“Biri ikisində” Məmməd Məmmədlinin hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Məmməd Məmmədlinin hekayəsi təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

Məmməd MƏMMƏDLİ

YER

 

“SpaceX” Mars planetinə göndəriləcək bütün missiyaları ləğv edib. İlon Maskın bu qərarı ABŞ vətəndaşlarından çox mütəxəssisləri məyus edib. Belə ki, ölkənin aparıcı astrofizika alimləri Marsdan imtina səbəbini heç cürə anlaya bilmirlər. Küçələrdə etiraz aksiyaları günü-gündən artır. Sakinlər əllərində “Back to the Mars Matter” plakatları ilə öz etirazlarını bildirirlər. Daha bir qrup gənc “Mars şokoladı ilə başımızı aldatmayın” şüarı ilə divarları yazıq-yazıq edərək ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. Səkilərdə, yollarda, dükanların qarşısında “Mars”, “Snickers”, “Milky Way” şokoladları ayaq altında tapdalanır. Bunun qarşılığında İlon Mask heç də narahat görünmür.

Ohayo ştatına ezam olunmuş xüsusi müxbirimiz Eypril Onil yeni filmlərin təqdimatına toplaşan holivud ulduzları arasında İlon Maskı görüb. “Sentrum” hotelindən canlı bağlantı yaratmağa çalışaq:

– Eypril, buyurun.

(Müxbir əlində mikrofon, fonda isə İlon kino ulduzları arasında rəqs edir).

– ...Son zamanlar İlon Maskın verdiyi açıqlamalar ümidverici səslənmir. Belə ki, “SpaceX”in yaradıcısı uçuşların nə zaman bərpa olunacağı sualına “Zaman nisbidir, məndən yox, Enşteyndən soruşun” kimi qeyri-adekvat cavablar verir. Bəzən isə o, media ilə ünsiyyətdən tamamilə yayınır. Biz indi “Sentrum” hotelində təşkil olunan ziyafət zalındayıq. Ümid edirik rəqs meydançasını ələ alan İlon bizimlə səmimi olacaq və hansısa bir dəqiq məlumatı bölüşəcək.

– Cənab İlon, siz “Mars İncorporated” şirkətinə zərbə vurmaq üçün bunu edirsiz, yoxsa? Amma məsələyə ciddi yanaşsaq... Yəni doğurdan biz heç zaman Marsa gedə bilməyəcəyik?

İlon Mask baxışlarını yuxarı, bir qədər də sola çəkərək beş saniyəlik fikrə gedir sonra üzünü müsahibinə tutur:

– Mən sizə bir söz demək istəyirəm. Amerika film sənayesi son onillikdə inanılmaz dərəcədə fərqli kontent yaradıb. Əlbəttə, bu insanların məhsuludur. Amma biz süni intellektin köməyi ilə kinonu elə bir səviyyəyə qaldıracağıq ki, orada qəhrəmanlar siz olacaqsız. Filmin çəkilişləri artıq başlayıb. Odur ki, sizə premyeranı gözləməyi tövsiyə edərdim.

Eypril Onil üzünü kameraya tutaraq: “Görəsən, premyera sözünün arxasında nə gizlənir? Ümid edirik söhbətin filmdən getmədiyini yaxın zamanlarda hamımız biləcəyik. Hələlik bu qədər. Söz yenidən sizdədir”.

Mayor Hümbətov televizoru söndürüb zalda əyləşən qara kostyumluları bir-bir gözdən keçirdi:

– Nə düşünürsüz, cənablar? Adam doğrudan Marsa getmək istəmir. Kim öldü, kim qaldı, şirkətə maraqlı deyil. Yəqin, başa düşürsüz də, premyera məsələsi diqqəti yayındırmaq üçündür.

– “SpaceX” pul xərcləmək istəmir? Yoxsa... – çiyinlərinin üstünə kəpəyi tökülmüş El-İlan maraqlandı. Digərləri ortada gedən söhbətə qulaq asırdı.

