“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Bu həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.
3-CÜ YER
XATİRƏ NURGÜL
“BİLALIN QAYIDIŞI”
Kәndi duman bürümüşdü. Şehdәn islanmış torpaq yupyumşaq idi. Bilal hәr sәhәr atı Qarağacı suvarmağa aparırdı. Qarağacın buğlanan nәfәsi suya toxunur, suyun üstündә sükut dolanırdı. Kәndin günәşi, tozlu-palçıqlı yolu, kürәdә bişәn çörәyin әtri – bunlar Bilalın dünyasının sәrhәdlәri idi. O, çayın sahilindә saatlarla oturar, yerdәn tapdığı çınqılları suya atar, çınqılların suda yaratdığı halqalara uzun-uzadı baxardı. Bu dәfә dә atı minib meşәyә getdi. İçindә qәribә bir nigaranlıq vardı. Sanki harasa tәlәsirdi. Hara? Bunu özü dә bilmirdi. Çayın kәnarında dayanıb suya baxdı, baxdı. Suda görünәn әksi ona “gәzmәk, yaşamaq, dәyişmәk lazımdır” – deyirdi... Kәndin qocaları deyәrdilәr: “Şәhәrdә pul var, Bilal. Orda iş var, hәyat var”. Bilal gülәrdi, amma hәmin gecә yata bilmәzdi. Kәndin ulduzlu sәması ona bәzәn kiçik görünürdü, ulduzlar sayrışırdı, amma heç birinin işığı içinә çatmırdı. Axşam ocağın yanında oturanda atası bir söz demişdi: “Oğul, bu torpaq sәni saxlasa da, doyura bilmәz”. Elә hәmin an Bilal qәrarını vermişdi – şәhәrә gedәcәkdi. Sәhәri gün atını satdı. Anası ağladı: “Atı satmaq – evin nәfәsini satmaq kimidir”. Bilal dinmәdi. Hәmişәlik ayrıldığı Qarağacın yalı külәkdә oynayarkәn içindәn bir şey qopdu. Amma nә olduğunu başa düşmәdi. Belәcә, Bilal kәnddәn çıxdı. Torpaq ayaqlarından yapışdı. Sanki “getmә, qal” – deyә yalvardı torpaq. Amma o getdi, rütubәt qoxusunu, çayın sәsini, atın hәnirtisini geridә qoyub getdi. Avtobusdan düşәndә sәrt külәk şapalaq kimi üzünә çırpıldı, amma ona elә gәldi ki, bu, azadlıqdır. Şәhәrә çatanda onu heyrәtlәndirәn ilk şey göydәlәnlәr oldu. Sanki bu nәhәng tikililәr buludlara toxunmaq üçün ucaldılmışdı. Kәnddә göyә baxarkәn gördüyü yeganә işıq ulduzlar idi, burada isә hәtta ulduzlar da göydәlәnlәrdәn süzülәn işıqların çoxluğundan, parıltısından utanırdı. Bilal özünü cılız hiss etdi, amma bu cılızlığın içindә qәribә bir istәk vardı: böyümәk, dәyişmәk, şәhәrli olmaq. İlk günlәr hәr şey ona maraqlı gәlirdi – metro sәsi, avtomobillәrin işıqları, küçәdәki qәlәbәlik. Hamı harasa tәlәsirdi, amma heç kim heç hara çatmırdı. Bilal da onların arasında addımlayırdı. Cibindә bir az pul, ürәyindә böyük arzular. İş tapmaq çәtin olmadı. Onu tikintiyә fәhlә götürdülәr. Heyrәt yaradan göydәlәnlәrin tikintisindә işlәyәcәkdi.
Әllәri qabar bağlayır, bәdәni yorulurdu. Axşamlar uca binanın üstündәn şәhәrә baxırdı. Aşağıda minlәrlә işıq yanırdı. Amma o işıqların heç biri Bilalın deyildi. Gecәlәr tәk qalanda qulağına nәnәsinin sәsi gәlirdi: “Su iç, Bilal, bulaq suyu dadlı olur”. Amma plastik butulkadakı bulaq suyunun nә dadı vardı, nә ruhu. Bir dәfә işdәn sonra tanışları onu әylәncә klubuna apardılar. Musiqi, sәs-küy, parıltı, gülüşlәr… hamısı bir-birinә qarışmışdı. Bilalın başı gicәllәndi. Onda düşündü ki, bәlkә dә әsl hәyat elә budur – sürәtli, gurultulu, işıqlı. Öz-özünә dedi: “Hә, artıq mәn dә şәhәrliyәm”.
***
Bilal artıq neçә ildi şәhәrdә yaşayırdı. Geyimindәn, danışığından, baxışından kәndi silib atmaq istәyirdi. Bәzәn güzgüyә baxanda özünü tanımırdı. Fәhlәlikdәn ustalığa yüksәlmişdi. Babat pul qazanırdı, amma içindәki boşluq getdikcә daha da dәrinlәşirdi. Bir qız vardı... Bilal ona baxanda içindә qәribә bir istilik yaranırdı, amma onunla danışanda sanki sözlәri baş-ayaq deyirdi. Qız eynәn şәhәr kimi idi – sәliqәli, gülәrüz, inadkar, soyuq. Bilal onun baxışlarında heç vaxt sәmimiyyәt görmәdi. Qız bir dәfә gülümsәyib demişdi: “Sәn çox sakit adamsan”. Bilal isә gülümsәyә bilmәmişdi. Vaxt keçdikcә şәhәr Bilalı özünә oxşatdı: o da şәhәr kimi hәr an tәlәsirdi. Bir gün tikintinin damında dayanıb aşağı baxdı, yollar insan seli ilә dolu idi. Birdәn içindә bir sәs eşitdi. Bu, çayın şırıltısı idi. Әllәri ilә qulaqlarını tutdu, amma sәs kәsilmәdi. O an anladı ki, kәndin sәssizliyi bu sәs-küylü şәhәrdә belә onun yol yoldaşı olacaq.
