“Qoymayın təklənib tənha qalmağa...” Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qoymayın təklənib tənha qalmağa,

Belə anda xatirələr səs edir.

Könül oxşamağa, hayan olmağa

Bir telefon zəngi – o da bəs edir.

 

Xəyallar əlində əsir qalırıq,

Kösövü kül olan ocaq oluruq,

Ana itirəndə yetim qalırıq,

Ana itirəndə uşaq oluruq.

 

Dəniz kənarında bayraq yellənir,

Coşur damarımda kükrəyən qanım.

Göy, yaşıl, qırmızı - ümman sellənir,

Yaşa, ey Vətənim, Azərbaycanım!

 

SSRİ Yazıçılar Birliyinin üzvü Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra  sovxozda əmək fəaliyyətinə başlayıb. Kənd Təsərrüfatı Nairliyinin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülüb. 1980-ci ildə Gən Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da işıq üzü görüb.

Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri, "Yeni fikir" qəzetində baş redaktor, "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru vəzifələrində, Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür.

 

Kitabları

1. Qapımı bahar döyür

2. Məni gözləyən olsa (şeirlər və poema)

3. Dünya yaxşıdı hələ...

4. Yaz çiçəklərinə qar yağır.

5. Bu gündən sabaha (şeirlər)

6. Mənə ürəyində yaz yeri saxla (şeirlər)

7. Günəşdən gizlənir yay çiçəkləri (şeir və poemalar)

8. Ömrün payız sovqatı (publisistika)

9. Qarlı axşamların işığı (məqalələr)

10. Sənə məktublar yazıram

 

 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə şair-publisist Taleh Həmidin "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Yazıçılar Birliyinin üzvüdür. 1 noyabr 2016-cı ildə Bakıda vəfat edib, 2 noyabrda doğulduğu kənddə dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.