İbrahim İlyaslı,
Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri, Əli Kərim adına Poeziya Evinin direktoru.
“Ədəbiyyat və incəsənət”
Artıq qırx gündür ki, əziz Ustadımın xatirələri xəyalımda dolaşır. Gözlərim önündə surəti canlanır, qulaqlarımda həzin, doğma səsi əks-səda verir. Əzbərimdə olan şeirləri yenidən dilimdə səslənib-süslənir, könlümü işıqlandırır. Onu mənə sevdirən ilk şeirini xatırlayıram:
Az-az görüşürük, ay ana, az-az,
Bu sirri analar bilməmiş olmaz.
Çoxları can atır şöhrətə, ada,
Şöhrət də hamının nəsibi olmur.
Təpədən-dırnağa soyulmaqla da
Hamı şair olmur, Nəsimi olmur.
Yadıma ilk görüşümüz düşür. Həmin günü anbaan xatırlamağa çalışıram və budur, 1985-ci ilin isti yay günü gözlərim önündə varaqlanmağa başlayır.
Çəkinə-çəkinə "Sosialist Sumqayıtı" qəzetinin redaksiyasına yaxınlaşıram və özümü toparlayıb ikinci mərtəbəyə - redaktorun otağına qalxıram. Şeir gətirdiyimi biləndə məni Nəsimi adına Mədəniyyət və İstirahət parkına yönəldir, şeirlərini apar, Əşrəf Şəfiyevə göstər, -deyir. Şəhərdə tanıdığım yeganə qələm adamı, eloğlum Xanəmir Məmmədoğlunun vasitəsilə Parkın inzibati binasının arxasındakı üstüaçıq otağa gəlib çıxırıq.
İçəridə xeyli orta yaşlı və gənc yazarlar toplaşmışdı. Salam verib ehtiyatla bir qıraqda əyləşdim. Bu mənim üçün imtahan kimi bir şey idi. Və budur, Əşrəf Əşrəf müəllim içəri keçdi və ədəbi məclis başladı. Məlum oldu ki, məndən başqa hamı bir-birini yaxşı tanıyır. Növbə ilə şeirlər oxunur, müzakirələr aparılır, bəzən sərt iradlar, bəzən də səmimi təqdir sözləri səslənirdi.
Nəhayət, mən də özümü təqdim edib, bir neçə şeir oxudum. Cüzi iradlar səslənsə də, ümumilikdə şeirlərimi yaxşı qarşıladılar. Əşrəf müəllimin dilindən tərif eşitmək isə, iyirmi üç yaşlı bir gənc üçün ayrı aləm idi, əlbəttə.
Ciddi qələm adamı olan hər kəs, eləcə də hər bir ayıq oxucu yaxşı bilir ki, Ustadlıq məqamına yetişmək hansı cövrü-cəfadan, hansı əzablardan keçir. Bu məqamı haqq eləmək hər şairə nəsib olmur. Bunun üçün şairdən ömrünü haqq yolunda girov qoymaq tələb olunur. Ömür dediyin istər uzun olsun, istərsə də gödək – sonucda sənin həyat yolun və qələmindən çıxanlar sənə sahib duracaq. Yalnız yaşadıqlarını yazmaq və yazdıqlarını yaşamaq şairi ədəbiyyat tarixinə qəbul eləyir. Ustadımız Əşrəf Veysəlli bütün bunları bizdən daha yaxşı bilirdi. Elə bildiyindən dolayı idi ki, əsl şair ömrü yaşayıb , Ustad məqamında ömrə əlvida dedi.
Bu yazını yazarkən ilk tanışlığımızdan tutmuş, onu haqq evinə uğurlayana qədər bütün yaşantılarımız gözlərim önündə canlanır. Əşrəf Şəfiyev imzası ilə tanıyıb, Əşrəf Veysəlli imzası ilə isə özümüzə Ustad bildiyimiz Əşrəf müəllim sözün əsl mənasında bütün varlığı ilə özündən sonra gələn ədəbi nəslə örnək oldu.
