“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü Salman Qaraların “Yaxşı sədr” hekayəsini təqdim edirik.
SALMAN QARALAR
YAXŞI SƏDR
Beşbulaq kəndi kolxoza məxsus torpaqların orta hissəsində geniş bir yastanada yerləşirdi. Kolxozun yaylaq yerləri üzü dağ zirvələrinə doğru uzanır, yaylaqdan üzü aşağı biçənəklər gəlirdi. Kəndin sağ-sol tərəfləri örüş yerləri, yuxarı və aşağı hissəsi əkin yerləri idi. Bir xeyli aşağıda – Beşbulaqlardan gələn su ilə Ayrım çayının qovuşduğu yerdə dəyirman, dəyirmandan aşağıda isə süni bir göl vardı. Kəndin kişiləri əlli il bundan əvvəl toplaşıb kolxoz qurdular. Böyük Vətən müharibəsi illərində və müharibədən sonra da çətin keçən ilk illərdə bu kənd də, kolxoz da dağılmadı. Çox pis günlərdən keçdilər, ancaq ölmədilər, dirəndilər, yaşadılar. Tədricən mal-qoyunun sayını artırdılar, arı saxladılar, taxıl, tütün, kartof, kələm əkdilər. Əməkgününə işləyən ailələrin gün-güzəranı az-az, ancaq ilbəil yaxşılaşmağa başladı.
Günlərin bir günü kolxozun aktivlərini idarəyə topladılar. Raykomun katibi köhnə sədrin işdən çıxdığını dedi, yeni sədri təqdim etdi. Hamı bu qəfil xəbərdən çaşdı, ancaq heç kim dillənməyə cürət etmədi. Müharibə veteranı Əli Nurcahanoğlu sağa-sola baxdı, ayağa durub dedi:
– Yoldaş raykom, yay girir, işin qızğın vaxtıdı. Sədr də yaxşı işləyir. Bu vaxt işçi işdən çıxmaz. Bu gətirdiyiniz yeni sədri də tanıyırıq, qonşu kənddəndir. O nə bilir ki, təsərrütat nədi?
Sanki adamların ürəyinə su səpildi, dirçəldilər, başlarını qaldırdılar. Katib dərhal ayağa qalxdı, “heç bir etiraz qəbul edilmir, kolxozun göstəriciləri aşağıdır, təcili düzəlməlidir”, – dedi.
İclas qurtardı, təzə sədr də raykomun maşınına minib getdi.Kolxozçular da iki bir, üç bir idarənin künc-bucağında toplaşıb xosunlaşmağa başladılar.
* * *
Səhər-səhər Qoçdaşdan çıxan günəş kolxozun idarə binasına şəfəqlərini yayanda “Villis” maşınından düşən təzə sədr və üç nəfər nümayəndə sədrin otağına daxil oldular, köhnə sədri çağırtdırıb təhvil-təslim işinə başladılar. İdarədən, anbara, anbardan qaraja, qarajdan fermaya keçdilər. Qara yel kimi əsdilər, qara xəbərləri kəndlə bir eylədilər: yeyiblər, dağıdıblar, söküblər, satıblar..
Təzə sədrin ilk işi baş mühasibin yerini köməkçi mühasiblə dəyişmək oldu. Köhnə baş mühasib az sonra rayonunun ucqar bir kəndinə işləməyə getdi. Sədr ferma müdirini, baş çobanı, qaraj müdirini də işdən çıxartdı. Çıxanların yerinə yeni gələnləri camaat heç cür həzm edə bilmirdi; bu adamların heç birinin xalq arasında müsbət imici yox idi. Sanki kolxozçuların üstünə su ələnmişdi. Hamı susqun, hər kəs şübhə içində idi. Təzə sədrin əməllərindən heç kim hələlik baş açmırdı. Ona işə başladığı ilk gündən canı dildən qulluq göstərən baş mühasiblə “Villis”in şoferi idi. Kolxozun idarə heyəti ilə arasında olan soyuqluğu görən sədr təkətəkdə hər kəslə isti münasibət saxlayırdı, hamı ilə əl verib görüşürdü, hamıya özünü canıyanan göstərirdi. Ümumi toplantı yerlərində isə düzlükdən, təmizlikdən danışır, haqsızlıqlara barmaq silkələyən rəhbər görüntüsü yaratmağa çalışırdı. Ətrafına müəyyən qədər quyruq bulayanlar toplamağı bacarmışdı. Di gəl ki, camaatın rəğbətini qazana bilmirdi.
Rayon Xalq Nəzarət Komitəsinin sədri işləyən qaynatasının və özündən yeddi yaş böyük arvadının “ağıllı” məsləhətləri ona kolxozçularla arasında olan buzu əritməyə, “parçala və hökm sür” siyasətini həyata keçirməyə kömək etdi. Sədr öz kreslosunu möhkəmləndirib oturdu və kolxozçular arasında toxunulmazlıq görüntüsü yaratmağa nail oldu.
* * *
Tahir kişi qocalığa görə pensiyaya çıxmalıydı. Sədrdən işlədiyi illər üçün əməkgünü arayışı istədi. Sədr Tahir kişini xoş-beşlə qarşıladı, oturmağa yer göstərdi, baş mühasibə arayışı “yaxşı” hazırlamağı tapşırdı. Təklikdə isə tələsməməyi, bircə əməkgünü belə artıq yazmamağı əmr etdi.
Tahir kişi baş mühasibin yanına çox gedib-gəldi, “Allahın bu gün, sabahı” qurtarmadı. Sonda işin uzandığını görüb dedi:
– Ay oğul, mən atanın əmisi oğluyam,heç olmasa, mənə bir əmin kimi kömək elə, bir kəndçin kimi hörmət elə, məni az get-gələ sal.
Arayış ala bilməyən Tahir kişi bir gün səhər İdarə Heyətinin toplaşdığı vaxt sədrin qəbuluna gəldi. Qapıdan başını içəri uzadan Tahir kişini görən kimi sədr ayağa durdu, onu yaxına çağırdı, niyə gəldiyini soruşdu.Tahir kişi lazım olan arayışı ala bilmədiyini deyəndə sədr bir qədər də ciddiləşdi, qaşlarını düyünləyib baş mühasibə tərəf döndü:
– Mənim yüz işim, yüz qayğım var. Sən isə bütün günü idarədə oturursan. Niyə o arayışı hazırlayıb verməmisən?
Ayağa qalxan baş mühasib deməyə söz tapmadı.Nə desin? Necə desin ki, ay sədr, axı sən özün “hələ vermə” dedin. Boğazı qurudu. Sədrin nəvazişindən kövrələn Tahir kişi üzünü baş mühasib qarışıq orada əyləşənlərə tutaraq dedi:
– Ay sədr, gəlmişəm deyəm ki, Allah tala mənim nəslimə qol-qanad verməsin. Əgər qanad versə, uçurmamış dam-daş qoymayacaq.
Hamı güldü, sədr isə sifətinə ciddi görkəm verib arayışı bu gün hazırlamağı baş mühasibə əmr etdi. Tahir kişi arayışı alıb getdi, dediyi söz isə zərbi-məsələ dönüb ətraf kəndlərə də yayıldı. Ortada qazanclı çıxan sədr oldu.
