TURAN UĞUR, “ƏBABİL QUŞU”
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Bu həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir. Bu gün 3-cü yeri qazanmış Turan Uğurun “Əbabil Quşu” hekayəsi ilə tanış olacaqsınız.
Turan UĞUR
ƏBABİL QUŞU
(Fantasmaqorik hekayə)
Bağçaya pişiyin yeməyini verməyə düşmüşdüm ki, eyvana əyilən çarpaz budaqda naməlum bir quş görüb diksindim. Döyüş pualarına oxşayan bu quşa ilk dəfə idi ki rast gəlirdim. Heybətindən bir qədər qorxsam da, keçirdiyim qarışıq, mübhəm hissi diktəsi ilə könlümü xoş bir duyğu da bürüyürdü. “Əlimi quşa uzatsam, uçacaq” fikri ilə, yarımçıq vəziyyətdə gərilmiş sağ qolumu həmən geriyə çəkəsi oldum. Sol əlimdə isə pişiyimiz Qaraşın yemək boşqabı elə çalxalandı ki, az qala borşun qırmızı suyu üstümə sıçrayacaqdı. Bəli, borş. Pişik yeməyi bitib, soyuducuda sosis, kolbasa qalmayıb, əlimə dünənki Ukrayna borşu keçdi, doğradım çörəyi qaba ki, pişiyə verim, bir az anlasın insan olmağın zillətini.
Pilləkəndən enən Qaraş mənə heç macal vermədən üstümə tullanır, sağıma-soluma keçir, dünəndən ac qalmış mədəsini dolduracağının ləzzətini yaşayırdı. Pişiyə borş verən ilk və yeganə insan kimi qabı şəstlə heyvana uzatdım, Qaraş mır-mır edərək dərhal yeməyə cummadı, qoxlaya-qoxlaya nəsə yeni bir yeməklə tanış olurmuş kimi, püfləyə-püfləyə borşun suyundan içməyə başladı, ardını isə görmədim. Tez qalxdım eyvana ki, görüm quş yerindəmi? Hə, budağa necə qonmuşdusa, o sayaq da qalmışdı. Nabələd olduğum quşa bu dəfə toxunmaqda israrlı idim. Əlimi uzatdım, “hürküb, qaçacaq” – deyə düşünmüşdüm, əksinə oldu, bir doğma varlıq kimi düz ovcuma sıçradı. Su çərşənbəsi günü – mübarək bir gündə bu əcaib-qəraib quşun Tanrının mənə bir payı olduğunu düşünüb onu sığalladım. Deyəsən, bir caynağı yaralı idi, ona görə yerindən tərpənmirmiş. Amma göyçəkliyinə göyçəklik, gözəlliyinə gözəllik çatmazdı. Qəhvəyi ilə bozun qarışığndan qəribə bir rəng çaları almış qanadları sərt, dimdiyi sivri, çəhrayıya çalan dırnaqları isə iti idi. Onun bu gəlişini Əzəl çərşənbəmizdə dönəlgəsi dönmüş taleyimə uğur gətirəcəyinə inandım. Şübhələr yerini imana, tərəddüdlər estafeti güvənə ötürdü. Ürəyim sevincdən uçundu. Xoş xülyalara qapılmışdım ki, anamın içəridən səsi gəldi:
– Ay Cavid, nə çox yubandın çöldə, becid ol, gəl içəri, soyuqdur.
Doğrudan da, Novxanının sifətimi, qulaqlarımı qızardan soyuğu, dənizdən bizə eləyən rüzgarın əsintisi Su çərşənbəsinin hənirtisinə büsbütün meydan oxuyurdu. Hələ yenicə girmiş Boz ayın üstümüzə bozarmağı təzəcə başlamışdı. Eyvana çıxan anam əlimdəki quşu görüb bir də səsləndi. Bu dəfə səsinin ahənginə məzəmmətqarışıq, təəccüb, sevinc çökmüşdü.
– Ay Cavid, əlindəki nə quşdur, hardan tapmısan?
– Adını bilmirəm. Eyvana əyilən çarpaz budağa qonmuşdu.
– Nə göyçəkdir?! Caynaqlarına bax, yaman quşa oxşayır.
– Hə, Çərşənbədə ancaq xeyirə gəlib yəqin.
– Elədir, caynağı deyəsən yaralıdır, yəqin uça bilməyib.
– Ay ana, görürsən, necə döyüş pualarına oxşayır?
– Döyüş pualarını bilmirəm, amma gözəl quşdur, gəl, sarıyaq yarasını, yazıqdır.
– Bint hardadır?
– Dolaba bax! İsmayıl baban həmişə atana deyərdi ki, o vaxt biz Arazı keçib bu taya gələndə bizə bir quş kömək oldu. 1946-nın soyuqlu-ayazlı azər günündə Təbrizdən bu taya gələndə min bir ənvai-müsibət görən İsmayıl baban tez-tez o quşdan danışardı.
– Hə, ata da danışardı, adı nə idi?
– “Ə” hərfi ilə başlayırdı, Cavid. Yadımdan çıxıb.
– Həəə, düzdür.
– Qəribə də adı vardı, yadımdadır, İsmayıl baban deyirdi ki, “Quran”da adı keçir həmin quşun. Dilimin ucundadır, ancaq yadıma sala bilmirəm, yaddaş qalmayıb.
– Ərbil?
– Yox!
– Ərdəbil?
– Eyyyyy, əşi yox!
