Yenə də aldadır duyğular bizi - Təranə Dəmirin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün və sabah sizlərlə Təranə Dəmir olacaq. O, yeni şeirlərini ixtiyarınıza verir, buyurun, oxuyun. Şeirlər sizin həm zövqünüzü oxşayacaq həm də düşündürəcək.

Beləliklə, növbəti 5 şeir.

Xoş mütaliələr!

 

 

6.

 

Nə çətinmiş bu payızın sevgisi,

Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.

Saçlarını payız yeli dağıdır,

Küsər deyə, "o yana dur" demirsən,

Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.

 

Bulud tökür sellərini üstünə,

Aradabir günəş baxır uzaqdan.

Bir ümidə sığınırsan, onda da

Göy gurlayır, şimşək çaxır uzaqdan.

 

Gündüzləri küçə küçə atırsan

Gecələrin həsrətini gözündən.

Yavaş yavaş şeirləşir bu sevgi,

Varaq varaq tökülürsən özündən.

 

Nə sevgini gizləməyə bir yuva,

Nə dərdini ovutmağa yer olur.

Nə getməyə yol tapırsan özünə,

Nə təzədən qayıtmağa yer olur.

 

Nə çətinmiş bu payızın sevgisi,

Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.

Saçlarını payız yeli dağıdır,

Küsər deyə, "o yana dur" demirsən,

Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.

 

 

7.

 

Səni addım səslərindən tanıyıram,

Səni küçələrin yelçəkənindən.

Səni dənizin  ləpəsindən,

Səni dalğaların pıçıltısından tanıyıram.

Küləklərində nazlanıb saçlarım,

Yağışlarında islanıb.

Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə,

Səhərləri səninlə salamlamışam günəşi,

Baxışlarında xumarlanıb xəyallarım.

Hara getsəm kölgə kimi düşüb baxışların  arxamca,

Keçirmisən məni zülmətdən işığa,

Nağıl-nağıl ovutmusan.

Səndə aza-aza tapmışam özümü,

Yoxsa unutmusan?

Səni işıqlarından tanıyıram,

Səni qaranlığından.

Səni yuxusuzluğundan tanıyıram,

Səni yorğunluğundan.

Məni sabaha uğurlyıb dəli Xəzər,

köhnə dalanlar, sürüşkən küçələr.

Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram,

Səni xəzəllərindən.

Bakı, sən ey ayrılığa sevdalı şəhər,

Nöqtələr, nöqtələr...

 

 

8.

 

Bir yuxu tuta səni,

Dəli-dolu bir yuxu.

Qata səni önünə

Bu möcüzə, sirr yuxu.

Yerdən, Göydən keçirə,

Səsdən, küydən keçirə.

Yaxandan elə tuta

Yaxan qala əlində.

Gedəsən uzaqlara

Bir yuxunun belində.

Unudasan hər şeyi,

Ayrılığı, həsrəti.

Qaranlığı, zülməti.

Çıxasan yaddaşından,

Doğmanın da, yadın da,

Çəkilə üzərindən

Sinsi-sinsi  baxışlar.

Günlərin bir günündə

Bir məktub göndərələr

Sənə sənin adından:

"Getdim, məni bağışla"

Təzədən doğulasan,

Təzədən yeriyəsən,

Təzədən yıxılasan.

Təzədən ağlayasan,

Təzədən kiriyəsən.

Təzədən seviləsən,

Təzədən qırılasan,

Təzədən yaşayasan,

Təzədən yorulasan..

Bir yuxu tuta səni...

 

 

9.

 

Hələ təbiətin bahar çağıdı,

Hələ bağlar yaz ömrünü yaşayır.

Günəş-günəş sığallanır ağaclar,

Hələ güllər naz ömrünü yaşayır,

Hələ bunun töhməti var qabaqda.

 

Ulduz -ulduz xəyallanır gecələr,

Ulduz-ulduz yuxu axır gözündən.

Quşlar yenə salamlayır səhəri,

Nur tökülür səhərlərin üzündən,

Hələ bunun zülməti var qabaqda.

 

Ürəklərdə min arzu var,min ümid,

Sevənlərin üzü gülür hələ ki.

Bahar donlu, yaz ətirli duyğular

Yavaş-yavaş sözə gəlir hələ ki,

Hələ bunun həsrəti var qabaqda.

 

 

10.

 

Ruhumuz yenə də dərdə köklənib,

Yenə də aldadır duyğular bizi.

Çıxıb yadımızdan bütün fəsillər,

Qoymur göz açmağa qayğılar bizi.

Gecə səhərəcən vaxtı sayırıq,

Zaman öz işində, ürək tələsir.

Qaranlıq işığa meydan oxuyur,

Sevginin qabağın ayrılıq kəsir.

 

Hər gün başımızda kədər dolaşır,

Hər gün ömrümüzdə qəm çiçəkləyir.

Hər gün suya düşür xəyallarımız,

Hər gün gözümüzdə nəm çiçəkləyir.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.