Onunla bağlı xatirələrə baş vurası olsam, gərək xalq dastanlarında deyildiyi kimi, qırx gün, qırx gecə danışam ki, ürəyimi boşaldam. Düşünürəm ki, zaman-zaman bu dastanın ayrı-ayrı səhifələri yazılacaq və yeni nəsil oxuculara ərməğan olunacaq. Çünki o, təkcə zəmanəmizin yox, bütün zamanların şairi olmaq haqqını qazandı. Şair taleyi yaşadı və tale şairi oldu.
XX əsrin ikinci yarısı ilə XXI əsrin başlanğıcının qovşağındakı ədəbiyyat tariximizdə "60-cılar nəsli” kimi bilinən ədəbi nəslin öncüllərindən biri olaraq tarixə qovuşdu. Yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparıldı, həmişə ədəbi tənqidin və ədəbiyyatşünasların diqqət mərkəzində yer aldı, şeirləri dillər əzbəri oldu, aşıqlar şeirlərini saza qaldırdılar, xanəndələr onun şeirlərinə dönə-dönə müraciət etdilər. Bütün bunlar onun çağdaş Azərbaycan poeziyasındakı yerini, söz sərrafı olan oxucuların qəlbindəki mübarək məqamını nişan verdi. Ölkəmizin ünlü xalq şairləri olan Osman Sarıvəlli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza, Qabil və başqaları onun yaradıcılığı haqqında yüksək fikir söylədilər, aşağı-yuxarı həmyaşıdları olan xalq şairləri Musa Yaqub, Ramiz Rövşən, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, eləcə də Fikrət Sadıq, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Dilsuz, İsa İsmayılzadə həmişə, hər yerdə qələm dostları olaraq Əşrəf Veysəllini çox sevdiklərini dilə gətirdilər. Azərbaycanın bənzərsiz şairi Əli Kərimin, publisistikamızın və jurnalistikamızın bənzərsiz imzası Feyzi Mustafayevin ən yaxın dostu və sirdaşı oldu. Onun Feyzi Mustafayevlə dostluğu isə ayrıca bir ədəbiyyat və həyat hekayəsinin mövzusudur. Feyzi Mustafayevlə Əşrəf Veysəllinin birlikdə yazdıqları “İki dostun bir ürəyi” kitabına hər ikisinin istəyi ilə redaktorluq etdi. Kitabın nəşri ərəfəsində yetərincə örnək macəraların şahidi oldum. Əşrəf müəllimin yerişi, duruşu, söz-söhbəti, zarafatı, qəzəbi, sevgisi, nifrəti hər hadisəyə, hər məsələyə münasibəti, ailə-məişət davranışı, hətta məmurluğu belə şairanə idi. Bir sözlə, O, bütün məqamlarda şair olaraq qalırdı. Bir ömür bu halda qalmağı hər şair bacara bilmir. Şairlik onun taleyi idi. O, bu əzablı taleyə ləyaqətlə sahiblənmişdi və ləyaqətlə də başa vurdu. Ustadlıq məqamını da özündən sonra gələn ədəbi nəslə həm yaradıcılığı, həm də həyat yolu ilə örnək olmaqla fəth etdi. Gənc ədəbi nəslə həmişə diqqət və qayğı göstərdi, darda-çətində onların qolundan tutdu, yeni ədəbiyyata gələnlərin sevgilərini və sayqılarılnı qazandı.
Əslində, Əşrəf Veysəllinin şeir kitabları həm də onun tale kitablarıdır. Bir neçə bioqrafik şeirini oxumaq yetər ki, onun bütün özkeçmişini – tərcümeyi-halını varaqlamış olasan. Bu şeirlərdə zərrəcə də həqiqətdən sapınmaq yoxdur, əksinə, o, etirafları ilə səmimiyyət mücəssəməsinə dönür. Odur ki, oxuculara mənim bu xatirə yazımdan daha çox onun şeirlərini oxumağı tövsiyə edirəm. Çünki, Əşrəf Veysəlli şeirlərində onun canlı abidəsi var...
