Əsl universal yazar Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qazax Azərbaycanın əsl ədədbiyyat ocağıdır. Buradan çıxan çox sayda şair və yazıçılar ölkənin ən məşhurlarıdır. İlk Xalq şairi da buradan çıxıb – Səməd Vurğun. İlk qadın Xalq şairi də burdan çıxıb – Mirvarid Dilbazi. Bu bölgədən olan yazarlar adətən bir xətt üzrə ixtisaslaşıblar. Yəni şair nəzmini, yazıçı nəsrini yazıb. İstisnalar az olub. Məmməd Əfşan kimi. Şeir, publisitik məqalələr, hekayə və romanlar, dram əsərləri – bir sözlə əsl universallqı göstərib bu yazar. Hələ üstəlik, siyasətə də baş vurub.

 

Məmməd Əfşan 27 iyun 1939-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuş, daha sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində davam etdirib. Əmək fəaliyyətinə "Abşeron” qəzeti redaksiyasında məsul katib kimi başlayıb.

İlk şeiri Qazaxda nəşr olunan "Kommuna yolu” qəzetində, ilk məqaləsi "Azərbaycan gəncləri” qəzetində, ilk felyetonu "Abşeron” qəzetində, xaricdə ilk şeirləri Özbəkistanda və Latviyada dərc olunub. İlk şeirlər kitabı "Dostluq töhfəsi” Daşkənddə nəşr edilib. Sayca 50-dən artıq kitab müəllifi olan ədibin yaradıcılığı olduqca zəngindir. İlk sanballı əsəri "Üç qardaş” povestlər trilogiyasıdır.

Sonra iki cildlik "Mən görən kişilər” publisist xatirələr toplusunu yazıb. "Dünya mənim dünyam deyil” adlı seçilmiş şeirlər kitabı nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar jurnalist Səhrəd Məmmədovun qardaşıdır. Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədr müavinidir.

"Sönməz ocağın dühası” (M.Əlizadə ilə birlikdə), "Ömür karvanı”, "Bir ömrün dastanı” (rus dilinə tərcümə olunub), "Göyçənin tərlanı”, "Kişiliyi yaşadan kişi”, "Əzablı yolların yolçusu”, "Qasırğalar burulğanında”, "Tale hökmü”, "Qaçaq Tavat” adlı povest və romanları, "Buzov” və "Tanrı hökmü” pyesləri şairin yaradıcılığında zənginliyi özündə əks etdirən ən qiymətli əsərlərdir.

 

Povest və romanları

 

- Sönməz ocağın dühası

- Ömür karvanı

- Göyçənin tərlanı

- Kişiliyi yaşadan kişi

- Əzablı yolların yolçusu

- Qasırğalar burulğanında

- Tale hökmü

- Qaçaq Tavat

- Mən görən kişilər

 

Şeirlər toplusu

- Dünya mənim dünyam deyil

- Taleyim alnıma yazılıb mənim

- Dünyaya gəlməyə ömür tələsdi

- İtən şeirlərim

 

Pyesləri

- Buzov

- Tanrı hökmü.

 

Bu gün qocaman yazarın 88 yaşı tamam olur. Aşıq Alı demiş, yüzə nə qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.