“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Ülkər Yusifovanın hekayələri
təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Ülkər YUSİFOVA
ÇƏHRAYI XATİRƏ
Atışma başlayanda dönüb otağa baxdım. Tələsik yay paltarları axtaran anam şkafın içini döşəmə ilə bir etmişdi. Taxtası döşənməmiş arxa otaqda dəmir çarpayının yanındakı qırışmış çəhrayı donum gözümə dəydi. Bu donlar keçən il bizim kənd dükanına gəlmişdi. Əynimə böyük olsa da, bir neçə il sonra geyinərəm deyə anam alıb saxlamışdı.
…44 günlük müharibəyə könüllü qoşulan qardaşım evimizin videosunu çəkmişdi. Bu dəfə döşəməmizə erməni paltarları səpələnmişdi. Paltarların arasında çəhrayı uşaq ətəyi də var idi...
YUXUSUZLUQ
Novruz kənddə olanda yaşı altmışı keçmişdi. İki oğlundan biri əlil idi. Qızını köçürmüşdü. Böyük oğlu isə bibimlə nişanlamışdı...
Bir müddət idi ki, Laçın işğal olunmuşdu. Bizim rayonun da vəziyyəti yaxşı deyildi. Camaat arasında söz-söhbət gəzirdi ki, ermənilər hücuma keçəcək. Təşvişə düşən, evində dinclik tapa bilməyən qadınlar cavanlı-qocalı “övliyalar” deyilən Babaxəlil pirinə ziyarətə gedir, Hacı Qaraman ocağına yığışıb torpaqlarımızın xata-bəlada uzaq olması üçün dua edirdilər.
Avqustun otuzu atışma başladı. Qadınlar, uşaqlar, yaşlı kişilər kənddən çıxarıldı. Əli silah tuta bilən kişilər isə kənddə qaldı. Novruz həmin vaxt kənddən çıxmadı, arvadına demişdi ki, öz evimizdə qalıram, lazım olsa, əsgərlərə çay-çörək hazırlayaram. Əlim silah tutmasa da, heç olmasa, bir işə yarayım.
Atəşkəsdən sonra döyüşənlərin çoxu geri qayıtdı. Novruzun arvadı Çiçək hər kənddən gələndən onu görüb-görmədiyini soruşurdu. Gördüm deyən olmadı.
Çiçək Bakıxanov qəsəbəsində, uçuq bir tikiliyə sığınmışdı. Pəncərənin yerini göy çadırla tutmuşdu, qonşuların verdiyi didilmiş xalçanı yerə sərmiş, evdən çıxanda götürdüyü çamadanın içində sənədlərlə birgə gələn toy şəklini sellofana keçirib divardan asmışdı.
Qaçhaqaçdan sonra Çiçəyin gözünə yuxu getmirdi. Həftələrlə, aylarla yata bilmirdi. Qonum-qonşu yuxusuzluqdan qadının başının xarab olacağını deyirdi. Bakıda heç bir yeri tanımırdı. Böyük oğlu oxuyub yazmağı bildiyinə görə onu tez-tez icra nümayəndəliyinə göndərirdi ki, atasından bir xəbər bilsin. Ərinin adı əsirlərin siyahısında da yox idi. Oğlu hər dəfə bikef evə girəndə Çiçək arvad daha heç nə soruşmurdu, səssizcə gözünün yaşını axıdırdı.
Kənd camaatı tez-tez Çiçəyin oğlundan atasına yas verib-verməyəcəyini soruşanda başını aşağı əyib:
Bilmirəm, gözləyirik... Anam heç Quran oxutdurmağa da qoymur, – deyirdi.
2020-ci ilin 25 oktyabrında Çiçək köhnə televizorun qabağından bir dəqiqə də ayrılmadı. Torpaqlarımız işğaldan azad ediləndə oğlu ilə icra nümayəndəliyinə də getmişdi. Ancaq mülki əhalinin hələ oralara buraxılmadığını biləndə dizinə döyüb, qara yaylığının ucu ilə göz yaşlarını silə-silə geri qayıtmışdı.
Bu illər ərzində yuxusuzuluq mərəzi davam ondan əl çəkməmişdir. Aramsız getdiyi həkimlərin yazdıqları dərmanlar bəzən ötəri yuxu gətirsə də, bir müddət sonra təsiri itir, o dərmanları ovuc-ovuc içsə də, xeyri olmurdu. Qadın gündən-günə solur, qocalırdı. Qadın yuxulayanda oğlanları toy-bayram edirdilər ki, heç olmasa bir çimir yuxsunu aldı.
Torpaqlarımız qaytarılandan üç il sonra Çiçəyin oğlu anasını da götürüb kəndimizdəki evlərinə gedə bildi. Ev deyəndə ki, yerində xarabalıqdan başqa heç qalmamışdı. Həyətlərində qurumuş quyuya, qoz ağacına, bünövrəsi qalmış evlərinə baxıb yanıqlı səslə ağı demişdi...
Bakıya qayıdandan üç gün sonra xəbər yayıldı ki, Novruza yas mərasimi keçiriləcək. Həyətdə çadır qurulmuşdu, kişilər çadırda, qadınlar isə qonşunun evində oturmuşdular. Yeməkdən sonra mollaxanım Fatihə oxumaq istədi. Çiçək yox idi. Hamının gözü Çiçəyi axtardı. Qohum qadınlar otaqlara baxdılar. Tapmadılar. Sonra uşaqlardan biri təngnəfəs gəldi ki, bəs Çiçək nənə arxa otaqda yükün dibində yatıb.
Hamılıqla tələm-tələsik işlənməyən yorğan-döşək, artıq qab-qacaq, başqa xırdavatın yığıldığı soyuq otağa keçdik. Çiçək arvad çarpayının baş tərəfi ilə divarın arasındakı boşluqda oturduğu yerdə başını sinəsinə əyərək dərin yuxuya getmişdi...
“Ədəbiyyat və incəsənət”
(25.06.2026)