* * *
Təzə sədrin gəlişindən sonra ağ günə çıxanlardan biri də “QAZ–69” maşınının– sədri gəzdirən “Villis”in sürücüsü Həbib idi. Yaşı qırxı haqlamış bu arıq, uzun adam evlənməmişdi. Evdamı adlanan köhnə bir evdə ata, anası, iki qardaşı, üç bacısı ilə birlikdə yaşayırdı. Kənddə nə onun ərgən bacılarına elçi düşən var idi, nə də onun özünə qız verən. Həbibin vəzifəsi həm sadə, həm də mürəkkəb idi. Sadəliyi o idi ki, maşınla sədri gəzdirməli, rayon mərkəzinə, yaylağa, fermaya aparıb-gətirməli, sədr yeyənin qır-qırıntısından yeməli, uyğun əməkgünü almalı idi. Mürəkkəbliyi o idi ki, kənddə, kolxozda, camaat içində olan işləri, əhvalatları sədrə vaxtlı-vaxtında xəbər verməli idi. Sədrin lehinə təbliğat aparmalı, əleyhinə danışanlara gözağartması verməli idi. Bu “mürəkkəb vəzifə”ni Həbibə təzə sədr bir neçə dəfə məxfi pay-püşk verib həvəsləndirəndən sonra həvalə etmişdi.
Kolxozun iki “QAZ–53” yük maşınından birinin sürücüsü təzə sədrin bəzi göstərişlərini qanunsuz hesab edərək icra etmir, sədrə söz qaytarırdı. Sədr kəndin ən yaşlı və ən hörmətli sürücüsünün cəzalandırmasını elə etməliydi ki, heç kim ondan şübhələnməsin. Həbiblə xəlvəti danışdı və yük maşınının sürücüsünə tor qurmağı ona tapşırdı.
İki aydan sonra Gəncədəki çiyid təmizləmə zavodundan şulka (pambıq çiyidinin qabığı) gətirən maşının yükünün altından 100 ədəd saxta araq çıxdı, sürücünü Rayon Milis İdarəsində bir neçə günlüyə saxladılar. Sədr işə qarışdı, sürücünü evə buraxdılar. Kiçik oğlunun toyu üçün sürücünün aldığı ucuz sex arağı Milis İdarəsində qaldı, toy üçün topladığı 2 min manat pulu sədrin vasitəçılıyi ilə verib bir neçə maddə ilə onu gözləyən həbsdən azad oldu. Bir neçə aydan sonra məhkəmənin qərarı ilə sürücüyə bir il yarım icbari iş verdilər, maşınını əlindən alıb cavan bir sürücüyə müvəqqəti həvalə etdilər. Camaat sədrin atasına sürücünü həbsdən qurtardığı üçün rəhmət oxudu. Bir il keçməmiş “QAZ–53” maşınının səvədəsi rayon mərkəzinə gedən yolun üstündəki təpəyə atıldı. Sürücü hər evinin qapısına çıxanda maşının sarı rəngli qaraltısı tikan olub sanki gözünə girirdi. İcbari işin vaxtı qurtaranda o, kənddən köçüb getdi və uzun illər qonaq kimi də kəndə gəlmədi.
* * *
Kolxozun tütün planını ödəməkdən ötrü əkin sahələrini genişləndirmək və bütün ailələri tütün əkib-becərməyə məcbur etmək lazım idi. Sədr təsərrüfat briqadiri ilə kəndin üst yanındakı sahələri gəzdi. “Novlu bulağ”ın üstündə dayandılar, su içdilər. Buradan üzü rayon mərkəzinə, qarşıda görünən Qoçdaşa, Dəlidağa gözəl mənzərə açılırdı. Kəndlə “Novlu bulağ”ın arasında sağ tərəfdə bir neçə yerdə tala-tala tütün tarlası olsa da, sol tərəfdə böyük bir ərazi əkinə yararlı boş otlaq sahəsi idi. Sədrin gözlərinin parıldadığını görən briqadir həmin an hiss etdi ki, onun niyyəti bu yerləri əkin sahəsi etməkdir. İzahat verməyi lazım bildi ki, bu ərasi əkin üçün yararlı olsa da, torpağı məhsuldar deyil, qumlu, çınqıllı ərazidir. Digər tərəfdən kəndin yuxarı məhəlləsinin həm içməli suyu, həm də bağçalarının suvarılması “Novlu bulaq”dan ödənilir. Əgər o bulağın suyu tütün sahəsinə yönəlsə, camaat kənddə su sarıdan korluq çəkəcək.
Aradan bir il keçdi, növbəti yaz əkinində sədr “Qum yerləri” adlanan sahəni bütünlüklə əkdirdi, kəndin əksər ailələrini ailədəki adam sayına görə 0,10–0,20 hektar sahədə tütün əkməyə məcbur eylədi. Yuxarı məhəllədən sədrin qəbuluna gələn iki ahıl adam qapılarına, məhəllələrinə gələn suyun kəsildiyini, çətinliyə düşdüklərini dedilər. Sədr əvvəlcə onlarla mülayim danışdı, gündüz olmasa da, gecə onlara su veriləcəyini dedi. Xoşluqla danışmağın fayda vermədiyini görüb səsinin tonunu qaldırdı:
– Mən partiyanın, dövlətin planını sizin məhlənizdəki bir dəstə göy-göyərtiyə, beş-on ağaca, iki-üç meşok kartofa görə poza bilmərəm. Sizin məhləniz yansa da, yanmasa da, mən tütün sahəsinin suyunu sizin evinizə axıda bilmərəm. Bulaq da kolxozundur, tütün də.
Kor-peşman geri qayıdan ahıl kişilərin “Daşın diki”ni çıxmağa dizlərində taqət qalmamışdı.
Daha iki il keçəndən sonra yuxarı məhəllədəki alma,armud ağaclarının çoxu qurudu. Əl dəyməyən gilənar və gavalı ağacları küçükləyib çoxalmağa, bu ağaclarının dibindən çıxan pöhrələr çəpərlərin qırağından məhəllənin ortalarına doğru yayılmağa başladı.
* * *
Beşbulaq kəndinin Ayrım çayının sol yaxası boyu örüş və əkin yerləri, əkin yerinin ortasında isə kolxozun qoyun tövləsi var idi. Qonşu kəndin adamları bu ərazinin örüşünə, əkin sahəsinə göz diksələr də, arzuları gözlərində qalmışdı. Keçmiş sədr onları itbaxandan da baxmağa qoymurdu. İlin payız fəslinin son ayından yazın iki ayı çıxana qədər kolxozun qoyun sürüsü orda saxlanırdı. Ora bir növ qışlaq hesab olunurdu.Təzə sədrin işə başlamasından iki il kecmişdi. Qoyun sürüsü yaylağa qalxmışdı. Qoruqçu xəbər gətirdi ki, qonşu kənddən iki nəfər kolxozun Ayrım çayının qırağındakı münbit torpaq sahəsində daş töküb ev tikdirir. Xəbər ildırım sürəti ilə kəndə yayıldı. Başıpapaqlılar bir anın içində kolxoz idarəsinin önünə toplaşdılar, “bu saat getməliyik, onların daş-qumlarını başlarına tökməliyik”, – dedlər. Sədr bərk qəzəbləndi, “mən özüm də gedəcəyəm”, – dedi. Bir neçə ağsaqqal, başbilən çağırdı, otağa keçdilər. O, İcraiyyə Komitəsinə zəng elədi, zəhmətkeşlərin qəzəbini dilə gətirdi, özünün də hirsini büruzə verdi.Telefonun o başındakı şəxsin dediklərinə “baş üstə” deyərək dəstəyi yerə qoydu, üzünü ağsaqqallara tutaraq dedi:
– Üç nəfər mənimlə gəlsin, gedək hadisə yerinə. İspalkom da milis götürüb gələcək.Onların anasını ağlar qoymasam, dədəmin oğlu deyiləm.
