Öz yolu olan özəl şairin doğum gününə Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nə olar,
       qoy baxım ayrı baxımdan -
daş dələn nəzərlər daşıma batmır.
Allah,
       ağzımı əy, keç günahımdan;
       o dünya söhbəti başıma batmır.

 

O dünya söhbəti başıma batmır -
bəlkə, mətləb iri, başım xırdadı?
Mənim axirətə qüdrətim çatmır;
Kotanım ilişir...
                 şum axırdadı!

 

Hanı süd arxı ki, deyim:
                               -Buyur iç...
hürküt taleyini,
                   tut arığından,    
cəhənnəm alovu püskürdümü heç
məzar uçuğundan,
                  gor yarığından?

 

Cəhənnəm peçinə yarmaça basan
şeytanı, qulu da görən olmayıb.
Hanı əhlət daşı, hanı qır qazan? -
Körpü heç, qılı da görən olmayıb.

Möminlər qaçdımı pisin yanından
behiştdə əl-ayaq yuyan çıxdımı?
Çürümüş sür-sümük, cism yanından
heç denən bircə yol tiyan çıxdımı?

 

 

Qoca can
         can atmaz boş əmək üçün, 
Suyun ortasına od əkim,
                               olmaz!     
Əsl həqiqəti tərpətmək üçün
məzar açmalıyam, oda ki, olmaz!

 

Yaşasın Peyğəmbər, sağ olsun molla -
insan oğlu, qardaş,
                       öl oğlu öldü.
İki məntəqə var, biz gedən yolda -
cənnət - içimizdi,
            cəhənnəm - çöldü!

 

Bu düşündürücü, hikmətli şeirin müəllifi Vaqig Bəhmənlidir, bu gün sevilən şairin, özünəməxsus yolu olan şairin doğum günüdür.

Vaqif Bəhmənli 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.

Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri, “Kommunist” qəzetində şöbə müdiri, “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor, "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor, “Yazıçı” nəşriyyatında redaktor, Gənclər və İdman Nazirliyində şöbə rəisi, “Ədalət” qəzetində baş redaktorunun birinci müavini, “XXI-gənclik dərgisi”ndə redaktor, “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru, “Mars” dərgisində baş redaktorun müavini vəzifələrində çalışıb.

Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, Beynəlxal Bakı Kitab Sərgi-yarmarkalarının yaradılması və keçirilməsində, "Gənc ədiblər" məktəbinin təşkili və yeni ədəbi qüvvələrin üzə çıxarılmasında, "Qızıl kəlmə" ədəbiyyat mükafatının təsis edilməsində böyük əməyi olub.

Şeir və məqalələrdən ibarət 50-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. İlk məqalə və şeirləri 1970-ci ildə Füzuli rayonunda çıxan "Araz" qəzetində işıq üzü görüb. Mərkəzi mətbuatda dərc olunan ilk şeiri "Tumurcuq" adlanır.

1970-ci illərin ortalarından başlayaraq şairin tele və radio ssenariləri əsasında hazırlanan verilişlər Azərbaycan tele-radio kanalında nümayiş etdirilib və səsləndirilib. Azərbaycan taleviziyasında "Gənclik təqdim edir" verilişinin aparıcısı olub.

SSRİ-nin və Azərbaycanın həm ictimai- siyasi, həm də ədəbiyyat qəzet və dərgilərində ("Ədəbiyyat və incəsənət", sonralar "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbeycan", "Göyərçin", "Günəş", "Moskva" (Rusiya), "Kardeş kalemler"(Türkiyə) və s. ardıcıl olaraq çıxış etmişdir. Əsərləri "Azərbaycan", "Yaşıl budaqlar", "Poeziya günü", "Sabir poeziya günü", "Külək qarı səpələr", "Şeir vaxtı", "Azərbaycan ədəbiyyatı antologiyası", Azerbaydjanskaya poeziya"... almanaxlarına daxil edilib.

Vaqif Bəhmənli obrazlı düşüncə şairidir. Türk bədii düşüncəsinin ənənələrinə arxalanmaq, insanın hiss və duyğularını canlandırmaq üçün yeni poetik məqsədlərə sənətkarlıqla cəhd etmək, özünəxas bədii deyim tərzi, güclü kalorit onun yazdıqlarını başqalarından fərqləndirir. Şairin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılmış, güclü ədəbiyyatşünasların qələmə aldıqları məqalələr mətbuatda çap edilib.

Əsərləri haqqında Bəxtiyar Vahabzadə, Tofiq Mahmud, Məstan Günər, Cahangir Məmmədli,Nəriman Həsənzadə, Musa Yaqub, Elçin Əfəndiyev, İntiqam Qasımzadə, Vaqif Yusifli, Yaqub Öməroğlu, Ülkü Taşlıova, Nizaməddin Şəmsizadə,Seyran Səxavət, Bədirxan Əhmədli, Nizami Cəfərov, Rahid Ulusel, Tehran Əlişanoğlu, Zakir Fəxri, Qulu Məhərrəmli və digər görkəmli ədib və tənqidçilər məqalələr yazıb, rəy söyləyiblər

Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür. Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Macarıstan, Latviya, Estoniya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Udmurtiya (RF), Abxaziya və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.

“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı — ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxıb.

Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.100-dən çox kitabın redaktoru və tərtibçisidir.

 

Kitabları

- "Bahar-payız arası"

- "Dünya ayaq üstədir"

- "Bar ver ümid ağacım"

- "Yolum üstə bitən gül"

- "Ömürdən uzun gecə"

- "Volqa İdel boyunca" — ruscadan tərcümə

(Tatar yazıçılarının povestləri) — 1989

- "Qırxıncı otaq"

- "Novruz naxışları"

- "Parisdə Rus hamamı" I Pyotr haqqında hekayələr

-  "Dörd divar"

- "Uzaqda bir işıq"

- "Sevgimə axşam düşür"

Yuri Qaqarin haqqında — ruscadan tərcümə — roman — 2010

- "Vətənin İlhamı" ömürdən reportaj

- "Hamı"

- "Maqomayev planeti" Azərbaycan, ingilis, rus dillərində

- "İlin beşinci fəsli - Kamran" — roman

- "İşartı"

- Azərbaycan memarlığı. R. Əfəndiyeva — rus dilindən tərcümə.

 

Poemaları:

 "Çənlibelli Qoç Koroğlu" "Ağ bulaq" Çiyinlər" "Qırxıncı otaq" "Araz səsi" "Çkilməmiş şəkillər" "Diaqnoz" "Yaz naxışları" "Qarabağ qıfılbəndi" "ƏL" "Ana yuxu", "Azəərbaycan tarixi kitabı" və s.

 

Şairi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.