Mayor Hümbətov kreslosuna yayxanaraq:

– Bu vaxta qədər Marsa robotlar uçurdu, indi isə insan göndəriblər. Məncə, ora getməyin heç bir nəticə verməyəcəyini anladıqları üçün xərcləri kəsiblər, – dedi.

– Bəlkə, qorxurlar? Yadınızdadırsa, bundan əvvəlki missiyada gəminin yaxınlığında bir UNO fırlanırdı. Yol boyu obyekt gəmidən əl çəkmirdi. Buna baxmayaraq, robotlardan ibarət heyət təhlükəsiz eniş etdi.

– Ola bilsin, hansısa bir xəbərdarlıq alıblar, buralar sizlik deyil, yaxud da buna bənzər başqa bir şey.

– Sizlik deyil, nə mənada?

– Bax elə mən də sizin kimi bu suala cavab tapmaq istəyirəm, – deyib əlində tutduğu qələmin düyməsini tez-tez sıxıb buraxdı: çık-çık-çık.

El-İlan barmaqlarını saçlarında gəzdirdikcə tüklərinin dibindən tökülən kəpək dənələri qar kimi qara pencəyinin üstünə ələnirdi.

– Biz özümüz uçsaq necə, mümkündür?

Mayor Hümbətov qarşısında “AzərSpace”in hazırladığı “Dan ulduzu” kosmik gəmisinin maketinə baxdı.

– Vəziyyət Marsın səthinə enib sonra da geri qayıtmağı tələb edir. İlon Maskda olan texnologiya bizdə yoxdur. Bundan başqa bizim o qədər yanacağımız hardandı...

– Bəs, bizim “SpaceX”lə əlaqələrimiz necədir? Xahiş etsək, onlar falkonlardan birini bizə icarəyə verər? Necə bilirsiz, bəlkə, maraqlanaq?

– Güman ki, pulun müqabilində razılaşarlar, amma əvvəlcə ora gedə biləcək qəhrəmanı tapmaq lazımdı.

Qara kostyumlu çiynindəki kəpəyi əli ilə təmizləyərək:

– Bəs, ekipaj iki nəfərdən ibarət olsa necə? – deyə, soruşdu.

– Yox, ikinci adama ehtiyac yoxdur.

– Mən adam nəzərdə tutmuram. Siçan ola bilər, ağzı yağa bulaşmış siçan, yaxud da suilanı, it. Başqa sözlə, bioloji varlıq.

Qara kostyumlular təəccüblə bir-birlərinin üzünə baxdılar.

– Siçan nəyimizə gərək?

– Biz həqiqəti öyrənməyə çalışırıq, elə deyilmi? Bilmək lazımdır ki, bu məsələ tək insanla bağlı olan şeydir, yoxsa bütün canlılara şamil olunur?

– Fikrinizlə razıyam.

– Özü də bu məsələni elə bir adam çözməlidir ki, elmdən anlayışı olsun.

Kapitan qələmi barmaqlarının arasında fırladıb ayağa qalxdı. Tapşırıq aydın idi. Daha heç bir suala ehtiyac qalmamışdı.

– Cənablar, hələlik bu qədər. Fikirləşin, ağlınıza bir ideya gəlsə, deyin. Amma unutmayın ki, vaxtımız məhduddur, qısa zamanda bir qərara gəlməliyik.

Mütəxəssislər arasında El-Yalan kod adında boz kostyumlu da əyləşmişdi. Zaldakılar bir-bir otaqdan çıxanda mayor Hümbətov boz kostyumlunu saxladı:

– El-Yalan, siz qalın.

