Biri ikisində - Bir daha himnimiz barədə Featured

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Kamil Şahverdinin himnimizdən bəhs edən silsilə yazılarından növbətisi təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

Kamil ŞAHVERDİ

BİR DAHA HİMNİMİZ HAQQINDA

VI yazı

 

Seymen Özdeniz ikinci yazısında İsmayıl Zühtü bəyin yazdığı marşı Azərbaycana göndərməsini belə təsvir edir:

         “İsmayıl Zühtü bəy İzmirin işğal altındaykən Azərbaycan üçün bəstələdiyi söz konusu olan marşın parşömen (perqament-K. Ş.) kağızlara yazılmış notlarını, Müttəfik Dövlətlərin İstanbulda yerləşən nümayəndələri ilə Azərbaycana göndərmişdir. Hemen ardından da İzmirdə musiqi müəllimi kimi çalışdığı bütün məktəblərdə bəstələmiş olduğu bu marşı öyrətməyə başlamışdır". (Seymen Özdeniz. "Kardeş Ülke Azerbaycana Marş Armağan Eden Bestekar: İsmail Zühtü Bey" 7. Uluslararası Sosyal Ekonomik Araştırmalar Ögrenci Kongresi. Tam Metn Bildiri Kitabı. 2024, s. 108). 

         İsmayıl Zühtü Bəy Türkiyədə Cümhuriyyət öncəsi mili mücadilə dövründə yorulmadan çalışaraq insanların, xüsusilə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində misilsiz xidmətlər göstərmişdir. Bütün bu təmənnasız xidmətlərə baxmayaraq, böyük bəstəkar, milli düşüncə sahibi İsmayıl Zühtü bəyin yaradıcılığı və fəaliyyəti kifayət qədər araşdırılmamış, əsərləri it-bat olmuş, adı isə az qala unudulmaq həddinə çatmışdır.

         Nə yaxşı ki, son zamanlar bəzi araşdırmaçılar İsmayıl Zühtü bəyin həyat və fəaliyyətini öyrənməyə maraq göstərir və qiymətli yazıları ilə   türk  millətinə, onun musiqisinə xidmət etmiş ustad bəstəkarın adını əbədiləşdirirlər. Musiqişünas və musiqi tənqidçisi Ahmet Say, professor, doktor Ömer Faruk Huyugüzel, yazıçı, teatrşünas, rejissor, bəstəkar  Yaşar Ürük, musiqişünas Seymen Özdeniz və digər araşdırmaçıların son illərdə apardıqları tədqiqat işlərini qeyd etmək vacibdir.

         “Kardeş Selamı” – Azərbaycan Marşının söz müəllifi görkəmli ədəbiyyatçı alim, ədəbiyyat tarixçisi, jurnalist, siyasətçi, Turan ideyasının daşıyıcılarından və təbliğatçılarından olan İsmayıl Həbib Sevük və ya İsmayıl Hakkı Sevük (1892-1954) Kurtuluş Savaşı boyunca Milli Mücadilə hərəkatının ən qızğın dəstəkçilərindən olmuşdur. O, 1943-1946-cı illərdə VII çağırış TBMM-də millət vəkili olaraq yer almışdır. Türkiyə Cümhuriyyətinin ilk illərində Ədirnə Milli Təhsil müdüri təyin olunan İsmayıl Həbib Sevük Ədirnə Türk Ocağına rəhbərlik etmişdir. 1923-cü ildə “Yeni Gün” qəzetinin və Anadolu Xəbər Agentliyinin müxbiri kimi Atatürkün Adana-Mersin-Konyaya etdiyi səfərə qatılmış, qayıtdıqdan sonra gördüklərini silsilə məqalələr şəklində “Hakimiyyəti Milliyə” qəzetində dərc etdirmişdir. 1925-ci ildə liseylər üçün dərs kitabı olaraq “Türk Teceddüt Edebiyyatı Tarihi” əsəri çap olunur. 1935-ci ildə Atatürklə bağlı xatirələrindən ibarət “O Zamanlar”, 1939-cu ildə Atatürkün fəaliyyətinə həsr olunmuş "Atatürk İçin" kitabları nəşr olunur.

         “Kardeş Selamı” – Azərbaycan Marşının müəllifləri haqqında ətraflı məlumat verməkdə məqsədim Azərbaycanın müstəqilliyini elan etməsinə ürəkdən sevinən, hər vasitə ilə dəstək göstərməyə çalışan böyük fikir, düşüncə sahiblərini tanıtmaq və ehtiramla anmaqdır. Bəzi araşdırmaçılar öz yazılarında yanlış olaraq bildirərlər ki, guya Azərbaycan hökumətinin dövlət himni üçün elan etdiyi müsabiqə qaliblərinə böyük məbləğdə mükafat ayırdığı üçün onlar onlar bu müsabiqədə iştirak etmək qərarına gəlmişlər. Bu tamamilə əsassız və yanlış yanaşmadır. Həm İsmayıl Həbib Sevük, həm də İsmayıl Zühtü bəy böyük Turan ideyasının daşıyıcıları və təbliğatçıları olmuşlar. Azərbaycanın müstəqilliyinə ürəkdən sevinərək əqidələrinin diktəsi ilə ölkəmizə bir sənət ərməğanı etmişlər.

