“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Günay Mirinin hekayəsi təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
GUNAY MİRİ
“GÖY PENCƏK”
Havalar qəflətən soyudu; göy üzünü qara buludlar aldı, acı külək əsdi.
Məktəb çantamı yığıb pəncərədən həyətə boylandım. Üşüyürdüm. Ayağımın birini götürüb, o birini qoyurdum. Bu soyuqda məktəbə necə gedəcəyimi düşünürdüm. Hirsimdən qəhər məni boğurdu.
Anam ayağına kündə bağlanmış məhbus kimi ağır addımlarla həyətdən evə tərəf gəlirdi. Əlində nəsə bir bükülü var idi. Qapı cırıldadı. Anam otağa girib qapını bağladı. Susub mənə xeyli baxdı, sonra bir neçə addım atıb əlindəki bükülünü çəkinə-çəkinə mənə uzatdı...
O gün ömrümdə birinci dəfə anama cavab qaytardım; hikkə ilə, səsimi qaldırmaqla, sifətimi bozartmaqla. “Mən qız jaketi istəyirəm!” deyib bağırdım, anamın mənə uzatdığı göy pencəyi üstünə tolazladım. Pencək anama dəyib döşəməyə düşdü. Anam Tibet kahinləri kimi sonsuz təmkinlə pencəyi yerdən qaldırdı, mülayim səslə astadan dedi:
Qızım...
Nə qızım!? – onun sözünü ağzında qoyub kükrədim, – mən oğlan pencəyi geyməyəcəyəm!
Yad oğlan pencəyi deyil, mənim balam, qardaşının pencəyidir. Vallah, heç bilinməyəcək. Təki canın isti olsun, – anam pencəyi sığallayıb pilə kimi yumşaq səslə dedi. – Neyləyim axı? Atan qayıtsaydı, alardı, – anamın səsi kallaşdı.
Anamın təbəssümü çoxdan yadırğamış yaraşıqlı sifətinə hopmuş əlacsızlıq hissi kürümü yatırdı. Pencəyi alıb o üz-bu üzünə çevirdim. Hirsimi zorla boğub pencəyi əynimə keçirdim.
Məktəblə evimizin arası on beş dəqiqəlik yol idi. Dərsə hamıdan tez getmək qərarına gəldim. Çantamı belimə şəllədim. Pencəyin ətəklərini çantanın altına yığdım ki, görünməsin. Çox adam görməsin deyə, ara yola buruldum. Gedə-gedə hər addımıma bir cümlə deyib özümü sakitləşdirirdim: “Heç kim sənə fikir vermir. Belində çanta var. Çanta pencəyin ətəklərini yellənməyə qoymur. Heç kim səni görmür. Çanta belini tutub. Pencək geydiyin bilinmir”.
Darvazadan girəndə də, məktəb binasının giriş qapısını açanda da mənə baxan olmadı. Sinfə keçib çantanı partamın üstünə atdım, pencəyi cəld soyunub astarına çevirdim, gedib asılqandan asdım.
Sinif yoldaşlarım ikibir-üçbir sinfə doluşdular. Qızlar isti jaketlərini, oğlanlar gödəkcələrini soyunub sinif otağının arxa divarına bərkidilmiş asılqandan asdılar.
Dərsin ortasında karandaşımı qəsdən yerə atdım ki, gözucu asılqana baxım. Baxdım. Qızlardan kiminsə yaşıl yun jaketi mənim göy pencəyimin üstündəki ilgəyə keçirilmişdi. Jaketin altından bir qarış sallanan astar qolları saymasaq, pencəyim görünmürdü! Dərindən nəfəs aldım.
Son dərsdə bərk həyəcanlandım. Tanrıya yalvardım ki, zəng çalınan kimi müəllimə jurnalı götürüb getsin. Getsə, uşaqlar basabasla paltarlarını götürər, evə cumarlar, mən də rahatca pencəyimi çantamın altında gizlədib evə gedərəm... Amma yox, istədiyim kimi olmadı, ola bilsin, acı küləyin vıyıltısı ünümü Tanrıya çatmağa qoymadı; dərs bitdi, zəng çalındı, uşaqlar bir-bir asılqandan paltarlarını alıb geyindilər, jurnalda qeydlər aparan müəllim ilə sağollaşıb sakitcə sinifdən çıxdılar.
Asılqanda astarı parıldayan pencəyim tək qaldı. Müəllim başını qaldırıb mənə baxdı, acıqla evə niyə getmədiyimi soruşdu. “Sabahkı dərsin tapşırığını edirəm, müəllim, küləkdir, qorxuram, evdə işıqlar sönə, sabah dərsə hazırlıqsız gələm” – səsim titrəyə-tirəyə cavab verdim. Müəllim dilinin altında nəsə dedi, dediklərini eşitməsəm də, anladım ki, bəhanəm tutub.
Müəllim qəflətən başını qaldırıb asılqana baxdı. Ürəyim guppuldadı. Üzümü dəftərin vərəqi ilə cəld örtdüm. Müəllim sürətlə asılqana yaxınlaşdı, pencəyimi alıb baxdı, pencək əlində pəncərəyə tərf getdi, pəncərəni açıb məktəbin darvazasına tərəf gedən uşaqları çağırdı:
Hansı huşsuz pencəyini sinifdə unudub?!
Uşaqlar devikdilər. Oğlanlar bir-birinə baxdılar. Qızlar gülüşdülər. Müəllim “Heç nə başa düşmədim” mızıldanıb başını buladı, pəncərəni bağlaylb jurnalı yazmağa davam etdi. İşini bitirib zərblə jurnalı qapadı. Durub qapıya tərəf getdi. Cəld ayağa durub müəllim ilə sağollaşdım. O, “sağ ol”umu almadan qapını arxasınca bağladı.
Qapıya boylana-boylana ürkək addımlarla asılqana tərəf getdim. Bir əlimdə çanta, o biri əlimdə astar üzünə çevrilmiş göy pencək, dəhlizdən güllə kimi keçdim.
Həyətdə heç kim yox idi. Pencəyi çevirib əynimə keçirdim, ətəklərini çantanın altına yığdım.
Narın yağış başladı. Yenə əsas yoldan ara yola dönmək isatədim, amma bu yağışda ara yolun palçıq olacağını yadıma salıb fikrimdən daşındım. Bir neçə dəqiqə sonra narın yağış damcıları irilənib leysana çevrildi. Adamlar leysandan qorunmaq üçün daldalığa çəkildilər. Küçə boşaldı. Pencəyimin ətəklərini açıb yelləyə-yelləyə, ayaqlarımı gölməçələrə çırpa-çırpa evə tərəf getdim. Gedə-gedə hər addımıma bir heca salıb deyirdim: Ana, məni bağışla!
Evimizin eyvanında anamla qarşılaşdım. O, saçımdan alnıma, alnımdan yanaqlarıma süzülən mirvari damcılara, xoşbəxtlik saçan çöhrəmə baxıb gülümsədi. O an anladım ki, anamın bir anlıq təbəssümü insanların min qınağından üstündür!
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


