“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Zöhrab Mehdinin şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
ŞEİR VAXTI
Zöhrab MEHDİ
YERİMİZ YOXDUR
Şükr et, könül, oysa bizim
Kimsədən sirrimiz yoxdur.
Şəffafdır, pakdır içimiz
Hisimiz, kirimiz yoxdur!
Biz yalnız haqdan yanayıq
Yanmasın bir can, yanayıq.
Harda olsaq yan-yanayıq,
Ya da, heç birimiz yoxdur!
Desələr, yurdun harası,
De ki, göylə yer arası.
Baş qaxıncı, üz qarası
Ölümüz, dirimiz yoxdur!
Uzundur yolumuz, könül,
Xoşdur, xoş halımız, könül.
Nə üçdə alımız, könül,
Nə beşdə verimiz yoxdur!
Varımız yox sözdən qeyri,
Yarımız yox düzdən qeyri.
Neynək, bizim bizdən qeyri
“Getməyə” yerimiz yoxdur!
SALAM DEYİN
Burda maraqlı bir şey yox,
Bax, başımı qatammıram.
Fikrim qalıb uzaqlarda,
Ha gedirəm, çatammıram!
Kimim var, nədir bilmirəm
Məni çəkən, uzaqlara?!
Duman kimi qəm, nisgildi
Yoxsa çökən – uzaqlara?!
Necə keçir, necə orda
Günlər, aylar, illər, görən?
Səksəkədə ürəklərmi,
Tətikdəmi əllər, görən?!
...Yağış yağır, külək əsir...
Belədirmi gündüz, gecə?!
Kim bilir, kim uzaqların
Havası nə, rəngi necə?!
Ha gedirəm çatammıram –
...Asta... yeyin – uzaqlara!
Dostlar, bir gün ola... məndən
Salam deyin, uzaqlara!
DƏRD GƏTİRİRƏM
Uzanan hər ələ ətək oluram,
Hər ünə qaçıram, səsə qaçıram.
Yubansam nə olar, kim bilir, oysa
Qırdırma qaçıram, kəsə qaçıram?!
Torpaq ağrımasın – addımlarımı
Ehmalca atıram, asta qoyuram.
Hardan gəlir-gəlsin başıma, öpüb,
O daşı gözümün üstə qoyuram.
Görsəm ki, ocağı, odu sönən var,
Gözümdən atəş də, qor da verirəm.
Bunun qaydası nə, üsulu necə –
İstəsən çəkinmə, sor da – verirəm?!
Nazını çəkirəm ağacın, quşun,
Yarpaqtək əsirəm, yarpağın üstdə.
Bağrıma basıram, altı bir yana,
Nə varsa...nə varsa, torpağın üstdə!
Hər gün neçə cürə ahdan keçirəm
Özümdən nə qədər söz götürürəm.
Hər sabah evimdən ümidlə çıxıb,
Hər axşam evimə dərd gətirirəm!
O DAŞA DƏYMƏ
O daşa dəymə, toxunma o daşa, qafil,
Bilirsən o daşı üst-üstə kim qoyub?!
Özü də əzmlə, səbirlə, təmkinlə –
Pərçim edib biri-birinə, pərçim – qoyub!
Daşı daş üstünə qoymağa ürək lazım,
Nəbadə, bu sənə zarafat gəlməsin.
Bacarırsan, bir daş da sən qoy üstünə,
Ya da, farağat dur, farağat- gəlməsin!
Əslində, düşünürsən; daşdı da, amma
Üst-üstə qoyursan – iki, üç, dörd...olur.
Bir də baxırsan ki, ev olur, qala olur –
Bir də baxırsan ki, binə olur, yurd olur!
Həm də, daş daşın üstündə olanda
Əlimizə, ayağımıza ilişən daş azalır.
Daşı daş üstünə qoymaq da hadisədi,
Hə də, qoyarsan, yeni bir tarix yazılır.