 

         Qeyd etdiyim kimi, Nəriman Nərimanovun arxivində tapılan “Azərbaycan Marşı”nın sözləri yazılmış vərəqin yuxarı sol küncündə Bakı, yuxarı sağ küncündə isə 1922-ci il yazılıb. Həm də şeir Azərbaycan SSR XKS sədrinin şəxsi katibinin vərəqində yazılıb. Müəllifin adı qeyd olunmayıb. Bu sənədi ilk dəfə üzə çıxaran tarixçı-alim Firdovsiyyə Əhmədova da bildirmişdi ki, tapılan dörd sənəddən üçü oxşar xətlə, dördüncü isə, yəni “Azərbaycan Marşı” başqa xətlə yazılıb. Çox güman ki, şeiri N. Nərimanovun tapşırığı ilə şəxsi katibi öz xidməti vərəqinə köçürmüşdür. Onun şeiri haradan köçürməsi məlum deyil.

         Mən Nəriman Nərimanovun qardaşı nəticəsi, uzun müddət görkəmli dövlət xadiminin ev muzeyinin direktoru işləmiş Kamilə Hüseynova ilə görüşüb bəzi mətləblərə aydınlıq gətirməyə çalışdım. Kamilə xanım bildirdi ki, 1922-ci ilin sonlarında Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən sədri seçilir və Moskvaya köçür. Faktiki olaraq SSRİ kimi nəhəng bir ölkənin rəhbərlərindən biri kimi fəaliyyətə başlayır. 1925-ci il martın 19-da Moskvada vəfat edir. Önun ölümü müəmmalı şəkildə baş verib. Kamilə xanım nənəsindən eşitdiyi bəzi məlumatları xatırlayaraq  dedi:

“Mənim nənəm və babam əmi uşaqları idilər. Hər ikisi Nərimanovun qardaşı uşaqları idi. Nənəm ehtiyyatla bizə bəzi şeyləri danışardı. Amma çox şeyləri deməyə qorxardı. Nərimanovun müəmmalı ölümü ilə bağlı nənəm danışardı ki, həmin gün Kremldə iclas keçirilir və milli məsələlər müzakirə olunub. Bu iclasda Nərimanov və Stalin arasında ciddi mübahisə yaranıb. Adətən, çay içən Nərimanova o günü qəhvə gətiriblər. Onsuz da iclas ciddi əsəb gərginliyi ilə keçirmiş. Qəhvəni içəndən sonra onun halı daha da pisləşib. İclası yarımçıq tərk edərək havaya çıxıb. Kremlin həyətində gəzişərkən ürək tutması baş verib. Onu xəstəxanaya çatdırıblar. Lakin xəstəxanada həkimlər ona heç bir yardım göstərməyiblər. Həyat yoldaşı Gülsüm xanıma Kremldən zəng edərək məlumat veriblər və bildiriblər ki, sizi xəstəxanaya gətirmək üçün maşın göndərilib. Gülsüm xanım xəstəxanaya gələndə artıq Nərimanov keçinibmiş. Çünki ona xəstəxanada heç bir yardım göstərilməyib.

Elə həmin gün dövlət dəfn komissiyası yaradılıb. Komissiyanın qərarına əsasən, evində iş otağına üç gün ərzində baxış keçirilib. Həmin üç gün ərzində iş otağı ailə üzvləri üçün belə möhürlənərək bağlı olub. Yalnız baxış keçirməyə gələnlər otağa girə bilib. Nərimanovun iş otağına baxış onun əmisi nəvəsi Müzəffər Nərimanovun iştirakı ilə keçirilib. Üç gün ərzində xeyli sayda sənədləri toplayıb özləri ilə aparıblar.

Gülsüm xanım Nəriman Nərimanovun Bakıda dəfn olunmasını istəyib. Moskvadan Bakıya müraciət olunub. Lakin Bakıdan bu müraciətə cavab verilməyib. Ona görə də dəfn komissiyası görkəmli dövlət xadimini Kremlin divarları yanında böyük ehtiramla torpağa tapşırıblar. Dəfn mərasimində ölkə rəhbərliyi, SSRİ-nin bütün bölgələrindən dövlət və hökumət nümayəndələri iştirak etdiyi halda, Azərbaycandan kimsə iştirak etməyib...

         Dəfn mərasimi başa çatdıqdan sonra Gülsüm xanım 5 yaşlı oğlu Nəcəflə Azərbaycana köçmək istəyib. Bu haqda Kalininə müraciət edib. Nərimanova böyük hörməti olan Kalinin Gülsüm xanımı fikrindən daşındırıb və bildirib ki, sizin Azərbaycana, Bakıya köçməyinizi məsləhət görmürəm. Moskvada qalsanız yaxşı olar...”

