“Biri ikisində” – Kəmaləddin Qədimin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün Kəmaləddin Qədimin şeirləri

təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

                  

 

 

KƏMALƏDDİN QƏDİM

 

 

ÖLMƏK ÖLMƏKDİSƏ...

 

Ölmək ölməkdisə, ta niyə, adam,

Sirr kimi görünüb, sirr də öləsən.

Ya qismət, bu boşa, faniyə, adam,

Bir də doğulasan, bir də öləsən.

 

"Quran" deyilsən ki, nazil olasan,

Elə oxunmağa hazır olasan.

Ya niyaz olasan, nəzir olasan,

Gedəsən, ocaqda, pirdə öləsən.

 

Tutasan doğrunun, düzün əlindən,

Axıra ağ çıxa üzün əlindən.

Lap elə bir gözəl qızın əlindən

Düşəsən bir qəfil dərdə, öləsən.

 

Geriyə yolmu var, gedən, qürbətdən,

Nədən bezəsən ki, nədən, qürbətdən?

Bir halda seçilmir vətən qürbətdən,

Daha nə fərqi var harda öləsən?

Səsini eşidib, duymasalar da,

Halalca haqqını qıymasalar da,

Nolar, yaşamağa qoymasalar da,

Qoyalar öldüyün yerdə öləsən.

 

 

YENƏ YUVA ÇATMAYACAQ...

 

Vurursan, göz çıxardırsan

qaş düzəltdiyin yerdə.

Kor olaydın, şil olaydın,

kaş düzəltdiyin yerdə...

 

Bir heykəl də yap adına,

Bax dadına...Get badına...

Yansın qurunun oduna

yaş düzəltdiyin yerdə...

 

Bu da elə "üç alma", bax,

Amma nağıl olmayacaq...

Olsa, ağıl olmayacaq –

baş düzəltdiyin yerdə...

 

Nə var köhnə, nə var əski,

İşlər belə yürüməz ki...

Ayaq açıb yeriməz ki

daş düzəltdiyin yerdə...

 

Dərdsə, dava çatmayacaq,

Cansa, hava çatmayacaq.

Yenə yuva çatmayacaq

quş düzəltdiyin yerdə...

 

 

LAP ÖLÜB QALMALI YER İDİ KÖNLÜM...

 

Dedim, çiçəkləndi, gülləndi, bəlkə,

Baxma könüllərdən biridi könlüm.

Bir gün dilə gəlib dilləndi, bəlkə,

Bəlkə, ayaq açıb yeridi könlüm...

 

Dönməsin heykələ, büstə demişdim,

Başımda tac olsun istə, demişdim.

Bu sevgi ayağı üstdə, demişdim,

Dayanıb durduqca diridi könlüm...

 

Mən indi bildim ki, olur gor necə,

Adamın içinə dolur qor necə...

Getmisən, xaraba qalıb gör necə,

Lap ölüb qalmalı yer idi könlüm...

 

 

XATİRƏLƏR ÖRTÜR MƏNİ

 

Ayrılığın dilindəyəm,

Yaman dil-dil ötür məni.

Gülüm, necə başlamışdın,

eləcə də bitir məni...

 

Öz-özünü boşa öydün,

Bu yol çıxış yolu döydü.

Yağış çırpdı, dolu döydü,

Eyləmədin çətir məni...

 

Bir yuxuydum, yozammadın,

Ağ vərəqdim, yazammadın.

Qazanmadın, qazanmadın,

İlim-ilim itir məni...

 

Yerindim, ən yaxın yerin,

Çəkdiyin hər dağın yeri.

Qalmayıb qalmağın yeri,

Dur, qapıdan ötür məni...

 

Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,

Olmuşam cəm yavaş-yavaş.

Görünmürəm, yavaş-yavaş

xatirələr örtür məni...

 

 

İSTƏYİR

 

Bu bağın-bağçanın bağbanısanmı,

Hardandı bu bağça, bu bağ istəyi?

İçində yamyaşıl ağac sevgisi,

Üstündə titrəyən yarpaq istəyi...

 

Dil tapıb, yol gedər baxma həyatla,

Döyənək etsə də, dizini qatlar.

Bir gün, bilmirsənmi, başında çatlar

Qorxaq adamların qorxaq istəyi...

 

Kimin ki çəkirsə qanı qanını,

Qurbanlıq istəyir, canım, canını.

