İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.Elə ondan başlayaq ki, dünən AzərbaycanRespublikasınınPrezidenti İlham ƏliyevAzərbaycanədəbiyyatınıninkişafındaböyükxidmətlərinə görə Sabir Rüstəmxanlını "Şərəf" ordeniilə təltifedib.
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib 1974–1975-ci illərdə ordu sıralarında xidmət edib. Bu sırada elmi işlə də məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
S. Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib. Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri olub.
1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib.
Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülüb, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırıb. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.
"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir.
Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edib, iki il onun baş redaktoru olub. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilib, Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olub.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. 1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa verib. 1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir.
2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülüb. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilib.
Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olub. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilib.
Filmoqrafiya
- 1990-cı ilin adamı (film, 1977)
- Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Babadağ (film, 2006)
- Cavad xan (film, 2009)
- Cavad xan. Filmin filmi (film, 2007)
- Daş (film, 1977)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Meşəyə insan gəlir (film, 1980)
Mükafatları
Sabir Rüstəmxanlı "Ömür kitabı" (1988) əsərinə görə 11 yanvar 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının M. F. Axundov adına ədəbi mükafatına layiq görülüb.
20 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə də təltif edilib.
Bütün bunlar rəsmi olanlar. Qeyri-rəsmisi isə odur ki, onu bütün xalq sevir. Ədəbiyyatımızın ötən əsrin sonlarında formalaşmış klassikasının çox az sıra nəfəri qalıb ki, onlardan biridir.
100 illiyini görək, dəyərli Sabir müəllim.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