Bilal artıq üç ildi şәhәrdә idi. Qızla görüşlәr azalmışdı. Bәzәn bir kafedә sәssizcә oturardılar. Qız telefona baxardı, Bilal pәncәrәdәn çölә. Bir dәfә qız soruşdu:
– Niyә hәmişә uzaqlara baxırsan?
Bilal gülümsәdi: – Bilmirәm. Bәlkә dә orada özümü axtarıram.
O, kәnddәn danışmağa cәhd etdi. “Bizdә axşamlar evlәrin içindәn çayların sәsi gәlirdi”. Qız üzünü yana tutdu: “Maraqlıdır”. Vә susdu. Bilal o an anladı ki, doğrudan da bәzi sәslәr şәhәrdә eşidilmir. Bir gün güclü yağış yağdı. İş saatı idi. Bütün fәhlәlәr qaçdı, Bilal damda qaldı. Üzünü göyә tutmuşdu. Yağış damlaları alnına dәyirdi, o isә gözlәrini yumub kәndi düşündü: palçığın qoxusu, yağışdan sonra torpağın nәfәsi, Qarağacın burnundan çıxan buğ... Bütün paltarları islanmışdı, amma içindә qәribә bir tәmizlik hiss etdi, sanki şәhәrin kiri-pası yuyulmuşdu. Axşam qızdan ismarış gәldi: “Biz bir-birimizә uyğun deyilik”. O, әvvәl uzun-uzadı telefona, sonra pәncәrәdәn şәhәrә baxdı. Hәmin axşam yuxuda gördü ki, kәnddәdır. Çayın suyu bulanıb, Qarağac yuxuya gedib, anası onu çağırır, amma sәsi gәlmir. Oyananda üz-gözü dә, balışı da islaq idi. Hәmin sәhәr Bilal qәrar verdi: qayıtmaq lazımdır. Bilal kәndә qayıdanda payız idi.
Yollar yağışdan palçığa bürünmüşdü, ağacların yarpaqları saralmışdı, sanki hәr biri bir köhnә xatirәni xatırladırdı. Kәndә çatanda torpağın qoxusu burnuna doldu. Qәlbindә nәsә oynadı, elә bil illәrdir susmuş uşaq danışmaq istәyirdi. Hәr şey eyni idi – ev, dağ, yol. Bilal dәyişmişdi. Әllәrini torpağa toxundurdu, amma torpaq sanki yadlaşmışdı. Qapı aralığında rәhmәtlik nәnәsinin toz basmış köhnә sandığı dururdu. O, әyilib sandığın üstünә әlini qoydu, amma istilik yox idi. Kәnddә qonşu ilә rastlaşdı. Hal-әhval tutdu. Qonşu Bilalı tanımadı. – Kimsәn, kimlәrdәnsәn, ay oğul? Bilal gülümsәdi: – Mәnәm. Bilalam. Başını yellәdi: – Ay Bilal, nә yaman dәyişmisәn, elә bildim şәhәr adamısan.
Sәhәr açılar-açılmaz, çayın sahilinә endi. Su yenә axır, amma sanki başqa dildә danışırdı. Әllәrini suya saldı. Su yad idi. Gözlәrini yumdu. Külәk kәndin sәsini gәtirirdi. Köhnә qapıların cırıltısı, itlәrin hürüşmәsi, uzaqda bir uşaq gülüşü. Amma bu sәslәr artıq onu tanımırdı. Bilal ayağa qalxıb meşә yoluna tәrәf getdi. Bir vaxtlar Qarağacı sürdüyü, gәncliyinin qoxusunu daşıyan o cığırı indi ot basmışdı. Qarağac sanki hardasa kişnәdi. Bilal әtrafa baxdı, amma o, yox idi. O, kәndlә şәhәr arasında dayanmışdı, bir tәrәfdә işıqsız, amma isti torpaq, o biri tәrәfdә parlaq, amma soyuq binalar. Bir neçә gün kәnddә qaldı. Hәr sәhәr eyni sükut, eyni sәssizlik. Artıq sakitlik dә ona rahatlıq vermirdi. Gözlәrini göyә qaldırdı: ulduzlar parlamırdı. O an başa düşdü ki, nә kәndә, nә şәhәrә dönә bilәr. Çünki hәr ikisi onun içindә olsa da o, heç birinә aid deyil.
Günәş şüaları ilә yeri salamlayırdı. Torpaq isә hәlә dә rütubәtli idi. Bilal yavaşca ayağa qalxdı vә bir addım atdı, sonra daha bir addım… Vә o, yoxa çıxan sәs kimi torpağa, suya, külәyә qarışdı.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)