Millət öndə sevir qəhrəmanını,

Fərqi yox, ya ölü, ya sağ istəyir...

 

Batdığı günaha, qüsula baxmaz,

Ədəbə – ərkana, üsula baxmaz.

Allaha üz tutmaz, Rəsula baxmaz,

Bitməz adamların yasaq istəyi...

 

Görünər atdığı qədəmnən belə,

Suçludu Həvvadan, Adəmnən belə.

Adamı ən doğma adamnan belə

Ən çox torpaq sevir, torpaq istəyir...

 

 

ÇATANDA ƏLİM ÖZÜMƏ...

 

Mən özümdən yıxılanam,

Qoy durum, gəlim özümə.

Elə düşdüyüm kimi də

qalxım, dikəlim özümə.

 

Elin-günün halı halım,

Zəhri zəhrim, balı balım.

Ən qiymətlim, ən bahalım,

gövhərim, ləlim özüməm.

 

Həyan özüm, qənim özüm,

Suyum özüm, dənim özüm.

Özüməm düşmənim, özüm,

vurğunum, dəlim özüməm.

 

Açam, gülümü görəsən,

Yanam, külümü görəsən.

Gəlib günümü görəsən

çatanda əlim özümə...

 

 

DÜŞMƏZ

 

Dar gündə əlindən tutar, adam var,

Tutmasan əlindən, batar-adam var.

İşığı bir elə çatar adam var,

Adam var evinə işığı düşməz.

 

Bəlkə də, tapılar dərmana, vallah,

İstərlər çevrilər qurbana, vallah.

Bu çölə, bu düzə, ormana, vallah,

Mən boyda dəlisi, aşiqi düşməz.

 

A dünya, uymaram felinə bir də,

Gətirmə adımı dilinə bir də.

Gedirəm, mənimtək əlinə bir də

Dünyanın ən məsum uşağı düşməz.

 

Ha yanım, ha çıxsın külüm yeddi qat,

Gözəlmiş yaşamdan ölüm yeddi qat.

Qalxar göy üzünə zülüm yeddi qat,

Tanrım nədən bir qat aşağı düşməz?..

 

 

GEDƏCƏM

 

Gülüm, bir az da səbir et,

gözlə, durub gedəcəm...

Günəş doğanda gəldim,

etsin qürub, gedəcəm...

 

Bu matəmdən, bu yasdan

çıxacam asta-asta.

Ürəyimə bir az da

qan uddurub gedəcəm...

 

Bir gün, hər şey görəcəm

buracanmış, buracan...

Bir nağıl uyduracam,

oyun qurub gedəcəm...

 

Nə ön var, nə də geri,

nə də ölməyin yeri...

Özümü diri-diri

unutdurub gedəcəm...

 

 

GÜNÜN BİRİ

 

Günüm, günlər içində

mənimdi günün biri.

Səmtimdi, tərəfimdi,

yönümdü günün biri...

 

Biri hurim, pərimdi,

Biri "Allah kərimdi..."

Dərdimdi, kədərimdi,

qəmimdi günün biri...

 

Birisi də əlacdı,

Üz tutdum, könül açdım...

Biri başıma tacdı,

qənimdi günün biri...

 

Ahımdı, amanımdı,

Sonuncu gümanımdı.

Lap elə imanımdı,

dinimdi günün biri...

 

Birisi quş qanadlı,

Birisi də ağ atlı.

Gəlmir Qiyamət adlı

min ildi günün biri...

 

Mən bu viran ölkədə

Öldüm səfdə, cərgədə.

Gözləyirəm, bəlkə də,

dirildim günün biri...

 

 

DÜŞÜRSƏN, BİR AZ ASTA DÜŞ...

 

Dünya gidi, ömür fani,

vaxt qısa, yol uzun, gözəl.

Cavablaya bilmədik heç

tək bircə sorusun, gözəl.

 

Üstəydin, gözüm üstdə, düş,

Qalım beləcə yasda, düş.

Düşürsən, bir az asta düş,

düş, Allah qorusun, gözəl...

 

Son verirəm, son, ağıma,

Dözəcəm sinə dağıma.

Göz yaşımı yanağıma

sərirəm, qurusun, gözəl...

 

                                                                 

“Ədəbiyyat və incəsənət”

(13.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.