“Biri ikisində” Ceyhun Ötkəmin şeirləri ilə - MÜTLƏQ OXUYUN! Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Ceyhun Ötkəmin şeirləri təqdim ediləcək. Biz oxuduq və təəccübləndik. Qafiyələrdən və söz oyunundan xırda-xırda möcüzələr yaradıbdır Ceyhun Ötkəm.

Siz də oxuyub təəccüblənəcək, ən əsası, bəyənəcəksiniz.

 

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

                                                

 

Ceyhun ÖTKƏM

 

***

 

qəfildən,
soyuq əllərin boynuma dəymədi –
üşüdüm, eynəkli qız...
üşüdüm...
tap görüm,
mən bu boyda acını neylədim?!
yaşadım, eynəkli qız...
yaşadım...
mən-yaşadım desəm də,
məni təkcə sən başa düşdün...

sən başa düşdün, eynəkli qız...
amma sən də səhv başa düşdün,
səhv başa düşdün, eynəkli qız...

çıxar eynəyini –
gözün yolda dörd olmasın...
gedən ömürdürsə-azalan yaşımızdır...
bunu sənə
məktəbdə öyrətmədilər, eynəkli qız:
ömür-ən zalım
isimdir,
bir gün hamıdan əbədi getməkdir...
mən buna bir ipucu tapmışdım,
tapmışdım, eynəkli qız:
gördüm ki, ipin ucu ilməkdir...

bilməkdir-eynəkli qız...
vacib olan bunu bilməkdir,
bizi ayaqda tutan –
yıxmağa çalışanlardır...

bunu ilk dəfə sənə danışıram,
danışıram, eynəkli qız...
uşaqkən yıxıldığım çəkil ağacından
çəlik düzəltmişəm –
tutunmağa çalışıram,
çalışıram, eynəkli qız...


***

Əzizim ağaclar, canım ağaclar,
Mən ki qırmamışam budağınızı.
Qışın soyuğunda yalqız görsəniz,
Mənə bağışlayın yarpağınızı...

Mən də bu eldənəm, qərib deyiləm,
Dəvəm can üstədir, ərəb deyiləm.
Analar, dilimə gəlib, deyirəm:
Nə tez böyütdünüz uşağınızı?

Uduzduq dünyanın bu səs-küyündə
Sevdalar tapdanır toyda, düyündə...
Kimin barmağı var bəxt üzüyündə?!
Biriniz qatlayın barmağınızı!


***

indi tək şirin şey xatirələrdi,
papiros zəhərdi, araq acıdı.
mıxlanıb əllərim bir xoş duaya
qollarım sümükdən dar ağacıdı.

səninçün yandısa bu can, bu bədən,
düşünərdin gərək “odun” demədən.
kişilər içinə ağlayır dən-dən,
kişilər odun yox, nar ağacıdı.

sən mənim gövdəmi elə dəlmisən...
indi bu halıma məəttəlmisən?
ömrümün qışında niyə gəlmisən?
qışda hər bir ağac qar ağacıdı.

zaman xıtır-xıtır kəsir əlacı,
bir gün görərsən, ay başımın tacı:
bir qoca gətirib bir əl ağacı...
əsa ən sonuncu bar ağacıdı...

***

səni sevmək –
həqiqətlə rəngləməkdi bütün yalanları...
salamlamaqdı bütün Tanrıları,
inanmaqdı bütün mövhumatlara...
dua etməkdi içindən gəldiyi kimi,
oxuya bilməkdi ağlına gələn mahnını...

uçarkən Sena çayı üzərindən
toxuna bilməkdi Notr-Damın qülləsinə,
Korkovado dağına,
Məsihin heykəlinə...

səni sevmək-qara kağıza mömin,
ağ kağıza rahib şəkli çəkməkdi...
kağızlardan təyyarə düzəldib
atmaqdı Everest zirvəsindən...
düşüb Qanq çayında üzməməkdi
balıqları...

səni sevmək-Padarçöl düzündə,
yulğun topasının kölgəsində
oyanmaqdı yuxudan...
çörəyinin son tikəsini
şəfqətlə verməkdi çoban itinə... 

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.