O daşa dəymə, toxunma o daşa, qafil,
Bilirsən o daşı üst-üstə kim qoyub?!
Bax, necə yonub, cilalayıb – əhsən
Hər kimsə, gör nə gözəl, nə biçim qoyub!
HAVALANDIR
Çıxart çölə, çəkinmə – çıxart, qafil
Nolar, bir az başını havalandır.
Aç qapılarını, pəncərələrini aç –
Bir az da damını, daşını havalandır!
Çörəyini, duzunu havalandır bir az,
Ocağını, közünü havalandır bir az.
Bir az əlini, ayağını havaya ver,
Üzünü, gözünü havalandır bir az.
Havalandır hislərini, duyğularını,
Düşüncələrini, fikirlərini havalandır.
Havalandır niyyətini, məramını,
Dualarını, şükürlərini havalandır.
Addımlarını havalandır, addımlarını,
Duruşunu, yerişini havalandır bir az.
Gülüşünə hava dəysin, gülüşünə,
Əməlini, hər işini havalandır bir az.
Çıxart çölə, çəkinmə – çıxart, qafil
Nədir, basdırmısan başını, bürümüsən?
Nə qədər gec deyil, havaya çıx havaya,
Bir də baxıb görəcəklər, çürümüsən!
ÖMÜRDƏN
Nə qaldı, beş-altı payız,
Beş-altı bahar ömürdən.
Bir vaxtlar laçın bir oğlan –
İndi kim baxar ömürdən?!
Bir əlində əsa tutar,
Birində çətir gəzdirər.
Zorla girləyər başını
Ya “xala-xətir” gəzdirər.
Yerə baxar, yer kiçilər,
Göyə baxar, göy – gözündə.
Kiçilər dağ-dərə, dəniz,
Kiçilər hər şey – gözündə!
Can atar azad olmağa,
Ruhu da, canını sıxar.
Bu dünyaya sığmazıydı,
Daha öz içinə sığar!
Nə qaldı beş-altı payız,
Beş-altı bahar ömürdən.
Nala-mıxa vurur, vallah,
Nə desən, çıxar ömürdən!
NAŞI AĞRIYIR
Bu zavallı yatıb, durur,
Min fikir, min xəyal qurur,
...Gah ora, gah bura vurur –
Başı ağrıyır, ağrıyır!
Taqəti, heyi dizində,
Gülür, gülüşü üzündə.
Sıxır, hər dəfə gözündə
Yaşı ağrıyır, ağrıyır!..
Əynində palı paltarı,
Nimdaş köynəyi, şalvarı.
...Bacası, damı, divarı,
Daşı ağrıyır, ağrıyır!
Günü belə, ayı belə,
Yox hesabı, sayı belə.
Yazı belə, yayı belə –
Qışı ağrıyır, ağrıyır!
Nolar ümid ver, xırda bir...
Dur de də, barı – dur da, bir.
Tanrım, görmürsən burda bir
Naşı ağrıyır, ağrıyır?!
***
... Bax, gör kimdir o... sərsəri
Barmaqlarıyla oynayır, əllərini ovuşdurur –
Oturub köhnə məzar daşının kölgəsində
Uğursuz bir taleyin, baxtın...
... Bəs o, kimdir o... eyvah
Əslində, əsirinə çevrilir hər gün, əsirinə –
Guya öz aləmində meydan oxuyur üzünə
Ona ayrılmış zamanın, vaxtın...
... Bax, gör kimdir o... zavallı –
Qaldırıb başını şükür etmək istəyir dərgahına.
Daha bilmir ki, dərgah sahibidir elə
Qaldırmağa qoymayan, başından basan...
... Bəs o, kimdir o... eyvah…
Ov seçilmişkən özü, hər şeydən xəbərsiz,
Bəlkə, bu dəfə...bəlkə, indicə olacaq deyib,
Səbirlə marığa yatan, ov pusan...