Növbəti gün El-Yalan Elmlər Akademiyasının qarşısındakı skamyada oturub əlindəki planşetlə dosyeləri vərəqləyirdi. Bir-bir Beynəlxalq Kosmik Stansiyasında tapşırıqda olanların tərcümeyi-halını oxuyurdu. Bir nəfər göstəricilərə tam uyğun idi. Özü də əsl alim. Ona da məhz beləsi lazım idi ki, vəziyyəti elmi tərəfdən analiz edə bilsin. Diqqətlə Kapitan Musabəyovun dosyesini oxumağa başladı.

Musabəyov həmin vaxt divanda oturub televizorda bir-bir kanalları çevirirdi. Axşam süfrəsi açmış arvadı iri buluddakı aşla buğlana-buğlana təzəcə otağa girmişdi ki, mobil telefona zəng gəldi. Kişi ağır-ağır yerindən qalxıb, “mən götürərəm əziyyət çəkmə”, deyərək əlini telefona atdı. Gözünü ekranda tanımadığı nömrəyə zilləyib fikirli-fikirli düyməsin basdı.

Xəttin o biri ucunda ciddi, bir qədər də cır səslə danışan şəxs özünü təqdim etmədən birbaşa mətləbə keçdi:

– Kapitan Musabəyov, adımı deyə bilmərəm, amma hardan zəng vurduğumu təxmin edə bilərsiz. Yoldaş kapitan, siz məni xatırlamalısınız. Beynəlxalq Kosmik Stansiyada baş verən bir məsələni müzakirə etmək istəyirəm. Zəhmət deyilsə, işlədiyiniz müəssisənin qarşısındakı parka gəlin.

Kapitan Musabəyov dərhal vəziyyəti anladı. Ona kapitan deyə müraciət etmişdilərsə, demək, köhnə iş yerindəndi. Yenə kosmik uçuşlar, aylarla Yerin başına dolanmaq. Çoxdandır bu peşənin daşını atmışdı, daha ayağını yerdən üzmək istəmirdi. Elmi dərəcə alandan sonra yerdə qalan həyatını yeni işinə və ailəsinə həsr etmək istəyirdi. Bununla belə, başa düşürdü ki, yaxasından yapışdılarsa, əl çəkməyəcəklər.

– Nə vaxt, saat neçədə?

– Elə indi gəlin, gecikməyin!

Musabəyov narazı-narazı mobil telefonu masanın üstünə fırıldadıb, qara “sportivni”sini soyundu və tələm-tələsik şalvarını əyninə keçirdi. Sonra mavi zolaqlı köynək, üstündən də pencək. Hazır.

– İmkan verməzlər də! Otur ye, televizora bax, bir azdan qayıdıram.

Qapıdan çıxanda yoldaşı səslədi:

– Telefonun qaldı...

Gecə vaxtı, müəmmalı bir zəngdən sonra tanımadığın insanla görüşmək qaranlıqda kanalizasiya lyukuna düşmək kimi bir şeydi. Quyunun nə dərəcədə dərin olduğunu təxmin etmək mümkün deyil.

Ekranda kontaktlara baxa-baxa pilləkənləri enən Musabəyov özünü sığortalamaqdan ötrü köhnə tanışlardan birinə zəng vurmaq istədi, ancaq nə düşündüsə, dayandı. Fikirləşdi ki, orbital uçuşlar barədə kiminləsə məsləhətləşmək elə də yaxşı fikir deyil. O, çalışdığı idarənin məxfi qurumlarla əlaqəli olduğunu düşünüb əvvəlcə vəziyyəti öyrənməyi münasib bildi.

Binadan çıxanda tünd kostyumlu bir nəfərin ona doğru addımladığını hiss edib dayandı. Başa düşdü ki, nəzarətdədir.

– Kapitan Musabəyov, uzağa getməyə ehtiyac yoxdur, maşın burdadır, – deyib əlinin işarəsi ilə ona yolu göstərdi.

Onlar həyətin başındakı “Şevrolet”ə olan qırx addımlıq məsafəni kəlmə kəsmədən qət etdilər.