Sumqayıt və Əşrəf Veysəlli isə ayrıca bir yazının mövzusu olsa da, bir neçə kəlmə də bu haqda deməyin yeri var. Qısaca ifadə edəsi olsaq, deyərdim ki, o həm də şəhərimizin ədəbi siması idi. Sumqayıtda Əli Kərim adına Poeziya Klubunu quranlardan biri olmuşdu, Vaqif İbrahimdən sonra bu kluba rəhbərlik etmək onun taleyinə yazılmışdı. Bu vəzifədə çalışdığı müddətdə şəhərin ədəbi camiəsini bir araya gətirib, ciddi bir ədəbi mühit formalaşdırmışdı, ədəbi gəncliyin inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Məhz onun sayəsində Sumqayıt ədəbi mühiti ölkənin ən öncül ədəbi mühitinə çevrilmişdi. 1990-cı ildən bu yolu davam etdirmək mənə həvalə olunsa da, hər zaman onun dəstəyinə və məsləhətlərinə ehtiyac duyurdum. Ağsaqqallıq missiyası yenə də onun boynuna düşürdü və o, bu missiyanı sevə-sevə, heç bir təmənna ummadan yerinə yetirirdi. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin müdiri olanda da, Həmkarlar Təşkilatının sədri olanda da, Teatrın direktoru olanda yenə onun cazibəsində dövr edirdik. Əşrəf Veysəlli bir şair və şəxsiyyət olaraq da cazibədar bir insan idi. Onunla hər görüşdən aydınlanmaq, işıq götürmək olurdu. Bütün varlığı ilə millətə və Vətənə bağlı idi. Şeirlərində olduğu kimi, əməlləri ilə də yeni nəslə Vətən dərsi keçirdi. Biz ondan həmişə öyrənirdik. Milli azadlıq hərəkatı zamanı həbs edilib Lefortovo zindanına atılan Xəlil Rzanın ilk müdafiəsinə qalxan və ona şeir yazıb göndərən də Əşrəf müəllim oldu. “Atdılar Zindana Xəlil Rzanı” şeirini yazmaq o vaxt üçün böyük cəsarət tələb edirdi. Əşrəf Veysəlli cəsarətli şair idi.
Əşrəf müəllimin iştirakı və rəhbərliyi ilə keçirilən, eyni zamanda mənim də iştirak etdiyim bir-birindən mənalı ədəbiyyat tədbirlərini sadalamaqla qurtarmaz. Fərdi görüşlərimizin hər biri isə ayrıca bir xatirədir.
Sumqayıt ədəbi mühitinin bütöv və şərəfli bir qərinəsi məhz Ustad Əşrəf Veysəllinin adı ilə bağlıdır. Onun əziz xatirəsi həm bizim, həm də gələcək nəsillərin qəlbində daim yaşayacaq. Zəngin ədəbi irsi dönə-dönə tədqiq olunacaq, öyrəniləcək və öyrədiləcək. Ömrünüzün davamı olan şeirləriniz isə əbədi yaşayacaq, Ustad.
Məqamın behişt, ruhun şad olsun!
Şair Əşrəf Veysəlliyə
Hər şair nəfsiylə bacara bilmir,
Hər şair keçəmmir şöhrətdən, «ad»dan.
Hər oğul haramsız çəkiyə gəlmir,
Hər oğul halallıq ummur dünyadan.
Səni tez oyatdı şair ilhamın,
Duydun – bu əzablar haqqa cəmiymiş.
Dedin: «Şair olmaq ayağı yalın
Süngülər ucunda gəzmək kimiymiş».
Avarı sərrastdı, ləngəri ağır,
Axını tərsinə üzən şairin.
Qanı qələmindən daşdanıb çıxır,
Süngülər ucunda gəzən şairin.
Bilirdin – bu yollar gözü qanlıdı,
Bilirsən – bu yollar Hələbdən keçir.
Bilirdin – bu dünya üzü qanlıdı,
Bilirsən – örkəni kələkdən keçir.
Köksüyün altında düşərgələr var,
Sən – zindan şairi, sürgün şairi.
Belə olmalıydı, belədi ki, var,
Veysəllidən çıxan türkün şairi.
Fitnə – fəsadlardan gen yaşayırsan,
Lələ, bu duyğular sənə doğmadı.
Çünki bu şəhərdə sən yaşayırsan,
Sumqayıt bu qədər mənə doğmadı.
İlhamın qoynundan sıyrılıb çıxıb,
Dərədə dumanın, zirvədə çənin.
Halal qələm tutan əlini sıxıb,
Halal ürəyindən öpürəm sənin.
“Ədəbiyyat və incəsənət”
(15.07.2026)


