İBRAHİMXƏLİL TAMIYEV,
“BU KƏNDİN ADINI DƏYİŞDİRDİLƏR...”
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasından təqdim edəcəyimiz növbəti məktub bizə Gürcüstandan gəlibdir. İbrahimxəlil Tamıyev öz şeirlərini göndəribdir. Klassik ədəbiyyatımızın gözəlliyi ilə çağdaş modern poeziyanın müdrikliyinin miksindən ibarət bu şeirləri bəyənəcəyinizə əminliyimiz böyükdür.
Ulu Borçalı elinə salamlar göndərir və şeirləri diqqətinizə çatdırırıq.
DİLBƏR DODAQLARI HAQQINDA DASTAN
İstanbulda –
canım İstanbulda
“Titanik”dən tanıdığım Keyt Vinsletin
22 yaşındakı puçurlu-cazibəli görünüşünə
çox bənzəyən bir xanımdan
hələ adını tanımadığım
bir şirniyyat növünün
adını
və qiymətini soruşdum.
və adını tanımadığımdan
əlimlə göstərdim
Osmanlı mətbəxinə aid
türü-növü
şərbətli-dadlı olan
şirniyyatı.
– Bəy əfəndi, – dedi, –
“Titanik”dən tanıdığım Keyt Vinsletin
22 yaşındakı puçurlu-cazibəli görünüşünə
çox bənzəyən bu xanım,
dodaqlarını ballı çaya toxundururmuş kimi –
bəy əfəndi, bu “dilbər dodağı”dır;
paxlava xəmirindən yoğrulan, -dedi.
Və incə əlləri ilə
bir ayrı şirniyyatı da göstərdi:
– Bu isə “xanım göbəyi” adlanır.
Və utana-utana gələn alıcıya döndü ədəblə;
“Titanik”dən tanıdığın Keyt Vinsletin
22 yaşındakı cazibəli-puçurlu görünüşünə
çox bənzəyən bu xanım...
...sonra çıxırsan Şirniyyat Evinin
hələ hər hüzndən uzaq həyətindəki kiçik bağa;
və görürsən Tanrı
iki ən şehli tumurcuğu
ən yaşıl budağa verib.
Sonra görürsən şair qəlbində
həmqafiyə adı altında
misralar dodaq-dodağa verib...
İBRAHİMXƏLİL XANIN ŞEŞPƏRİ
Üstü nəbati naxışlı,
qızıl ilməli şeşpərim!
Bir Qarabağ amanatı,
Dövlət simvolu şeşpərim!
Gürzüm, əmudum, toppuzum,
yağı gözünü qıranım!
Qoruğumu yamanlardan
yaxşı-yaxşı qoruyanım!
Qalxsın Xan qızı Natəvan,
yerisin Araza sarı.
Çiçəklədik qar içindən,
yollarımız – yaza sarı!
Çıxıb Tarix muzeyindən
məcbur hərbə qoşulanım!
Heç dostlar da gözləmirdi –
təzdən doğum, yaşıllanım!
Orda salxım söyüdlər də
daha sevincdən ağlayar.
Səni tutan əllərimdə
göyərçinlər balalayar!
...Üstü nəbati naxışlı,
qızıl ilməli şeşpərim!
Bir Qarabağ amanatı,
Dövlət simvolu şeşpərim!
BORÇALI QARABAĞNAMƏSİ
Nə bir poçt qutusu, nə bir poçtalyon,
bilir könüllərin lilparı səni.
Sən elə naməsən – eşq muncuq-muncuq;
elə badi-səba aparır səni!
Namələr naməsi Qarabağnamə! –
budur, ovsun tutur yüz bir həyəcan!..
Səni birinci kəz Araz oxuyub? –
canın “Azərbaycan” sözündəki can!..
Namələr naməsi Qarabağnamə! –
daha şər vaxtına şeirin qalmamış!
Hətta ilk məhəbbət məktubu belə,
vallahi, bu qədər şirin olmamış!..
***
Nizami Paşa Saraclıya
Bu kəndin adını dəyişdirdilər...
...bu kəndin adında “sarac” varıydı,
bu kəndin adında “turac” varıydı...
...bir qulac saçıydı – Bağdaddan gələn.
Saraclı Söyünün qəlyanı kimi:
dumanla, çiskinlə əzabın qoşa.
Şüşələr üstündə... Şuşadan uzaq
dağlara nə yazaq, Nizami Paşa?..
Nə yazaq Gəncəli Nizamiyə biz? –
yazaqmı dəsti-xətt dərdimiz nədi?
Ustadlar: adını unutma! – deyib...
...unutma, unutma – adımız nədi!
Bu kəndin adında “sarac” varıydı,
bu kəndin adında “turac” varıydı...
SƏNƏ BAXMAQ
Sənə kitabdan baxıram...
...bax – qara daxmalı yerlər.
Bağlayıblar hər tərəfi;
bağlanıb baxmalı yerlər.
Sənə kitabdan baxıram,
ayan olsun duyanlara.
Dünya ki bir Kitab idi –
katiblərdən o yanlara!
Baxıram şam işığında,
dərdlər günə sərilməmiş.
“Kitabları – tonqallara!”
əmri hələ verilməmiş...
Bağlanıb baxmalı yerlər,
baxımlı ağlama, nolar.
Sənə kitabdan baxıram,
kitabı bağlama, nolar!
Rüzgarların çatdırdığı
nədi sürgündən, yatabdan?
Sənə kitabdan baxıran –
sizdə qadağan kitabdan.
Bütün ötən əsrlərtək
bizim əsr də ötüşər.
Hər dəfə də mənə – səndən,
sənə – kitabdan od düşər...
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