Yol boyu naməlum kostyumlu maşını ağzına su alıbmış kimi idarə edirdi. Musabəyov da arabir oğrun-oğrun adamın kostyumuna baxıb fikrə gedirdi: “Bu, məndən nə istəyir, görəsən? Harda səhv etmişəm, nəyi düz eləməmişəm ki, məni sorğu-suala tuturlar? Bəlkə, işləri düşüb mənə? Hə, yəqin, onlara lazımam. Amma pencəyi tam qara deyil, işıq düşəndə rəngi daha çox boza çalır”.

Şəhər qırağında ucqar bir göydələn. Burada nə zaman olduğunu xatırlamırdı. Binanı da, deyəsən, yeni inşa etmişdilər.

Maşından düşüb girişə doğru addımladılar. Boz kostyumlu heç nə soruşmadığı üçün Musabəyov da artıq suallar vermirdi. Amma əsas sualın cavabını elə girişdəki lövhənin üzərində qızılı hərflərlə həkk olunmuş qurumun adında tapdı: Orbital Qüvvələr Komandanlığı. Altında isə Departament-2 yazılmışdı. “Bu adam tapşırığı icra edəndi. Böyüklərinin biri ilə məni görüşdürmək istəyir”, – deyə düşündü.

Liftlə 5-ci mərtəbəyə qalxdılar sonra dəhlizdən sağa burulub uzunsov və alaqaranlıq bir otağa daxil oldular. Konfrans zalı idi. Musabəyov dərhal 180 dərəcəlik baxışlarla məkanı beyninə yazdı. Yuxarıda nəzarət kamerası, sol tərəfdə şüşəbənd, qarşıda, masanın üzərində kosmik gəmi maketi, sağda isə təlimat cədvəlləri. Elə Musabəyovun düşündüyü kimi oldu, içəridə onu gözləyən vardı. Mülki geyimdə, üzü yenicə taraş olunmuş bir şəxs Musabəyovu görən kimi “buyurun, çəkinməyin yoldaş kapitan”, – deyib ortalıqdakı müəmmalı ab-havanı dağıtmaq məqsədilə ən yaxındakı oturacağı qabağına çəkdi, özü isə əvvəlki yerinə qayıtdı.

– Əyləşin, yoldaş kapitan.

Musabəyov ürəyində fikirləşdi: “Elə bil məktəb partası arxasında oturub. Qollarını da birinci sinif şagirdləri kimi masada qoşalaşdırıb, mövzuya necə giriş verəcəyini fikirləşir”.

– Mənim adım... siz məni mayor Hümbətov çağırın. Bu yoldaş isə köhnə əməkdaşlarımızdandı. O, sizi tanıyır, birlikdə layihələrdə iştirak etmisiz.

Boz kostyumlu mayora dəstək verirmiş kimi sözlərini təsdiqlədi:

– Bəli, bəli, biz 15 il əvvəl Beynəlxalq Kosmik Stansiyada birgə olmuşuq.

Boz kostyumlunun nitqi həmin saniyə Musabəyovun yaddaşını təzələdi.

– Bayaq mənə zəng vuran siz idiniz. Səsinizdən tanıdım. Amma Beynəlxalq Kosmik Stansiyada siz deyildiz.

– Bəs kim idi? – mayor Hümbətov soruşdu.

– Çox pinti, həftələrlə bədəni su görməyən qəribə bir tip idi. Saçları həmişə yağlı olardı. Təəssüf ki, adını unutmuşam.

– Stansiyada nə işlər görürdüz?

Musabəyov danışdıqca mayor onun üz cizgilərinə, əl hərəkətlərinə göz qoyurdu.

– Yadımdadır, o zamanlar Yerin maqnetik sahəsi üzərində elmi araşdırmalar aparırdım.

