Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli nümayəndələrindən biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Alimlər... Bütün dövrlərdə cəmiyyətin ən çox hörmət etdiyi bir peşə sahibləri, peşə sahibləri də yox, əslində bir təbəqə, zümrə, kasta...

Bu gün onlardan biri – Azərbaycan Ədəbiyyatı tarixinin ən əsas tədqiqatçılarından birinin = Məmməd Arifin anadan olmasının 122-ci ildönümüdür.

 

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 11-də Bakı şəhərində anadan olub. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S. S. Axundov) müəllim işləyib. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil alıb və 1925-ci ildə bu institutu bitirib.

1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxuyub, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olub. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışıb.

1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olub, 1955-ci ildə professor elmi adını alıb. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutub, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləyib

Məmməd Arif 1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun təşəkkülündə, strukturunun, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində Məmməd Arif xüsusi xidmətləri vardır.

O, bu elm ocağında 1938-ci ildən çalışmağa başlayıb. Həmin ildə alim Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında isə direktor müavini vəzifəsində işləyib. 1939-cu il sentyabr ayının 25-də Məmməd Arif Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə təyin edilib və 1950-ci il iyulun 27-dək həmin vəzifədə çalışıb.

Məmməd Arif 1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə akademiki seçilib. Görkəmli alim və bacarıqlı təşkilatçı olan M. A. Dadaşzadə 1959-cu ildə Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilib, 1960-cı ildən ömrünün sonunadək isə Respublika Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib

Bu dövrdə humanitar elmlər sahəsində bir sıra fundamental tədqiqatların, miqyaslı elmi simpozium və konfransların, böyük ədiblərimizin təntənəli yubiley tədbirlərinin (M. F. Axundov-150, C. Məmmədquluzadə-100, M. P. Vaqif-250, Aşıq Ələsgər-150, Nəsimi-600 və s.) gerçəkləşdirilməsində onun xüsusi xidmətləri vardır.

Akademiyanın vitse-prezidenti olduğu dönəmdə Məmməd Arifin təşəbbüsü, yaxın iştirakı və səyləri nəticəsində uzun illər Ədəbiyyat və Dil İnstitutu kimi fəaliyyət göstərən elm ocağı 1969-cu ildən müstəqil Ədəbiyyat İnstitutu statusunda işini davam etdirib.

Məmməd Arif SSRİ Elmlər Akademiyasının "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə Elmi Şurasının, Moskvada işıq üzü görən iki nəşrin — "Qısa ədəbiyyat ensiklopediyası"nın redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin baş redaksiya heyətinin üzvü idi.

Məmməd Arif 1946-cı ildə rus yazıçıları A. Surkov və V. İnberlə birgə SSRİ-ni İran yazıçılarının I konqresində təmsil edib, eləcə də 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresinin iştirakçısı olub.

Məmməd Arif 1957-ci ildən etibarən Akademiyanın Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədri vəzifəsində çalışıb, uzun illər boyu Azərbaycan Respublikası Elmlər Akademiyasının "Xəbərləri"nin baş redaktoru, həmçinin Zaqafqaziya xalqlarının Mədəni Əlaqələri üzrə Koordinasiya Şurasının rəhbəri olub. O, eyni zamanda uzun illər Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü olub, "Tənqid" bölməsinə rəhbərlik edib.

Məmməd Arif ədəbiyyata ötən əsrin 20-ci illərinin əvvəllərində yazdığı şeir, hekayə və məqalələrlə qədəm qoyub. Həmin dönəmdə ədibin "Yurdsuz cocuqlar", "Son bahar təranələri", "Brodskinin boyaları", "Təyyarə və mən", "İki nəşədən biri", "Həvəs" şeirləri, "Son izdivac", "Arakəsmə", "Mal həkimi", "Tar çalınır" hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb, maraqla qarşılanıb.