         Həqiqətən də, Kalinin haqlı imiş. Nərimanovun müəmmalı ölümündən sonra onun fəaliyyətini təftiş etməyə  başlayıblar. Dəfn komissiyasının qərarı ilə evində, iş otağında keçirilən baxış zamanı iştirak edən əmisi nəvəsi, yüksək dövlət vəzifələrində çalışmış Müzəffər Nərimanov 1937-ci ildə həbs olunub. Ona antisovet qruplaşmasına Azərbaycanda rəhbərlik etməsi və “Alman və Türkiyə kəşfiyyatının” agenti ittihamı irəli sürülüb. Ona qarşı sürülən ittihamları rədd edən Müzəffər Nərimanov 1937-ci ildə Moskvaya etap olunub. 1938-ci il aprelin 21-də Moskvada SSRİ Ali məhkəməsi Hərbi kollegiyasının qərarı ilə güllələnib.

Nəriman Nərimanovun silahdaşları, yaxınları, qohumları nəzarətə götürülüb.

         Nərimanovun yeganə övladı Nəcəf 1943-cü ildə, 24 yaşında müharibədə həlak olub. O, atasının ona yazdığı məktub-nəsihətdən xəbərsiz olub. Anası Gülsüm xanım oğlunu qorumaq üçün ona bu haqda heç bir məlumat verməyib.

         Gülsüm xanım  1953-cü ildə Moskvada vəfat edib. Yaşadıqları evin əşyaları satışa çıxarılıb və xidməti ev dövlətə qaytarılıb.

         Gülsüm xanımın vəfatından sonra qardaşı Aslan Əliyev Nəriman Nərimanova aid sənədləri  Azərbaycana gətirib və təyinatı üzrə müxtəlif arxivlərə təhvil verib. Aslan Əliyev AMEA Əlyazmaları İnstitutuna da xeyli sayda sənəd təqdim edib. Nərimanovun əlyazmaları, Gülsüm xanımın oğlu Nəcəflə yazışmaları və s. Nərimanovun oğlu Nəcəfə yazdığı məktub-nəsihət və ərəb əlifbası ilə yazılmış türk şairinin Azərbaycana həsr etdiyi şeir bu  sənədlərin arasında olub. Gülsüm xanım bu sənədləri necə xilas edib, necə qoruyub, üç gün aparılan axtarışdan necə yayındıra bilib, demək çətindir. Bu sənədlər, oğluna məktub-nəsihət, və ya “Xəyal deyil Turan” deyən Türk şairinin şeiri ələ keçsəydi, Nərimanovu dərhal “xalq düşməni” elan edərdilər...

         Nəriman Nərimanovun arxivindən tapılan,  sözləri İsmayıl Həbib Sevükə aid olan “Azərbaycan marşı”nın üzü 1922-ci ildə köçürülüb. Nərimanovun şəxsi katibinin vərəqinə köçürülmüş şeiri görkəmli dövlət xadimi özü ilə Moskvaya aparır. Azərbaycan SSR-nin səfiri Türkiyədə bildirir ki, bu marşı Azərbaycanda hər kəs bilir və sevə-sevə oxuyur. Bu faktlar çox diqqət çəkəndir. Həm Nərimanov, həm də Əbilov sosialist idilər və bolşevik Rusiyası ilə birləşib vahid sovet dövlətinin yaranmasında iştirak etmişdilər. Buna baxmayaraq, Azərbaycanın müstəqilliyini tərənnüm edən marşa belə doğma və həssas münasibət bəsləyirdilər. Qeyd olunduğu kimi, şeirin üzü 1922-ci ildə köçürülüb. Artıq iki il idi ki, Azərbaycan bolşeviklər tərəfindən işğal olunmuşdu. Amma “Kardeş Selamı” – Azərbaycan Marşı hələ də dillər əzbəri idi və hamı tətəfindən sevə-sevə ifa olunurdu. Demək ki, tarixçilərimiz bu faktlardan çıxış edərək o dövrü daha dərindən və dəqiq araşdırmalıdırlar ki, yaranmış suallara cavab verilsin.

         Kamilə Hüseynova daha sonra qeyd edir ki, mənim babam Qəzənfər Nərimanov da İbrahim Əbilovla birlikdə Türkiyəyə gedib. Qəzənfər Nərimanov İstanbulda baş konsul vəzifəsinə təyin olunub.

Kamilə Hüseynova:

“Babam Qəzənfər Nərimanovun qardaşı oğludur. O, 1921-ci ildə İstanbulda baş konsul təyin olunur. Nənəm danışardı ki, Türkiyəyə yola düşməzdən bir gün qabaq əmimiz Nərimanov bizi evinə dəvət etdi. Gecəyarısına qədər bizə öyüd-nəsihət verdi. Sonra Qəzənfərlə təkbətək dövlət işlərindən xeyli danışdılar. Səhəri gün biz, İbrahim Əbilov ailəsi ilə və daha bir neçə nəfər Türkiyəyə yola düşdük. Türkiyədə bizi çox səmimi və isti qarşılayırdılar. Qəzənfər yaxşı kamança çalırdı deyə, Atatürk onu tez-tez öz məclislərinə dəvət edərdi və Azərbaycan musiqisini sevə-sevə dinləyərdi...”