– Cənab kapitan, yaxşı pula nə deyərsiz? – Mayor əsas mətləbə keçdi. – Bir təklifimiz var sizə. Marsa missiya hazırlanır, xilasetmə əməliyyatıdır. Ora uçub sıradan çıxmış robotları Yerə çatdırmaq lazımdı. Bizə kömək etməyə razılıq versəniz, yüksək məbləğdə mükafat alacaqsınız.

Musabəyov qolundakı saatın elektron siferblatına baxıb, dərindən köks ötürdü. Rəqəmlər 22:15-i göstərirdi.

– Gecə vaxtı elə buna görə məni evimdən dartıb gətirmisiz?

Əlinə qələm oynadan mayor Hümbətov gülümsəyərək dedi:

– Bəli.

– Robotlara nolub ki, onları Yerə gətirmək elə vacibdir?

– Təfərrüatlara siz razılıq verəndən sonra vararıq. Amma unutmayın, razılıqdan sonra geri çəkilmək olmaz! Həbs olunacaqsız.

Müsabəyov köhnə peşəsindən uzaqlaşsa da, gündəmdə olan kosmik xəbərləri izləyirdi.

– Təsadüfən “SpaceX”lə bağlı deyil ki?

Mayor Hümbətov onun sualına təbəssümlə cavab verdi. Musabəyov başını yellədi:

– Yaxşı, mən sizə ancaq bir neçə gündən sonra cavab verə bilərəm.

– Mümkünsə, bizə sabah deyin. Vaxt məhduddur.

Musabəyovu gətirdikləri kimi maşınla da evinə ötürdülər. O, içəri keçər-keçməz pencəyini soyunub tirtap çarpayısına uzandı. Ertəsi gün səhər arvadına bir söz demədən hazırlaşıb işinə getdi.

Musabəyov Elmi Tədqiqatlar İnstitutunda aparıcı mütəxəssislərdən idi. Elektromaqnetizm sahəsində ideyaların tətbiqinə görə ona “Enşteyn Musabəyov” deyirdilər. Kefinin kök vaxtı arvadı da onu Enşteyn müəllim, – deyə çağırırdı.

– Enşteyn müəllim, aşağıda bir nəfər sizi gözləyir, – iş yoldaşlarından forslu-fasonlu bir xanım gülümsəyərək dedi.

Dünənki gecə Musabəyovun yaddaşından silinmişdi, işdəki ab-hava o qatma-qarışıq məsələni tamamilə unutdurmuşdu ona. Amma binadan çıxan kimi, lent elə bil geriyə fırlandı.

– Hə, sizsiz?

Əlində planşet tutmş boz kostyumlu adam amiranə şəkildə “qısa söhbətimiz var, gedək”, deyib Musabəyovu tələsdirdi. Onlar dünənki “Şevrolet”ə minib, dünənki yerə getdilər...

Gündüz vaxtı Badamdar qəsəbəsi elə də vahiməli görünmürdü. Bir də Musabəyov məsələdən qismən xəbərdar olduğu üçün narahat deyildi. Boz kostyumlu binanın qarşısında dayandı və onlar maşından düşdülər.

Söhbət mayor Hümbətovun otağında davam etdi:

– Nə qərara gəldiniz?

– Əgər missiya dediyiniz kimi, robotları yerə çatdırmaqdan ibarətdirsə, mən razı.

– Bir sualım var. Dini görüşləriniz bizə maraqlı gəlir. Allaha inanırsız?

Musabəyov şablon cavab verdi:

– Bir elm adamı kimi mən ilahi qüvvələrə inanmıram və hər şeyin səbəbini yalnız elmdə axtarıram. Amma nə üçün soruşursuz? Sizi başa düşmədim.

– Ona görə soruşdum ki, maraqlıdır. Görəsən, bir müsəlman özünü Yerdən kənarda necə hiss edə bilər? Amma deyirsiz ki, ateistsiniz.

– Bəli.

– Yenə də fikrinizi öyrənmək istərdim. Bir müsəlman Yerdən kənarda özünü necə hiss edər?

