“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Reyhan Kənanın şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Reyhan KƏNAN
QORXU
Həyatı düzənlə yaşamaq gözəl,
Mən də düzən qurdum, xoşuma gəldi,
Amma qorxular da vardı dünyada,
Mən nədən qorxdumsa, başıma gəldi.
Yollara güvənib getdim irəli,
Gördüm ki, yollar da daş qalaqlıdır,
Küsmədim həyata, tutdum ümiddən,
Baxdım ki, ümid də qaşqabaqlıdır.
Ümiddən əlimi üzərsəm əgər,
Elə bil gərilmiş oxdan çıxaram,
Ümidsiz günlərin acığını mən,
Ümidli olduğum vaxtan çıxaram.
İndi heç adı da düşməz dilimdən,
Ümidsiz ürəyə qorxular dolar,
Niyə buraxım ki, onu əlimdən!?
Gedib başqasının ümidi olar.
Qorxduğum nə varsa, hey məni qovar,
Mən daha qaçmıram, boşuna, gəlsin,
Kədərdən, qüssədən qorxmağa nə var,
Sevincdən qorxum ki, başıma gəlsin.
MƏZUN
Arzular titrəşir ürəyimizdə,
Sanki zamanı da üstələyirik,
Çox şey istəyirik dünyadan, bəlkə,
Bununçün dünyadan üzr istəyirik.
Elə bilirik ki, ömür əbədi,
Yaşayaq beləcə, kədərimiz yox.
Biz onda bildik ki, nələr itirdik,
Çox şeydən məzunuq, xəbərimiz yox.
Bir insan ömrünü yaşamaq çətin,
Ömrün yollarında nələr duyuruq?
Çəkərək dünyanın min əziyyətin,
Hətta ömürdən də məzun oluruq.
Zamandan, dünyadan uğur dilədik,
Amma bilmədik ki, əl çatan deyil.
Bizim tükənməyən arzular üçün
Zaman alqış deyib, əl çalan deyil.
Ürəkdə illərin həyəcanıyla,
Səhvlərdən öyrənib yaşa doluruq.
Bəzən ipək olur ürəyimiz də,
Bəzənsə çevrilib biz daş oluruq.
Çətinlik insanın alın yazısı,
Uğur gəlib çıxmaz, savaş olmasa.
Həyat dəyərini itirər, bəlkə,
Yollara atılan o daş olmasa.
Zaman axıb gedir,yatmayıb,oyaq,
İşlər gah yolunda, gah da baş-ayaq,
Hər şeyin sonunu yaşasaq da biz,
Təkcə məhəbbətdən məzun olmayaq.
SAKİT DÖYÜŞÇÜ
Səssizlik içində gizlənənləri
Tapmaq istəsəniz, tapın tələsin!
Səsi eşidilməz, qılncı kəsməz
Yarağı, silahı söz olan kəsin.
Eşidə bilməzsən qılınc səsini,
Onun gülləsi də hədəfə çatmaz.
Ona zərbə dəyər zərbə dalınca,
Ona daş atana bircə daş atmaz.
İti baxışıyla kəsərdən salar,
Qəlbinə tuşlanan küt alətləri
İnsafa çağırar, haqqa çağırar
Yerdə at oynadan ətalətləri
Döyüşər beləcə özüylə hərdən,
Bəlkə də, günahı özündə arar.
Kömək uman olsa uzadar əlin,
Özü gedən yerə onu da dartar.
Beləcə döyüşər susan adamlar,
Tanınar, bəlkə də, fərsizliyiyə
Qışqırıb, bağırıb səs salanları,
Susdurar özünün səssizliyiylə.
Deyəsən, sükut da sevər beləsin,
Döyüşə susaraq gedən kəsləri.
Təkcə qayalarda əks-səda verər
Sakit döyüşçünün savaş səsləri...
ARZU TUTSUN ULDUZLAR
İnsan göyə can atar,
Yüksəlmək istəyi var.
Bu, aydındır, doğrusu,
Amma mənə nədənsə
Çox şübhəli görünür
Ulduzların beləcə
Yerə düşmək arzusu.
Yoxa çıxan ulduzlar,
Görən, hara yox olur?
Göydə axan ulduzlar
Dağa,daşamı düşür,
Torpağamı sığınır?
Deyəsən, ulduzun da
İnsan qədər ömrü var.
Eşitmişəm, deyirlər,
Göydə ulduz axanda
Köçər gedər insanlar.
Bir də ulduz axanda
Arzu tutar adamlar.
Guya kimsə uydurub,
Biz itirən arzunu,
Ulduzlar tez taparlar.
Necə də təzadlıdır!
Bu fikiri kim seçər?
Hansı fikir doğrudur!?
Birində ümid tapar,
Birində insan köçər.
Hər ulduz bir ümidsə,
Qoy qəlblərdə uyusun.
Bəs qırılan ümidin,
Öldürülən arzunun
Günahını kim yusun?
İstəmirəm ümidlər
Atsın məni unutsun.
Əbədi olmur heç kim,
Mən də göyə axanda
Ulduzlar arzu tutsun...
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)


