İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ən çox sevdiyi yazıçının Frans Kafka olduğunu deyən əksər şəxsə “bəs hansı əsərini bəyənirsən” sualını verdikdə, yalnız “Çevrilmə”nin adını çəkirlər. Halbuki bu çox kiçik bir əsərdir, cəmi bir neçə səhifədir.
Kafkanı sevmək üçünsə onun ən azı “Qəsr”ini, “Milenaya məktublar”ını oxumaq lazımdır.
Kafka 3 iyul 1883cü ildə Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində Qədim şəhər meydanının yaxınlığında anadan olub. Kafka 1889–1893-cü illərdə Fleyşmarktda (hazırda Masna küçəsi) yerləşən və oğlanlar üçün nəzərdə tutulmuş alman ibtidai məktəbinə gedib. Onun yəhudi təhsili 13 yaşında Bar Mitsvanın qeyd edilməsi ilə başa çatıb. Kafka sinaqoqa getməyi heç vaxt xoşlamayıb və atası ilə ancaq ildə 4 dəfə ora gedib.
1893-cü ildə ibtidai məktəbi bitirdikdən sonra ciddi təhsilin keçirildiyi dövlət gimnaziyası olan və Köhnə şəhər meydanındakı Qoltz-Kinski sarayında yerləşən Köhnə Şəhər Alman Gimnazsiyasına qəbul olunub və orta təhsilini burada almağa başlayıb. Təhsil alman dilində aparılsa da, Kafka çex dilində də yazıb oxuyub. O, gimnaziyadakı təhsilini 8 il davam etdirib və yaxşı qiymətlər alıb.
Kafka çex dilində yaxşı danışdığından tez-tez alqışlansa da, Kafkanın özü heç vaxt çex dilində səlis danışdığını düşünməyib, buna baxmayaraq hətta alman dilində də çex aksenti ilə danışıb. Matura imtahanlarını 1901-ci ildə verib. 1901-ci ildə Praqada yerləşən Alman Karl-Ferdinand Universitetinə qəbul olunan Kafka kimya ixtisası üzrə təhsil almağa başlayıb, lakin iki həftə sonra qərarını dəyişərək hüquq təhsili almağa başlayıb.
Bu sahə onun marağına səbəb olmasa da, qarşısına geniş iş imkanları açıb, bu isə atasını məmnun edib. Bundan əlavə, hüquq uzunmüddətli təhsil tələb edib, bu isə Kafkaya alman dili və incəsənət tarixi dərslərinə qatılmaq şəraiti yaradıb. O, Alman Tələbələrinin Oxu və Mühazirə Zalı (alm. Lese- und Redehalle der Deutschen Studenten) adlı tələbə klubuna qoşulub, bu klub ədəbi tədbirlər, oxular və digər fəaliyyətlərin təşkili ilə məşğul olub.
Kafka həyatı boyunca çox həvəsli bir oxucu olub. Brodun təklifi ilə onlar Platonun "Protaqor" əsərini orijinal yunan dilində, öz təklifi ilə isə Qüstav Floberin "Sentimental təhsil" və "Müqəddəs Antoninin tamahı" əsərlərini fransız dilində oxuyublar. Kafka Fyodor Dostoyevski, Qüstav Flober, Nikolay Qoqol, Frans Qrilparser və Heynrix von Kleisti "əsl qan qardaşı" olaraq adlandırıb. Bundan əlavə, Kafka Çex ədəbiyyatı ilə maraqlanıb, Yohann Volfqanq Götenin əsərlərinin vurğunu olub.
Kafka 18 iyul 1906-cı ildə hüquq üzrə doktorantura dərəcəsi alıb və bir il müddətinə məcburi surətdə pulsuz vətəndaş və cinayət məhkəmələrində hüquq katibi kimi fəaliyyət göstərib. 1 noyabr 1907-ci ildə Kafka Assicurazioni Generali sığorta şirkətində işləməyə başlayıb və buradakı işi bir ilə yaxın davam edib. Bu dövrdəki məktublaşmaları Kafkanın iş saatlarından (08:00–18:00) narazı olduğunu göstərib. Belə ki, bu amil getdikcə onun üçün daha da çox əhəmiyyət kəsb edən yazılarına vaxt ayırması üçün böyük çətinlik törədib. Kafka 15 iyul 1908-ci ildə işdən istifa edib.
1915-ci ildə Kafka Birinci Dünya müharibəsində xidmət üçün orduya çağırılıb, lakin Kafkanın sığorta institutundakı işverənləri onun dövlət qulluğunda olduğunu əsaslandıraraq buna mane olublar. Kafka orduya qatılmaq üçün yenə cəhd edib, lakin 1917-ci ildə ona vərəm diaqnozu qoyulduqdan orduya qəbul olunmayıb. 1918-ci ildə sığorta institutu Kafkanı xəstəliyinə görə təqaüdə göndərib.
