O, ədəbiyyat tariximizdə Cənubi Azərbaycan həsrətli şeirləri ilə qalacaq Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dinlə şairini, təbrizli gözəl,

Yenə həsrətinlə alışır sinəm.

Tarixi uzundur bu ayrılığın,

Əzizdir qəlbimə, doğmadır bu qəm.

 

Silkin, qoy dağılsın başının üstdən,

Sənə gün verməyən qara buludlar.

Torpağın altından boylansın bir-bir,

Bahar müjdəçisi çiçəklər, otlar.

 

Görüb rəngi solmuş gül yarpağını,

Dünən bir kitabın arasında mən.

Təbrizli bacımın dərdini duydum,

Yanan ürəyimin yarasında mən!

 

Ürək sözlərini deyərək əzəl,

O gülü vermişdi mənə o gözəl.

Durur göz önümdə yenə o gözəl,

Olsam da dünyanın harasında mən!

 

Mən nələr çəkmədim sənin yolunda,

Sənə toxunmasın ürək sözlərim.

Ömür qəfəsindən uçdu quş kimi

Aylı gecələrim, xoş gündüzlərim.

 

Çox gəzdik… Nəhayət, günün birində

Cənubun, Şimalın dağlıq yerində,

Birləşdi Savalan ətəklərində,

Ayaq izlərinlə ayaq izlərim!

 

Bir oldu ki, sənin, mənim düşmənim

Səni məndən, məni səndən ayırdı.

Bölünməzkən, yurdum, yuvam, məskənim,

Bir ürəkli, bir vətəndən ayırdı.

 

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilib. 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olub,

Azərbaycan SSR Ali Sovetinin birinci çağırış deputatı seçilib. Bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

 Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Советскийписатель" (sovetskiy pisatel)" redaksiya heyətlərinə üzv seçilib. Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanı və bir sıra medallarla təltif olunub.

1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutub. Heca və əruz vəznlərində yazıb. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir. Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlayıb, 1922-ci ildə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyasını yazıb.

 "Unudulmuş gənc" adlı ilk mətbu şeiri 1923 ildə "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında dərc olunub. "Ələmdən nəşəyə" adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilib. Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri olub.

 "Addımlar" (1930), "Səs", "Atəş" (1932) şeir kitabları S. Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi olub. İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. "İldırım" (1942), "Qafurun qəlbi" (1959), "Əzizlərdən əzizlərə" (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: "Təbriz şeirləri silsiləsi", "İki sahil" kitabı (1949).

1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil edib: "Günəşli sahillərdə" (1963), "Keçilməmiş yollarda" (1970), "Ürəyimin gözüylə" (1977), "Mənim günəşim" (1981) və s. kitabların, "Yanğın" (H. Nəzərli ilə birgə, 1930) pyesinin, "Qaçaq Nəbi" (1940) mənzum pyesinin, "Durna" (1948) komediyasının müəllifidir.

 

Əsərləri

Pyesləri

- "Yanğın"

- "Çimnaz xanım yuxudadır"

- "Duma"

- "Gəldi-gedər"

- "Qaçaq Nəbi"

 

Komediyaları

- "Durna"

- "Çimnaz xanım yuxudadır"

 

Poemaları

- "İldırım"

- "Qafurun qəlbi"

- "Əzizlərdən-əzizlərə"

- "Xilaskar"

- "Təbrizdə qış"

- "Qolsuz qəhrəman"

- "Yeni kəndin işıqları"

- "Mənsumə"

- "Nakam məhəbbət"

 

Satira və yumorları

- "Bir dədə axtarıram"

- "Əcaib əsər"

- "Qəribə nitq"

- "Teatr tənqidi"

- "Heçstan əhli"

- "Qonşularımdan biri"

- "Elan"

- "Möhkəm birlik"

- "Özündən razı!"

 

Kitabları

- "Aləmdən nəşəyə"

- "Addımlar"

- "Səs"

- "Atəş"

- "Günəşli sahillərdə"

 

Tərcümələri

- Meynqard Rudzitis. Qızıl ordu (şeir). Ədəbiyyat qəzeti, 1941, 9 iyun.

- İvan Krılov. Şahpərəst qurbağalar (təmsil). Vətən uğrunda, 1944, № 7–8, s.37–39 3.

- Nazim Hikmət. Şeirlər. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1952, s.15–45.

- Qaysın Quliyev. Torpaq və şeir (şeir). Azərbaycan, 1961, № 4, s.36.

- Yaroslav Smelyakov. Gözəl qız Lida (şeir). Ədəbiyyət və incəsənət, 1964, 18 iyul.

- Jan Pol Sartr. Lizzi (pyes). Azərbaycan, 1966, № 10, s.169–190.

- Qriqol Abaşidze. Bahar (şeir). Kommunist, 1971, 16 aprel.

 

Süleyman Rüstəm sosialist ideologiyasına, kmommunist partiyasına ən çox sədaqət göstərən bir şair olub, bu öz yerində. Kosmosa Layka adlı it göndəriləndə ona yazdığı şeir indi şair üçün aşırı itaətkar poeziya üçün əsl ittiham sayıla bilər:

Layka uçur göyə, eləyir ham-ham,

Mən də ona baxıb alıram ilham.

Amma Süleyman Rüstəm Cənubi Azərbaycan mövzulu ən cəsarətli, ən təsirli şeirlər müəllifidir həm də. Və bizim yaddaşımızda da qoy şair məhz bu cür qalsın.

O, 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.