Elə bil adamların üstünə su səpdilər, hamı sakitləşdi. Sədrin istəmədiyinə baxmayaraq Əli Nurcahanoğlu da “Villis”ə əyləşib qoyun yatağı olan tövlənin yanına gəldi. Tövlənin ətrafında heç nə yox idi, ancaq ondan təxminən bir kilometr yuxarıda çayın qırağında uşaqlar oynayırdılar. Piyada üzü yuxarı – uşaqlara tərəf addımladılar. Nurcahanoğlu Ayrım çayının mənbəyindən aşağıda yamac boyu səpələnən evləri sədrə göstərərək dedi:
– Bax o gördüyün yuxarı kəndin salındığı yer, Qaraqayadan sağa bütün o biçənəklər bizim kəndin olub. Nikalay hökümətinin vaxtında bunların babası gedib urusun yaylax nəçənniyinə rüşvət veriblər,yalannan and içiblər, yerimizi kəsib alıblar. Günortadan sonra ildırım çaxıb, sel dünyanı ağzına alıb.Noolar urus olanda. Urus deyib ki, yalannan Qurana and içildi, onçun sel dünyanı yuyub apardı.
Ağsaqqallardan biri sədrə məlumat verdi:
– İki kolxozun sərhədi çayın kənarındakı min baş qoyun tutacaq böyük kahanın üst yanından keçir. Daha əvvəllər kolxozun erkək sürüsünü, sonra isə subay qoyunları kahaya qatır, ağzına kəriskə çəkərdik. Kəriskənin qırağında isə qarqaraya bir it bağlayardıq ki, canavar, tülkü yaxın gəlməsin. O vaxtlar nə hökümət malını oğurlayan adamlar var idi, nə də çaqqallar. Bu qorxu-ürkü, halallıq bilməyən adamlar da sonradan əmələ gəldi, bu məskəni qamışlıq olan çaqqallar da.
Ağsaqqalların sözləri sədri tutsa da, üstünü vurmadı, “hə, hı” deyib söhbəti dəyişdirdi.
– Kahadan bir az aşağıda kimsə gəlib az mailli yamacda 7–8 metr uzunluğunda yeri 70–80 sm dərinliyində qazmış, bir otaq tikmək üçün kalafa açmaq istəmişdi. Həmin yerdən 20 metr aşağıda təxminən bir yük maşını həcmində hörgü daşı qalaqlanmışdı. Hiss olunurdu ki, burada iki adam ev tikmək həvəsinə düşübdür, əslində kolxozun mülkiyyətinə əl uzatmaqla cinayətə yol veribdir.
Bu vaxt onlara yaxınlaşan təzə UAZ maşınından Rayon İcraiyyə Komitəsinin sədri, onun bir işçisi və “Uçastkovı” – sahə milis rəisi düşdülər. Beşbulaq kəndinin sakinləri ilə salamlaşdılar. Sədr ciddi görkəm alıb kolxozun torpağının zəbt olunması haqqında “İspalkom”a məlumat verdi.
O da sir-sifətini turşutdu, qaş-qabağını töküb sədrlə gələn ağsaqqallara nəzər saldı, “akt yazın, qoy əməkdaşlar araşdırsın, ciddi tədbir görək”, – dedi.
Bu vaxt qonşu kənddən yanlarında 5–6 uşaq olan üç arvad onlara yaxınlaşdı. Qadınlardan ikisinin kürəyində çarşafla şəllənmiş körpə uşaq var idi. Nisbətən yaşlı qadın irəli durub dedi:
– Qurban olum sizə, ay hökümət! Bizim hər birimiz on baş külfətlə onun-bunun damında qalırıq. Bizə bir dam yeri verin, bir alaçıq quraq, içinə girib yaşayaq. Biz də bu hökümətin adamıyıq...
Qadın dayanan kiçilərin içində Əli Nurcahanoğlunu görəndə ona tərəf hücum çəkdi:
– Nə gəzirsən burda. Bura mənim ağzımın içidi. Sən evindən, məhləndən başqa suyun o tayını da qoruyursan. Qoy bizə də bir dam qaralamağa yer versinlər. Mənim dədəm müharbədə ölüb qalıb, sən gəlib burda bizə göz dağı verirsən.
Əli Nurcahanoğlu başını buladı və yalnız onu deyə bildi ki, öz kəndinizin, öz kolxozunuzun ərazisində nə istəyirsinizsə, gedin tikin. Daha sonra “yoldaş İspalkom, hanı bu kəndin kolxoz sədri, sovet sədri”? – deyə soruşsa da, ona cavab verən olmadı.
Araşdırma uzun çəkdi və nəticəsi hələ məlum olmamışdan qonşu kənddən üç nəfərin orada ev tikməyə başladığı xəbəri yayıldı. Başları ot biçib-yığmağa qarışan adamlar sədrə bu haqda axşam-sabah ötəri irad bildirsələr də, sədr onları arxayın salırdı. Sentyabr ayının ortalarında əsən güclü küləkdən sonra tövlənin bir hissəsinin yanması haqqında xəbər yayıldı.. Ola bilərdi ki, tövlənin arxa hissəsi torpağa yaxın olduğundan həm həmin hissəyə içəridən od vurmuşdular, həm də küləyin istiqamətini hesablayıb dərədəki kol-kosu yandırmışdılar. Quru otlar tövləyə qədər yana-yana gəlmişdi. Tövlədən 30–40 m aralıda olan dərənin içindəki fısıllıqdan başlanan alov tövlənin yarısını yandıra bilməzdi Heç bir araşdırma aparılmadı və tövlənin yarısının yanma səbəbini heç kim bilmədi. Sürü dağdan enəndə sədr heyvanların bir hissəsini ət kombinatına verdi, bir hissəsini isə “Sarı Güney”dəki tövləyə göndərdi. Həmin ərazilər tədricən qonşu kəndin sakinləri tərəfindən məskunlaşdırıldı,ancaq kolxozçuların bir çoxu bu ərazinin yaz aylarından satıldığını bilmədilər, bilənlər isə qorxularından cınqırını çıxarda bilmədilər.
* * *
Keçmiş sədr xəstələndi və çox keçmədən öldü. Onun ölümündən sonra da camaatın köhnə sədri unutmaması, xatirəsini əziz tutması təzə sədri narahat etməyə başladı. Beş-on adam bir yerə toplaşanda keçmiş sədrin qurduğu işlərdən, tikdirdiyi binalardan, camaatı yaxşı dolandırmasından ağız dolusu danışırdılır. Baş mühasibdən onun böyük ailəsinin olduğunu və kiçik qızının orta məktəbi keçən il qurtardığını öyrəndi. Qızı idarəyə çağırtdırdı.Həmin an çiçəyi çırtladı, sevincək baş mühasibə tərəf döndü:
– Sənin işin ağırdı, köməkçiyə ehtiyacın var. Ağbənizi kargüzar götürək. Həm sənin işin yüngülləşsin, həm də Ağbəniz ailəsinə çörək qazansın.
Baş mühasib başının işarəsi ilə sədrin sözünü təsdiq etdi, ancaq sual dolu baxışları sədrin üzündə qaldı:
– Axı kolxozda belə bir ştat yoxdu?
Sədr izahat verdi:
– Mal fermasında südün yağlıığını ölçən və yazan ştatın əməkhaqqını Ağbənizə verərik. Müdirin canı şıxsın, yağlılığı özü ölçsün. Onsuz da cavabdeh odur. Sənin də işlərin bir az yüngülləşsin.
Ağbəniz evlərinə gedənə qədər bu xəbər kəndə yayıldı və kənd əhli bir daha özünü xöşbəxt hiss etdi. Sədrin bu “qayğıkeşliyi” xalq arasında onun hörmətini birə-beş artırmış oldu.
