Biri ikisində - Aytəkin Səfərəliyevanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə 3 gün ardıcıl naxçıvanlı xanım şairlərin şeirləri təqdim edilir. Bu gün Aytəkin Səfərəliyevanın növbəsidir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

NAXÇIVAN ƏDƏBİ MÜHİTDƏN ÜÇ XANIM

 

Azərbaycan ədəbi mühitinin tərkib hissələrindən biri də zəngin və rəngarəng yaradıcı imzaları ilə seçilən Naxçıvan bölgəsindəki ədəbi mühitdir. Xüsusilə XXI əsrin ilk illərindən üzübəri bu bölgədə yeni ədəbi imzalar özünü göstərməyə başladı. Onların yaradıcılığındakı istər mövzu, istər janr, istər fikir baxımından yeniliklər təkcə bölgənin ədəbi atmosferinə təsir etmədi, həmçinin geniş mənada ölkə ədəbiyyatının zənginləşməsinə öz töhfəsini vermiş oldu. Həmin ənənə bu gün də davam edir və gənc imzaların nəzm və nəsr sahəsindəki yaradıcılıq nümunələri muxtar respublika ədəbi camiəsi haqqında ümidlə danışmağa imkan verir.

Naxçıvanda yazıb-yaradan qələm sahibləri arasında qadın imzaların da ciddi çəkisi var. Ta Heyran xanımdan başlayaraq Qönçəbəyimin, Kəmalə Ağayevanın, Kəmalə Nəsrinin ədəbi uğurlarını davam etdirən zərif xanımlarımızdan iki şair və bir yazıçı olmaqla üçünün bədii nümunələrini “Ulduz”umuza təqdim etmək istəyirəm.

Bunlar filologiya üzrə fəlsəfə doktoru, bədii nümunələrini ilk dəfə “İnsansız küçələr” adlı kitabıyla oxuculara təqdim edən Leyla Səfərova, dörd kitab müəllifi, ötən il “Ömrün yaşıl rəngi” və “Bir göz qırpımında” şeir kitabları ilə növbəti dəfə oxucularıyla görüşən Aytəkin Səfərliyeva, ayrı-ayrı mətbu orqanlarda, qəzet və saytlarda nəşr olunsa da hələ ki, kitab çıxarmağa tələsməyən Qəmər Sözaydır.

Qeyd etdiyim hər üç imzanın özlərinə məxsus yaradıcılıq üslubları var. Leyla xanım qısa, lakin geniş məna tutumuna malik hekayələri ilə fərqlənir. Aytəkin xanım ilk dəfə “Ulduz” jurnalı vasitəsilə mərkəzi mətbuatda dərc olunacaq. Buna baxmayaraq, onun hər şeirində digər qələm sahiblərini təkrarlamayan yeni obrazlı ifadələr maraq doğurur. Qəmər Sözay bədii ağırlıqlı, dərin düşüncələrə malik poeziyası ilə seçilir.

İnanıram ki, hər üç qələm sahibinin bədii nümunələri həm oxucuların, həm də geniş mənada bədii sözə, ədəbiyyata maraq göstərən Azərbacan vətəndaşlarının diqqətini cəlb edəcək. 

 

Hörmətlə Elxan YURDOĞLU, “Ulduz” jurnalının redaksiya heyətinin üzvü AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

Aytəkin SƏFƏRƏLİYEVA

 

 

ANALARI İCAD EDİB

 

Anam mənim tərs işimi

Milyon kərə avand edib.

Çox acının arasına

Şəkər töküb, gülqənd edib.

                   Yetişdirdi kamalımı,

                   Heç kəsmədi sığalımı.

                   Qolu bağlı xəyalımı

                   Zindanımdan azad edib.

Ağlayıb da gülməyəndə,

Addım atıb gəlməyəndə,

Mən uçmağı bilməyəndə

Qollarını qanad edib.

                   Mən anamdan gələn canam,

                   Hər dərdinə özüm yanam.

                   Qırılmasın deyə anam,

                   Ürəyimi polad edib.

Saf arzuyla, saf niyyətlə,

Məhəbbətlə, səadətlə,

Min zülmlə, əziyyətlə

Böyüdərək övlad edib.

                   Hər anıma dua edən,

                   Yollarımda gültək bitən,

                   Hər düşəndə qopub gedən

                   Tərəfimi abad edib.

Ürəyindən verib parə,

Hər dərdimə edib çarə.

Ömür boyu mənə görə

Bu həyatla cihad edib.

                   Allah sevib ürəklərin,

                   Sonsuz olan diləklərin,

                   Alıb yerdən mələklərin

                   Anaları icad edib.

 

 

BİKAR OLUBDU

 

Baxma əllərimin incəliyinə,

Mənim də ürəyim qabar olubdu.

Sevinc gələn yollar daşlı, qayalı,

Qəm gələn yollarım hamar olubdu.

 

Gedəcək kimsəsiz bir gün cənazən,

Əzər duyğuları qəlbdə boş gəzən.

Məni ovunduran, dərdimin bəzən

Saçıma çəkdiyi tumar olubdu.

 

Məni yıxdı həyat, bəlkə, min kərə,

Gördüm hər bucaqdan başqa mənzərə.

Çox vaxt güvəndiyim qapı-pəncərə

Açmaq istəyəndə divar olubdu.

 

Həyatın min cürə fəndi-feli var,

Sevgi var – könüldən dərilər nübar.

İndiki dövrdə Məcnunlar tüccar,

Səhralar eşq satan bazar olubdu.

