Biri ikisində - Firəngiz Sabirqızının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Firəngiz Sabirqızının şeirləri

 təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

 

Firəngiz SABİRQIZI

 

 

***

 

Göyün bulud qatından

Uçan təyyarə kimi

Keçib getdin ömrümdən,

Yerlərdən aya kimi…

 

Ürəyimdən kosmosa,

Uçan ilk adam oldun.

Ən iri ulduz idin,

Sönüb sonra heç oldun…

 

Qalaktika kimiydin,

Kəhkəşanı bəzəkli.

Böyüdüb baxdım, gördüm,

Hər şey uzaq qəşəngdi…

 

Əllərimi sildim ta,

Hər səhər günəş üstə…

Ekvatorda kəsişən,

Üç nöqtəli səs üstə…

 

Planetlərdən mənə

Yad adamlar gələcək.

Sən bıçaq vuran yerdən

Hər gün biri öpəcək…

 

Gedəcəm uzaqlara,

Allahın evinəcən.

Bəlkə, qayıdıb gəldim

Göylərin yerinəcən…

 

Göyün bulud qatından,

Uçan təyyarə kimi…

 

 

***

 

Boş kimsəsiz qatarlar

Taqqıldayır başımda.

İçimdə ayrılıqlar

Əllərini yelləyir.

 

Külək vıyıldadıqca

Qulaqlarım üşüyür.

Adın dodaqlarımdan

Badələrə süzülür…

 

Çəkib ağrılarımı,

Damağımda əzirəm…

Tüstülü şərab qoxan

Əllərimdən bezirəm…

 

Boş kimsəsiz qatarlar,

İçimdən yollar aşır…

Səni unuda bilmir,

Qırılan qollar çaşır.

 

Sarılır ehtirasın

Ən vəhşi kürəyinə.

…sonra yenə qatardan

Düşürsən Ürəyimə…

 

 

***

 

İndi sənsiz içimdə

Qara ilan, ağ ilan –

Dolaşıb sarmaş-dolaş.

 

Quyruqları zolaqlı,

Piyada keçiditək

Gözlərimdən tökülür.

Payız yarpaqlarıtək

Gedənlər qayıtmayır.

 

Geriyə yolu yoxdur,

Bu boyda darıxmağın.

Qırmağa qolu yoxdur,

Zəhər axır dilimdən…

 

Boğazıma od kimi

Güzgülərdən gözlərim

Mənə baxır yad kimi…

 

İlan soyuqluğunu

Əllərimdən uduram.

Təzə ulduz doğanda

Son arzumu tuturam…

 

 

***

 

Mən səninçün yalan dolu nağılam,

Biri vardı… biri yoxdu, biri yox…

Nağılların sonu üçcə almadır,

Biri vardı… biri yoxdu… biri yox…

 

Papaqların qırmısızı getdi ta,

Şəngülümü, məngülümü itdi ta,

Qoca baba turpu alıb getdi ta…

Biri vardı, biri yoxdu… biri yox.

 

Küpəgirən qarı nənə uçmadı,

Qurd yoruldu, dovşan daha qaçmadı.

Fələk bağlı qapıları açmadı,

Biri vardı… biri yoxdu, biri yox…

 

Ha səslədim yeddi gecə, yeddi gün,

Tonqalımız söndü, qaldı toy-düyün.

Firəngizin nağlına di gülün…

Biri vardı… biri yoxdu… biri yox.

 

Daha qopuz çalma, kiri, a qoca,

Tüstüləməz hər evdə ta hər baca.

Nağılları əvəz edir tapmaca,

Biri yoxdu… biri vardı, biri var.

 

 

***

 

Onda gözlərimin yuxusu idin,

İndi kirpiyimin çəni olmusan,

Onda tellərimdə sığal əkirdin.

İndi saçlarımın dəni olmusan,

 

Onda qibləgahım, haqq yolum idin.

 İndi haram, günah, tövbə kimisən,

Onda Qureyşlərdən gələn ağ mələk…

İndi Lut peyğəmbərin qövmü kimisən.

 

Onda saatlarım çıqqıldamırdı.

İndi əqrəblərim ding daşı olub,

Onda bu sevgimi gün qovururdu…

İndi o məhəbbət başdaşın olub,

Onda gözlərimin yuxusu idin…

 

 

***

 

…Mən hər gün sənin o

Zəng çatmayan nömrənə

Yüz dəfə zəng edirəm:

“Bu nömrəyə zəng çatmır”

Deyən o qızın belə

Əllərindən öpürəm…

 

Tək-tənha qoymur məni,

Bir hənirti, səs edir…

Nömrənin o üzündən,

Operator bəs edir…

 

Bilirəm ki, sağam mən,

Öldürməyib yoxluğun…

Azı həmişə udur

Sənin nöqtə çoxluğun…

 

Sən yoxsan, amma nömrən

Yaşayacaq mənimçün.

Yenə həmin nömrəni

Yığacağam səninçün…

 

Bir gün o qız susacaq,

Bu zənglərim bitəcək.

“O nömrəyə zəng çatır” –

Deyib küsüb gedəcək…

Nömrənin o üzündən

Operator bəs edir…

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.