Bir müddət sonra sədr və baş mühasib Raykoma iclasa çağırıldılar. Baş mühasib kənddə olmadığı üçün sədr kargüzarı da özü ilə iclasa apardı. Onlar Raykomun binasının qarşısında “Villis”dən düşəndə sədr sürücüyə nəsə tapşırıq verib qayıtdı. İclas qaranlıq qarışandan sonra qurtardı. Sədr və kargüzar “Villis”ə yaxınlaşdılar. Ağbəniz maşının qapısını açdı, oturacağı irəli çəkdi, keçib arxa oturacaqda oturmaq istəyəndə sürücü dilləndi:
– Dayan görək, necə eyləyək? Arxa hissəyə yük yığmışam. Oturmağa yer yoxdur.
– Yük nədir? Necə yəni oturmağa yer yoxdur?
Sədrin sualına sürücü acizanə görkəm alıb dedi:
– MTS-in (Maşın-Traktor Stansiyasının) anbar müdiri dedi ki, Lənbərandan təzə qarpız, yemiş gəlibdir.Bizim kolxozun da norması dururdu. Mən də eləmədim tənbəllik, gedib maşının arxa oturacağını və baqajını ağzınacan doldurdum. Qadan alım, ay sədr, bağışla məni, iki nəfər gətirdiyimi tamam unutmuşam.
Sədr işgüzar bir görkəm alıb bir az düşündü və sonra gülümsəyib dedi:
– Anqut boğaz adamın ağlı anqut qədər olar. Atalar da deyiblər ki, uzunun ağlı topuğunda olar. Bəs biz iki adam bir oturacaqda necə gedəcəyik?
Sədr bu sözləri desə də, qəzəblənəndən çox, zarafat edənə oxşayırdı. Sürücü hiyləgərcəsinə qımışdı. Vəziyyətdən çıxış yolunu yenə sədr tapdı. Sürücünün də, qabaq oturacağın da döşəkçəsini sədr götürüb matorun üstünə qoydu, keçib orada oturdu. Ağbəniz də tərəddüd içində ona göstərilən qabaq oturacaqda əyləşdi. Sədrin dizləri onun sol buduna toxunurdu. Maşın yola düşdü. Rayon mərkəzindən kəndə gedən dar, əyri yollardan keçdikcə sədrin dizləri kargüzarın baldırına, buduna daha tez-tez sürtünürdü. Döngələrdə ləngərini saxlaya bilməyən sədr sağ əli ilə Ağbənizin çiyninə, kürəyinə toxunmaqla guya müvazinətini qoruyub saxlayırdı. Belə hallar yarananda da “Boğazına şiş girsin, ay Uzun”, – deyirdi. Qaranlıq olmasaydı, qızın yanaqlarının necə allandığını, başından buğ qalxdığını aydınca görmək olardı. Kargüzar qız özünü ələ alıb sürücüyə diqqətlə baxsaydı, onun tülkü hiyləgərliyi ilə necə qımışdığını əlbəəl bilərdi.
“Villis” Ağbənizgilin evinə yaxınlaşanda sədr sürücüyə xatırlatdı:
– Maşında nə varsa, bərabər şəkildə üç yerə bölərsən. Bir də yadından çıxartma ki, nə dəvəni görmüsən, nə də qığını.
Ağbəniz fəhmlə anladı ki, bu nəsihəti sədr sürücüdən daha çox ona deyir.
Yataq otağına keçən qız gecənin bir vaxtına qədər yata bilmədi. Raykomdakı iclasdan aldığı təsirdən daha çox yolda sədrlə az qala ikisinin bir oturacaqda oturmaları onun qəlb evində bir fırtına yaratmışdı. O, nəyinsə düz olmadığını, işlərin yerində getmədiyini hiss edirdi. Nədənsə utanırdı, özünü günahkar sayırdı. Digər tərəfdən bu orta yaşlı, orta boylu, qıvrımsaçlı, səliqəli geyimli sədrin əməllərini anlaya bilmir, onun cazibəsindən kənara çıxa bilmirdi.
Günlər keçdikcə kargüzar qız sədri daha yaxından tanıyır, ona yaxşı, başqalarına pis olan bu adama qarşı qəribə hisslər keçirirdi. Ona nifrət edirdimi? Tez öz ürəyində bu fikirlərdən uzaq durmağa çalışırdı. Ona hörmət edirdimi? Bunu da öz ürəyində götür-qoy edir, bir qərara gələ bilmirdi. Tədricən ona öyrənir, onunla sərbəst danışır, bəzən deyib-gülürdü də. Xüsusən idarədə başqa işçilər olmayanda sədrin ona yaxınlaşdığını, bəzən onun başının üstündə durub onun yazısına diqqət etdiyini görürdü. Belə vəziyyətdən sıxılsa da, dillənə bilmirdi. Anasını, özündən yaşca kiçik qardaşlarını göz önünə gətirir, onları düşünürdü. Artıq evlərinə vaxtaşırı ət, yağ aparırdı. Sədr aşkar da, xəlvət də olsa, onun payını verməyi unutmurdu.
Bir gün kürəklərində ağrı olsa da, işə gəlmişdi. Günortadan sonra sədr onun halsız olmasının səbəbini soruşdu, əlindən tutub nəbzini yoxladı. “Mən qoyarammı sən xəstələnəsən”, – deyərək bir əli ilə qızın biləyindən tutduğu halda o biri əli ilə kürəyini oxaladı. Qıpqırmızı qızaran qız ayağa qalxmaq istəyəndə çiyinlərindən tutub yüngülcə aşağı basdı. “Tərpənmə, quzum, mənim əllərimdə məlhəm var, səni hər cür soyuqdan qoruyacaq”, – dedi. Sədrin əllərinin Ağbənizin kürəklərindən boynuna, boğazına, sinəsinə keçməsi qızın vücudunu sarsıtdı, səssizcə axan göz yaşları hıçqırıqlarla əvəz olundu. Sanki bu sakit, səssiz ikimərtəbəli idarə binasının divarları da, tavanı da, döşəməsi də bu yetim qızcığazın hıçqırtısını əks-səda edərək bütün binaya yaydı. Sədr çox irəli getdiyini anlayıb bir stəkan dağ su süzüb qızın stolunun üstünə qoydu, oğrun addımlarla həyətə çıxdı.Kargüzar qız işdən çıxanda göy guruldayıb dolu yağmağa başladı. Qız evə çatana qədər iri dolu dənələri onun başına, üz-gözünə qamçı kimi dəyirdi. Tütün, kartof sahələrini, biçənəkləri də qəfil yağan dolu yaman günə qoydu. Evə çatanda anası qızının qabağına çıxdı,sanki qıza yox, göylərə üz tutub “gəl, məhrəvanı al, üst-başını qurula. Ay bala, anan ölsün, bilmirəm bizə Allahın qəzəbi keçib, yoxsa, bəndənin”, – dedi.
Ağbəniz işə getmədiyi bir neçə gün ərzində çox fikirləşdi, çıxış yolu tapa bilmədi. Məsləhət eləmək, kömək almaq üçün də özünün başına gələnləri kiminləsə bölüşə də bilmədi, qara taleyi ilə barışmaqdan başqa yol görmədi. Üçüncü gün yenidən işə qayıtdı.
* * *
Kolxoz İdarə heyətinin iclasında çıxış edəcək adamlar əvvəlcədən müəyyən edilmiş və gündəliyə yalnız bir məsələ salınmışdı: “Kolxozun balansında olan balıqçılıq təsərrüfatının “su idarəsinin balansına verilməsi haqqında”.