– Əgər onunçün qiblə vacib deyilsə, yaxşı, Yerdəki kimi hiss edər.

Mayor Hümbətov əli ilə çənəsini ovuşduraraq fikrə getdi: “bir ateistin verdiyi cavab elə belə olmalıdır”. Sonra isə ciddi-ciddi mətləbə keçdi:

– Siz Qəmli və bığlı ilə birlikdə uçacaqsız.

– Lap yaxşı. Üç nəfərlik heyətlə.

– Qəmli və bığlı siçanın adıdır. Yanınızda bir siçan olacaq.

Kapitan Musabəyovun dodağı qaçdı.

– Bəs o biri siçan harda olacaq?

Gözlənilməz sual mayor Hümbətovun da içəridən qarnını qıdıqladı.

– Yanınızda.

– Cənab mayor, siz mənimlə zarafat edirsiz?

– Yox, bura zarafat yeri deyil. Qəmli və bığlı iki deyil, bir siçanın adıdır.

– Əcəb ad qoymusuz siçana. Niyə məhz siçan, adam bəs eləmir ki? – soruşanda elə dediyi sözə də tutuldu. – Hm... din, ateizm, siçan. Görəsən, o mənə niyə belə suallar verir? – ildırım sürətilə ağlından keçirdi.

Mayor Hümbətov baş barmağı ilə qələmini daha sərt şəkildə çıkkıldatmağa başladı: çık-çık-çık-çık...

– Siz mənə vəziyyəti izah edə bilərsiz? Gəmi ilə əlaqə kəsilib? Yoxsa...

– Xeyr, əlaqə kəsilməyib.

– Yaxşı. Gəmidə neçə robot var?

Kapitan Musabəyov sözləri elə bil onun ağzından kəlbətinlə çəkib çıxarırdı.

– İki robot və... – deyib tez də fikrini redaktə etdi, – iki robot.

– Hiss etdim robotdan başqa da orda kimsə var.

– Nə yalan deyim, missiyada iki robot və Əfqanıstandan bir astronavt iştirak edirdi.

– Əfqanıstan?!

– Bəli. Ola bilsin Tanrıya inamı güclü olduğu üçün onu bu layihəyə cəlb ediblər. Siz, əslində, onu xilas etmək üçün burdasız.

– O, sağdır?

– Necə deyim sizə. Həm hə, həm də yox.

Musabəyov hər vəchlə onu tapşırıqla yükləməyə çalışan mayorun düz gözünün içinə baxdı:

– Siz mənə deyə bilərsiz orda nə baş verir?

– Həmin astronavt hiperyuxu altında Marsa göndərilmişdi. Obrazlı dildə desək, məsafəni qısaltmaq üçün o, yatıb-durmalı idi. Amma ayılanda səhhətində problemlər yarandı.

– Hansı problemlər?

– Bilirsiz, izah etməyə bir az çətinlik çəkirəm, necə deyim?

– Elə olduğu kimi deyin.

Kapitan Müsabəyov diqqətlə mayorun sözün ardını gətirməsini gözlədi.

– Həmin o əfqan ekranda bir qədər şəffaf görünür.

– Nə mənada şəffaf?

– Şəffaf da, şəffaf.

Musabəyov bir qədər fikrə getdi.

– Siz onun şəffaflığını necə təyin etdiniz? Dalğada interferensiya var, yoxsa siqnal kəsilir?

– Xeyr, siqnal kəsilmir. Yanındakı robotlar ekranda aydın təsvir olunur, amma o adam elə biləsən ruhdur, ona baxanda arxasındakı şeylər görünür. Tez-tez də qışqırır. Hiss olunur ki, əziyyət çəkir.

– Ünsiyyət var?

– Xeyr.

– Bilmək olar, bu məlumatlar sizdə hardandı?

