Mir Cəlal adına V Hekayə Müsabiqəsindən seçmələr Featured

“Ədəbiyyat və incəsənət” portalında hər cümə: Mir Cəlal adına V Hekayə Müsabiqəsindən seçmələr

 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.

 

BÖYÜKXANIM CƏFƏRZADƏ,

DƏHLİZDƏ UNUDULAN İŞIQ

         

          Mənim adım Caviddir. Atamın işi ilə əlaqədar olaraq biz şəhəri dəyişməli olduq, amma kaş ki, dəyişməyəydik. Kənardan bu, sadəcə şəhər dəyişikliyi idi, amma mən hər şeyimi orada qoyub gəlmişdim: dostlarımı, məktəbimi, sevimli kitablarımı, oyuncaqlarımı, xatirələrimi… bir sözlə, həyatıma aid olan hər şeyi.

          Bura köçəndən bəri atamla danışmıram. Aramızdakı bu uzun sükut anamın dünyasını dəyişdiyi gündən başlayıb. Aylarla bir damın altında iki yad insan kimi yaşayırdıq; əgər evin dəhlizi ümumi olmasaydı, gün ərzində bəlkə də yollarımız heç kəsişməzdi.

          Yeni evə köçdük. O qədər həvəssiz idim ki, tələsik yığıb gətirə bildiyim bir neçə qutuya belə toxunmamışdım. Bir neçə gün elə gəldiyim əynimdəki geyimlə yatıb-durdum.

          Bazar ertəsi gəlib çatdı. Artıq qaçış yolu yox idi. Səhər kofe belə içmədən, ağzıma bir şirniyyat atıb atamla birlikdə yeni məktəbə yazılmaq üçün getdik. Düzünü desək, məktəb elə məktəbdir. Mənim üçün bu məktəb də, o biri məktəb də eyni idi. Amma anam həmişə istəyərdi ki, mən prestijli bir məktəbdə oxuyum. Nədənsə, mənim incəsənət sahəsində uğur qazanacağıma inanırdı. Bəlkə də mənim özümün belə görmədiyim bir qığılcımı o çoxdan hiss etmişdi. Nə isə, uzun dolanbaclı yollarla axır gəlib məktəbə çata bildik.

          Məktəbə yaxınlaşanda darvazanın qarşısındakı ‘Məktəb pilləkəndən başlayır’ şüarı diqqəti çəkirdi – hər uğurun addım-addım gəldiyini xatırladır, sanki teatr qardirobdan başlayırdeyiminin məktəb üçün ekvivalenti idi. Pilləkənləri qalxdıqca binanın özü də bu fikri tamamlayırdı: payız çalarlı ağacların arasından boylanan sarımtıl divarları, illərin yağışı ilə ovxalanmış, amma yenə də dik dayanan fasadı, səhər küləyində yüngülcə tərpənən məktəb bayrağı və həyətin bir küncündən gələn uşaq gülüşü məktəbin ruhunu daha onu içəri keçməmiş hiss etdirirdi.

          Məktəbə daxil olan kimi varlı uşaqların mənə necə baxdıqlarını hiss etdim. Etiraf edim ki, burada əsasən imkanlı ailələrin övladları oxuyur. Amma bir həqiqət də vardı – onlar sözün əsl mənasında oxuyurdular. Dəhlizə girən kimi mərkəzdəki şüşə rəflərdə düzülmüş kuboklar, medallar və çərçivəli sertifikatlar dəhlizi sanki günəş kimi işıqlandırması buna sübut idi. Göm o mükafatlara necə ilişmişdisə, elə həmin an ayağım da ilişib az qala yıxılım. Başımı qaldıranda divarda asılmış köhnə məktəb olimpiada şəkilləri gözümə dəydi. Kollektiv şəkildə çəkilmiş bir foto vardı və oradakı bir nəfər nədənsə mənə qəribə dərəcədə tanış gəldi.

          Fikirləşməyə macal tapmamışdım ki, dəhlizə yayılan dikdaban səsi diqqətimi yayındırdı. Uzaqdan, tünd kostum geyinmiş, dizə çatan ətəkli, qırmızı çərçivəli eynək taxmış bir qadın özünəinamlı addımlarla yaxınlaşırdı. Atama çatar-çatmaz tez bir narahat olmadeyib qarşıma keçdi.