         Bu maraqlı məlumatlara görə Kamilə xanım Hüseynovaya təşşəkkür edirəm və hesab edirəm ki, nənəsindən eşitdiyi xatirələri qələmə alaraq dərc etməklə tədqiqatçılarımıza xeyli yardım etmiş olar. Eyni zamanda bu qiymətli məlumatların tarixdə qalması olduqca vacibdir.

         Mənim diqqətimi cəlb edən məqamlardan biri də tarixçi-alim Firdovsiyyə Əhmədovanın Nəriman Nərimanovun arxivindən üzə çıxardığı əlyazmada şeirin müəllifinin göstərilməməsidir. İbrahim Əbilov da Türkiyədə ziyalılarla görüşündə bu marşın müəllifinin kim olduğunu bilmirmiş.  Həmin ziyafətdə ona şeirin müəllifinin İsmayıl Həbib Sevük olduğu bildirilir. Demək ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni üçün elan etdiyi müsabiqə tamamilə anonim şəraitdə keçirilirmiş. Yəni müsabiqənin şərtlərinə görə, təqdim olunan əsərlərdə müəlliflərin adı qeyd olunmayıbmış. Bu da müsabiqənin obyektiv keçirilməsi, tərəfkeşliyə yol verməmək üçün mühüm şərtdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Xalq Cümhutiyyəti qurucuları nə qədər təmiz, saf, prinsipial insanlar olub, dövlətin marağını necə də hər şeydən üstün tutublar. Eyni zamanda aydın olur ki, Üzeyir bəy Hacıbəylinin bəstələdiyi “Azərbaycan Marşı”nın söz müəllifinin adı qeyd olunmuş hər hansı bir sənəd niyə indiyə kimi üzə çıxmayıb...

 

***

 

Keçən yazıda qeyd etmişdim ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyatı transliterasiya olunaraq 20 cilddə nəşr olunub. Əfsuslar olsun ki, qəzetin bir neçə nömrəsi, o cümlədən 1919-cu il 14 noyabr tarixli (246 saylı) nömrəsini əldə etmək mümkün olmayıb. “Azərbaycan” qəzetinin hər bir nömrəsi AXC tarixini araşdıranlar üçün qiymətli mənbə olduğuna görə itmiş hesab edilən nömrələrin tapılmasına və bir çox başqa vacib məsələlərə aydınlıq gətirilməsinə yardım edə biləcək mülahizələrimi qeyd etmək istəyirəm.

Filologiya elmləri doktoru, professor Tofik Hüseynoğlunun 1993-cü ildə tərtib etdiyi və ön söz yazdığı “Yusif Vəzir Çəmənzəminli. Xarici siyasətimiz” kitabında diqqətimi bir məlumat cəlb etdi. Professor Tofiq Hüseynoğlu kitabın ön sözündə yazır:

“...1919-cu ilin yayında vətənə qayıdan kimi (Y.V.Çəmənzəminli nəzərdə tutulur-K.Ş.) müstəqil, suveren Azərbaycan dövlətinin Türkiyədəki səfiri vəzifəsinə təyin edilir və İstanbula yola düşür. Y.V.Çəmənzəminli qanuni Azərbaycan Demokratik Cümhuriyyətinin işğalçı XI rus ordusu tərəfindən istilasından sonra da bu vəzifədə fəaliyyətini davam etdirir.

Y.V.Çəmənzəminli 1921-ci ilin əvvəlindən diplomatik fəaliyyətini dayandırır və bütün gücünü yenə Azərbaycanı öyrənməyə, onun azadlığını, mənəvi-mədəni qüdrətini tanıtmağa sərf edir, elmi ictimaiyyətin diqqətini türkologiyada xüsusi bir “azərloji şöbə” yaratmaq ehtiyacının və imkanının mövcudluğuna cəlb etməyə çalışır. Beləliklə, 1921-ci ildə İstanbulda “Yusif bəy Vəzirov. Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi” imzası ilə “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabları meydana çıxır. Y. V. Çəmənzəminli bu dövrdəki fəaliyyətini əks etdirən arxivini, özünün yazdığı kimi, “Azərbaycanın son istiqlal dövrünə dair bir çox övraq, məsələn, iki sənəlik rusca “Azərbaycan” qəzeti kolleksiyonu; “Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı”; milli iqtisadımıza dair kitablar və məcmuələr; Qafqasiyada erməni-müsəlman vuruşmalarını təsvir edən vəsiqələr və sairə-mühafizə edilmək üçün Türkiyə elm və mədəniyyət mərkəzlərindən birinə təqdim etmişdir. Bu arxiv indiyə qədər gizli və sirli bir xəzinə kimi qalmaqdadır”.
(“Yusif Vəzir Çəmənzəminli. Xarici siyasətimiz”. Bakı, Azərnəşr. 1993, s. 4-5)
Tofiq Hüseynoğlunun qeyd etdiyi bu məlumatlar çox dəyərlidir. Əfsuslar olsun ki, bu sənədlərin hansı arxivə təhvil verilməsi göstərilmir. Müəllif “Türkiyə elm və mədəniyyət mərkəzlərindən birinə təqdim etmişdir” – deyə qeyd edir. Y.V.Çəmənzəminli özü də sənədləri hansı arxivə təhvil verdiyini heç yerdə qeyd etməyib. Çox güman ki, bu “gizli və sirli xəzinənin” tarixi əhəmiyyətini yaxşı başa düşən Yusif Vəzir onun it-bata düşməməsi, gələcəkdə lazım olan ünvana yetişməsi üçün belə addım atıb. Mən bir fərd olaraq bu arxivin izinə düşməyə çox cəhd etdim. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Hətta Türkiyədə nüfuzlu tanışlarım da bu işdə yardımçı ola bilmədilər. Düşünürəm ki, Azərbaycan Demokratik Respublikasının Türkiyədəki səfirinin təhvil verdiyi arxivi üzə çıxarmaq üçün dövlət səviyyəsində müraciət etmək lazımdır. Ya Xarici İşlər nazirliyi, ya da AMEA tərəfindən rəsmi müraciət olunarsa, bu arxivin harda qorunması haqqında məlumat əldə etmək və daha sonra tarixçi alimlərimizin araşdırma aparmaları üçün razılıq almaq mümkün olacaqdır.

