Biri ikisində - Hacıbala Mahmudovun debütü Featured

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Hacıbala Mahmudovun debüt şeirləri təqdim edilir.

 

Və bəri başdan deyirik ki, çox qeyri-adi, dərin, məzmunlu, gözəl şeirlərdir. Bəyənəcəyinizə arxayınıq. Xüsusən, ənəvi şeirçiliyin şablon qafiyələri və bənzər deyimləri ilə gözlərimiz və qulaqlarımız yorulduğu bir zamanda bu gənc sanki şeirə yeni ovqat, dirəniş verir.

Xoş mütaliələr.

        

 

 

Hacıbala MAHMUDOV

DEBÜT ŞEİRLƏRİ

 

 

***

 

Yenə yoxsan... 00:35,

Yada düşür unutduğum mahnılar.

Gicgahımda xəyanətin tətiyi,

Ürəyimdə öyrətdiyin ağrılar

 

Xoşbəxtlikdən bir qadınlıq uzağam,

Məsafələr yenə görür işini...

Sənə lazım deyiləmmiş, qadınlar

sevmir axı ağlatdığı kişini.

 

Ağır içki, Sezen Aksu, qaranlıq...

Tənhalığın nəvazişin çəkirəm.

Bu gün elə ağrıyıram, elə bil

Ürəyimin ağıl dişin çəkirəm.

 

Həsrət məni yeyə bilmir nə vaxtdı,

Bilmirəm ki, itdi, yoxsa küçükdü.

Kədər rahat gəlib gedir, boyu da

Evimizin qapısından kiçikdi.

 

Səndən sonra yaşayaram necəsə,

Gedən geri qayıtmasa, yaxşıdı.

Bürclərinin daşı uçmuş qalayam,

Külək vurub dağıtmasa yaxşıdı...

 

 

DƏNİZ VƏ GƏMİ

 

Arada gedirəm dənizə sarı,

Dalğalar içimdən qəmi aparır.

Elə ləngər vurur suda, elə bil

Dünyanın yükünü gəmi aparır.

 

Bir nəfər sahildən quşlara baxır,

Ovcunda olana xəsislik edir.

Ət ilə balığın müqayisəsi

Nə yaxşılıq edir, nə pislik edir

 

Dənizin göyərib dərisi yenə,

Ayrılan qəlblərin çırpınışından.

Bir az da inciyib dəniz elə bil

Dəmir parçasının davranışından.

 

Gəmidən inciyib, gəmidən küsüb,

Necə sevənləri ayıra bilir?!

O axı sevgidən udur hamını,

Bermud üçbucağın dairə bilir.

 

Gəmi uzaqlaşıb üfüqə çatır,

Kiçilir gözümdə böyütdüklərim.

Balıqqulağının dili açılıb,

Eşitmədiklərim, eşitdiklərim...

 

Dənizdə tanışdı, gəmi də mənə,

İçində bir nəfər unutduğumdu.

Dilimin ucunda adı dolanan

Kirpiyin ucunda qurutduğumdu.

 

Gəmilər suların qaranlığına,

Balıqlar yem olur ağ ayılara.

Deyirlər, dənizdə fırtına qopur,

Çörək verməyəndə qağayılara...

 

 

SƏNİ GÖRMƏK...

 

Səni ilk dəfə görəndə külək sahildə uşaqların çərpələngini oğurlayırdı,

Havanın qanı qaralmışdı, islanmışdıq, buludlar soğan doğrayırdı.

Səni görmək təxəyyülümün ən çılğın ehtirası, kor adamın gördüyü ən rəngli yuxudur,

Səni görəndə dəniz də ağzının suyun axıdır.

Səni görmək səndən gələn ətirin ürək notlarının səsini duymaq,

Səni görmək həbsxanada qaşıqla taxtanın üzərində qadın heykəli oymaq.

Səni görmək qəlbimin xəfif külək toxunuşlu əsintisi,

Bir körpənin doğuşda həyatını itirmiş anasının qucağında cənnət gəzintisi.

Səni görmək yaz dirilişi, təbiət canlanması,

Səni görmək dünyanın ən son həftəsinin qiyamət günü, yer və göyün nişanlanması.

Səni görmək çarəsizliyimlə barışmaqdı, bircə dəfə güləsən deyə, barmaqlarımı çənəmin altında hörməyimdi.

Məsələ səni görmək deyil, sənin məni görməyindi...

 

 

MÜŞAHİDƏ ETDİKLƏRİM...

 

Üzünə düşən ikinci yağış damcısından sonra, ovucunu səmaya doğru tutan adamın şübhəsi qədərdi, inancımız.

Yoxlayırıq, hər şeyi yoxlayırıq.

Dərmanların sitayiş etdiklərimizdən daha təsirli olduğunu düşünürük, kəsmirsə sancımız.

Gülərüz insanların həyatı, sonu ayrılıq və ölümlə bitən filmdən daha dramatikdir.

Zəncirvari nöqsanlarımın tövbələri, ağ vərəq üzərində düzəlişlər kimidir.

Etdiyim günahlar, hamısı qrammatikdir.

Gördüklərimizə verdiyimiz adlar – düşüncə güzgümüzün əks etdikləridir.

Bütün toylardan yadımda qalan – tanımadığım insanların, bir-biri ilə rəqs etdikləridir.

Ulduzlar – göy üzünün yeniyetməlik səpkiləridir.

Burulğan, fırtına – dənizin intiharlara ilkin təpgiləridir.

Buludlar – yadplanetlilərin təhlükəsizlik yastıqlarıdır.

Yalnışlar – kafirlərin İsa deyil, əvəzinə başqasını çarmıxdan asdıqlarıdır.

Gənclik – qaçaraq, birnəfəsə qalxdığın pilləkənləri sürüşməkdi, sürahilərdə.

Allaha sevgi, bəlkə də, bizdən daha çoxdu, ateist saqqallı dahilərdə.

Bütün rənglərin boz olduğu şəhərdə, saçlarımın ağarmağa başlaması, ahəngə uyğundur.

Ağlamaq – mühit dəyişkənliyinə alışan birinci duyğundur.

Sevgi – ürək xəstəliyi, ritm pozğunluğudur.

Sərbəstlik – evdar qadın yorğunluğudur.

Sən, gecə korluğum, barmaq məsamələrimin yaddaşı,

Eşq – ipə-sapa yatmayan qozbelin əhlət daşı.

İnsanlar – cənnətdən qovulmuş mələyin ən yaxın qonşusu.

Dünya – günahkarların gecəqondusu...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.