          — ‘Təhsil — insanlara bilmədiklərini öyrətmək deyil, onların hələ etməyə vərdiş etmədiyi şəkildə davranmağı öyrətməkdir. Gəl ardımca,’ — dedi.

          Bunun niyə deyildiyini dərhal anlamasam da, Avraam Linkolnun fikri olduğunu tanımaq çətin olmadı. Anamla tez-tez ensiklopediyalar oxuyardıq; səhifələrin yuxarı küncündə həmişə belə müdrik sözlər yazılar vardı. Anam mənə həmişə deyərdi: Böyük kitablar, sevgi kimi, insanın dünyaya baxışını dəyişir.

          Qadının məktəbin direktoru — professor Anna Davitson olduğu açıq-aydın görünürdü, amma atamın onu haradan tanıması məni düşündürürdü. Mən isə onu jurnal və dərgilərdən tanıyırdım. Artıq uzun müddətdir ki, jurnalların üz qabığında, şagirdlərinin mükafatlandırma mərasimlərində çəkilmiş şəkilləri ilə manşetlərdən düşmək bilmirdi.

          Dəhliz uzanıb gedirdi, sanki heç vaxt bitməyəcəkdi. Amma biz direktorun otağına çatmadan sola döndük və köhnə qapı qarşısında dayandıq. Təmirli məktəbin içində, üstü çatlamış, rəngi solmuş qəhvəyi qapı qəribə bir təzad kimi görünürdü. Üstəlik, qapının dəstəyi də yox idi.

          Professor qapıya baxaraq nə isə pıçıldadı və qapının ortasında birdən yumru dəstək peyda oldu. Qadın çevrilib mənə göz vurdu. Açılan qapının üstündə bir anlıq belə yazı göründü: Kitablar yaşlıların ən yaxşı dostu, gənclərin isə ən yaxşı yolgöstərənidir.Sonra yazı yenidən itdi. Hər şeyə laqeyd olan mənim ürəyim isə həmin anda güclü-qüvvətli döyünməyə başladı; elə bil, qapının üstündə görünən o sözlər, qadının baxışı və kitabxana qapısının sirr dolu havası bir yerdə mənim içimdə qəribə bir həyəcan və qorxu qarışığı yaratmışdı.

          — İçəri keç, məni gözlə. Sənədlərini götürüb gəlirəm, — dedi.

          İçəri daxil olmağım ilə qapının arxada bağlanıb yox olması bir anda baş verdi. Qapının divara çevrildiyini görüb çaşqınlıq içində donub qaldım. Kepkamı çıxarıb əlimdə sıxmağa başladım; həyəcanla dimdiyini o qədər əzdim ki, nə vaxt yerə düşdüyünü belə hiss etmədim. Əyilib götürmək istəyəndə isə qəfil meşə səsi otağı bürüdü — quşlar ötür, yarpaqlar xışıldayır, şəlalənin səsi hər tərəfi doldururdu.

          Başımı qaldıranda hündür kitab rəflərini gördüm. Rəflərin bəzilərinin ətrafında qəribə varlıqlar uçuşurdu. Sol tərəfdə pərilər parıltılı tozlar saçaraq kitabların arasında gizlənqaç oynayırdılar. Digər rəfin üstündən isə səhifələr arasından güllər səpələnir, incə lianalar kitabların kənarlarına dolanaraq aşağı doğru zərifcə sallanırdı.

          Birdən üzümə yüngül dəniz küləyi dəydi. Başımı qaldıranda nəhəng, qara bayraqlı yelkənli bir gəmi gördüm — sanki buludların içində üzürdü. Diqqətlə baxanda göyərtədə birgözlü, uzun lələkli şlyapalı kapitanı seçdim; çiynində isə balaca bir iquana var idi. Bu mənzərə anamın mənə oxuduğu pirat nağıllarını yada saldı.