O dövrdə vərəmin müalicəsi olmadığından Kafka həyatının qalanını sanatoriumlarda keçirib.Frans Kafka bir gecədə "Hökm" hekayəsini yazıb, "Amerika" və "Çevrilmə" əsərləri üzərində işləməyə başlayıb. 13 avqust 1912-ci ildə Kafka Brodun qohumu, Berlində bir diktafon şirkətinin təmsilçisi kimi işləyən Felisiya Bauer ilə tanış olub. Kafka və Felisiya Bauer növbəti beş ildə əsasən məktublaşıb, nadir hallarda görüşüb və iki dəfə nişanlanıblar.
Kafkanın Felisiyaya yazdığı itməmiş məktubları "Felisiyaya məktublar" adı ilə nəşr olunub. Felisiyanın məktubları isə salamat qalmayıb. Bioqraflar Stax və Ceyms Houesə görə təxminən 1920-ci ildə Kafka hoteldə işləyən kasıb və savadsız otaq xidmətçisi Yuliya Voxriçek ilə nişanlanıb. Ev tutub toy tarixini müəyyənləşdirsə də, toy heç vaxt baş tutmayıb. Kafkanın atası isə sionist inancları ilə əlaqədar olaraq Yuliyanı qəbul etməyib.
Bu dövrdə Kafka "Atama məktub" üzərində işləməyə başlayıb. 1917-ci ilin avqustunda Kafkaya vərəm diaqnozu qoyulub və Kafka Bohemiyanın Sürau kəndinə köçüb. Burada bacısı Ottla yeznəsi Karl Hermanın fermasında işləyib. O, burada özünü rahat hiss edib, hətta burada keçirdiyi vaxtı həyatının ən gözəl dövrü hesab edib. Çox güman ki, bu, onun burada məsuliyyətlərdən azad olması ilə əlaqədar olub. O, gündəliklər və oktavo tutub.
Kafka bu kitablardakı qeydlərindən Zettel (kiçik kağız parçaları) üzərində 109 nömrələnən mətn parçası ayırıb. Onlar daha sonra "Sürau aforizmləri və ya Günah, ümid, əzab və düzgün yol haqqında fikirlər" (alm. Die Zürauer Aphorismen oder Betrachtungen über Sünde, Hoffnung, Leid und den wahren Weg) adı ilə nəşr edilib. 1920-ci ildə Kafka çex yazıçı və jurnalist Milena Yesenka ilə münasibətdə olmağa başlayıb
Ona yazdığı məktublar daha sonra "Milenaya məktublar" adı ilə çap olunub. 1923-cü ilin iyulunda Baltik dənizindəki Qral-Mürits kurortunda tətildə ikən ortodoks yəhudi ailəsindən çıxan 25 yaşlı bağça müəlliməsi Dora Diamant ilə tanış olub. Ailəsinin yazıları üzərindəki təsirindən qurtulmaq ümidi ilə Kafka qısa müddətdə Berlinə köçüb və Diamant ilə yaşayıb. Diamant onun sevgilisi olub və Kafkanın Talmudla maraqlanmasına səbəb olub.
Kafka dörd hekayə üzərində işləyib və onları "Aclıq sənətçisi" adı ilə nəşr etdirməyi planlaşdırıb. Kafka uşaq ikən idmana az maraq göstərsə də, daha sonra fiziki fəaliyyətlərə və oyunlara maraq göstərib, yaxşı minici, üzgüçü və avarçəkən olub. Həftəsonlarında o və dostları uzun gəzintilərə çıxıblar, onların çoxu Kafkanın özü tərəfindən planlaşdırılıb. Digər maraq sahələrinə alternativ tibb, Montessori kimi müasir təhsil sistemləri və təyyarə ilə film kimi yeniliklər aid olub.
Yazı onun üçün çox vacib idi: Kafka onu "ibadət forması" adlandırıb. Kafka səsə qarşı çox həssas adam olub, sakit yerdə yazmağa üstünlük verib. Kafka romanlarının heç birini tamamlamayıb və əsərlərinin 90%-ni yandırıb. Əsərlərinin çoxunu Berlində yaşayarkən Diamantın köməyi ilə məhv edib. Yaradıcılığının ilk illərində Heynrix von Kleistdən təsirlənib. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırıb onu ailəsindən daha yaxın gördüyünü bildirib. 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(03.07.2026)


