“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə 3 gün ardıcıl naxçıvanlı xanım yazarların əsərləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
NAXÇIVAN ƏDƏBİ MÜHİTDƏN ÜÇ XANIM
Azərbaycan ədəbi mühitinin tərkib hissələrindən biri də zəngin və rəngarəng yaradıcı imzaları ilə seçilən Naxçıvan bölgəsindəki ədəbi mühitdir. Xüsusilə XXI əsrin ilk illərindən üzübəri bu bölgədə yeni ədəbi imzalar özünü göstərməyə başladı. Onların yaradıcılığındakı istər mövzu, istər janr, istər fikir baxımından yeniliklər təkcə bölgənin ədəbi atmosferinə təsir etmədi, həmçinin geniş mənada ölkə ədəbiyyatının zənginləşməsinə öz töhfəsini vermiş oldu. Həmin ənənə bu gün də davam edir və gənc imzaların nəzm və nəsr sahəsindəki yaradıcılıq nümunələri muxtar respublika ədəbi camiəsi haqqında ümidlə danışmağa imkan verir.
Naxçıvanda yazıb-yaradan qələm sahibləri arasında qadın imzaların da ciddi çəkisi var. Ta Heyran xanımdan başlayaraq Qönçəbəyimin, Kəmalə Ağayevanın, Kəmalə Nəsrinin ədəbi uğurlarını davam etdirən zərif xanımlarımızdan iki şair və bir yazıçı olmaqla üçünün bədii nümunələrini “Ulduz”umuza təqdim etmək istəyirəm.
Bunlar filologiya üzrə fəlsəfə doktoru, bədii nümunələrini ilk dəfə “İnsansız küçələr” adlı kitabıyla oxuculara təqdim edən Leyla Səfərova, dörd kitab müəllifi, ötən il “Ömrün yaşıl rəngi” və “Bir göz qırpımında” şeir kitabları ilə növbəti dəfə oxucularıyla görüşən Aytəkin Səfərliyeva, ayrı-ayrı mətbu orqanlarda, qəzet və saytlarda nəşr olunsa da hələ ki, kitab çıxarmağa tələsməyən Qəmər Sözaydır.
Qeyd etdiyim hər üç imzanın özlərinə məxsus yaradıcılıq üslubları var. Leyla xanım qısa, lakin geniş məna tutumuna malik hekayələri ilə fərqlənir. Aytəkin xanım ilk dəfə “Ulduz” jurnalı vasitəsilə mərkəzi mətbuatda dərc olunacaq. Buna baxmayaraq, onun hər şeirində digər qələm sahiblərini təkrarlamayan yeni obrazlı ifadələr maraq doğurur. Qəmər Sözay bədii ağırlıqlı, dərin düşüncələrə malik poeziyası ilə seçilir.
İnanıram ki, hər üç qələm sahibinin bədii nümunələri həm oxucuların, həm də geniş mənada bədii sözə, ədəbiyyata maraq göstərən Azərbacan vətəndaşlarının diqqətini cəlb edəcək.
Hörmətlə Elxan YURDOĞLU, “Ulduz” jurnalının redaksiya heyətinin üzvü AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
Leyla SƏFƏROVA
İNSANSIZ KÜÇƏLƏR
İnsansız küçələr işə gedirəm, səhərdir...
Uşaqlıq məhəlləmizdir. Uşaqlıqda yaşadığım, böyüdüyüm, qaçıb-tullandığım, oynadığım, gülüb-ağladığım, sevinib-kədərləndiyim məhəlləyə köçmüşəm. Küçə bomboşdur. Səssizlikdən kar olub irəlilədiyim küçə. Qulağım batır səssizlikdən. Niyə heç kəs yoxdur? Axı eyni məhəllədir... Axı uşaq ikən bu yollar səhərin bu çağında işə, məktəbə, bağçaya tələsən insanlarla dolu olardı... Marşrut trolleybus idi. Gec gələrdi. Gözləməzdik heç. Həmişə gecikərdi deyə. Çubuqları naqildən çıxardı, yolda qalardı. Cərəyan kəsilərdi, yolda qalardı.