Gündəlik elan olunanda hamı heyrətlə bir-birinin üzünə baxdı. Baş mühasib balıqçılığın Ana çaya yaxın yerdə yerləşdiyini, ora get-gəlin çətinliyini bildirdi və Raykomun razılığı ilə belə bir qərara gəlindiyini söylədi. Baş mühasibin sözlərini bir neçə dəfə yerdən kəsdilər, etiraz etdilər. Təsərrüfat müdiri də çətinliklərdən, gəlirin azlığından, xərcin çoxluğundan, məsafənin uzaqlığından danışıdı və qərara müsbət münasibət bildirdi. Üçüncü danışana imkan verməyən Əli Nurcahanoğlu ayağa durdu, üzünü baş mühasibə tutaraq dedi:
– Balıqçılq ona görə inkişaf etmir ki, sənin boğazından artmır. Hansı stolavoylara qızıl balıq daşıdığını da bilirik, kimlərə pay-püş göndərdiyini də.
Daha sonra üzünü sakitcə oturan kənd sovet sədrinə tutaraq davam etdi:
– Yadından nə tez çıxdı o günlər? Dədən bir ayağı ilə gedib o gölün barısını çəkmirdimi? Bizim qurduğumuzu bizim belimizdən gələnlər dağıtmalıdırmı? Biz faşistlərə əyilmədik ki, gedib kamunizm quraq. Belə quracağıq kamunizmi?
Kənd sovet sədri ayağa durdu, icazə alıb dedi:
– Yoldaş sədr, Ağsaqqalımız dediyi kimi, o balıqçılıq təsərrüfatını atalarımız öküz arabası, əl arabası ilə daş-qum daşıyıb qurublar. Köməkləşib çatışmayan cəhətləri aradan qaldıraq, ancaq təsərrüfatımızı başqa kolxoza, sovxoza, hər hansı bir təşkilata verməyək. Balıqçılıq təsərrüfatını verəndə avtomatik olaraq o ərazidə müəyyən qədər torpaqlarımız da əlimizdən çıxacaqdır.
Sədrin qəzəbləndiyi sağ əli ilə qıvrım saçlarını burmasından bəlli idi. İclas bir qərar qəbul etmədən yekunlaşdı və məsələyə raykomun bürosunda baxılacağı bildirildi.
Bir neçə gündən sonra kənddə bir qonşunun mallarının digər qonşunun çəpərini dağıdıb bağçasına girməsi söz-söhbəti yayıldı, məsələ böyüdü, kənd sovetinə, kolxoz sədrinə qədər getdi. Ara sakitləşəndən bir neçə gün sonra yenə oxşar hadisələr baş verdi və məsələ rayon mərkəzinə çatdı. Bir qonşu digər qonşusunun normadan çox mal-qoyun saxladığını və ona ziyan dəydiyini rəhbərliyə bildirdi. Gələn komissiya kənd camaatının saxladığı qoyun və malları yenidən siyahı elədi. Ət planı tam ödənilmədiyi bir halda kənd sovetinin qeydiyyat kitabına düşməyən heyvanların şəxsi təsərrüfatlarda saxlandığı müəyyən olundu və kənd sovet sədri işdən azad edildi.
Yeni təyin edilən sədrin kimliyi camaatda yenidən təəccüb yaratdı. Yeni sovet sədri kolxoz sədrinin rayon mərkəzində yaşayan kəndçisi olmaqla bərabər köhnə sovet sədri ilə anası tərəfdən qohumluq əlaqəsinə də malik idi.
Müharibədə bir ayağını itirmiş veteran, kolxozun kitabxanaçısı Nağı Abbasov yolda Əli Nurcahanoğlu ilə qarşılaşdı, sovet sədrinin başına gətirilənləri danışıb sözünü acı sonluqla bitirdi:
– İlanı Seyid Əhməd əliylə tuturlar. Qara günlərimiz hələ qabaqdadır. Səbrli və ehtiyatlı olmalıyıq.
Əli Nurcahanoğlu bu təyinatı eşidəndə başını bulayıb “İlahi, bu gözə görünməz şeytanlardan sən qoru bu kəndi”, – dedi və evinə getdi.
* * *
Əli Nurcahanoğlunu biryolluq susdurmaqdan ötrü “Üçlüyün iclası” bir saatdan çox çəkdi. Sakit toplaşdıqları kimi səssiz-səmirsiz də ayrıldılar. İki gündən sonra “İspalkom”un ayırdığı komissiya kənd təsərrüfatı kitabında göstəriləndən artıq həyətyanı sahə mənimsəyənlərin siyahısını çıxardı. Məsələyə Rayon Partiya Komitəsinin bürosunda baxdılar, daha artıq sahə qəsb edənlərin “cinayətkar əməllərini” araşdırmaq prokurora həvalə edildi. Hər kənddən, kolxozdan 3–5 nəfərin işi ağır hesab olunurdu ki, Əli Nurcahanoğlu da onların siyahısında idi.
Rayon prokurorluğunun cavan müstəntiqi Əli Nurcahanoğlunu bir neçə maddə ilə günahkar hesab etdi, onun izahat yazmasını tələb etdi. Ağsaqqal şifahi şəkildə izahat verməyə, vəziyyəti “cavan oğlana başa salmağa çalışsa da, müstəntiq öz dediyində israr etdi. Əli Nurcahanoğlu ayağa durdu, prokurorla danışacağını söyləyib müstəntiqin otağından çıxdı. Prokurorun otağına girib salamlaşdı, real vəziyyəti danışdı:
– Mən müharibədən qayıdanda camaatın vəziyyəti ağır idi, kolxozun da gəliri az idi. Ferma müdiri oldum, müdirlikdən daha çox naxırçılıq, gözətçilik, fəhləlik etdim. Təsərrüfat briqadiri oldum, əkinçi, biçinçi kimi işlədim. İndi də ot yığımında bu yaşımda dırmıqçı kimi işləyirəm.
Prokurorun soyuqqanlılıqla dediyi “zəbt elədiyin sahə haqqında danış” cümləsinə cavab olaraq davam etdi:
– Bizim evimiz kəndin yuxarı başında, çayın sol yaxası boyundadır.Müharibə vaxtı kənddə əli-ayağı tutan kişilər qalmadığından arvad-uşaq suyun o tayındakı ağacları kəsib yandırmışdılar. Yağan yağış quzeyin ağacı, kol-kosu qırılmış torpağını yuyub aparırdı. Qonşulara da tapşırdım ki, suyun o tayına dərə boyu heyvan buraxmayaq. Elə də elədik. 2–3 ildən sonra dərə boyu pöhrələr göyərdi. İndi orda cavan bir meşə sahəsi əmələ gəlib. Mən də ordakı yabanı ağacların bir hissəsinə calaq vurmuşam. Biz üç qonşuyuq. Oraya qonşuların hamısı nəzarət edir, ora mənim şəxsi mülküm deyil.
– Bəs oranın otu, meyvəsi kimə çatır?
– Ora quzey yerdir. İki ildən, üç ildən bir beş-on alma-armud ağacı bar verir. Kimin də ehtiyacı varsa, o da yığıb aparır. Dərə boyu hər ev yiyəsi ən yaxşı halda bir xotma ot biçə bilər.
Prokuror bir qədər yumşaq səslə dilləndi:
– Gedin, Ağsaqqal, narahat olmayın. Komissiya gələr, baxar, araşdırar.
Əli Nurcahanoğlu sağollaşıb çıxdı.