          Gəminin ətrafında sirenlərin oxuduğu sərxoşedici mahnı dolaşırdı. Lakin qəfil çaxan şimşək buludları qaranlığa bürüdü və dərinlikdən nəhəng bir osminoq baş qaldırdı. Gəmini qollarına dolayıb qayalara çırpmaq istəyirdi…

          Gəminin o məxluqa ilişdiyi an instinktiv olaraq bir addım geri çəkilsəm də, yenə də xilas ola bilmədim — sanki nəhəng bir balinanın nəfəsini üzümə püskürməsi kimi gur bir su şırnaqla üstümə çırpıldı və bir anda əynimdəki dəri güdəkcə islanıb ağırlaşdı. Artıq bir filmə baxmırdım — səhnəni bütün varlığımla yaşayırdım. O qədər real idi ki, dənizin iyini, duzlu suyun dadını belə hiss edirdim. Gəmi şiddətlə sağa-sola əyiləndə kapitanın gözləri yenə mənə zilləndi. Elə bil məndən nəsə gözləyirdi. Amma nə?

          Birdən kitabxananın sakitliyini kimsə yüngül toxunuşla pozdu. Arxadan kimsə kepkamı yerdən götürüb mənə uzatdı. Dönüb baxanda qarşımda hündür, boz saqqallı, əynində köhnə yun pencək olan yaşlı bir kişi gördüm. Onun varlığı bütün həmin səhnələri tormozladı — sanki nəhəng osminoq, gəmi, sirenlər hamısı dondu və havada asılı qaldı.

          Kişi asta səslə dedi:

          – “Burada gördüklərin nə nağıldır, nə xəyal. Bunlar sənin daşıdıqlarındır.”

          Mən çaş-baş halda soruşdum:

          – “nim? Necə yəni?

          Kişi qoca kitab kimi açılan üzündə yumşaq təbəssümlə cavab verdi:

          – “İnsanın yaddaşı rəflərdən ibarətdir, oğlum. Bəziləri tozlanır, bəziləri kilidlənir, bəziləri isə… sən onları görəndə canlanır.”

          Onun baxışları mənim içimi oxuyurmuş kimi idi.

          – “İlk dəfədir gəlmirsən,” – deyə əlavə etdi. – “Sadəcə xatırlamırsan.”

          Diksindim.

          – “Nəyi xatırlamıram?

          Kişi nəfəsini dərindən alıb başıyla sol tərəfdəki rəfləri göstərdi. Oradakı kitabların cildlərini tanıyırdım… çünki onların çoxunu anam oxuyardı. Hər axşam. Mən isə dizlərində uzanıb o kitabların səsini eşidə-eşidə yuxuya gedərdim.

          Kişinin səsi yumşaldı:

          – “Sənin yolun burada başlayıb, Cavid və burada tamamlanmalıdır.”

          Otağın işığı dəyişdi. Mənim sağımda rəflər aydınlaşdı və köhnə, cırılmış, uşaq nağılları olan bir kitab diqqətimi cəlb etdi. Üz qabığını tanıyanda nəfəsim tutuldu.

          Bu kitabı anam mənə son dəfə xəstəxanaya gedən gün oxumuşdu. Yüngül bir meh kitabın səhifələrini çevirdi və arasından çıxan dəhlizdə gördüyüm şəkili havaya qaldırdı. Şəkildəki fiqurlar canlanıb bir-birinə gülümsədilər. Onlardan biri barmağı ilə məni göstərib əl elədi. Diqqət baxanda isə bunun anam olduğunu anladım — demə, o da bu məktəbin məzunu imiş.

          Yaxınlaşıb şəkili əlimə götürdüm. Şəkilin istiliyi, ananın ətri… hamısı bir anlıq otağı doldurdu. Birdən şəkil buxarlanıb yox oldu və mən özümü uşaq otağımda gördüm.

          Anamın səsi eşidildi. Amma özü yox idi. Onun varlığı səs kimi, külək kimi, çox isti, amma toxunulmaz idi.

          Birtəhər dayanıb pıçıldadım:

          – “Ana… Mən çox yorulmuşam.”

          Səs cavab verdi:

          – “İşığa doğru get, oğlum. Hər gecənin sabahı var.”

          Mənim bir anlıq sanki dizlərim boşaldı. O an başa düşdüm — bu kitabxana mənim ən dərin yarama toxunurdu.