Küçə elə həmin küçədir. Lakin küçə bomboşdur. Oktyabrın payızın gələcəyindən xəbər verən xəfif küləyi əsdikcə öpüşən yarpaqların pıçıltılı söhbətindən və xısın-xısın gülüşündən başqa heç bir səs yoxdur bu bomboş küçədə. Hərdən harasa şütüyən maşınların asta səsi pozur bu səssizliyi. Amma tez də səssizlik çökür ətrafa yenə – maşın gözdən itən kimi. Ağlamaq tutur az qala məni, heçmi bir kəs yoxdur bu yekəlikdə küçədə? Ətrafa diqqətlə baxıram, bir neçə insan keçib gedir o yana-bu yana. Amma simalarındakı o donuq ifadə, soyuq rəftar bayaqdan onları hərəkət edən heykəl kimi göstərib mənə. Bir səmimiyyət, bir salamın belə əsirgəndiyi küçə, insanlı-insansız küçə bomboşdur.
Kaş yollar uşaqların qəhqəhələrilə dolaydı yenə. Kaş küçənin qulaqları yenə uşaqların şıltaq səslərindən tutulaydı. Kaş söhbət edərək gedib-gələn insanların qaynaşmasına şahid olaydı yenə bu küçə. Kaş insanlar eqoistləşib hərə öz evinə çəkilməzdi, hərə bir avtomobil alıb özünə, ailəsinə qapanmazdı. Kaş yenə həyətlərimizdə bağçalarımız olaydı, yenə qonşuluğumuz olaydı.
Sən demə, bu küçənin bəzəyindəki naxışlar elə insanlar imiş. Artıq yox olmuş naxışların konturları qalmışdır təkcə. Küçə bomboşdur...
ZAMANSIZLIQ
Araşdırmalardan məlum olub ki, dünyada insanların səbri səkkiz saniyəyə enib. Hardasa iyirmi il bundan əvvəl mahnıların giriş hissələri iyirmi saniyə idi, artıq beş-altı saniyəyə düşüb, çünki bir əlimiz sonrakı mahnıya keçmə düyməsindədir. Bizdən qabaqda gedən bir az yavaş yerisə, gedəcəyimiz yerə iki dəqiqə gec çatacağıq deyə, narahat oluruq. İctimai nəqliyyatdan camaatı itələyə-itələyə düşürük. Zamanla yarışırıq.
Biriylə telefonda danışarkən komputerdə bir şey yazırıq, film izləyərkən mesajlaşırıq, nəyisə qaçıra bilərik qorxusuyla hər şeyə tələsirik, çünki zaman yoxdur, həyatı davamlı əlimizdən qaçırdığımızı düşünürük. Dünyaya çatmağa çalışırıq, o qədər vaxtımız yoxdur ki, bir həyata ikinci bir həyat sığışdırmağa çalışırıq.
Köhnə insanlar bir yerdən başqa bir yerə çatmaq üçün aylarını illərini sərf edirdi, amma zamanları var idi, biz dünyanın bu başından o biri başına bir neçə saata gedirik, lakin yenə də vaxtımız yoxdur. Texnologiyalar bizə zaman qazandıracaqdı, qazandırdı da, təəssüf ki, biz o zamanın içində zamansızlıqdan boğuluruq.
Bu dünyadakı yerimizi qorumaq üçün qaçmaq məcburiyətindəyik, geridə qalmaqdan qorxuruq, iş yerindəki yoldaşlardan geridə qalmamaq üçün yarışırıq, nə ilə yarışdığımızı bilməsək də.