Əminliklə deyə bilərəm ki, Yusif Vəzirin təhvil verdiyi arxivdə çox qiymətli sənədlərlə yanaşı, Üzeyir Hacıbəylinin “Azərbaycan Marşı”na aid məlumatlar da yer ala bilər. Bu əminliyim əsassız deyil. Çünki hələ 1917-ci ilin dekabrında, müstəqilliyimizdən 5 ay əvvəl Yusif Vəzir Çəmənzəminli Ukraynadan “Açıq söz” qəzetinə məqalə yazıb göndərmişdi. “Zəruri məsələlər. Milli şərqi” adlı məqalədə deyilir:

“Zənnimcə, milli nəğmə də zəruri məsələlər çərçivəsinə gələ bilər. Səbəbisə məlumdur. Bunu bizim köhnə fəallarımız da beləcə düşünmüşdülər. Zərdabi Həsən bəy “Milli nəğmələr” məcmuəsini əmələ gətirmişdi. (Müəllif Həsən bəy Zərdabinin 1901-ci ildə Bakıda Qubernski Pravleniyanın mətbəəsində nəşr etdirdiyi “Türk nəğmələri məcmuəsi”ni nəzərdə tutur-K. Ş.) Lakin ümurət qazanan bir şərqi indiyədək ortalığa çıxmadı. Şərqisiz də bizim siyasi coşğunluğumuz və milliliyimiz ortalığa çıxmır. Hər bir millətin özünə məxsus bir milli nəğməsi var. O nəğmə oxunduqca millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artir. Bizimsə bu nəğməmiz yoxdur. Odur ki, milli sərxoşluğumuz və nəşəmiz də yoxdur. Düşməni yıxmaq üçün də milli sərxoşluq lazımdır.

Bolqarlar “Şumey murpeça” nəğmələrini oxuduqda intiqam hissi ürəyi dəlir. “Şe ne vmerla Ukraina” şərqisi adamda elə qüdrətli birlik doğdurur ki, doğrudan da, Ukraynanın həmişə diri qalıb səadətdə yaşamasına iman edirsən.
Bizim hələ milli nəğməmiz yoxdur. Biçarə cavanlarımız milli hiss coşğunluğunda bilmirlər nə oxusunlar. Kiyevdə inqilabın əvvəl günləri təntənəli nümayişlər yapılanda tatarlar “...sübhanallah” oxuyurdular. Bizim studentlər isə nəğməsizlikdən nümayişi sükut içində keçiriblər.

Bizə milli şərqi lazımdır. Bu da bu saatın məsələsidir. Milli şərqi bizim yatmış milli hisslərimizi oyadır. Bu şərtlə ki, məzmunu və havası ayıq olsun, oxunduqda “Segah” kimi ruhumuzu boşaltmasın.

Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar.

Yaxşı olar ki, milli komitə və ya mərkəzi “Musavat” milli şərqi əmələ gətirmək üçün mükafat vəd edəydi”.


(Yusif Vəzirov. “Açıq söz”, 19 dekabr 1917)

 

Yusif Vəzir Çəmənzəminli Ukrayna milli azadlıq hərəkatını yaxından izləmiş, bir çox tarixi hadisələrin canlı şahidi olmuşdu. O, 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin Hüquq fakultəsinə daxil olur. 1915-ci ildə Birinci Dünya müharibəsinin gedişi ilə əlaqədar çar hökuməti Kiyev Universitetini Saratova köçürür. Yusif Vəzir elə həmin ildə universiteti Saratovda bitirir və yenidən Kiyevə qayıdır.