Bir neçə gündən sonra həmin “zəbt olunmuş sahə”yə baxış keçirən Rayon Milis Şöbəsindən, kolxozdan, kənd sovetindən gedən nümayəndələr ilə Ağsaqqalın oğlunun arasında gözlənilmədən mübahisə yarandı. Dövlət qulluqçularını xidməti iş başında təhqir etdiyinə görə Ağsaqqalın oğlunu həbs etdilər. Həmin gün qonşu rayonda yas yerində olan Ağsaqqal gələndən sonra rayon mərkəzindəki idarələrə bir-bir girir, oğlunun şərlənərək həbs edildiyini söyləyirdi. Ancaq heç kim onun dərdinə çarə olmurdu. Ağsaqqal “ağqulaqları” buraya tökmək” məqsədilə Moskvaya yazdığı ərizələrə elə şikayət etdiyi idarələrdən cavab alırdı. Bir xeyli çəkən məhkəmə çəkişmələrindən sonra Ağsaqqalın oğluna iki il yarım həbs cəzası verdilər, özünə isə əməkgünündən tutulmaqla beş yüz manat cərimə yazdılar. Onun alt və üst yanında olan qonşuları oğlunun üzünə durdular və onlara heç bir cərimə də yazılmadı.
Əli Nurcahanoğlu sınmışdı, ruhdan düşmüşdü. Kolxozun iclaslarına qatıla bilmirdi, haqsızlıqları dilə gətirə bilmirdi, ancaq oğlunun dalınca həbsxanaya gedib gəlir, “ağqulaqlar”a ərizə yazıb başqa rayonların poçtlarından yola salırdı. Altı ay sonra “ağqulaqlar”ın nümayəndəsi gəlib rayona çıxdı, araşdırma yenidən aparıldı. Ağsaqqalın oğlunun üzünə duran şahidlərdən biri onun bu işə zorla vadar edildiyini etiraf etdi. Böyük Vətən müharibəsinin ordenli, medallı veteranı Əli Nurcahanoğluna kəsilən cərimənin ödənilməmiş hissəsi dayandırıldı.
Oğlunun yanından sevincək qayıdan Ağsaqqal tezliklə onun da həbsdən buraxılacağını söylədi və bütün ailə Allaha şükür oxudu, sovet hökumətinə alqış elədi.
Əli Nurcahanoğlu Qazxanlıda dırmıq çəkirdi. Dəlikdaşdan bir atlı onu səslədi, gözaydınlığı verdi, oğlunun həbsdən buraxılıb evə gəldiyini söylədi. Sevindi, dırmığı təzə yığılan ot xotmasının altına soxdu, pencəyini geydi, heybəsini çiyninə atıb üzüaşağı gəlməyə başladı. Günəşin şəfəqləri azalmaqda idi. “İndi gecdir, gedim görüşüm, qurbanı sabah kəsərəm” deyə fikirləşdi.
Axşam evə gəlib çıxmayan Ağsaqqalın axtarışı davam etsə də, gördüm deyən olmadı. Hər ehtimala qarşı bir atlını da kəndin yaylaq yerindəki binələrə, alaçıqlara göndərdilər. Bəlkə, ora gedib, kiminsə qonağı olub. Səhər ot yığmağa gedən kolxozçular Qazxanlı ilə Dəlikdaş arasından keçən nazik suyun kənarında Əli Nurcahanoğlunun cəsədini gördülər. Oğlunun həbsdən buraxılması xəbərindən hədsiz sevinən Ağsaqqalın birdən-birə ürək döyüntüsü artmış, kiçik suyu keçəndə səldirləyib baldırğanlı kolların arasına yıxılmış, bir daha ayağa qalxa bilməmişdir. Səhərə yaxın vəfat etmişdir. Oğlunun türmədən çıxmasına kəsməyi nəzərdə tutduğu qoç onun öz ehsanına qismət oldu.
* * *
Kolxozun veteran kitabxanaçısı kənd arasında Topal Nağı adı ilə tanınırdı. Onunla Əli Nurcahanoğlu uşaqlıq dostları idilər. Müharibəyə də eyni vaxtda getdilər, eyni səngərdə yatdılar, durdular, döyüşdülər. Sonra yolları ayrıldı. Dəli-dolu xarakterli Əlini Belorusiya, sakit təbiətli Nağını isə Krım cəbhəsinə göndərdilər. Nağının sol qılçasını bud hissəsindən top mərmisi aparandan sonra onu qospitala yerləşdirdilər. 1944-cü ilin yanvar ayında gəlib Beşbulağa çatdı. Müharibə qurtarandan sonra onu kolxoz kitabxanasına kitabxanaçı təyin etdilər. Əli Nurcahanoğlu ondan il yarım sonra xırda qəlpə izləri nəzərə alınmasa, sağ-salamat gəldi, kolxozun ən ağır işlərindən yapışdı. İllər ərzində baş verən müxtəlif hadisələr onların dostluğuna xələl gətirmədi, əksinə, bu dostluğu möhkəmləndirdi.
Əlinin ölümü ona olduqca pis təsir göstərmişdi. Cəbhədə olduğu vaxtlarda az qala hər gün müxtəlif ölüm səhnələrini görən veteran bu ölümdən daha çox, ölümə səbəb olan hadisələrdən, sədrin bu kəndə tutduğu divandan təsirlənirdi. Özünü də qınayırdı, dostunu da. “Nə o özünü qoruya bildi, nə də mən dostumu”, – deyə içində əzab çəkirdi. Bu sədr təzə gələn vaxtlar cəbhə dostuna dediyi sözü xatirladı. “Əli, təmkinli ol, atalar “əsil huy, nəsil huy” demişlər.Ancaq Əli təmkinli olsa da, sözü üzə demək xasiyyətini tərgitmədi. Nahaq yerə oğluna da iş açdırdı, özünü də güdaza verdi.
Atasının danışdığı və kənddə çox adamın da bildiyi bir əhvalatı xatırladı: yaxın vaxtlara – son 20–25 ilə qədər adamlar qatıq mayasını “maya otu” adlanan bitkilərindən tuturdular. Yaz fəslində həmin otu yığır, bişmiş süd qazanına atırdılar, süd mayalanırdı. Bir nəfər neçə dəfə maya otu yığıb hazırlasa da, həmin maya ilə çalınan süd uyuşmur. Adam çar-naçar qalaraq molla yanına gedir və dərdini ona danışır. Mollanın məsləhəti belə olur ki, maya üçün lazım olan otları haram, yəni natəmiz yerdən yığsın. Adam molla deyən kimi də edir, it, at, eşşək tükü, nəcisi düşən yerlərdən maya otu yığıb gətirir. Həmin haram maya ilə çalınan süd tutur və keyfiyyətli qatıq alınır.
Dostunun faciəli ölümündən sonra veteran kitabxanaçı bu hadisəni tes tez xatırlayır və öz-özünə danışırdı: – axı sən də bilirdin, qardaşım, babasının mayası haramdan tutulan bu sədrlə sən kəllə-kəlləyə gələ bilməyəcəksən. Niyə özünü güdaza verdin, niyə?
Son vaxtlar Nağı kişi lap adama yovuşmaz olmuşdu. Səhər gəlir kitabxanaya, saat 5–6-ya qədər içəridə oturur, kitab oxuyurdu. Günortaya qədər kitabxanaya gedən-gələn olurdu, günortadan sonra təsadüfən oxucu gələr, kitab alar-verərdi. Veteran Nağı fasilə vaxtı yemək yeməyə getmir, gələn olmasa, yerindən qalxmırdı. Bu gün də fasilə vaxtı evə getmədi, kitabxananın qapısını örtdü, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nı yenidən oxumağa başladı. Xudayar bəyin zalımlığını təsvir edən səhnələri oxuduqca gözləri axır, hərfləri seçmir, ürəyində bir sıxıntı hiss edirdi...