– Dayan, mama, qoy verim axtarışa, “Google”a verim, görüm nə çıxır.
Axtarmağa başladım.
– Ay ana, Əbabil quşu var. Odur?
– Hə, ay sağ ol. Hə, Əbabil quşu.
– Qoy oxuyum haqqında, görüm nə quşudur. Quşu qoydum pəncərənin kırsəbəndinə, başladım oxumağa: “Belə rəvayət edilir ki, Həbəşistan hökmdarı Əbrəhə qutsal torpaqları – Kəbəni dağıtmaq üçün Məkkəyə doğru böyük bir fil ordusu göndərir. O zaman Allahın əmri ilə bir dəstə quş Qırmızı dənizi aşıb qoşuna sipər olur. Quşların hər biri dimdiyində, caynaqlarında bişmiş gildən düzəlmiş xırda daş tuturdular. Əbabil quşlarının qoşuna atdıqları daşlar sayəsində Allahın müqəddəs evi hifz olunur. “Fil ili” kimi tanınan həmin il Hz. Məhəmməd (əs)-ın mövludu ilə üst-üstə düşür. Bu barədə Qurani Şərifdə də bəhs edir.”
– Mübarək quşmuş ki, bəs İsmayıl baba niyə danışardı bu quşdan?
– Ay Cavid, tam yadımda qalmayıb, amma deyərdi ki, Arazı keçəkeçdə nə qədər soydaşımız ölür, neçəsini Təbriz küçələrində güllələyiblər, ayaqlarına nal vurublar, Təbrizin Gülüstan bağında asıblar, hər zillət, hər məşəqqət görüblər. Babagil bu taya qaçdığı günün gecəsi Əbabil quşu görünüb bağçalarında, onda inanıb ki, xətabalasız Təbrizdən çıxa biləcəklər. O niyyətlə də keçib gəliblər. O vaxtdan etibarən elə hey deyərmiş ki, “Əbabil quşu dadımıza yetdi”. Həmən quşdu, ay Cavid, buna qəti toxunma ha, bizə uğur gətirəcək.
– Daha nə deyirdi baba?
– Babanın murazı varmış, deyərmiş ki, o gün olsun səhər yeməyimdə Gəncədə Gəncə paxlavası ilə çay içim, günorta Bakı düşbərəsindən yeyim, axşam isə Təbrizin müsəmma plovundan nuş edim.
– Ayyyy, ay, baba lap türkün xəritəsini cızıb ki?!
– Hə, bir də deyərdi ki, türkün ruhu quş kimidir; azad, hürr, hara istəsən uçar, hüdud bilməz, sərhəd tanımaz.
– Bu Əbabil quşunun qanadında uçub Gəncədə Gəncə paxlavası ilə çay içməyim, günorta Bakı düşbərəsindən nuş edib, axşam Təbriz plovundan yeməyim gəldi.
– Nə var ki, yollar açılıb Təbrizə, biletini al, get da. Ancaq indi yox, qan su yerinə axır orda. Mahmud əmioğlu ilə danışdım, neçə min ölən var. Səhmana düşsün oralar, gedərsən.
– Mən indi istədim, baba ocağını – Dəryanı bu saat görmək keçdi könlümdən.
– Ay tərs həmşəri, ondansa süfrəni bəzəməyə kömək elə, özüm döşəməplov eləyirəm axşama, Çərşənbəmizi qeyd eləyək. Maşını işə sal, get Xəzər marketdən 2 qutu “Makfa” unu al, olmasa “Bismak” da olar. Şirniyyata unum çatmadı.
“Yaxşı” – deyib getməyə hazırlaşanda gördüm, quşun caynaqlarında nəsə var.
– Ay ana, nədir bu? Əbabilin caynağında qara nəsə var.
Quşa yaxınlaşdım:
– Yem deyil, nədir? Lap makinaya oxşayır, hə, kalkulyatora da oxşayır, bu boyda makinanı necə saxlayıb caynaqlarında? Hə, makinadır.
– Nə var üstündə?
– Düyməciklər.
– Neçə dənədir?
– 3 dənə, hələ yazısı da var.
– Nə yazılıb ki?
– Birində Təbriz...
– O birində?
– O birində Bakı...
– Bəs o birində?
– O birisində Gəncə...
– Deyəsən, Əbabil quşu İsmayıl babanın arzularını çin çıxarmağa gəlib.
– Qoy basım düyməciklərini.
Əlimi düyməciklərə toxundurmuşdum ki, özümü başqa bir vaxtda, başqa yerdə gördüm. Axşamçağı idi, Dəryanda babagildə kresloya yayxanıb üzü Xamnə tərəfə baxırdım, qabağımda iri masa, süfrədə də müsəmmaplov peyda oldu. Hiss elədim ki, sağ çiynimə ağırlıq çöküb. Qanrılıb baxdım ki, Əbabil quşu gözlərini gözümə tuşlayıb. Yəqin bu minvalla səhər də Gəncədə Gəncə paxlavasını dadaram, sabah günortaya Bakıda Bakı düşbərəsindən nuşicanlıq edərəm.
İsmayıl babamın daha bir sözü düz çıxdı: “Türkün ruhu azad quş kimidir, hara istəsən pərvaz eyləyər”
Bu dəmdə çiynimdəki Əbabil quşunu ovcuma götürdüm ki, “sağ ol” deyim, gözüm caynaqlarına sataşdı, yarası çoxdan sağalmışdı.
“Ədəbiyyat və incəsənət”
(15.07.2026)