1917-ci il fevral inqilabından sonra Ukraynada milli azadlıq hərəkatı böyük vüsət alır. Kiyevdə olan Yusif Vəzir burada baş verən siyasi hadisələri yaxından izləyir. Eyni zamanda siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavatın” Kiyev şöbəsini yaradır və həmin şöbəyə başçılıq edir. Ukraynada baş verən hadisələrin mərkəzində olan Yusif Vəzir, özü də qeyd etdiyi kimi, bütün milləti, xalqı birləşdirən “Şe ne vmerla Ukraina” nəğməsini, demək olar ki, hər gün eşidir və bütün xalqı, milləti mübarizəyə ruhlandıran bu nəğmənin necə böyük əhəmiyyət daşıdığına şahidlik edir. Ona görə də o, Kiyevdən “Açıq söz” qəzetinə göndərdiyi məqaləsində “Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar” yazırdı. Üzeyir bəy “Açıq söz” qəzetinin 22 dekabr 1917-ci il tarixli sayında “Milli marş” adlı məqalə dərc etdirir və artıq belə bir marş yazdığını qeyd edir. Bu mövzuya yazının növbəti hissələrində bir daha qayıdaraq daha geniş və ətraflı məlumat verməyi düşünürəm. İndi isə XIX əsrin 60-cı illərindən bu günə qədər Ukrayna xalqının mübarizə simvolu olan “Şe ne vmerla Ukraina” haqqında toplanmış maraqlı məlumatları diqqətinizə təqdim edirəm:

“Bu gün Ukraynanın rəsmi dövlət himni olan “Şe ne vmerla Ulraina” 1862-ci ildə ukyaynalı etnoqraf, folklorçu və şair Pavel Çubinski tərəfindən yazılıb. XIX əsrin ortalarında Çubinski rus, ukraynalı, polyak və serb tələbələrinin görüşlərini təşkil edərdi. 1862-ci ilin payızında belə görüşlərin birində Çubinski “Şe ne vmerla Ukraina” şeirini yazır. Bu şeir qısa zamanda “Ukraynafil” dərnəklərində, mərkəzi və qərbi Ukraynada populyarlıq qazanır, daha sonra Ukraynanın milli və sonda dövlət himni olur.

İlk dəfə Çubinskinin bu şeiri 1863-cü ildə Lvovda “Meta” (Hədəf-K.Ş.) jurnalınnın 4-cü sayında nəşr olunur. Şeir o dövrün ruhani xadimlərinin də diqqətindən yayınmır. Onlardan biri, dövrünün tanınmış bəstəkarı ruhani Muxail Verbitski şeirdən ilhamlanaraq ona musiqi bəstələmiş və ilk dəfə 1865-ci ildə Polşanın Peremışle Ruhani Seminariyasının salonunda ifa etmişdi” (Aleksandr Savçenko, Mixail Xmelevski. “Ukraynanın müasir himninin mətni tarixi-kultroloji və linqvistiq kod kimi”. “Jezykoznawstwo” jurnalı, 2020, nr. 14)
XIX əsrin ortalatında Rusiyada və Avstriya-Macar imperiyasında “Ukraynafil” dərnəkləri-Ukrayna xalqının dil, ədəbiyyat və mədəniyyətinin qorunması və inkişafı uğrunda mübarizə cəmiyyəti geniş yayılmışdı. “Şe ne vmerla Ukraina” şeiri, daha sonra mahnısı bu dərnəklər arasında geniş yayılmışdı.

1917-ci ildən “Şe ne vmerla Ukraina” Ukrayna xalqının milli mübarizə simvolu kimi hər yerdə ifa olunur, xalqı mübarizəyə ruhlandırırdı. 1920-ci ilə qədər əsər milli himn kimi ifa olunsa da, rəsmi status almadı. 1939-cu ildə Karpat Ukrayna Respublikasının rəsmi dövlət himni kimi təsdiqləndi.

1991-ci ildə uzun fasilədən sonra Ukraynanın ilk prezidenti Leonid Kuçmanın andiçmə mərasimimdə səslənən “Şe ne vmerla Ukraina” 1992-ci il 15 yanvarda Ali Radada Ukraynamın rəsmi dövlət himni kimi təsdiq edildi.
6 mart 2003-cü ildə Ali Rada “Ukrayna dövlət himni haqqında” Konstitusiya Qanunu qəbul etdi. (“Pro Derjavniy qimn Ukrayni”. Vidomosti Verxovnoy Radi Ukrayni. 2003, N 24, s. 163.)

Bu gün də “Şe ne vmerla Ukraina” Ukrayna xalqını birliyə, həmrəyliyə, mübarizəyə ruhlandırır. Son illər işğala məruz qalan Ukraynaya dəstək nümayiş etdirmək üçün dünyanın bir çox ölkələrində bu əsər ifa olunur və dünya Ukrayna ilə həmrəy olduğunu bu əsərlə nümayiş etdirir. Çünki, “Şe ne vmerla Ukrayna” azad, müstəqil, suveren Ukraynanın mübarizə simfolu olaraq, millətin iki əsrə yaxın öz varlığını qorumasında əvəzsiz rol oynamış və oynamaqdadır...

Aprel işğalından sonra Azərbaycanın mühacirət həyatı yaşamağa məhkum edilən cümhuriyyətçi oğulları Üzeyir bəy Hacıbəylinin “Azərbaycan Marşı”nı Vətənin, müstəqilliyin, azadlığın rəmzi kimi yaddaşlarında, qəlblərində, zehinlərində, damarlarında axan qanda qorudular, unudulmağa qoymadılar. Zaman-zaman müxtəlif ölkələrdə nəşr etdirdilər, nəsildən-nəsilə ötürdülər. 1920-ci illərdən başlayaraq “Azərbaycan Marşı”nın sözləri imkan düşdükcə dərgilərdə, şeirlər toplusunda yer alırdı.

