“İyulist”lərdən biri Featured

Rafail İncəyurda dost təbriki

 

Ramiz Göyüş, yazıçı, publisist,

“Ədəbiyyat və incəsənət”

 

Qazax mahalının bir sıra ünlü simaları vardır ki, onlar iyul ayında dünyaya gəlib. Sevimli şairimiz Rafail İncəyud bəzən bu simaları zarafatla “iyulistlər” adlandırır. Məsələ burasındadır ki, Rafail müəllimin özü də onun ifadəsi ilə desək”iyulist”dir. İyulun 4-də o da 72-ni yola salaraq, 73-ə qədəm qoydu...

 

Çağdaş poeziyamızın tanınmış və ünlü nümayəndələrindən biri olan Rafail müəllimin özünə təxəllüs kimi götürdüyü  “İncəyurd” kəlməsi, bu gün Azərbaycanımıza bəxş etdiyi məşhur söz-sənət  adamlari ilə bütün Azərbaycanda, onun hüdudlarından kənarda məşhurdur. Cəmi üçcə kəndən ibarət olan bu dərə, istər adət-ənənəsi, istər folkloru, istər istedadlı insanları, istər sazlı-sözlü məclisləri, istər fərqli dini dəyərləri ilə az qala bütöv bir xalqın etno mədəniyyətini və ədəbiyyatını təmsil etmək qüdrətinə malikdir. Doğrusu, mən bu yurdun söz-sənət adamlarını ciyin-çiyinə vermiş sıra dağlara bənzədirəm. Bu sıra dağların Aşıq Avdı, Aşıq Cəlal, Ələddin İncəli, Aslan Kəmərli, Ağamalı Sadiq, Kərəm İncəli, Akif Səməd, Məmməd İlqar, Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Avdı Qoşqar, Mahmud Vəli, Sayad Mustafaoğlu adlı və adını bu yazıda çəkmədiyim neçə-neçə zirvələri var. Bu zirvələr bir dağ silsiləsində yerləşsə də, hər biri öz gözəlliyinə, əzəmətinə, möhtəşəmliyinə görə biri-birindən fərqlənir. Həmin “dağ silsiləsinin” zirvələrindən biri olan Rafail İncəyurd da İncədərəsi poeziya məktəbinin ənənələrini uğurla daşıyan və bu ənənə üzərində öz poeziyasını yaradan istedad sahiblərindəndir.

İncə dərəsi Rafail müəllim üçün müqəddəsdir. Təkcə ona görə yox ki, tək Azərbaycanda deyil , onun hüdudlarından kənarda da məşhur bir ziyarət kimi tanınan Hacı Mahmud  ocağı bu məkanda yerləşir. Həm də ona görə ki, həmin məkanda Rafail İncəyurdun dünyaya göz açdığı bir ocaq var, ilk dəfə ayaq tutub addım atdığı həyət var, ilk dəfə dil açıb ana çağırdığı, örəndiyi dil var, ləhcə var, qucağına sığınıb, laylasını eşitdiyi anasının, çörəyini yediyi, öyüdünü dinlədiyi, tərbiyəsini aldığı atasının məzarları, ruhu var, uşaqlığını keçirdiyi, quzu otardığı dərə, təpə var, həmin dərə-təpələri dolanan cığır-çəhlimlərdə izi, uşaqlıq xatirələri qalıb. Çiynində anasının parçadan tikdiyi məktəb çantasında qədəm qoyduğu məktəb, sinif otağı xatirələrində yaşayır. Onu Bakıya  ölkənin ən adli-sanlı ali məktəbə, yola salan məktəb var, ona əlifbanı, ana dilini, xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini öyrədən müəllimlərinin ruhu yaşayır. Uşaqlığında dirədöymə, çiling-ağac, beş daş oynadığı, çərşənbə günlərində papaq atdığı, yumurta döyüşdürdüy, tonqal çatdığı uşaqlıq yoldşlarının xatirələri yaddaşında həmişəlik həkk olunub.    

Rafail müəllimlə  ünsiyyətdə olan, yaxından tanıyan,  iç dünyasına bələd olan  hər kəs onu , saf xarakteri, xeyirxah , mərhəm düşüncəli bir insan kimi tanıyır. Düşünürəm ki, onu oxuculara sevdirən də, elə bu xarakterdən, bu duyğulardan yaranan  şeirlərdir. Şeirləri sadədir, səmimidir, koloritlə, etnoqrafik nümunəlrə zəngindir. Oxucu ilə çox asanlıqla təmas- dil tapır. Oxucu demək istədiklərini onun şeirlərində tapır. Uzun illərdir Bakı şəhərində yaşamasına baxmayaraq, danışığını da ləhcəsini də dəyişməyib. Məncə dəyişməyə heç cəhd də eləməyib. Onunla görüşəndə , ünsiyyətdə olanda elə bil İncə dərəsindən dünən gəlib və Qazağın, İncə dərəsinin ab-havasını da, şirinliyini də özü ilə gətirib.

Və sonda bu əlmətdar gündə kiçik bir dəyişikliklə, Rafail müəllimi öz şeiri ilə bir daha təbrik edirəm:

– Sevgi – körpü, sevgi – tağ,

Sevgi – hörgü, sevgi – bağ,

Hər sinndə nəsə quraq

Dilək gəlsin yaş üstə...

 …Tanrım, pozma gərdişi,

Qoy bitirək hər işi.

Yaxınlaşan bu yaşı,

Hələ yazma daş üstə.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.