– Nə gizlədim, bizim “SpaceX”lə əlaqələrimiz var. Belə qərar qəbul olunub ki, budəfəki ekspedisiyada biz iştirak edəcəyik. Biz, yəni siz. Biz tərəfimizdən təşəbbüs göstəririk. Onlar öz raketlərini bizə verməyə hazırdır. Bu, həm də elmimiz üçün vacibdir. Bilirsiz?..

Mayorun nitqində həyəcan hiss olunurdu. Musabəyov onun üzünə baxa-baxa düşüncələrə daldı.

– İndi bu fenomenin izahını vermək çətindir.

– Siz planetdəki vəziyyəti araşdırıb təcili o adamı Yerə çatdırmalısız. Üstünüzdə bütün lazımi avadanlıqlar olacaq.

Gərginlikdən ağzı quruyan Musabəyov qollarını masaya uzadıb baxışlarını boşluğa zillədi: “Robotlar cansızdı, cansızdısa, demək, insanla bağlıdır... Bəlkə, din, yoxsa... yoxsa nə? Sərhəd. Hə, Yerin üst qabığı! Son təbəqə...”

Musabəyov quyunun dibinə endiyini indi başa düşdü.

– Siz mənə öz vəziyyətimi götür-qoy etməyə vaxt verə bilərsiz?

– Əlbəttə, rahat olun.

– Su versəniz, pis olmaz.

Mayor Hümbətov üzünü köməkçisinə tutdu:

– El-Yalan, bizə su gətir, – ardınca da əlavə etdi, – qazlı olsun.

– El-Yalan?!

Otaqdakıların üzünə gülüş qondu.

Çox keçmədi El-Yalan əlində bir şüşə su ilə otağa qayıtdı və nəzakətlə onu Musabəyovun qarşısına qoydu.

– Yeri gəlmişkən, sizin dosyenizi oxuyanda heç bir kod adınıza rast gəlmədim. – Mayor Hümbətov davam etdi.

Musabəyov masanın altında şüşənin qapağını astaca açaraq qazını boşaltdı, sonra suyu stəkana süzüb birnəfəsə başına çəkdi.

– Dosyedə qeyd olunmayıb. Siz mənim kod adımı heç yerdə tapa bilmərsiz.

– Sirr deyilsə, kod adınız nədir? – mayor Hümbətov maraqlandı.

Musabəyov astadan dedi:

– El-Real.

– Çox gözəl, ümid edirik Marsın sirrini aça biləcəksiniz.

Müsabəyov dərindən nəfəs aldı və son sözünü dedi:

– Mayor Hümbətov, mən Marsa getməkdən imtina edirəm.

Mayor üçün cavab gözlənilməz və sərt oldu. O, içindəki qəzəbini boğaraq dedi:

– Təəssüf edirəm, sizi həbsə almaq məcburiyyətindəyik.

– Yaxşısı, məni həbs edin.

Mayor Hümbətov masanın altındakı qırmızı düyməni sıxdı. Bir dəqiqədən sonra içəri iki qoluzorlu girdi.

– Aparın Kapitan Musabəyovu atın zirzəmiyə, – deyib üzünü məhbusa tutdu. – Əlvida, Enşteyn müəllim. İnciməyin, mən də hamı kimi tapşırıqları icra edirəm.

Kapitan Musabəyovu apardılar, mayor Hümbətov isə asta bir tərpənişlə pəncərəyə yaxınlaşıb, üfüqdə közərən günəşin son şəfəqlərinə tamaşa etməyə başladı. Dəniz heç zaman olmadığı kimi qızılı rəngə boyanmışdı. Gözünün qabağında yanmış kürənin ölümünə şahidlik edən mayor fikirli-fikirli üzünü çevirib yerinə qayıtdı. Şüşədə yarımçıq qalmış suya baxa-baxa, əli ilə masanın altındakı qırmızı düyməni sıxdı. Çox keçmədi köməkçi içəri daxil oldu.

– El-Yalan, buraxın onu...

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.