Azərbaycan Cümhuriyyəti dövrünün istedadlı, yorulmaz tədqiqatçısı Dilqəm Əhməd bu nəşrləri üzə çıxararaq onlar haqqında qiymətli məlumatları geniş oxucu kütləsinə təqdim edir. Professor Asif Rüstəmli də “Cəmo bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” kitabında “Azərbaycan Marşı”nın mühacir həyatından maraqlı faktlar üzə çıxararaq bir arada toplamış və oxuculara təqdim etmişdir. Lakin əldə edilən bu faktlar “Azərbaycan Marşı”nın mühacir həyatını tam əks etdirmir. Bir çox önəmli tarixi fakrlar qeyd etdiyim araşdırmalarda əks olunmayıb. Bu faktlar haqqında ilk dəfə olaraq oxuculara ətraflı məlumat veriləcək.

Qeyd olunmuş nəşrlərin ardıcıllığına qısa da olsa nəzər salaq:

İlk dəfə “Azərbaycan Marşı”nın sözləri 1925-ci ildə Türkiyədə “Öz dilek” jurnalınnın 28 oktyabr tarixli 22-ci sayında çap edilir. (Bu gün, hələ ki, şeirin ilk dəfə çapı haqqında bizə məlum olan məlumat bundan ibarətdir-K.Ş.) Dilqəm Əhməd 20.01.2024-cü ildə “teleqraf.com” saytında çap etdirdiyi məqalədə bu haqda yazır:

“...Ankarada yaşayan dəyərli tarixçimiz Qiyas Şüküroğlu mənə maraqlı bir material göndərdi. Bu materialda Azərbaycan dövlət himninin sözləri fərqli şəkildə idi...

Maraqlıdır ki, himnimizin sözləri mühacirətdə çıxan broşürlərdə və Türkiyədə çap edilən bəzi marş kitablarında kiçik nüanslar xaric, demək olar ki, eynidir. Amma Qiyas bəyin “Öz dilek” adlı jurnaldan əldə etdiyi mətn xeyli fərqlənir. Jurnalın 28 təşrini-əvvəl (oktyabr) 1341-ci ildə (1925) çıxan 22-ci sayında əski əlifba ilə verilmiş “Azərbaycan marşı” bu şəkildədir:

 

“Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladı vətənin
Səndən ötrü can verməyə cümlə hazırız
Ay, yıldız bayrağınla məsud yaşa
Binlərcə gənc qurban oldu
Sinən hərbə meydan oldu
Hüquq üçün gedən əfrad
Hərə bir pəhləvan oldu
Sən imişsən gülüstan
Sənə bir çox məhəbbət
Namusunu hifz etməyə
Bayrağını yüksəltməyə
Binlərcə gənc müştaqdır
Şanlı vətən, binlər yaşa!
Yülsəlmişdi ay-yıldızlı bayrağın
Qafqaziya dağlarının başına
Səkkiz dişli yıldızınla hilalın sənin
Kölgə salmış mavi rəngli “Bəhri-Xəzərə”
Göz bəbəyi tək süzəriz səni
Düşmən pəncəsində alarız səni
Binlərcə gənc qurban oldu
Gözəl yerlər viran oldu
Tökülən şu al qanlardan
Dağlar, daşlar əlvan oldu
Qara geydi gəlinlər
Ağlar qaldı annələr
Rəhm qıl göz yaşına
Yetmiş gələ fəryadıma
Yabancı qanlı pəncələr
Altında inliyor gənclər
Səbir et yaxındır xilasın
Qərib vətən, binlər yaşa”.

 

Göründüyü kimi mətnin sözləri xeyli fərqlidir, sanki sonradan əlavə olunub. Marş jurnalın 1925-ci il sayında dərc olunduğu üçün, bəlkə də, mühacirlərdən kimsə mətnin sonuna işğalı ifadə edən sözlər artırıb və bu şəkildə təqdim edib." (Dilqəm Əhməd. “Qərib vətən binlər yaşa”. “teleqraf.com. 20 yanvar 2024)

Dilqəm bəy haqlıdır. “Öz dilek” jurnqlında dərc olunan bu variant, çox güman ki, mühacirlərimizdən kimsə yaddaşında belə bərpa edib və sonuna işğalla bağlı əlavələr edib. İşğaldan sonra Türkiyədə çap olunan ilk nümunə olduğu üçün, yəqin ki, dəqiqləşdirmə aparmaq mümkünsüz olub. Sonrakı nəşrlərdə “Azərbaycan Marşı”nın sözləri cüzi fərqlə orijinalda olduğu kimi çap edilir. Yəqin ki, marşın sözlərini dəqiq bilənlərin müdaxiləsi nəticəsində mətn bərpa olunub. Qeyd etməliyəm ki, “Öz dilek” jurnalında işıq üzü görən “Azərbaycan Marşı”nın sözlərinin müəllifi göstərilməyib.

