“Payız-payız darıxıram özümçün” - Təranə Dəmirin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün və sabah sizlərlə Təranə Dəmir olacaq. O, yeni şeirlərini ixtiyarınıza verir, buyurun, oxuyun. Şeirlər sizin həm zövqünüzü oxşayacaq həm də düşündürəcək.

Beləliklə, ilk 5 şeir.

Xoş mütaliələr!

 

 

1.

Bu adam kimə əl çalır?

Gəlib gedənə alçalır,

Başın sağ olsun, İlahi!

 

Bu qadın niyə yorulub?

Gözündə həya, yorulub,

Üzü ağ olsun, İlahi!

 

Bu çiçək niyə ağlayır?

Batıbdı suya, ağlayır,

Qoyma boğulsun, İlahi!

 

Bu ağac niyə quruyub?

Dırmaşıb göyə, quruyub,

Qoyma yıxılsın, İlahi!

 

Bu dünya niyə boşalıb?

Gedir ölümə, baş alıb,

Dəymə, dağılsın, İlahi!

 

 

2.

 

Bu yolun əvvəlin bildik

Bəs bunun sonu hardadı?

Gecəni birtəhər keçdik,

Bəs bunun danı hardadı?

 

Bilmədik, girdik oyuna,

Baxmadıq adam sayına,

Düşdük həqiqət hayına,

Tapmadıq, hanı, hardadı?

 

Hər gün bir yalan doğuldu,

Şər-böhtan, filan, doğuldu,

İlandan ilan doğuldu,

Bu Qır qazanı hardadı?

 

Üstümüzə dərd uladı,

Oba köçdü, yurd uladı,

Çaqqallar meydan suladı,

Bunun aslanı hardadı?

 

Tez-teləsik yola çıxdıq,

Hardan gəldik, hara çıxdıq,

Bu nağıl da yarımçıqdı,

Bunun qalanı hardadı?

 

 

3.

 

Qaşını çatıb durmusan,

Küləkdən tutub durmusan,

Torpağa batıb durmusan,

Külün mübarək, mübarək.

 

Belin, buxunun bükülüb,

Gözlərin yerə dikilib,

Qolun, budağın tökülüb,

Çulun mübarək, mübarək.

 

Üstün başın toz içində,

Qıvrılırsan söz içində,

Nə çəkirsən öz içində?

Yolun mübarək, mübarək.

 

Yarı daşsan, yarı ağac,

Yarı quşsan, yarı ağac,

Gülləmisən, quru ağac,

Gülün mübarək, mübarək.

 

 

4.

 

Bu quşların, böcəklərin səsində,

Ağacların, çiçəklərin səsində,

Bahar donlu küləklərin səsində

Payız-payız darıxıram özümçün.

 

Yağan yağış pəncərəyə gül çəkir,

Baxışlarım uzaqlara yol çəkir,

Üşüyürəm, xatirələr yel çəkir,

Payız-payız darıxıram özümçün.

 

Gələn bahar göz yaşımı qurutmur,

Şeirlərim nisgilimi ovutmur,

Çağırıram, o qız geri qayıtmır,

Payız-payız darıxıram özümçün.

 

 

5.

 

Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində,

Səhər  o qədər  çırpınmışdı ki, külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə,

Mürgü döyürdü göy üzündə səssizcə.

Pərdələr pəncərələri yelpikləmirdi,

Nəfəsi tıncıxırdı şəhərin,

Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü.

Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.

 

“Ədəbiyyat və incəsənət”

(15.06.2026)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.