...Bax, gör kimdir o... didərgin –
Dağılmış yurdunun xarabalığında dolaşır…
Xəyalında... bir tikə çörək, bir kasa şorba,
Yanında da, bir qaşıq çəkir....
...Bilmirəm, fərqindəsən, ya yox,
Nə qədər acınacaqlı görünsə də, qəribədi,
Bütün bu mənzərələrin fonunda nədənsə
Mənim diqqətimi, bir işıq çəkir...
HARA QOYUM
Hara qoyum ürəyimi,
Harda saxlayım, İlahi?!
Sən bilərsən, bir yer söylə –
Var da, saxlayım, İlahi?!
Ağzınacan dolub daha,
Bax, necə daşır ürəyim!
Hər gün bir az da qudurur,
Həddini aşır, ürəyim!
Çıxarım qəfəsə qoyum,
Qaldırım rəfdə saxlayım?!
Nə günahın sahibiyəm,
Nə etdim səhvdə saxlayım?!
Baxmır söyüb, qarğıyıram,
Tuturam dilə, ovunmur!
Gecə demir, gündüz demir,
Belə, ya elə – ovunmur?!
Hara qoyum ürəyimi –
Bir yer göstər, yer, İlahi?!
Mən nə bilim nə istəyir
Bu çər dəymiş, çər... İlahi?!
***
...Görsən ki, havalanmısan,
Başında dəli bir eşq havası var…
Görsən ki, havan çatışmır,
Dur, çıx gəl bizə sarı...
...Görsən ki, könlün qubarlanır,
Qəribsəyirsən, doluxsunursan…
Görsən ki, gözlərin islanır –
Yum, sıx gəl bizə sarı...
...Görsən ki, gücün yetmir,
Neyləsən də bacarmırsan özünlə.
Görsən ki, çıxmıram yadından –
Yəni, unuda bilmirsən...
...Görsən ki, özündə deyilsən,
Əllərin, ayaqların sözünə baxmır.
Görsən ki, dilin, dodağın əsir –
Özünü ovuda bilmirsən...
...Bax, onda dur gəl bizə sarı,
Heç kimdən çəkinib eləmə,
Heç nəyə, heç zada məhəl qoyma –
Başını dik tut...bir az...
...Ürəyinin döyüntüsü istisna,
Qulaqların tıxa bütün səslərə –
Onsuz da sən əvvəldən vəfasızdın –
Mənsə əvvəldən “yaramaz...”
ÜRƏK QOYMUŞAM
Ay zalım dur bir aç, nə oturmusan,
Qapının önünə ürək qoymuşam.
Hələ şeh dəyməmiş, arı qonmamış –
Bir dəstə təzə-tər, çiçək qoymuşam!
Gün vurar, isladar yağış – amandı,
Bozardar üzünü bu qış – amandı!
Birdən duyuq düşər, qurd-quş, amandı,
Ya da, “çırpışdırar” külək, qoymuşam!
Nahaqdan bu yola baş qoymamışam,
Xalisdi, döyünür – “daş” qoymamışam!
Əmin ol, yüz faiz, boş qoymamışam,
İçində min cürə dilək, qoymuşam!
Göz atıb, iz salıb, rəddi çəkmişəm,
Lap belə aşmışam, həddi, çəkmişəm!
Qapına ürəkdən səddi, çəkmişəm,
Girməsin içəri fələk, qoymuşam!
Nə hiyləsi olar, nə fəndi olar,
Dolanar başına, əfəndi olar!
İstəsən, lap belə kəfən də olar,
Hələlik dur bürün, bələk qoymuşam!
Özüm düzüb, qoşub söz eləmişəm,
Hər nə eləmişəm, öz eləmişəm,
Kim nə deyir-desin, düz eləmişəm,
Harda var sənintək, mələk – qoymuşam?!
“Ədəbiyyat və incəsənət”
(03.07.2026)