Hər gün axşam saat 6-da gözətçi idarə binasının qapılarının bağlanıb-bağlanmadığını bir-bir yoxlayır, içəridə adam olub-olmadığını dəqiqləşdirir, heç kimin olmadığına əmin olduqdan sonra binanın giriş qapısını bağlayırdı. Bu gün də eyni işi görən gözətçi kitabxananın qapısını yoxlayanda qapının bağlanmadığını gördü, qapını açanda veteran kitabxanaçının oturduğu yerdə yatdığını zənn edib səsləndi:
– Nağı dayı, ay Nağı dayı!
Nağı dayıdan səs çıxmadığını gördü və yaxına gəldi. Nağı kişinin başı stolun üstündəki açıq kitabın üstünə düşmüşdü, ağzından axan selikli su povestin axırıncı vərəqini islatmışdı. Əsərdə Zeynəbin qızı Zibanın burnundan axan qanın təsvir edildiyi vərəqin çox hissəsini yüz il sonra Beşbulaqda Topal Nağının ölüm qabağı ağzından axan əcəl suyu islatmışdı.
Müharibə veteranı olan kitabxanaçı Nağının dəfn günün sabahı digər müharibə veteranı Əli Nurcahanoğlunun qirx mərasimi, sonrakı gün Nağı kişinin üç mərasimi keçirildi. İdarə işçilərinin günorta yeməyi dalbadal üç gün ərzində ehsan qazanlarından çəkildi.
* * *
Qış qoruğu deyilən sahənin qoruqçusunu baş mühasib çağırıb təlimatlandırdı:
– Qonşu kolxozun qoyun sürüsü axşamlar yaylım edəndə bizim örüşlərin baş tərəflərinə də keçə bilər. Sən onlara heç nə demə.
Qoruqçu təəccüblə soruşdu:
– Necə yəni heç nə deməyim? Bəs bizim kolxozun sürüsü payızlığı harada edəcək? Bəs camaatın qoyunu payız, qış aylarının gödək günlərində harada qarnını dolduracaq?
Baş mühasib əli ilə qoruqçuya “ağzını bağla” işarəsi verərək dedi:
– Yoldaş katibin göstərişidir. Kolxozun da, camaatın da qoyun-malının dərdi sənə qalmayıb. Mən sənə əlavə əməkgünü yazacağam, arvadının da yığdığı tütünü “vışı sort”la qəbul etmələrini tapşıracağam. Get, başını salla aşağı, külfətini saxla.
Qoruqçu bir andaca ata-anasını, yeddi uşağını, baş mühasib dediyi kimi külfətini göz önünə gətirdi. Anladı ki, baş mühasib sədrin sözünü ona deyir və əgər o razı olmasa, elə günü bu gün onu çıxarıb başqa birini qoruqçu qoyacaqlar. Belə olan halda gecələr öz inəyini qoruğa buraxıb otara bilməyəcək, ”Batğınlar”dan hər gün evə dönəndə atını yemləmək adı ilə iki-üç dərz miqdarında ot biçib xurcun formasında yəhərin üstünə aşıraraq evinə gətirə bilməyəcək. Qoruqçu başının işarəsi ilə vəziyyəti anladığını, deyilənlərə razı olduğunu bildirdi və idarədən sakitcə çıxdı. Ancaq qoruqçu bilməzdi ki, bundan sonra qış qoruğunun ən yararlı hissələrini qonşu kolxozun adamları həmişəlik öz əllərinə keçirəcəklər.
* * *
Növbəti il ot biçini başlayacaq ərəfədə kolxozun təsərrüfat briqadirinin işdən çıxarılması və yeni briqadir təyin edilməsi yayılan şayiələrin böyüməsinə səbəb oldu. Toyuq-cücə oğrusundan briqadir? Bu sualı kolxozçular bir-birinə də, öz-özünə də versələr də cavab məlum idi: olar yox, faktiki olubdur. Kimi deyirdi ki, sədr oğurluq çolpaları yemək üçün toyuq oğrusunu briqadir qoyub, kimi də arvadına görə ərinin briqadir qoyulduğunu deyirdi.
Kolxozun otu çoxdan biçilb qurtarmış, çox hissəsi maşınla daşınıb “Kahanın qabağı”na yığılmış, az hissəsi isə xotma şəklində biçənəklərdə qalmışdı. Sədr biçənəkdə qalan xotmaların daşınmasını günü-gündən təxirə salırdı. Kolxozun otu daşınıb qurtarmadığı üçün kolxozçuların onlara ayrılmış sahələri biçməyə icazələri yox idi. Onsuz da biçənəklərin ən rahat, otu bol olan yerlərini kolxoza biçirdilər. Bundan sonra yenə “ən yağlı” yerlərdən sədr, baş mühasib və sovet sədri üçün də kolxozçular ot biçir, sərgini çevirib qurudur, maşına yığıb rəhbərlərin qapısında taya qururdular. Bu il də işlər əvvəlki illər kimi gedirdi.Axıra yaxın nədənsə iş dayandı, kolxozun ot xotmaları sahələrdən götürülmədiyi üçün kolxozçular da öz heyvanları üçün ot biçə bilmirdilər. Camaat çarəsiz vəziyyətdə idi. Onların sözünü kolxoz və rayon rəhbərliyinə deyəcək şəxs qalmamışdı. Təsərrüfat briqadirinə deyilən sözlər dibsiz quyuya atılan daşlar kimi gedir, ancaq geri qayıtmırdı. Nəhayət, 3–4 adam sədr olmayan vaxt baş mühasibin yanına getdilər, məktəb açılmağa az vaxt qaldığını, camaata veriləcək ot sahəsinin biçilmə vaxtının ötdüyünü dedilər.Xahiş etdilər ki, sədr icazə versin, camaata düşən biçənək sahələrinin biçilməsinə başlasınlar. Baş mühasib rayonda biçənək sahələrinin yoxlanışı getdiyini, bir həftəyə uyğun razılıq veriləcəyini bildirdi. Bir həftə də keçdi, iki həftə də. Camaatın canını qara qayğılar aldı. Onların hər biri 2–3 inəyini, 10–15 qoyununu biçib topladığı otla saxlayırdı. Sentyabr ayı gəldi, müəllimlər də, məktəb yaşlı uşaqlar da dərsə getdilər. Kolxozun otu sentyabrın 10-da daşınıb qurtardı, iki gün sonra kolxozçular manqalar şəklində yığışıb püşk atdılar, üçüncü gün biçinə başladılar.
Hamı tələsirdi. Onsuz da biçənəyin gül-çiçək vaxtı keçmiş, quru otlar, cəngəllər qalmışdı. Gecələr şeh düşür, biçilən otun quruması uzun çəkirdi. Nə etmək olardı təzədən? Olan olmuşdu. Qalan ot hər nədirsə, tez biçib qurtarmaq lazımdır. Hər kəs var qüvvəsi ilə, dəli bir ümidlə işləyirdi. Sahələrin böyük hissəsi biçilib sərgiyə vurulmuşdu, ancaq hələ qurumadığından dərz bağlamaq və ya maşınla yığıb aparmaq mümkün deyildi. Bəzi ailələrdə qadınlar və uşaqlar otun tez quruması üçün sərgini çevirirdilər.
Dumanla, çənlə başlayan xırdalı yağış gün ərzində 3–4 saat yağır, 1–2 saat ara verdikdən sonra yenidən başlayırdı.Bir neçə saat və gün istisna olmaqla sentyabr ayı beləcə keçdi. Heç kim ot yığa bilmədi. Kənd adamlarından kimlərsə öz heyvanını saxlamaq üçün yaylaqlardan tanıdıqları elat dostları ilə arandakı qışlaqlara köçüb getdilər, kimlərsə də rayon mərkəzində gedib tikintidə fəhlə, gözətçi, usta kimi işləməyə başladılar.Bunları da bacarmayanlar “ağız yavanlığı” olan inəyini dəyər-dəyməzə satmağa məcbur oldular.