İlk publisist məqaləsi 1923-cü ildə "Xızılı Məhəmməd Bağır" imzası ilə "Kommunist" qəzetində çap olunan Məmməd Arif eyni zamanda "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Hövsələ", "Mərsiyə xəbərləri" felyetonlarını da "Məğmun Xızılı" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc etdirib. 1925-ci ildən başlayaraq ədəbiyyatşünas əsərlərini Məmməd Arif təxəllüsü ilə imzalayıb.

Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arif Dadaşzadənin müstəsna xidmətləri vardır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olub

Alimin 1956-cı ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu yazıçının Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilib, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırıb.

"Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında M. Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq edib, onların ideya və bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim edib.

Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943–1944), 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957–1960), 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (1967) kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir

Onun və H. Hüseynovun rəhbərliyi ilə nəşr olunan "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" milli ədəbiyyatımızın geniş panoramını əks etdirən ilk yeni tipli əsərdir. Bu əsərin ədəbiyyat tariximizdən bəhs edən sonrakı araşdırmalara böyük təsiri olub. 1963-cü ildə M. Arifin rəhbərliyi və yaxından iştirakı ilə SSRİ Elmlər Akademiyasının "Nauka" nəşriyyatında Azərbaycan alimlərinin kollektiv əsəri—"Azərbaycan sovet ədəbiyyatı tarixinin oçerki" çap olunub

Ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri ümumi düşüncə sistemimizin ayrılmaz tərkib hissəsinə çevirməyi bacaran M. Arif mütəmadi olaraq onun təbliği ilə məşğul olub.

Alimin "Azərbaycan xalqının ədəbiyyatı" kitabı (1958) Azərbaycan, rus, ingilis, fars, bolqar, erməni dillərində işıq üzü görmüşdür. Onun "Ədəbi-tənqidi məqalələr" (1958), üç cilddə "Seçilmiş əsərləri" (1967–1970), rus dilində iki cilddə "Seçilmiş əsərləri" (1972–1973), "Sənətkar qocalmır" (1980) və digər kitabları elmi, ədəbi ictimaiyyətimiz tərəfindən yüksək dəyərləndirilib.

Məmməd Arif Dadaşzadə görkəmli ictimai və dövlət xadimi idi. O, uzun müddət SSRİ-İran cəmiyyəti sədrinin müavini olmuş, iki dəfə Bakı Sovetinə deputat seçilib. 1963–1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olub.

İki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1939, 1964), "Lenin" ordeni (1971), "Oktyabr inqilabı" ordeni (1974), "Qabaqcıl maarif xadimi" nişanı (1964) və medallarla təltif edilib. 1960-cı ildə ona ""Azərbaycan SSR əməkdar elm xadimi"" fəxri adı verilib. 1974-cü ildə M. Arifin əməyinin məhsulu olan "Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyası (rus dilində) Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb

 

Əsərləri

1. Ədəbi-tənqidi məqalələr

2. .N.Tolstoy

3. Anton Pavloviç Çexov

4. Cəfər Cabbarlının yaradıcılığı

5. Səməd Vurğunun dramaturgiyası

6. Böyük rus tənqidçisi Belinski

7. Cəfər Cabbarlı (monoqrafiya)

8. Şair Məmməd Rahim

9. Azərbaycan xalqının ədəbiyyatı

10. Azərbaycan ədəbiyyatının tarixi (rus dilində)

 

M. Arif 1975-ci il dekabrın 27-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb akademik Məmməd Arifin adını daşıyır.

Məmməd Cəfər alimin yaradıcılığına həsr edilən "Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri" oçerkini (1980), Ramin Əhmədov "Məmməd Arif (tənqid və dramaturgiya məsələləri)" kitabını (1986) yazıb. Hüseyn İsmayılov "Məmməd Arif rus ədəbiyyatının tədqiqatçısı kimi" mövzusunda namizədlik dissertasiyası (1985) müdafiə edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.