 

Qaytarmır heç nəyi nə vaxt, nə vədə,

Ölən arzulara qaldırdıq badə.

Mənim bu həyatda istəyim sadə –

Nə şöhrət olubdu, nə var olubdu.

 

Ürəyim genişdir mənim hər zaman,

Dağı dağ üstünə yığıbdır yaman.

Mənim ürəyimi yaratdığı an

Deyəsən yaradan bikar olubdu.

 

 

KİMİ

 

Nə deyim bilmirəm, sözlərim soyuq,

Baxışım buz tutub, könül qış kimi.

Ürəyim yanına köç edə bilər,

Soyuqdan istiyə uçan quş kimi.

 

Ömrümün çoxusun etmişəm yarı,

Heç yolum düşmədi sevincə sarı.

Arabir gözündən süzülüm barı,

Düşüm yanağına sənin yaş kimi.

 

Toxunar doğrunun yalana sözü,

Sönməz məhəbbətin bir ömür közü.

Üzünə partlayar kədərin közü,

Bəxtsiz üzüyü də incə qaş kimi.

 

Həsrətin divarın sökmək olaydı,

Qəlbinə sevgini əkmək olaydı.

Kaş ağrı verəndə çəkmək olaydı

Eşqi ürəyindən çürük diş kimi.

 

Çox sevmək ömrünü eyləyər hədər,

Sevgini verəsən dəyəri qədər.

Mən sənə eşq verdim, sən mənə kədər,

Gəl indi qaytaraq başabaş kimi.

 

 

AĞIL NƏ YAŞ İŞİ, NƏ BAŞ İŞİDİ

 

Ağıl tərbiyədi, elm bilikdi

Ağıl nə yaş işi, nə baş işidi.

Düz yolda ilişib yıxılırsansa, 

Nə kərpic işidi, nə daş işidi. 

 

Sözünü ağzından yerə salıbsa,

Dərdin ürəyində düyün olubsa,

Səni yandırmağı gözə alıbsa,

Nə quru işidi, nə yaş işidi. 

 

İnsan insan deyil insan seçirsə,

İçdiyi bulağa zəhər tökürsə.

Yediyi çörəyi əzib keçirsə,

Nə çörək işidi, nə aş işidi

 

Sevgi təmiz hissdir, ürəkdə gəzər,

Çox vaxt nakam qalıb könülü üzər.

Özgə baxışlara salıbsa nəzər,

Bu nə göz işidi, nə də qaş işi. 

 

Məhv edib ümidi söyləmə qəza,

Həyat vəfasıza sərt kəsər cəza.

Məni öldürməyə çəkdiyin imza,

Nə lələk işidi, nə quş işidi.

 

 

OLMAZ

 

Get şeir yazdıran qadınları sev,

Məndən misra olmaz, bənd olmaz sənə.

Mənim sözlərimdə ağrı-acı var,

Bir kəlməm, bir hecam qənd olmaz sənə.

 

Məni yandırsan da dərdim kül olmaz,

Sevgidən bir kəlmə deyən dil olmaz.

Məndən vətən olmaz, məndən el olmaz,

Məndən bir adamlıq kənd olmaz sənə.

 

Hər sevda ürəyi məskəni sanmaz,

Hər ürək məhəbbət odunda yanmaz.

Adıma and içmə, kimsə inanmaz,

Məndən bir içimlik and olmaz sənə.

 

 

ÇOXU DAŞ GƏZDİRİR ÜRƏK ADIYLA

 

Mən bəxtdən, taledən boxcamı yığdım,

Bağladım çiynimdən kürək adıyla.

Toxundum hər gecə gur tellərinə –

Əsən meh adıyla, külək adıyla.

 

Məhəbbət toxudum hər yamacına,

Sandım ki, məlhəməm bütün acına.

Səni pir sanaraq qəlb ağacına

Könlümü bağladım dilək adıyla.

 

Özümə sevgidən koma tikmişdim,

Hər yerə sən adda fidan əkmişdim,

Sənə göndərməyə bir gül çəkmişdim,

Məktubun içində çiçək adıyla.

 

Arada yıxılır qəlbimdən hamı,

Sönür duyğuların coşqun ilhamı

Həyat gözləmədən yıxır adamı

Sonra da qaldırır kömək adıyla. 

 

Dünyanın qışını, yazını tanı,

Yolun göz çıxaran tozunu tanı,

Çox insan görsən də azını tanı,

Çoxu daş gəzdirir ürək adıyla.

 

 

XATİRƏLƏR

 

Yenə aramızda küləklər əsir,

Dağıdır biz olan xatirələri.

Yeddi bahar gəlsə, donu açılmaz,

İsitməz buz olan xatirələri.

 

Dünya pəncərədə, ömürdən camlar,

Boylanıb baxaraq gedir adamlar.

Gözümün yaşında yuyub axşamlar

Sərirəm duz olan xatirələri.

 

Neynəyək yolumuz eyni yol deyil,

Yanlışlar doğrunu eyləyər batil.

Pülüyə-pülüyə salaram hər il

Səninlə az olan xatirələri.

 

Bir gün yoxluğumla başın qatarsan,

Həyatdan qəm alıb, sevinc satarsan,

Nə vaxtsa ağlından silib atarsan

Həminki qız olan xatirələri.

 

Ayrılıq bizlərdən yarıyıb getdi

Dərdi sinəmizdə qarıyıb getdi

Çiçəyi burnunda quruyub getdi

Soldurduq yaz olan xatirələri.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.