“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında sizləri Esmira Abdullayevanın şeirləri ilə başbaşa buraxırıq.
RƏSSAM
Rəssamı sənsən,
Üzümdəki naxışın.
Bir fırçanın sehridir,
Gözlərimdə baxışın.
Sonsuz rəngin içində,
Eşqin gizli izləri.
Sus! Nə olar, danışma.
Gəl, sirr saxla sözləri.
Bir rəsm çək, əzizim,
Min sayrışan ulduzlar.
Sənə olan sevgimdən,
Əriyər bütün buzlar.
Bu dünyanın rəngini,
Nə yer, nə göy, nə də ay,
Səndən başqa heç kimsə,
Verə bilməz, mənə pay.
ZƏRDAB
Qəhərim ilan olub,
Sarılıb vicdanıma.
Boynu bükük gümanlar,
Hopub mənim canıma.
Ürək asılı qalıb,
Yalançı, lal dilimdən.
Döyünməyə utanır,
Öz doğmaca evindən.
Bəzən gerçəyi bilib,
Lal edirsən özünü.
Bəzənsə kor olaraq,
Çeynəyirsən gözünü.
Nə edim kor eynəyi?
Daş yoxdur sındırmağa.
Məcburam səhnə olub,
Bu filmi oynamağa.
Ruhum tel tək incəlib
Xəyanətkar canımda.
Hansı zərdab təmizlər,
Nankorluğu qanımdan?!
DÜNYA BELƏ İMİŞ
Bir bəxtsiz quş kimi ağaca qondu,
Yaralı qanadı əsdi yenə də.
Üzündə gülüşü gizlətdi hər gün,
Qəlbi dərd içində susdu yenə də.
Gecələr yorğunluq çökəndə ona,
Divarlar eşidər qəlbin səsini.
Gündüzlər xoşbəxt tək görünən insan,
Tək qalanda yaşar öz kədərini.
Bir isti kəlməyə həsrət qaldığı,
Günləri gizlətdi saxta gülüşdə.
Heç kim duymadı ki, o sakit adam,
Hər gecə səssizcə sönər içində.
Üzündə təbəssüm, gözündə kədər,
Hamı onu gülən insan sanardı.
Bir qəlbin içində qopan fırtına,
Səssiz baxışında gizli qalardı.
Bir gün yorulanda bu ağır yükdən,
Yenə də dinməyib susacaq bəlkə.
Çünki bəzi insanlar ağlamağı da,
Öyrənə bilmirlər özgə önündə.
Dünya belə imiş, öyrəndi sonra,
Gülən hər üzün qəlbi gülməzmiş.
Bəzən şən görünən insanın belə,
İçində bir ömür qəm gizlənərmiş.
“Ədəbiyyat və incəsənət”
(21.05.2026)


