvamdır.

 

Gəl, otur baş ucumda,

Yeni nağıllar danış.

Uydur yalanlarını,

Doğrularıma qarış.

 

De, günlərin birində

Həsrət saçını hörməz.

Başıaşağı gəzən

Göy üzün görə bilməz.

 

Eh, bu əclaf xəstəlik,

Ağlı yox, qəlbi seçdi.

Dərdlərimi bilənlər

Gülüb halıma, keçdi.

 

Bomboş təsəllilərdən

Dərd oduna qəlb bişdi.

Heç nə də dəyişmədi,

Əşyalar yer dəyişir.

 

Bu gecə də yatmadım,

Göz yaşımı gizlədim.

Bu gün də xəyalını

Film kimi izlədim.

 

Qum saatı süzüldü,

Ömürdən nə qaldı ki?

Can qurban etdiyim kəs

Ömrü yola saldı ki...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.