Böyük bir narahatlıqla yaşayırıq, heç nədən zövq almağa vaxtımız yoxdur, eşqdən, məhəbbətdən, sevgidən, gözəllikdən, sevdiklərimizdən… Qupquru həzz çuxuruna çevrilib həyatımız... Bir mənzərəyə uzun-uzadı baxmırıq, hər şeyi sürətli istifadə edib bir kənara atırıq, sonra da istifadə edəcəyimiz yeni bir şey axtarırıq. Bəzən sevgililərimizi, həyat yoldaşlarımızı da yeni ayaqqabı alıb köhnəni atmaq kimi asan dəyişirik. Ruhumuzun sürətinə ayaqlarımız çatmır. Bu zaman problem – zamansızlıq problemi, bizi daima narahat yaşamağa məcbur edir, nəticədə hər şeyi tükəndirib, tükənirik.
GÖZƏLLİK...
Şair yazdı, yazıçı yazdı... Gözəl dedi, yazdı…
Badamı gözlərin, nəlbəki gözlərin gözəlliyindən yazdı…
Kaman qaşlardan bəhs etdi...
İncə, gilənar dodaqlardan dedi…
Alma yanaqlardan deyib, vəsf etdi gözəli…
Allahın bəxş etdiyi təbii gözəllikdən, məlahətdən…
İncə bədən üzvlərindən, zərif əzalarından...
Saf, sağlam gözəllikdi o gözəlliklər…
Ədəbiyyat yazdı bu gözəlliyi – sözlərlə bir az naxış, bir az bəzək verərək… İncəliyi gözəllik sayıb yazdı...
İncəliyi…
Şairlər yazacaq, yazıçılar yazacaq… Gözəl deyib yazacaqlar…
Dartılmış gözlərdən, o gözlərdən ki, bıçaqla kəsilib 17 dartılaraq badamı olmuş, nimçə olmuş… Yumulmayan gözlərdən...
Tarıma çəkilmiş qaşlardan, o qaşlar ki, rənglə dartılıb oxa çevrilmiş...
Hamı gözəldir deyəcək...
Dodaqlardan yazacaqlar… Şappan, şişmiş, sanki arı vurmuş, əyilmiş dodaqlardan… Hamı cazibədardır deyəcək…
Dərmanlarla dolmuş yanaqlardan yazacaqlar bir gözəli təsvir edərkən.
Qabarıq, şişirdilmiş əzalara “gözəl” – deyib yazacaq şair, yazıçı...
Axı hər bir yaşın bəxş etdiyi bir gözəllik gizlənir o cizgilərdə, o qırışlarda, o kamilliyi göstərən üz ifadəsində...
Konteksti dəyişmiş gözəlliyə baxaraq əsl gözəlliyi olan üzləri itirəcək gözəli təsvir edən ədəbiyyat...
Ədəbiyyat çaşacaq... Gerçək gözəl kimdir, əcəba, deyə tərəddüddə qalacaq... Gerçək gözəl axtaracaq bu mutant gözəlliklər arasında, gözəlliyi qələmə almaq üçün...
YUXU
Hər yer payızdır... Yoruldum bu havalardan. Başqa havalar gətir mənə... İçində bir az yaz olsun. Bir az çiçəklər olsun. Bir az rənglər olsun.. Bir az antidepressant olsun. Bir az təklik olsun. Bir az sən. Bir az ikimiz. Bir az ucsuz-bucaqsız ada olsun, içində sən və mən... Sən saçlarımı oxşayan, yanaqlarımdan sakitcə öpən xəfif payız küləyi ol.
Bir az qaranlıq olsun. Qaranlığın insanı dəli edən bir ehtişamı var. O qaranlıqda ulduzlar aydınlıq saçan fikirlər kimi sazaqlı havada salxımlansın.
Bu gecə zirvələr kimi tənhayam. Gecənin barmaqlarından çiçəklər səpələnir... Sənə doğru uzanır əllərim... Gözlərində gözlərim... Qovuşuruq, deyəsən... Göz qapaqlarının yayları yığılır... Gözlərim açılır...
Ahh!.. Hardasan?!..
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)