          Birdən qarşımda canlanan otağın qapısı gurultuyla bağlandı və yenidən kitabxanaya qayıtdım. Qarşıda yenə həmin qoca kişi dayanmışdı.

          O dedi:

          – “Birinci sınağın bitdi. İndi ikincisi gəlir.”

          – “Nə sınağı?”

          Kişi əlini qaranlıq bir koridora uzatdı.

          Oradan qırmızı işıq süzülürdü.

          – “Qəzəbinlə üzləşməyin vaxtıdır.”

          Qaranlıqda hardansa uşağın qışqırtısı, qapıların çırpılması, atamla mənim son mübahisəmiz… hamısı bir-birinə qarışmış səs kimi eşidilirdi.

          Mən qapıya yaxınlaşdıqca səs daha da güclənirdi.

          Qoca kişi pıçıldadı:

          – “Əgər bu qapını açmasan, atan ilə arandakı səssizlik ömür boyu bitməyəcək.”

          Mən sanki nəfəs ala bilmirdim. Boğazım düyünləndi. Əlimi qapının soyuq səthinə qoyanda o titrədi və yavaş-yavaş açıldı. Daxildə… mən özümü gördüm.

          Amma başqa “mən”: dişlərini sıxmış, gözləri qızarmış, qəzəbdən əlləri titrəyən, ata ilə danışmayan, ananın ölümünü içində gömən, susmaqla özünü cəzalandıran… kölgə versiyam mənimlə üz-üzə dayanmışdı.

          O, üzümə tərəf gəlib pıçıldadı:

          – “Sən onu heç vaxt bağışlamayacaqsan.”

          Mən geri çəkildim. Kölgə isə yaxınlaşdı.

          – “Çünki səncə səbəbkar odur.”

          Birdən bütün divarlar qızardı. Qaranlıq içimi sıxdı.

          Kölgə üzümə qışqırdı:

          – “Hə, elədir! Sən ananın ölümünü ona bağlamısan!”

          Mən çarəsiz qaldım. Bütün o illərin acısı içimdən qopub qışqırmağa başladı. Dizlərim yerə dəydi.

          – “Mən… mən sadəcə qorxuram,” – deyə pıçıldadım.

          Kölgə susdu. O an başa düşdüm ki, bu sınaq mənim qaranlıq tərəfimlə barışmağım üçün idi. Mən əlimi uzadıb kölgəmin əlini tutdum. O isə yavaş-yavaş işığa qarışıb yox oldu. Qoca kişinin səsi eşidildi:

          – “Afərin, Cavid. İçindəki qorxu bağı qopdu. Son sınağa hazırsan.”

          Bu sözlərdən sonra kitabxananın tavanı çatladı və içəri parlaq bir işıq süzüldü. İçində… mən atamı gördüm. İlk dəfə olaraq onun gözlərindəki yorğunluğu, günahkarlığı, tənha və kövrək adamı gördüm. Atam pıçıldadı:

          – “Cavid… Mən də çox şey itirdim.”

          Mən boğazımı udub bir addım irəli atdım. İllərdir demədiyim cümlə dodaqlarımdan axıb gəldi:

          “Ata… mən səni çox sevirəm”

          Kitabxananın qapısı bu dəfə səssizcə açıldı. Sanki məni artıq buraxmağa hazır idi.

          O parlaq işıq söndü, bir də gördüm ki, köhnə əşyalarla dolu adi bir balaca otaqdayam. Boş yeşikləri itələyib qapını açdım. Dəhlizin digər tərəfində atamı gördüm, gözü ilə məni axtarırdı. Qaçaraq onun yanına gəlib, qucağına sığındım. Atamın əlləri saçlarımdan sığalladıqca içimdəki bütün qorxu və çaşqınlıq əriyib getdi. Sanki az əvvəl baş verənlərin heç biri real deyilmiş — amma mən dəyişmişdim.

          Həmin an anladım ki, həyat bizi hara aparsa aparsın, hansı qaranlıq otaqlardan keçsək keçək, yolun sonunda bir gözün bizi axtarması, bir əlin bizi qucaqlaması qədər güvən verən heç nə yoxdur. Mən yenə evdə idim. Və bu dəfə nə işıqdan, nə qaranlıqdan qorxurdum.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.