Biri ikisində - Sabir Etibarlının “Gəlmə” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Sabir Etibarlının “Gəlmə” hekayəsi təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

NƏSR

SABİR ETİBARLI

GƏLMƏ

 

Qəbiləyə şimaldan yad bir adam gəlmişdi. Əlbəttə ki, onu qəbiləyə qəbul etmədilər. Tək səbəb o deyildi ki, yad adam gəlmə idi. Yox, bir səbəb də o idi ki, ondan qorxurdular. Qəbilə üzvlərindən daha ağ, hündür və əzələli idi. Üz-gözündə, bədənində döymələr gözə dəyirdi. Baxışları dəhşətli, üzü heybətli idi. Uzun saç-saqqalı hörülmüşdü. Vəhşi heyvan dişlərindən düzəltdiyi boyunbağısı onun mahir ovçu olduğundan xəbər verirdi. Görünüşündən, tez-tez anlaşılmayan dildə dualar oxumasından, dırnaqlarının uzunluğundan, qulağından asdığı qəribə sümüklərdən, sümük bıçağının üstündəki oymalardan onun sehrbaz olduğunu təxmin etmək olardı. Tez-tez qəbilənin mağarasının ətrafında dolaşır, arabir yaxına da gəlirdi. Amma nə istədiyini, nə dediyini başa düşmək olmurdu. Buranın dilini bilmədiyi aydın idi. Ulu Ana da onunla danışmağa çalışmış, amma bacarmamışdı. Deyəsən, hətta Ulu Ana da ondan qorxmuşdu. Qəbiləyə bədbəxtlik gətirəcəyindən, kimisə öldürəcəyindən, ya da kiminsə qadınını götürüb qaçmasından ehtiyat edirdi. Hamıya bərk-bərk tapşırmışdı ki, onunla heç kimin işi olmasın. Hələ bir dəfə ona ət də göndərmişdi, amma yad adam oda yaxın gəlmək istəyəndə icazə vermədi. Bu o demək idi ki, sənə pislik etmək istəmirik, amma aramıza da almaq istəmirik.

Bir gün ovda olanda qəbilənin bir üzvünü –­ Ulu Ananın nəvəsini ilan çaldı. Hamı səs-küylə ilan sancan adamın başına yığışdı. Ölüm yaxınlaşırdı. Qəbilə adamları tükürpədici səslə ulaşırdılar. Qardaşlarını itirmək üzrə idilər. Bu dəmdə ağ adam gəlib çıxdı. Birinci onu yaxın buraxmamağa çalışdılar, amma ağ adamdan qorxub geri çəkildilər. Ağ adam xəstənin ağzına nə isə soxuşdurdu, yaranın üstünə otlar qoyub əli ilə sıxdı və dualar oxumağa başladı. Ovçular ağ adamı tutub uzaqlaşdırmaq istəyəndə o, üz-gözünü elə turşudub elə bir formaya saldı ki, sanki insan cildindən çıxdı. Elə bağırdı ki, adamlara elə gəldi ki, bütün cəngəlliyə səs saldı. Hətta yaxınlıqdakı quşlar da qorxub uçuşdular. Yenə geri çəkildilər. Ağ adam işini bitirib asta-asta aralandı. Qəbilədaşlar qardaşlarının özündə olmadığını, amma hələ nəfəs aldığını görüb sevindilər. Ovu yarımçıq qoyub mağaraya qayıtdılar.

Axşam Ulu Ananın nəvəsi – Tağ qan-tər içində sayıqlayırdı. Ulu Ana mahnılar, dualar oxuyur, üzünü ulduzlara tutub şəfa diləyirdi. Bu anda bir az aralıda qışqırıq səsi eşidildi. Ağ adam gəlmişdi. Yolunu kəsdilər, heç bir halda nə oda, nə atəşin yanında uzanmış xəstəyə, nə də Ulu Anaya yaxınlaşa bilərdi. Ulu Ana onu – yad adamı səslədi, buraxdılar. Asta-asta xəstəyə yaxınlaşdı, yarasına nə isə qoyub sıxdı, dualar oxudu və sakitcə çıxıb getdi. Ulu Ana onda başa düşdü ki, bu ağ adamın bildiklərini bilmir.

Tağ günlər sonra sağaldı. Bundan sonra ağ adamı qəbiləyə qəbul etdilər. Özünə Utaik deyirdi. Amma başqa heç bir sözünü başa düşmək olmurdu. Asta-asta dili öyrəndi. Əvəzində isə çox şey verdi. Gələn gündən qəbilənin müəllimi oldu. Öldürmədən ovlamağı, tələ qurmağı, toxum əkib becərməyi, əkinlər üçün su yolları düzəltməyi, daşı daş üstə qoyub tikməyi öyrətdi. Sonralar ulduzlarla yolu tapmağı, hansı ağacdan hansı üsulla qayıq düzəldib üzdürməyi izah etdi. Hələ sadə şeylərin adlarını yazmağı da başa saldı. Artıq qəbilə həmin qəbilə deyildi.