Qar zirvələrdən kəndə enəndə artıq kənddəki adamların da, bacasından tüstüsü çıxan evlərin də sayı azalmışdı.Əlli ilə addım-addım böyüyən, abadlaşan kənd son beş ildə kiçilməyə, yoxsullaşmağa, dağılmağa gedirdi. Bu payızın son ayı sanki təbiətlə yanaşı kəndə də qış yuxusu gətirmişdi. Kəndin arasında gözə dəyən, görünən kənd məktəbinin müəllimləri, məktəbli uşaqlar və kolxoz işçiləri idilər.
* * *
Rayon Partiya Komitəsinin Birinci Katibi üç nəfər kadrın şəxsi iş qovluğu ilə Mərkəzi Komitənin bu rayona baxan inspektorunun otağında əyləşmişdi. Katib bir-bir qovluğu inspektora verir, eyni zamanda qovluq sahiblərinin tərcümeyi-halını dillə də söyləyirdi. Bu üç nəfərin içində Beşbulaq kolxozunun sədrinin də şəxsi iş qovluğunu görən inspektor təəccüblə katibin üzünə baxaraq dedi:
– Bu kimdir ki, bura gətirib çıxarmısan? Sizin rayonda ən çox şikayət olunan, göstəriciləri ən aşağı olan kolxoz sədri budur. Belə bir adamı Rayon İcraiyyə Komitəsinə sədr qoydurmaq istəyirsən?
Birinci katib udqunaraq “bəli, yoldaş... “, – dedi. Axşam sizə demişdim onun kim olduğunu. Qaynatası Xalq Nəzarəti Komitəsinin sədri idi. İndi onu qonşu rayona ikinci katib təyin ediblər.
İnspektorun qovluğu kənara qoyduğunu görən Birinci katib tələsik davam etdi:
– Açığını bilmək istəsıniz, mən ancaq onunla işləmək istəyirəm.
– Nüyə, nə səbəbə? Hörmətə də qalsa, hamı edir, minnətə də, – deyə inspektor dilləndi. Bu iki qovluğun sahiblərinin elə bu binanın özündə də adamları var. Onlara necə yox deyək? Nə adla deyək?
Birinci katib bir az da müti görkəm alıb dedi:
– Bu adam ildırım ötürəndi. O, özünə də, rayon rəhbərliyinə də doğru yönələn bütün qəzəbi, nifrəti özündən aşağı vəzifədə işləyən işçilərə yönəltməyi bacarır. Bir kəndi mümkün olduğundan qat-qat artıq işlətdi, üzdə olan adamları bir-birinin üzünə qoydu, dillənənin dilini kəsdi, baş əyməyənləri diz üstə çökdürdü, kənddən qaçan qaçdı, qaçmayan ağ bayraq qaldırdı. Bütün bunlara baxmayaraq camaat onu “yaxşı sədr” deyə çağırır. O cür qanunpərəst kimi görünən kənddən rayon rəhbərliyi haqqında bir şikayət gəlməyib, başları bir-birinə qarışıb. Özləri özləri ilə vuruşmaqdadır. Belə kadr mənə rayon mərkəzində lazımdır.
İnspektor gülümsədi, “bu başqa məsələ, aparata belə kadrlar, həqiqətən, lazımdır”, – dedi, sədrin qovluğunu aldı, üstünə qeydini yazdı, Birinci katib gedəndən sonra qovluğu kadrlar şöbəsinə təqdim etdi.
* * *
İki sədr – kəndin iki rəhbəri üz-üzə oturmuşdular. Kolxoz sədri ayağa durdu, bir dəstə topa açarın içindən ən irisini əlində nizamladı, dəmir seyfi açdı, oradan ştamplı, möhürlü iki vərəqdən ibarət bir sənədi sovet sədrinə göstərib dedi:
– “Ələm ağacı” adlanan sahədə iyirmi adama ev tikmək üçün həyətyanı torpaq yerinin verilməsi haqqında İspalkomun qərarını almışam, haqq-hesablarını da çəkmişəm. Oranı məhlə yeri verməklə həm bu imam təziyəsi keçirənlərin məkanını dağıdacağıq, həm də “Uzaq binə”dəki on beş ailəni bu kəndə köçürəcəyik.
Sovet sədrinin təəccüblü baxışlarını görən kolxoz sədri əlavə etdi:
– Narahat olma, bu kənddən beş gənc ailəyə də yer verəcəyik. Həmin o beş ailə qalan doxsan beş ailənin cavabını verəcək. Kimsə cınqırını da çəkə bilməyəcək. Qərarın icrasına Novruz bayramından üç gün əvvəl, İlaxırı çərşənbədə başlayacağıq.
* * *
Payız fəsli son günlərini yaşayırdı. Axşamdan yağan qarı səhərə yaxın əsən külək yamaclardan sovurub dərələrə doldurmuşdu. Kəndin içindəki ana yolların qarı insan və heyvan ayaqlarının altında əzildiyindən bir az ərimiş, bir az da sarı, boz-bulanıq rəng almışdı. Günortadan sonra keçirilən iclasa çox az adam gəlmişdi.
Raykomun nümayəndəsi kolxozun rəhbərliyində olan dəyişiklik haqqında qısa məlumat verdi, kolxozun sədri vəzifəsindən azad edilərək Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunan şəxsə uğurlar arzuladı. Kolxoz sədri vəzifəsinə kənd sovetinin sədrinin seçilməsini məqsədəuyğun hesab etdiyini dedi. Heç kim dillənmədi, heç kim etiraz etmədi. Adamların sevinci də, kədəri də qırılıb içlərində qalmışdı.Adamlar keyləşmişdilər, biganələşmişdilər.
İclas qurtardı, hamı eşiyə çıxdı. Narın qar dənələri ağ qırmalar kimi adamların üz-gözünə dəyirdi. Keçmiş sədr də, yeni sədr də tez – tələsik Raykomun işçisini gətirən maşına minib rayon mərkəzinə yola düşdülər. Maşın “Yolaşan”a çatanda sürüşdü, yoldan azca kənara çıxdı. Sürücüdən başqa kişilərin üçü də maşından düşdü, “UAZ”-ın yoldan çıxan arxa tərəfindən itələdilər. Sürücü maşına qaz verdi, maşın sonuncu qarlı yoxuşu aşıb rahat, düz yerdə dayandı.
Rəhbər heyətin üçünün də yönü Beşbulağa tərəf döndü. Kəndin buradan çox aydın panaroması açılırdı. Küləyin qarı sovurduğu yallar, yamaclar köhnə palaz astarına bənzəyirdi və bu boz-bulanıq palaz astarı sanki heç vaxt göyərməyəcəkdi. Dərələr ölü kəfəni kimi ağ görünürdü. “Şişin boynu” başsız bədənə, ondan aşağıdakı qaya dişləri tökülmüş kəllə sümüyünə bənzəyirdi. Kənd məzar yerini, “Bərəyə” məzardan qazılmış torpaq təpəsini xatırladırdı. “Bərəyə”ni də kəndin üstünə töksən, həyat əbədi məhv olacaq, Beşbulaq adı adlara qoyulacaqdı...
Kəndin panaromasından alınan bu təəssürat hər üç dövlət qulluqçusunu üşəndirdi və hər üçü tələsik “UAZ”-a minərək gözdən itdilər.
(28.05.2026)
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)


