“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Elsevər Məsimin şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Elsevər MƏSİM
***
Üç gün əsdi,
Dörd gün əsdi,
Beş gün əsdi,
Kəsdi külək.
Sanki tələsdi külək.
Döyündü nagahan
Sinəmdə ürək.
Gözümdən yaş axdı,
Kövrək.
Kaş bu əsən yellərin
Suallarına sonsuz
Cavab verə biləydi,
Tək bircə kərə dünyada
Ürək döyünərək...
Söyləyə biləydi birdən,
Boşuna əsmir külək.
***
Unuda bildiyin qədər
Sənindi həyat.
Unuda bildiyin qədər
Sənindi günlər.
Unutduğun hər dəqiqə,
Hər an –
hər saniyə
Səni bir ürəkdə
Həzin xatirə kimi
Yaşada biləcəksə,
Sənindi dünya.
Sənindi gözlərdəki
O bir damla
Göz yaşı.
Nə qədər olsa da şirin –
Nə qədər olsa da acı...
***
Dəyişir havalar,
Dəyişir dünya.
Dəyişir fəsillər,
Dəyişir günlər...
Bəs bircə dəyişməyən
Nədir qoca dünyada?..
Onun da cavabını
Tapmaq üçün dolanır,
Aləmi səhər-axşam
Dəli-dolu küləklər.
O cavabsa qətidir
Sözündə-inamında,
Əhdində-inadında
Təmiz olan könüllər.
Dərya qədər nurlu gözlər
Əbədiyyət aləmində.
***
Neçə-neçə səs doğulur
Hər gün dünya evində.
Nuh gəmisi hey üzür
Dəryaların üzündə...
Amma unutma, qardaş,
Bir “səs” də var aləmdə
Səxavətin səsidi o...
Dəryalardan gəlir sanki,
Süzülüb zər-inci kimi.
Qəlbin sevinci kimi.
Ən gözəli sus, dinlə,
Uzaqlardan gəlir o səs.
O səs başqa bir səsdi,
Ən gözəli sus, dinlə...
***
Ağdaşın qara daşı,
Dönüb olar ağ daşı.
Bu dünyanın yaddaşı,
Bir qaradı, bir də ağ.
Ağdaşa qar yağdı ağ,
Dünya oldu ağappaq.
Arana da qar yağar,
Tutdu məni ağlamaq.
Dedim: dəyişib dünya,
Gecə-gündüz bir röya.
Unudulmaz bu sevda,
Arana qar yağdı ağ.
***
Hərənin bir dərdi var,
Dünyanın yüz dərdi var.
Dərdi dərdlilər duyar,
Nə sən ağla, nə də mən.
Təsəllidi buludlar,
Təsəllidi yağışlar.
Təsəllidi ulduzlar,
Nə sən ağla, nə də mən.
Gözəllik aldanışdı,
Sanma nə yaz, nə qışdı.
Budağı tərk edən quşdu,
Nə sən ağla, nə də mən.
Arazın göz yaşıdı,
Girdimanın daşıdı.
Su üstündə yazıdı,
Nə sən ağla, nə də mən.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)