İllər keçirdi, Ulu Ana çoxdan ölmüş, yerini Utaikə vermişdi. Ulu Ana getmiş, yerinə Ulu Ata gəlmişdi. Tağ isə onun yanında müdrik məsləhətçi idi. Artıq qəbilənin başçısı olan Utaikin öz qəbiləsinə olan mərhəməti və başqa qəbilələrə qarşı qəzəbi, qəddarlığı dastana çevrilirdi. Haqqında nağıllar, əfsanələr gəzirdi. Başqalarının qorxması heç yersiz də deyildi. Utaikin gücü, əzmi və biliyinin qarşısında duruş gətirmək mümkün deyildi. Utaikin qərarı qəti idi, bütün qonşu qəbilələrə hücum edildi, hamısı əsir alındı. Qəbilələr indiyə qədər görmədikləri bir şey ilə – metallardan düzəldilmiş silahlar qarşısından aciz idilər. Heç nə Utaik və qəbiləsi qabağında dayana bilmədi.

Utaik qaydalar gətirmişdi. Gəldiyi qəbiləyə öz adını verdi. Utaik qəbiləsinin qanını müqəddəs elan etdi. Bir-birlərini öldürmələrini və bir-birindən oğurluq etmələrini qadağan etdi. Qullar isə əsla insan sayılmadı. Onlar ilə cinsi əlaqədə olmaq şiddətlə cəzalandırıldı. Çünki onlar heyvandan daha aşağı idilər. Bununla belə, Utaik qulların çoxluğundan ehtiyat edirdi. Daha sonra yeni qaydalar gətirdi – qulların bir qismi durmadan alçaldılmalı, döyülməli, bir qisminə isə yaxşı davranılmalı idi. Beləcə qullar arasında bir-birinə qarşı nifrət yaranmalı idi.

İllər ötür, Utaik ömrünün sonuna yaxınlaşırdı. Ölümün nəfəsini hiss etsə də, etdiklərindən, bacardıqlarından ürəyi fərəhlə dolurdu. Öz missiyasını layiqincə yerinə yetirmişdi. İndi utaiklər yerin-göyün hakimləri idi. Cəngəlliyin ortasında nəhəng bir məbəd yüksəlirdi. Utaik qəbiləsinin durmadan işləyən qulları, geniş əkin sahələri, mal-qaraları, bəzədilmiş saxsı qabları, dəyərli zinət əşyaları, dənizdən çıxardıqları mirvariləri və çoxlu silahları var idi. Amma Utaikin ölümündən sonra onun yerinə tutacaq bir başçıları yox idi. Utaik bu zamanədək heç bir qadını qəbul etməmişdi. Hələ başlanğıcda – Ulu Ana onu qəbiləyə qəbul edib yanına qadın göndərəndə də o qadını qorxudub qovmuşdu.

Ölüm ayağında qəbilənin böyüklərinə Utaikə söz verdilər ki, bir zaman utaiklərə Utaikin öz qanından biri gələcək. O da eynilə Utaik kimi olacaq –  hündür, güclü ağ və bilikli. O gələndə tənəzzüldə olan Utaik qəbiləsinə yenidən yol göstərəcək, daha böyük nemətlər verəcək və daha çox şey öyrədəcək. Qəbilənin böyükləri o adama tabe olacaqlarına dair söz verdilər. Utaik ölərkən son nəfəsində qulların bir qisminə amansız, bir qisminə yaxşı davranmalarını, özlərini isə qardaş və müqəddəs bilmələrini əmr edib öldü. Yerinə Ulu Ananın nəvəsi Tuğ gəldi...

10-12 nəsil keçdi. Utaik qəbiləsi daha da böyümüş, daha da varlanmışdı. Amma artıq Tağın nəslində heç kəs qalmamışdı – hamısı elə Utaiklər tərəfindən öldürülmüşdü. İndi qəbiləyə bir neçə adam başçılıq edirdi. Hamısı da bir-birini öldürüb hakimiyyəti tam əldə etməyə can atır, uyğun fürsət gəzirdilər. Bununla belə, Utaiki özlərinə hələ də xilaskar, müqəddəs ata hesab edirdilər. Ancaq bir neçə məsələni ayırd edə bilmirdilər. Bəziləri Utaikin ədalətli hökmdar olduğunu, qullar arasında fərq qoymadığını düşünürdü. Onların fikrincə, bütün qullar heyvandır və heç biri yaxşı rəftara layiq deyil. Bir qismi isə gələcək yeni xilaskarı inkar edir, Utaikin belə bir şey vəsiyyət etmədiyini söyləyirdilər. Başqa bir qrup isə Utaikin gəlmə olub-olmadığından əmin ola bilmirdi. Daha başqa qrupların müxtəlif məsələlər barəsində çəkişdiyi bir zamanda Utaikə bənzəyən, müjdələnən xilaskar gəldi – İkinci Utaik. Utaiklər isə onu izləmək və izləməmək arasında qərarsız qaldı. Bir qismi ona həyatlarını verəcək qədər inanıb bağlanmışkən, digərləri onu yalançı hesab etdi. Görünən o idi ki, verilən sözlər unudulmuş, nəyin nə olduğu bir-birinə qarışmışdı. Qanlı döyüşlər – Utaikləri öz aralarında olacaq dəhşətli qətliam qaçınılmaz görünürdü.

Utaiklərin bir-birini qırdığı qanlı döyüşlər zamanı qulların üsyanı müqəddəs qəbilənin sonunu gətirdi. İndi isə, demək olar ki, onları heç kəs xatırlamır, onlardan yer üzündə əsər-əlamət qalmayıb. Məni isə bir sual yatmağa qoymur. O gələn ikinci Utaik döyüşlərdə öldü, yoxsa qaçıb canını qurtardı?

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.