Daha sonra yenə Türkiyədə, 1928-ci ildə İstanbulun Orxaniyyə mətbəəsində “İstiqlal uğrunda” kitabında “Azərbaycan” adı ilə şeir yenə də imzasız çap olunur. Kitabın tərtibatçısı Azərbaycanlı Əli Kamaldır. “İstiqlal uğrunda” şeirlər məcmuəsində “Azərbaycan” adı ilə yenə də imzasız çap olunan bu versiya cüzi fərqlə indiki dövlət himnimizin sözləri ilə, demək olar ki, eynidir.

“Azərbaycan Marşı”nın sözlərinə növbəti dəfə Avropada, Berlində nəşr olunan “Azərbaycan” qəzeti tərəfindən çap olunan “Gənc yaradıcılar” adlı kitabçada rast gəlinir. Bu kitabçada müxtəlif müəlliflərin 25 şeir, hekayə və oçerki verilmişdir. Almas İldırımın “Bir quş olsaydım”, “Bir səs gəlir uzaqdan”, S. Şirvanın “Ana”, Ə. Cavadın “Milli bayrağımıza”, Azərizadənin “Vətən”, M. Bəylinin “Üç rəngli bayrağım”, Cəlil Yurdaqulun “İstiqlal” şeirləri ilə yanaşı, “Azərbaycan Marşı”nın sözləri “Azərbaycan” adı ilə çap edilmişdir. İlk dəfə olaraq “Gənc yaradıcılar” toplusunda “Azərbaycan” şeiri milli himn kimi təqdim edilir. Burda da şeirin müəllifi haqqında heç nə yazılmayıb.

Professor Asif Rüstəmli öz kitabında “Gənc yaradıcılar” kitabçasında verilmiş “Ön söz” və “Azərbaycan” ( milli qimn) şeirini olduğu kimi oxuculara təqdim edir:

“Toplunun 3-cü səhifəsində “Azərbaycan” qəzeti adından “Ön söz” verilmiş, ardınca “Azərbaycan” şeiri Milli Himn kimi ilk dəfə təqdim olunmuşdur. Kitabçanın “Ön söz”ündə yazılır: “Hörmətli oxuculararımıza təqdim etdiyimiz “Gənc yaradıcılar” bizim Azəri türk gənclərinin bu sahədəki ilk addımlarıdır. Qəhrəman Azəri türk legionerlərinin orqanı olan “Azərbaycan”ın nəşr etdiyi bu “Gənc yaradıcılar” dəxi, hər ilk addımdakı səhvlərdən uzaq deyildir. Lakin, səhvlərinə baxmayaraq, “Gənc yaradıcılar”ın Azəri qardaşlarımız tərəfindən yaxşı qarşılanacağına şübhə etmirik. Çünki gənc qüvvələrimizin yaratdıqları “Gənc yaradıcılar” vətəndən uzaqda keçən bu günlərdə vətənimizin azadlığı, millətimizin istiqlalı uğrunda çarpışan qüvvələrimizin öz məhsuludur. Pis də, yaxşı da olsa, bir millətin öz məhsulu özünə daha artıq xoş gələr.

 


“Azərbaycan” qəzeti

Azərbaycan
(Milli qimn)

Azərbaycan... Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Öz canından keçən əsgər,
Hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan,
Sənə daim can qurban.

Sənə bir çox məhəbbət,
Sinəmdə tutmuş məkan.
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır.
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan... Azərbaycan!”
(Asif Rüstəmli. “Cəmo bəy Cəbrayılbəyli: həyatı və yaradıcılığı”. Elm və təhsil, Bakı, 2024, s.125)
Bu nəşrdə də şeirin müəllifi qeyd olunmayıb.

 

1964-cü ildə Türkiyədə Azərbaycan Kültür Dərnəyinin aylıq yayım orqanı olan “Azərbaycan” jurnalının birləşmiş 10-11-12-ci sayında “Azerbaycan İstiklal Marşı ve Devlet Arması Üzerine” (Azərbaycan Himni və Dövlət Gerbi haqqında) adlı yazı dərc olunur. Ejder Kurtulan imzası ilə dərc olunan yazı, əslində, “Azərbaycan” qəzetinidə 14 noyabr 1919-cu ildə Xalq Maarif Nazirliyinin Hökumətə milli himn və dövlət gerbi ilə bağlı etdiyi təklifdən ibarətdir. “Azərbaycan” qəzetinin 19 noyabr 1919-cu il 246-cı sayında dərc olunmuş təklifin türk dilində tərcüməsidir. Qeyd etdiyim kimi, “Azərbaycan” qəzetinin bir neçə sayı, o cümlədən də 246-cı sayı itmiş hesab olunur. Görünür ki, qəzetin bu sayını Türkiyə arxivlərində axtarmaq lazımdır.

Ejder Kurtulan yazının sonunda, səhifənin aşağı hissəsində belə bir bilgi verir:

Not: Bilimdiği gibi Milli Marş bilahire büyük kompozitor Üzeyir Hacıbeyli tarafından bestelenmiştir”.

Göründüyü kimi burda da “Azərbaycan Marşı”nın söz müəllifi haqqında heç nə deyilməyib...

 

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.